Ürəyinə bir xal düşür, ləkə düşür,Baxışına bulud enir, kölgə düşür.İnsan olan bir görün nə kökə düşür,Doğma yurddan birdəfəlik ayrılanda.

Odda yanar, suda batar, sel aparar,İnsan saman çöpünə də əl aparar,Bərəkəti dolu döyər, yel aparar,Doğma yurddan birdəfəlik ayrılanda.

Yuvasından perik düşən quşa dönər,Kədər gözdə bir qurumaz yaşa dönər,İnsan dərdi çəkə-çəkə daşa dönər,Doğma yurddan birdəfəlik ayrılanda!

Ayrı düşdük isti-isti yuvalardan,Ayrı düşdük sərin-sərin havalardan,Ayrı düşdük ocaqların istisindən,Ayrı düşdük bacaların tüstüsündən.

Doğma yurddan ayrı düşmək –Hər gün göydən asılmaqdı!Yetim kimi, yesir kimi,Bir tərəfə qısılmaqdı!Dağ başından zil qaranlıq,Dərələrə sürünməkdi!Addımbaşı əcəl ilə,Ölüm ilə görüşməkdi!Damla-damla, gilə-gilə,Zərrə-zərrə əriməkdi!Parça-parça, damar-damar,Buğum-buğum çürüməkdi!Pencər kimi sıxılmaqdı,İçəridən oyulmaqdı!Diri-diri, qarış-qarış,Təpə-dırnaq soyulmaqdı!Şüşə kimi pul-pul olub tökülməkdi!Əzilməkdi, əyilməkdi, bükülməkdi!Doğma yurddan ayrı düşdün,Gör arxanda nələr qaldı!Neçə zirvə, neçə dərə,Neçə yaylaq mələr qaldı!

Neçə-neçə külə dönmüş,Bir də heç vaxt alışmayan ocaq qaldı!Ürəyində yaşayanlar gözlərindən uzaq qaldı!Sinəsində yeridiyin çəhlim qaldı, cığır qaldı!

Şahin öldü, qartal susdu,Geriyə boylanıb baxan,Ürəyindən qanlar axan,Neçə-neçə yazıq qaldı, neçə-neçə fağır qaldı!Doğma yurddan ayrılanın əli işə-gücə yatmaz,Gündüz səbri-qərarı yox, kirpik çalıb gecəyatmaz!Əli işdən soyuyar, işi əlindən soyuyar,Baxışından nur azalar, sözü dilindən soyuyar.Əl uzatsa yurda sarı, barmaq donar, əl üşüyər,“Elim” desə, “obam” desə dodaq göynər, dilüşüyər.Qürbət eldə xəzinə tap, doğma yurda əvəz deyil,Hər şəhərdə bir qala yap, doğma yurda əvəzdeyil!Süd arxı çəkdir evinə, doğma yurda əvəz deyil!Aləm gülə, el sevinə, doğma yurda əvəz deyil!Yeddi yerdən qulluğuna yeddi gözəl pay gətirə,Yeddi yerdən məlakələr sənə ulduz, ay gətirə,Şahlar kimi taxtın ola,Taxtın kimi baxtın ola,Doğma yurda əvəz deyil!

Doğma yurdun həsrəti var,Hey incəldər, üzər səni.Bu həsrətin zilləti var,Basar, sıxar, əzər səni.

Bu xiffətin zilləti var,Bu zillətin xiffəti var,Kinli-kinli süzər səni,Əjdahatək ağız açıb,Qucaqlayar məzar səni.

Yel əsəndə yellənərdik,Sel gələndə sellənərdik,Süzülərdik, göllənərdik,Havamızı, suyumuzu,Bizə haram elədilər!

Bozatımız çullanardı,Qıratımız nallanardı,Şux gözəllər ballanardı,Yasımızı, toyumuzuBizə haram elədilər!

Arzu sonsuz, ömür qısa,Neçə toylar döndü yasa,Başımızdan basa-basa,Çinar kimi boyumuzuBizə haram elədilər!

Alovlanan, çıraqlanan,Hay deyəndə yaraqlanan,Kitab kimi varaqlanan,Əslimizi, soyumuzuBizə haram elədilər!

Qaçaq Kərəm!Sən düşdüyün Soyuqbulaq yaylağına,İndi gəlib yağı düşüb.Düşmən vurub qılıncını, qolumuzun sağı düşüb.Nənələrin dillərinə,Təzə-təzə layla düşüb, təzə-təzə ağı düşüb.Gözəldərə yaylağına Tovuz eli çıxmır daha,Biz dağlara çox baxırıq, dağlar bizə baxmırdaha!Dürlü bulağın başına Bozalqanlı getmir daha,Qara-qara qayaların ətəyində,Qara sazlar ötmür daha!Fikir-xəyal qanadlanıb Topaşandan aşmır daha,Nisgilimiz aşıb-daşır, sevincimiz daşmır daha!Toğlucalı cığal Həsən! Toğluca sən görən deyil,İnnən belə o dağlardan əsən yellər,Azərbaycan qızlarının saçlarını hörən deyil!

Sən Göyçənin loğmanıydın, Hacı Nağı,Sən dərdlərin dərmanıydın, Hacı Nağı!Ağrıların yarasıydın,Yaraların məlhəmiydin, könüllərinhəmdəmiydin.Min bir dərdə əlac olub, min bir dərmantapasıydın,Sınıq əli, sınıq qolu, sınıq könlü yapasıydın!Hacı Nağı... Hacı Nağı...Sağalası deyil daha sinəmizin Göyçə dağı!Ulu loğman yerdən qalxa, məzarından başqaldıra,“Zülmün ağır zəncirini gözdən axan yaşqaldıra”.Unudula, yaddan çıxa bütün dərdlər, bütünqəmlər,Yadımızdan çıxan deyil gördüyümüz busitəmlər.

Göyçə, səndən ayrı düşdüm,“Mənim səndə nəyim qaldı!”Qayaların qucağında,Səsim qaldı, küyüm qaldı.

Yazı, yayı qarlı, buzlu,Hər neməti dadlı, duzlu,Gül-çiçəkli, ay-ulduzlu,Yerim qaldı, göyüm qaldı.

Qara geysin bəduğuru,Oddan, sudan çıxdı quru.Nə gözümdə həyat nuru,Nə dizimdə heyim qaldı.

Gərək daş olasan ki, duymayasan həsrəti,Gərək kar olasan ki,Eşidə bilməyəsən yer titrədən dəhşəti.Gərək kor olasan ki,Görməyəsən gözünə dolan acı tüstünü.Gərək dağ olasan ki,Dayanasan yerində sel kəsəndə üstünü.

Soruşma kiməm, nəçiyəm,Dərdli sözündən tanınar.Xəbər verər baxışları,Yetim gözündən tanınar.

Sinəsini oxlar deşən,Qürbət eldə bağrı bişən,Torpağından ayrı düşən,Solan üzündən tanınar.

Hey yandırar gözünü yaş,Gözümdə yaş, başımda daş.Közərirəm yavaş-yavaş,Ocaq közündən tanınar.

Hansı ocağın közüyəm,Hansı nəğmənin sözüyəm,Hansı bulağın gözüyəm,Mən bilmirəm, ellər desin!

Oldum zədən-zədən, yandım,Külə döndü bədən, yandım,Niyə yandım, nədən yandım,Qoy yanıqlı tellər desin.

Göydən zülüm yağa-yağa,Keçdim sola, qaçdım sağa,Niyə düşdüm dağdan-dağa,Məcnun gəzən çöllər desin!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов