Nə gözəl mövsümi xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır.

Döşəyib fərşini fərraşi-qəza,
Guyiya bəzmi-əzimüş-şandır.

Xabi qəmdən oyan, ey dil ki, bu gün
Mövsümi-seyri-baharistandır.

Olma dilgir ki, dey dəfi üçün
Tiği-cəlladi-qəza üryandır.

Zahirən yəsi-zimistan tutmuş,
Dəmbədəm çeşmi-fələk giryandır.

Marü murü mələxü vəhşi tüyur
Qüdrəti-həqqə sonaguyandır.

Qaldırıb baş təmam əczalor –
Yox ikən varlığına heyrandır.

Badeyi eşqdən olmuş sərməst.
Mən kimi cümləsi sərgərdandır.

Nə gözəl mövsümi xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

II

Ey sənubər-qədü bala qamət!
Vey güli-gülbini-baği-behcət!

Haliya ləşkəri-sultani-bahar
Dey sipahinə tapıbdır nüsrət.

Nazəninim, nə təğafüldür bu,
Gələ gör var ikən əldə fürsət.

Bir konarə çəkilək gülşəndə,
Eyləyib çeşmi-ədudən xəlfət.

Götürək busəvü bazidən kam,
Aparaq bir-birimizdən ləzzət.

Xəlq ola kəmrəva, görmə rəva
Mən qalam guşeyi-qəmdə həsrət.

Qalmışam künci-boladə tənha,
Kəsmişəm dəştü çəməndən rəğbət.

Müddəilər sözünə guş etmə,
Dolanım başına əlbət, olbət.

Nə gözəl mövsimü xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

III

Ey qamu xublər içrə sərhəng!
Vey olan baisi-hər fitnəvü cəng!

Geydirib naz ilə məşşateyi-dəhr,
Novərusi, çəməni rəngarəng;

Mehrdən gör ki, büni-əşcari
Düxtəri-rəz çəkib ağuşuna təng.

Yetirir nəğmeyi-yahu fələyə,
Nəhrlərdə toxunub bir-birinə səng.

Kəbklər şur salıbdır dağə,
Qümrilər bağdə tutmuş ahəng.

Gəzdirir məclis ara camü qədəh,
Saqiyi-sədavü şəhbazü qəşong.

Bəzmi-işrətdə tutub bir-birini.
Nay ilə bərrətü tarü dəfü çong.

Qaşların qurbanı, gəl nuş eylə,
Həm məzə hazirü həm badəvü bəng.

Nə gözəl mövsümi xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

IV

Dövrə gəlmiş fələki-minafam,
Bəzmi-dövranə veribdir əncam.

Gəl tutaq cam ki, bişək aparır
Gərdişi-dövr qəmin gərdişi-cam.

Dürdvəş bəhri-meyə qərq olsun,
Fəsli-gül badəni kim dersə həram.

Bir bina eyləmişəm ki, görüşək,
Sən də eylə bu binayə iqdam.

Olma məğrur ki, qalmaz səndə
Abü rəngi-əbədi, hüsni-müdam.

Bu lətafət, bu məlahət, bu rəviş,
Ənqəribdir ki, ola seyr əqsam.

Bərgi-gül tək olar övraq dəhən,
Bidi-Məcnunə dönər qəddi-xuram.

Məni-möhnətzədədən etmə diriğ
Nəzəri-lütfünü, ey aliməqam!

Nə gözəl mövsümi xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvandır!

V

Mən edərmi məni zahid kim, duş
Məndən əfzun olub əknun mədhuş.

Əqlü idrakını bir işvə ilə
Aparıb müğbəçeyi-badəfürüş.

Kəndinin zöhd qəbasın çıxarıb,
Dəştü səhra tək olub əlvanpuş.

Məst nazım, gələ gör, aşiqlər,
Cümlə məşuqu ilə həmağuş.

Faş olub razi-dəruni-dili-gül,
Açılıb qönçə sərindən sərpuş.

Bu qədər Zakirini incitmə,
Mən ölüm, üzr gətirmə, xamuş!

Meyi-nab etmiş elə mostü xərab,
Var nə səbrü nə taqət və nə huş.

Biz də ellər kimi gül fəslində
Mey içib, məclis edək nuşa-nuş.

Nə gözəl mövsümi xoş dövrandır,
Hər tərəf dəştü çəmən əlvadır!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе