Şairin yuxusu
(dramatik poema)
İştirak edənlər
Nizami – şair
Məhəmməd – onun oğlu
Xaqani – şair, Nizaminin dostu
Sona xala – onun arvadı
Axsitan – Şirvan şahı
Pərviz – Şahın vəziri
Qürur – Rəssam
İntizar – Şahın arvadı
Hicran – Şahın qızı
Dərbəndi – Saray şairi
Kosa – Şahın qapıçısı
Yasəmən – kəniz
Çoban – onun sevgilisi
Sofi Həsən – sofi
Birinci məzarçı
İkinci məzarçı
İran elçiləri
Birinci əsgər
İkinci əsgər
Üçüncü əsgər
Xanəndə qız
Saray adamları, saray naibləri
Zaman baba – Nizaminin bağbanı
Aydoğdu – bağbanın qızı
Proloq
Qədim Gəncə, Nizaminin evi. Bir payız səhəridir. Evin qabağında bir bağ. Eyvandan bağa pilləkən enir. Ağacların yarpaqları saralıb. Zaman baba bağı seyr edir. Onun bir əlində bel, o biri əlində isə bir səbət var. Səbətdə heyva, nar var. O, qızı Aydoğdunu səsləyir.
Zaman baba
Aydoğdu!.. Aydoğdu!..
Aydoğdu bağın başqa tərəfindən gəlir
Aydoğdu
Nə var, ay baba?
Zaman baba
Qızım, oyanıbdır bütün el, oba,
Hamı bağlardadır... bu heyva, bu nar,
De bizim Gəncədən başqa harda var?
Əyilib torpağa səcdə edən kəs,
Dünyada ehtiyac, yoxsulluq bilməz...
Ala bu səbəti...
Aydoğdu səbəti alır. Götürüb bir-bir nara, heyvaya baxır.
Məhəmməd hanı?
Aydoğdu
Yəqin şeir yazır.
Zaman baba
İnsanın canı
Zəhmətlə, havayla bərkiyir müdam,
Zəhmətsiz nə söz var, nə də ki, ilham...
kiçik pauza
Ona de ömrünü verməsin bada,
Şer Nizamiylə bitdi dünyada...
Aydoğdu
O gözəl oğlandır... kamalı dərin,
Öyrənir sirrini səyyarələrin...
Zaman baba
Bilirəm.. O, sənə deyir sözünü,
O səndən çəkməyir bir an gözünü.
Sən də səyyarəsən?..
Aydoğdu
Baba, can baba,
Ey mənə hamıdan mehriban baba!
Zaman baba
Nə var, ceyran qızım?.. Nə var – belə sən,
Yenə də dil açıb bağda ötürsən?!
Aydoğdu
Mənə şeir qoşub Məhəmməd o gün,
Ağlımı başımdan alıbdır bütün!..
Zaman baba
Əlbəttə... əlbəttə... şair oğludur,
Onun da sinəsi sözlə doludur...
kiçik pauza
Aydoğdu
Amma, İlyas baba kefsizdir yaman...
Zaman baba
Qızım, dağ başına yığılar duman.
Şairlik həm sevinc, həm də ki qəmdir,
O başqa bir dünya, başqa aləmdir!
kiçik pauza
Yenə sapsarıdır bağçalar, bağlar,
Düşür budağından bir-bir yarpaqlar...
Bu dünya belədir... keçdikcə zaman,
Ömrün budağından qopur hər insan
Mən gedim işləyim. Bir arzum var: sən
Dünyada daha xoş günlər görəsən!..
Zaman baba əlində bel gedir. Aydoğdu əlindəki səbəti pilləkənə qoyur. Getmək istərkən Məhəmməd eyvanda görünür.
Məhəmməd
Aydoğdu!.. Aydoğdu!.. Getmə, bir dayan,
Hər zaman fikrimdə bir sənsən, inan!..
(O, pilləkənlə aşağıya enir)
Aydoğdu
Şeirmi yazırdın?
Məhəmməd
Yazırdım... fəqət
Çətindir qazanmaq şeirlə şöhrət!..
Aydoğdu
Odur ki, ömrünü vermə sən bada,
Şer Nizamiylə bitdi dünyada!
Məhəmməd
Elədir, Aydoğdu... sözlərin haqdır,
Vaxtı boş keçirmək məncə nahaqdır...
Münəccim olaram... ya da ki həkim,
Onda sənətimə xor baxmaz heç kim...
Nizami çiynində ləbbadə eyvana çıxır. O, asta addımlarla pilləkənlə bağa düşür. Məhəmmədin, Aydoğdunun yanına gəlir. Onların alınlarından öpür.
Nizami
Mənim balalarım!.. Xoşbəxt olun siz,
Ürəkdə qalmasın bir istəyiniz!..
(O, bağı seyr edir. Kiçik pauza)
Payız nə gözəldir!.. Min neməti var,
Əyir budağını bağda heyva, nar!
Yarpaqlar tökülür yerə sapsarı,
Ağarır uzaqda dağların qarı!..
Bir də fəlakətlər olmasın deyə,
Kəpəz keşik çəkir orda Gəncəyə.
Susub Gəncəçayı!..
Məhəmməd
Neçin belə sən,
Son günlər gözümə bir cür deyirsən?
Nizami
Çoxdan Xaqanidən bir xəbər yoxdur,
Ömür sona yetir... dərd isə çoxdur...
Ah görüm zamanın kor olsun gözü,
Onun da qəlbində qaldı hər sözü!..
Orda bir xaqan var, burda bir xaqan,
Gəncə bir zindandır, Şirvan bir zindan!..
Zaman baba gəlir.
Məhəmməd
Bu çoxdan belədir... De nədir bu qəm,
Nə vaxtdır əlinə almırsan qələm?
Nizami
Narahat olma sən... qurbanın olum.
Ey mənim kamallı, mehriban oğlum...
(Onun alnından öpür. Kiçik pauza)
Bir yuxu görmüşəm, qorxunc bir yuxu,
Sanki daşa dəyib ilhamın oxu!..
Hamı təəccüblənir.
Zaman baba
Nə yuxu?.. Məhəmməd gəlməsin gözə?
Nizami
Gedək... öz yuxumu danışım sizə.
Onlar bir-bir pillələrlə yuxarı çıxırlar. İşıq sönür.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/ru/works/zeynal-xelil-sairin-yuxusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
– Yaman yağış yağır! – Söylədi çoban –Çıxara bilmədim malı örüşə!..
Min il məhkum olsaMin il məhkum olsa –Gülər səadət!
Sünbül dənə dolub əydi başınıSünbül dənə dolub əydi başını,Səhərin mehində baxdı torpağa:
– Gözünü zilləyib o göylərə sən– Gözünü zilləyib o göylərə sən,De, orda nə məna, nə sirr gəzirsən?