Birinci nağıl
Səhifə 3 / 8 · 25%
– Gör sən Allah, hər şey hazır idi, gör işimizi necə pozdular. Axı demişdim onlara “Qırat” marşrut avtobuslarıyla göndərin dekorları, yox, pula qənaət ediblər, “Dürat”la göndəriblər, odur ki, gecikir – hec cür sakit ola bilmirdi.
Məlik: – Əşi, kefini pozma – dedi – Şər deməsən xeyir gəlməz. Bir yandan elə yaxşı oldu, bir həftə sonra ilk tamaşaya mən də gələrəm Təbrizə.
– Hökmən “Qırat”la gəl.
– Mənim o qədər vaxtım hanı? Səhər uçağıyla gəlib gecə uçağıyla qayıdaram. Beyrək zəng eləmişdi, Burladan da ismarış var. Urumçuya uçur.
Aypəri: – Bilirəm – dedi – Mənə də ismarış göndərib. Beyrək də zəng eləmişdi. Deyir Şuşada axır çərşənbə qiyamət olub. Burda da çox təmtəraqlı keçdi. Gecələr Eynal-Zeynal dağında qalanmış tonqallar elə gözəl görünür ki... Bir-iki eskiz də çəkdim. Sabah da Ərkin təpəsində məşəl yandırılacaq.
Məlik: – Bilirəm – dedi – Bildir ordan veriliş hazırlamışdım, yadında deyil? Aypəri: – Əlbəttə yadımdadır – dedi – Yaxşı, di salamat qal. Bir də bayramını təbrik edir, öpürəm – indi Aypərinin kiçik ekrandakı çöhrəsində xoş bir təbəssüm vardı.
Məlik liftlə birinci mərtəbəyə endi, həyətə çıxdı, paltosunun cibindən pultu çıxartdı və qarajının qapısına tərəf tutub düyməni basdı. Qarajın qapıları açıldı. Pultun ikinci düyməsini basıb qarajdakı avtosunun qapılarını açdı. Məliyin avtomobili “Ceyran” idi. Beyrəklə Aypəri nə qədər israr eləsələr də “Maral” almırdı. Beyrək özü neçə ildi ki, “Maral” sürürdü və atasına da bu avtomobilin məziyyətlərini tərifləməkldən yorulmurdu. Amma daha ucuz olsa da, qıvraq, çevik “Ceyran” markası Məliyin işinə daha çox yarayırdı. “Maral” avtomobilini Ford firmasının yardımıyla tikilmiş Gəncə avtomobil fabriki, “Ceyran”ı Fiat firmasının iştirakıyla qurulmuş Sumqayıt fabriki istehsal edirdi.
Məlik avtomobilini işə salıb qarajdan çıxdı, pultla qaraj qapılarını bağladı. Həyətdən sola burulub Şeyx Məhəmməd Xiyabani prospektinə tərəf sürdü. Məliyin mənzili Bakının Bayat məhəlləsində idi. Hansısa kitabda oxumuşdu ki, bir vaxtlar bura 8-ci kilometr adlanırmiş. Əcəb qəribə addır – niyə 8-ci kilolmetr, hardan 8-ci kilometr, yəni hardan hesablamağa başlasan bura gəlib səkkizinci kilometr çıxır. Ümumiyyətlə, şəhərin müxtəlif mikrorayonlarına (o vaxt bu əcaib sözü işlədirmişlər) 1-ci, 2-ci, nə bilim neçənci mikrorayon deyərlərmiş. Buralarda tikilən evlərin görünüşünü də Allah göstərməsin (Məlik köhnə sinema arxivində, xronikalarda görmüşdü onları). Məlik şəhərin indiki məhəllələrinin adlarını bir-bir yadına saldı, Əfşar, Qacar, Qaşqay, Şahsevən, Kəngər, Bayandır, Borçalı, Zəngəzur, İqdır. Amma nə deyirsən de Məliyin yaşadığı Bayat məhəlləsi onun gözündə bütün başqalarından səfalı idi. Elə onun yaşadığı otuz mərtəbəli binanın arxasından başlanan Qarayazı parkı, parkın içindəki Uçan su şəlaləsi nəyə desən dəyər.
Məlik cib telefonunu çıxarıb Ankaraya, sonra Nyu-Yorka, Moskvaya və Tehrana zəng etdi, çoxdan tanıdığı və daima internetlə əlaqə saxladığı tele jurnalist dostlarıyla danışdı. Çox qabaqcadan onların razılığını almışdı ki, SNN, TRT-də, Moskvanın “Avrasiya” və Tehranın “İrani-növ” kanalları da Azərbaycanda keçirilən Novruz bayramının görüntülərini mütləq başqa TV-lərdən deyil, “Çağdaş”dan alsın. Bu həm “Çağdaş”a yaxşı reklam idi, həm də xeyli gəlir gətirəcəkdi. O biri kanalların rəhbərlərinin bağrı çatlayacaq – Məlik gülümsündü – ayıb olsun – deyə belə xudbin fikirlərə görə özünü məzəmmət elədi və
amma yəqin onlar da bir şey fikirləşiblər – deyə sakitləşdi. Axı o biri TV-lərdə işləyənlərin çoxusu da yüksək peşəkardılar və onun yaxın dostları idi.
Xiyabani prospektindən Çanaqqala meydanına çıxdı, bu meydanda ucalan Kamal Atatürkün möhtəşəm heykəlinin yanından burulub Qaraqoyunlular bulvarına girdi.
Qaraqoyunlular bulvarı Bakının yeddi ən məşhur bulvarından biriydi. Qara şəhər zavodları şəhərdən kənara Üç təpə tərəflərə köçürüləndən sonra Xəzər bulvarı Bayıldan Zığa qədər uzanırdı və Ginnesin kitabına düşmüşdü – bu sahil şəridi dünyada ən uzun bulvar idi. Cəfər Cabbarlı meydanından Nərimanov prospektinə qədər uzanan Füzuli bulvarı isə şəhərin ən şık, dəbdəbəli bulvarı sayılırdı, Ən bahalı mənzillər, ən şıq otellər burada yerləşirdi. Haçansa Respublika sarayı adlanan Füzuli sarayı da burda idi, Dram teatrı da, Opera teatrının yeni binası da. Sağ və sol tərəfdən şəhərin ən iri sinemaları “Aynur”, “Dalğa”, Cəfər Cabbarlı şəhər teatrı, saysız-hesabsız sərgi salonları nəzərə çarpırdı. Əlibəy Hüseynzadə və Əhməd bəy Ağaoğlu küçələrinin Füzuli bulvarında kəsişdiyi yerdə bu iki dost mütəfəkkirin qoşa heykəli qoyulmuşdu.
Füzuli bulvarı da Xəzər bulvarı boyu uzanan Xəzər prospekti kimi gecələr o qədər gur çıl çıraqlı idi ki, yəqin bu işıq seli göyün yeddi qatından, kosmik gəmilərdən də görülüb seçilərdi.
Qarabağ bulvarı əksinə, daha sakit və kədərli idi. Bu bulvar boyu yerləşmiş anıtlar orijinallığı ilə seçilirdi. Qarabağ döyüşlərində həlak olmuş naməlum şəhidin məzarı üstündə yanan əbədi od – qədim ocaqlar şəklində düzəldilmişdi. Xocalı müsibətinin anıtı – yerlə-yeksan olmuş xarabalıq, yanıb qaralmış daş qalaqları, kösövlərdən ibarət idi və bu daşların, kösövlərin arasından torpaqdan daima tüstü süzülüb qalxırdı. Hər saatdan bir səslənən musiqi, Fikrət Əmirovun Şur simfonik muğamından bir parça anıtın təsir gücünü bir az da artırırdı. Dikuçar faciəsinin anıtı da qeyri-adi idi – parçalanıb yanmış metallik dikuçarın yarıqları arasında həlak olanların sifətləri həkk olunmuşdu. Və nəhayət bütün bu acı xatirələrin təsəllisi kimi Qarabağ dəmir yolu vağzalının qarşısında möhtəşəm Zəfər Tağı ucalırdı.
Son illər Bakıda qoyulmuş müxtəlif abidələr və anıt yerləri arasında Məlik ən çox Qarabağ bulvarında yerləşənləri bəyənirdi, bir də Millət meydanında ucalan Dirəniş abidəsini. Biləcəri tərəfdən 20 Yanvar prospektiylə şəhərin mərkəzinə tərəf irəliləyərkən Millət meydanında, haçansa 11 Qızıl Ordu abidəsinin yerində nəhəng bir tankın arxa tərəfini görürdün. Tank sanki at kimi şahə qalxmışdı. Qarşı tərəfdən baxanda isə yalın əlləriylə bu tanka qarşı çıxmış insanların gücüylə tankın qabaq tərəfinin havaya qaldırıldığını görürdün. Millət meydanında ucaldılmış Dirəniş abidəsi də, 20 Yanvar prospekti boyu insanların həlak olduqları nöqtələrdə çəkilmiş qərənfil şəkilləri də o uzaq illərin hələ də yaraları qövr edən müsibətini yada salırdı.
Azərbaycan sinemasından Kukla teatrına qədər açılmış Yeddi gözəl bulvarı isə boy sarıdan ən qısa, amma turistləri ən çox cəlb edən bulvarlardan idi. Buradakı bahalı dükanlar, “Yeddi gözəl” mod teatrı, sərgi salonları və restoranlar sanki bir-biriylə bəhsə girərək daha yaraşıqlı, daha cazibədar, daha cəlbedici olmağa çalışırdı. Amma bu bulvarda turistləri ən çox cəlb edən “Yeddi gözəl” fəvvarələri idi. Yeddi iqlimdən yeddi gözəlin rəngbərəng fiqurları axşamlar işıq effektləri vasitəsilə sanki Qara Qarayev musiqisinin müşayətilə rəqs edirdilər. Turistlər bir də Bakıya qayıtmaq üçün fəvvarələrin hovuzuna qəpik-quruş atırdı. Qonaqları cəlb edən ikinci yer Cəfər Cabbarlı meydanındakı qüllə idi. Keçmiş Sabunçu vağzalı dəmiryol durağı kimi isttifadəsiz qalandan sonra indi bu binada “Arşın mal alan” Mədəniyyət və Ticarət Mərkəzi açılmışdı. Binanın qüllədəki pəncərələrindən hər gün gündüz saat on iki tamamda Üzeyir musiqisinin sədaları altında “Arşın mal alan” operettasının rəngli saxsılardan düzəldilmiş personajları çıxıb meydana toplaşanlara baş əyirdilər.
Araz bulvarı Vahid Azərbaycan meydanından başlayırdı. Səlcuq stadionu (əsaslı dəyişdirilmiş və genişləndirilmiş keçmiş respublika stadionu) qarşısında üç böyük Səlcuq hökmdarının – Sultan Toğrulun, Alp Arslanın və Məlik şahın at belində heykəlləri ucalırdı. Stadion girişinin sağ tərəfində Tofiq Bəhramov adına İdman muzeyində Azərbaycan idmançılarının qırxdan artıq Olimpiya və dünya çempionu medalları, saysız-hesabsız prizlər nümayiş etdirilirdi. Meydanın qarşı tərəfində bir yanda “Savalan” o biri tərəfdə “Şahdağ” otellərinin qarşısında Azərbaycan tarixinin on iki məşhur dövlət xadiminin heykəlləri qoyulmuşdu – Aranşah Cavanşir, Qızıl Arslan, Şirvanşah İbrahim, Cahanşah Ağqoyunlu, qaraqoyunlu Uzun Həsən, Şah İsmayıl Səfəvi bir tərəfdə – Nadir şah Əfşar, Qarabağlı Pənah xan, İbrahim xan Cavanşir, şəkili Hacı Çələbi xan, qubalı Fətəli xan, gəncəli Cavad xan o biri tərəfdə. İki tərəfin arasından isə Araz bulvarı başlanırdı. Araz bulvarında Güney və Quzey Azərbaycanın istiqlal mübarizəsinin altı Obeliski – Tikili daşı ucaldılmışdı. 1905-1906 Səttarxan hərəkatına həsr olunmuş Məşrutə obeliski, 28 Mayıs – Cümhuriyyət obeliski, Xiyabani hərəkatının Azadıstan obeliski, 1945-ci il 21 Azər obeliski, 1991-ci il Qüzey Azərbaycanın müstəqillik obeliski və Xudafərin-Qovuşma obeliski.
Yeddinci məşhur bulvar Aşıqlar bulvarı idi ki, Məlik avtosunda həmin bulvarın girəcəyinə yaxınlaşırdı. Hər səhər işə gedəndə avtosunu burada əyləyir, bulvarda yarım saat piyada gəzərdi. Haçansa Ermənikənd bulvarı adlanan bu bulvarın girəcəyində Aşıq Ələsgərə həsr olunmuş abidə qoyulmuşdu. Daha doğrusu Ələsgərin: Çərşənbə günündə çeşmə başında gözüm bir alagöz xanıma düşdü misralarının motiviylə düzəldilmişdi bu abidə. Bir çeşmə qurulmuşdu, çeşmə başında Aşıq Ələsgərin və onun çərşənbə günü rast gəldiyi ala göz xanımın surətləri yaradılmış, o məşhur qoşmanın bəndləri həkk olunmuşdu. Məlik Aşıqlar bulvarı boyu irəlilədikcə bulaqların üstündə uşaqlıqdan əzbər bildiyi misraları həvəslə bir də oxuyurdu. Qurbanı der:könlüm bundan sayrıdı, Nə etmişəm, yarım məndən ayrıdı, Ayrılıqmı çəkmiş boynu əyridir, Heç yerdə görmədim düz bənövşəni.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-qoc-qara-qoc-birinci-nagil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Doqquzuncu fəsilVəsl qədrin bilmədim hicran bəlası çəkmədən,*Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.*
Onuncu fəsilEy, məh, mənimlə dustlarım düşmən eylədin,*Düşmən həm eyləməz bu işi kim, sən eylədin.*
On birinci fəsilKönüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz.*Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.*