Şirvan. Şahın sarayı. Sarayın qabağında böyük bir bağça. Bağçaya kiçik daş pillələr enir. Bahar səhəridir. Güllər, çiçəklər açılmışdır. Məhəmməd və Qürur bir ağac altında dayanıb söhbət edirlər.

Uzaqdan kəniz qızın həzin mahnısı eşidilir.

Mahnı

Bir yarpağam... üzülmüşəm budağımdan,
Ayrılmışam öz elimdən, torpağımdan.
Tək qalmışam baxa-baxa bu yollara,
Ahım, ünüm çatmır yara, çatmır yara...
Gəl-gəl, mənim öz sevgilim, öz çobanım,
Sənə qurban olsun canım, olsun canım...
Çəkil duman bu dağlardan, bu dağlardan,
Bir səs gəlsin uzaqlardan, uzaqlardan,
Dözmək olmur bu ağrıya, bu hicrana,
Xəbər verin mərd çobana, nər çobana...
Gəl-gəl mənim öz sevgilim, öz çobanım,
Sənə qurban mənim canım, mənim canım...

Məhəmməd

Bax kəniz ağlayır sevgilim deyə,
Hər sözü ox kimi batır ürəyə!
Yox-yox olmayacaq, qardaşım, heç bu,
Nə qədər alçalmış insan duyğusu!
Hələ sevgilisi o igid çoban!
Zəncirli pələng tək çırpınır, inan,
Çapanda atını o, dağdan-dağa,
Kəndlər arxasınca qalxır ayağa!
Yazıq kömək umur pərvərdigardan,
Bir gün asılacaq sarayda dardan!..
Duyduqca qaralır gözümdə aləm,
Didir ürəyimi parçalayır qəm!..

Qürur

Sənə yaraşmayır əzizim bu hal,
Neçin gözlərində yurd salıb məlal?
Böyük Nizaminin övladısan sən,

Gəncə qartalının qanadısan sən?
Şirvandan başlamış Təbrizə qədər
Onun şeiri ilə fəxr edir ellər.

Məhəmməd

Onun taleyi də bir tale deyil,
Saçına dən düşüb, qocalır hər il.
İndi də çağırır bura Axsitan,
Zindanlar içində yaşayır insan!..

Qürur

Bunlar ki, tarixdə əzəldən vardır.
Hər dövrün ağası bir hökmdardır!..

Məhəmməd

Hökmdar! Hökmdar! Bu ada bir bax,
Gözləri olsaydı, bu ana torpaq
Özü də qorxardı yaratdığından,
Quduz canavardır sanki Axsitan!
Hər axşam, hər səhər görürəm ki, mən
Bir qız qaçırılmış şaha kəndlərdən.
Ağlayır, hıçqırır, yatmayır onlar,
Min qapı bağlamış başsız qanunlar!..

Qürur

Yenə təzələdin dərdimi mənim,
Duyduqca buz kimi olur bədənim.
Azad bir oğlandım kəndimizdə mən,
Çəkib yaradardım sevdiklərimdən.
Gecələr dırmanıb bir dik qayaya,
Baxardım göylərdə süzülən aya.
Olardı ilhamım bulud karvanı,
Alardı fikrimi səhər dumanı.
Gülərdi gözümdə bir saf məhəbbət,
Olardı ilhamım gözəl təbiət!..
İndi salınmışam bir daş qəfəsə,
Ürək fəryadlarım çatmır heç kəsə.
Gündə əmr eyləyir mənə Axsitan,
Gərək yaradasan bir qanlı meydan.
Orada görünə baş üstündə baş,
Qandan yaqut kimi parlaya hər daş!
Yıxıla yan-yana min bir pəhləvan,
Mən də bir tərəfdə əlimdə qalxan
Durub iftixarla şiri-nər kimi
Baxım cəsədlərə igid ər kimi!..

Məhəmməd

Sən onun qəlbindən keçənə bir bax,
Elə bil dünyada Rüstəm olacaq!..

Bu zaman uzaqdan Hicranın ayaq səsi gəlir. Məhəmməd onu görmür.

Qürur

Sus, deyən gələn var?..

Məhəmməd

Vəzirdir yəqin.
Yenə gözlərində parlayacaq kin...

(Gələnin Hicran olduğunu görür)

Yox, yox bu Hicrandır!
Hicrandır, Qürur.
Görəndə könlümdə tufanlar qopur!..

Qürur

De, novruz dərdidir qəlbindəki dərd,
Səni də kəməndə saldı məhəbbət.
O sənə layiqdir... gözəldir Hicran,
Sənə çox görməsin onu Yaradan.
Hələlik... mən getdim... sağ ol, qardaşım...

(Gedir)

Məhəmməd

Bir odur sarayda mənim sirdaşım,
Bilirəm, qəlbində vardır məhəbbət.
Doğrudan yaraşır ona sədaqət.
Görürəm çox sevir şeiri, sənəti,
Neyləsin, gözündə qalıb niyyəti!..

Hicran Məhəmmədə yaxınlaşır, onun əlində bir dəstə gül vardır.

Məhəmməd

Hicran! Hicran!..

Hicran

Səni soruşdum Sona xaladan!
Dedi ki, son günlər qəmgin görünür,
Üzündə-gözündə bir kin görünür,
Söylə, nə olmuşdur, əzizim, yenə?

Məhəmməd

Sənsiz bir zindandır bu saray mənə
Bir gün görməyəndə dağılır qəlbim,
Könlümün sazında ağlayır hər sim,
Səndə də varmıdır insaf, mürüvvət?!

Hicran

Yadımdan çıxmırsan... nə edim fəqət...
İnan ki, qorxuram mən şah atamdan,
Onun nəfəsindən titrəyir Şirvan.
Yenə də hər zaman fikrimdə sənsən...

Məhəmməd

Səndəki sevgiyə inanıram mən!..
Hicran, ay Hicran,
Görən, heç ömründə sevmişmi atan?

Hicran

Nə bilim... Eh, onda sevgi nə gəzir,
Şahınkı qızıldır, bir də ki, vəzir...

(kiçik pauza)

Yazıq anamı da uddu bu saray,
Ağladı, bir kəsdən görmədi haray.
Soldu gözəlliyi, soldu kamalı,
Getmir gözlərimdən onun xəyalı
Ona oxşayıram mən bəxti qara...

Məhəmməd

Bu söz yaraşmayır bir şux nigara!..
Sən mənim sevdiyim bir ilk şahımsan,
Ömrümdə ilk yarım, ilk pənahımsan,
Sənsiz məcnun olar, gələrəm, inan.

Bu vaxt Dərbəndi, vəzir onları görüb çəkilirlər.

Hicran

Kamsız öldürməsin bizi Yaradan!
Gedirəm... görərlər... sənindir ürək...

(Gedir)

Məhəmməd

(ah çəkib onun dalınca baxır)

Ağladar, incidər güldürməz mələk!

Getmək istərkən birdən pilləkəndə İntizar çılğın bir vəziyyətdə onun qabağını kəsir.

İntizar

Görmək istəyirdim səni bayaqdan,
Bu qədər insafsız olarmı insan?

Məhəmməd
Buyurun, söyləyin nə sözünüz var?

İntizar
Yazıq bir kənizdir, ölür İntizar.
Cavab ver eşqimə, incitmə məni,
Yata bilməmişəm bütün gecəni.
Özüm də bilmirəm nədir günahım,
Dünyada bir sənsən mənim pənahım!..

Məhəmməd
Sən şahın hərəmi, şahın yarısan!..

İntizar
O ərdir, sən könül hökmdarısan!..
Əlac et bu xəstə qadın qəlbinə.

Məhəmməd
Sus, xanım, bu sözlər yaraşmır sənə.
Axsitan eşidər... bir xəbər duyar...

İntizar
Mənim də qəlbimin öz arzusu var!..

Yenə vəzir, Dərbəndi onları görüb çəkilirlər.

Məhəmməd
Mən könül vermişəm başqa bir yara,
Xəyanət etmərəm o şux dildara.
Sevgi dedikləri təmiz bir ölkə,
Onun üfüqləri götürməz ləkə!
Siz isə əl çəkin bu ehtirasdan...

İntizar
Ah, səndə yoxmudur, bir damla vicdan?

Məhəmməd
İntizar!

İntizar
Nədir son qərar?
Bəxtiyar eyləmə bu soyuq yeri,
Torpağa aparma gözəllikləri!..

Məhəmməd
Qıyma gəncliyimə, arzularım var...

İntizar
Mənim də qəlbimi didir alovlar,
Özüm də küskünəm öz taleyimdən,
Şaha körpə ikən verilmişəm mən!

Məhəmməd
Sarayda nə çoxdur cavan oğlanlar,
Qızılla, rütbəylə fəxr edir onlar...

İntizar
Könül sevdiyinə baş əyər ancaq!..

Məhəmməd
Məhəbbət deyildir əldə oyuncaq.

İntizar
Mən dedim sözümü... bitmişdir artıq,
Sən yaxşı fikirləş...

(Gedir)

Məhəmməd
Gəlir ayrılıq,
Ömrün göylərində yenə çən, duman,
Əzablar içində ölürəm, aman!
Xəyanət, ehtiras yurdudur bura,
Güllər açılmadan tutulur xara!
Yox, yox mən səninəm, səninəm, Hicran,
Sənsiz gözlərimdə bir heçdir cahan!..

Gedir. Vəzir, Dərbəndi gəlirlər.

VƏZİR. Demək ki, sarayda kiçik bir uşaq,
İki mələkəyə sahib olacaq!
Mən sənin halına yanıram, yazıq,
Hicran da əlindən çıxmışdır artıq.
Sən də bir şairsən, şöhrətin vardır,
Hər yanda, hər yerdə hörmətin vardır!..

Dərbəndi
Neyləyim, belədir taleyim mənim,
Ölməmiş, üstümə gəlir kəfənim!
Bir zaman qəlbimi aldı İntizar,
O uçdu, əlimdə tutmadı qərar.
Ah, indi də Hicran!..

VƏZİR. Əzəldən bu sayaq doğulub insan.
Güclülər yaşayır, gücsüzlər ölür,
Ağacdan yarpaqlar yellə tökülür...

Dərbəndi
Demək ölməliyəm, bitmişdir daha?!

VƏZİR. Hələ Nizami də söz verib şaha,
Yığışıb Şirvana gəlir Gəncədən...

Dərbəndi
Sarayda baş şair olmayacam mən?!

VƏZİR. Şübhəsiz, saraya o gələn kimi
Şahın olacaqdır ürək həmdəmi.

Dərbəndi
Di mənə yol göstər... bir yol, qardaşım,
Buz kimi donmuşdur, işləmir başım.

VƏZİR. Yalnız bir yol vardır... cəsarət, hünər,
Bununla yaşayır dünyada ərlər!..

Dərbəndi
Yalnız bir yol vardır... cəsarət, hünər,
Bununla yaşayır dünyada ərlər!..

VƏZİR. Şah sənin dostundur... inanır sana,
Odur ki, vaxt tapıb bir dəfə ona
Söylə ki, Məhəmməd edir xəyanət,
Hicrana açmışdır o gün məhəbbət.
Şah da bir kişidir, qısqanıb o da
İnan, Məhəmmədi o dəm məhv edər,
Səninsə taleyin ay kimi gülər!

Dərbəndi
Ah, Pərviz danış bir, danış, qardaşım!..

VƏZİR. Ey mənim namuslu, sadiq sirdaşım!
Bu, Nizaminin də qəlbini didər,
Biryolluq sarayı tərk edib gedər.
Alarsan Hicranı!.. Yenə də saray...
Gələr hüzuruna o günəş, o ay...
Dərbəndi! Dərbəndi! Çağırar hamı,
Uçar buludlara şair ilhamı!

Dərbəndi
Sağ ol, Pərviz, sağ ol... xəcalətindən
Ölməsəm, inşallah, çıxacağam mən!

VƏZİR. Gördünmü, bax belə, ayrı cür olmaz,
Qoy sərsin üstünə qanadını yaz!..

(Dərbəndi gedir)

VƏZİR. Sadiq qardaşındır, ölməmiş Pərviz,
Sarayda namusla yaşayırıq biz.
Bir dəfə qanmadı yekəbaş dana
Fələk də sarayda düşər zindana!..
Çox qalsa, şah vəzir eyləyər onu,
Qoy getsin.. kəsərəm bir gün yolunu!..
Sonra da, şah qalır... asandır o da,
Qoy adım çəkilsin bütün dünyada...
Gəlsin, öz qoynuma girsin İntizar,
Qəlbimdə qalmasın gərək arzular!..

(Gedir)

Pərdə

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов