İtirdi nurunu şair gözləri,Adına böhtanlar deyildi getdi.O dərdi yedikcə dərd onu yedi,Hər gün tikə-tikə yeyildi getdi.

Baxmadı Allaha, Tanrıya, dinə,İblislər güc verdi nifrətə, kinə.Nəsimi çox baxdı öz dərisinə,Cavid içəridən soyuldu getdi.

Min lənət zalıma, min lənət şərə,O yağı kəsildi külli-bəşərə.Bir səma şairi enəndə yerə,Dağlar parça-parça oyuldu getdi.

O gün nalə idi qalxan, yüksələn,Könül fəryadıydı qulaqlar dələn.Qədim Naxçıvanda dünyaya gələn,Sibirdə torpağa qoyuldu getdi.

Heyif, itən səslər, batan soraqlar,Heyif, solan sözlər, yanan varaqlar,Heyif, susan dillər, sönən ocaqlar,Cavidi qoruya bilmədinizmi?

Ürəyi yarpaqdan betər əsənlər,Zamandan inciyib, vaxtdan küsənlər,Ey odun doğrayıb, ağac kəsənlər,Cavidi qoruya bilmədinizmi?

Şairin qəlbində bir kainat var,Sınmaz iradə var, yanmaz qanad var.Onun ürəyində gör neçə çat var,Solğun gözlərindən duymadınızmı?

Namərd mərd olanı satdırar yada,Çəkər kişiləri min qan, min qada.Bu boyda şairə böyük dünyadaBir parça azadlıq qıymadınızmı?

Ey “ellər atası”, ellər cəlladı,Bu qədər sürgünün nə imiş adı.Nə qədər şirinmiş bu qanın dadı,Cavidin qanından doymadınızmı?

Vaxtın Mişkinazdan üzü dönəndə,Cavan Ərtoğrulun ruhu sönəndə,Turanın tərlanı göydən enəndəMilləti şairsiz qoymadınızmı?

O dad qayıdacaq, o tam gələcək,Ya möhlət alacaq, ya tam gələcək.Gələcək deyərdi, atam gələcək,Turanın yollara baxan gözləri.

Həsrəti gör neçə qərinə çəkdi,Dərdi kotan kimi dərinə çəkdi.Yetmiş il gözlədi, görün nə çəkdi,Turanın yollara baxan gözləri.

Yaxınları gördü, yadları gördü,Gördü qəmginləri, şadları gördü.Hər cür alovları, odları gördü,Turanın yollara baxan gözləri.

Zaman çalxasa da safı, durunu,O, uca saxladı öz qürurunu.Atanın yolunda verdi nurunu,Turanın yollara baxan gözləri.

Məsum baxışlara dərd necə qıydı,Ürək ağrısıydı, könül yasıydı.Bütün qəriblərin qəm yuvasıydıTuranın yollara baxan gözləri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов