Gözəllər karvanı yola düzüldü,Kəpəzin kəkliyi, maralı, getmə.Gözlərin süzüldü, canım üzüldü,Qoyub məni dərdli, yaralı, getmə...

Bir dərd ürəyimdə var, üzdü canım,Bir də qəsd eylədi yar üzdü canım.Bülbüləm gül üstə xar üzdü canım,Bir qönçəsən səni xar alı, getmə.

Qurbanam dərd qoydun azarım üstə,Bir də güzar eylə güzarım üstə.Mən öləndə bir gəl məzarım üstəSən Allah, yar, ötüb aralı getmə.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar