Səhifə 8 / 8 · 88%

Məlik elektron yaddaş dəftərçəsində lazımı qeydlər etdi, arxayın vaxta gəlib yaxşı bir proqram düzəltmək olar – deyə düşündü və muzeydən aralandı.

Bu səfər Güney sahil yoluyla deyil, Kəmər yoluyla Bakıya tərəf gedirdi, gecə-gündüzün tarazlaşdığı 22 mart gününün alatoranlığı idi. Məliyin ağlına gəldi ki, səhərdən heç nə yeməyib. Yol boyu yerləşən restoranları bir-bir yadına saldı. Amma artıq qərarını vermişdi: buralara yolu düşəndə hökmən Zığ yamacında yerləşən “Aylı gecələr” parkının “Bakı gecələri” restoranına gedərdi. Bu axşam da şam yeməyini orda yeyəcəkdi. Bu restoranı çox sevirdi. Əlbəttə mətbəxi sarıdan daha ləzzətli, hətta ekzotik restoranlar da var, amma Məliyi “Bakı gecələri”nin menyusu deyil, eyvanından açılan mənzərə cəlb edirdi. Sonsuz məhəbbətlə sevdiyi şəhərə adətən ya çox yuxarılardan ya da üzü dənizə durularsa sağ cinahdan baxardı. Şəhəri məhz bu səmtdən görmək imkanı hər gün olmurdu. Bura yolu düşəndə “Aylı gecələr” parkından, “Bakı gecələri” restoranının açıq eyvanından saatlarla Bakının gündə vərdiş etmədiyi görünüşünü seyr etməkdən zövq alırdı.

Sifarişini verdi, amma yeyib-içəndən sonra da durub getmək istəmirdi. “Qıpçaq” şərabını qurtum-qurtum içərək çil-çıraq içində alışıbyanan şəhərə, Xəzər, Füzuli bulvarlarında işıq seli kimi axan nəqliyyat karvanlarına, yelkənli qayıqların, əlvan gəmilərin belədən – belə şütüdüyü dənizə, Nərgiz adasının Şeytan çarxına – Göy qurşağına hey baxır, baxırdı.

Ağ Abşeron daşından bərpa olunmuş Səbail qəsri sanki dənizdən yox, əfsanələrdən, keçmişin, tarixin bağrından çıxıb qalxmışdı suların ortasında. Bayılda, Çənlibel qala-otelində qurulmuş güclü projektorlar Səbaili işıqlandırdıqca adam gördüklərinin həqiqətmi yuxumu olduğunu təyin edə bilmirdi. Məlik bilirdi ki, bir azdan Səbail qəsrində şeir gecəsi başlanacaq, görəsən şairlərimiz bu əfsanə-qəsrə layiq şeirlər yaza bilibmi?

Dənizdə üzən bəzi qayıqlarda bir-bir məşəllər alışmağa başlandı. Məlik: Bax bu təzə məsələdir – deyə düşündü – nə əcəb xəbər tutmamışam. – Belə bir tamaşa ilk dəfə idi. Yəqin Aleksandr Dümanın Bakıda, dənizdə odlar görməsi haqqında xatirələrini oxuyub, ilhamlanıblar. Hər halda kimin ağlına gəlibsə əhsən ona.

Bu dəqiqəni gözləsə də hər halda qəfil yaylım atəşlərindən diksindi, “Babək” və “Səttarxan” hərbi müdafiə gəmilərindən göyə rəngbərəng fişənglər atılmağa başlandı. Fişənglər əlvan kül dəmətləri kimi havaya topa-topa ucalır, sonra göydəcə dağılıb müxtəlif tərəflərə səpələnirdilər.

Nə qəribə, bütün bu əlvan bayram mənzərələri, hər tərəfdən səslənən oynaq, şən, nikbin musiqi sədaları, hara baxsan gördüyün gülər sifətlər içində Məlik birdən-birə qəfil qüssə hissi duydu. Nə idi buna səbəb? Qayibdən gələn bir səsmi, elektron poçtlarla, teleqrafla, efir dalğalarıyla deyil, nə isə məchul bir vasitəylə ona, Məliyə çatdırılan ismarışmı, həyatın faniliyi, ömrün ötücülüyü haqqında ayıq-sayıq xəbərdarlıqmı? Son illər dünya təbabətinin görünməmiş uğurları nəticəsində dünyanın bütün qabaqcıl ölkələrində olduğu kimi Azərbaycanda da orta ömür həddi yetmiş-səksən yaş civarında idi. Məlik də bilirdi ki, irəlidə ən azı 20-25 il ömrü var. Amma axı bu da müəyyən bir mənzil, müəyyən bir hüdud idi.

Ta uşaqlığından Allaha inandığı üçün Məlik ölümdən sonrakı həyata, başqa bir dünyaya da inanırdı. Və düşünürdü ki, bəlkə o dünya bu dünyadan qat-qat gözəldir, rahatdır, xoşdur. Olsun. Amma hər halda insan, hətta bu dünyanın pis günlərini yaşamalı olan, ömrü məşəqqətlər içində keçən insan da həyatıyla vidalaşmaq istəmir. Ondakı, olsun qayğısız bir ölkədə, qayğısız bir zamanda yaşayan qayğısız insan.

Qayğısız... Məlik tez-tez bu sözü ürəyində təkrar edirdi, amma doğrudanmı onun ömrü də, başqa vətəndaşlarının həyatı kimi tam qayğısız idi. Əlbəttə yox, ictimai qayğılardan, iş, mənzil, məişət, maddi-maliyyə qayğılarından qurtulmaq hələ qayğısız yaşamaq deyil. Heç bir quruluş, ən adil cəmiyyət, ən firavan şərait belə insanı tənhalıq saatlarından, qarşılıqsız məhəbbətin, qısqanclığın, xəyal qırıqlığının acılarından, yaxınlarının itgilərindən xilas edə bilmir.

Məlik xatırladı ki, neçə il bundan qabaq rəhmətə getmiş valideynlərinin, bildir torpağa tapşırdıqları bibisi qızının ağrılarını hələ də çəkir.

Əlbəttə o özü də, xalqı da çox böyük bədbəxtçiliklərə düçar ola bilərdi. Neçə il bundan əvvəl siyasi qarşıdurmaların qanlı toqquşmalar, vətəndaş hərbi həddinə çatdığı günlərdə, daxili separatçı həmlələrin və xarici təcavüzün təhlükələri reallaşanda hadisələr tamam başqa axarda gedə bilərdi. Yəqin Məlik də nəinki indi burada, bu “Aylı gecələr” parkında, heç bəlkə Bakıda, Azərbaycanda, ola bilsin həyatda, dünyada da qala bilməzdi. Xoşbəxtlikdən bütün bunların qarşısı alındı, xalqın, millətin əzəli özünüqoruma instinkti hər növ hakimiyyət hərisliyinə qalib gəldi və o günlərdən başlayan əvvəl-əvvəl tədrici, get-gedə daha iti, yeyin inkişaf sürəti gətirib bu günkü arxayın duruma çatdı. İndi işsiz, kasıb, bədbəxt-biçarə vətəndaşı yoxdu Azərbaycanın. Bədbəxt yoxdur, amma hamı xoşbəxtdirmi? Məsələ də elə bundadır. Xalq, Millət bədbəxt olanda onun bütün övladları da bədbəxtdir, amma xalq, millət xoşbəxt olanda onun hər bir övladı ayrı-ayrılıqda “mən bəxtiyaram” – deyə bilmir. Təbii ki, ölkəsinin, dövlətinin talei sarıdan arxayındır, xoşbəxtdir, amma hər şəxs özü özlüyündə haçansa Tənhalıqla, Ayrılıqla, ən sonunda Ölümlə üz-üzə durmayıbmı?

Nə bədbin fikirlərdir belə, bu xoş bayram günündə başıma gəlir. Filosofluq eləməyə vaxt tapdın. Şəhərə bax, gör bir nə aləmdir, nə gözəllikdir.

Projektorlarla ən münasib şəkildə işıqlandırılmış nəhəng Dədə Qorqud, Koroğlu heykəlləri, su pərisi kimi sulardan baş qaldıran Səbail, zirvəsində Novruz çırağı yanan Qız qalası, dənizdəki ağ yelkənli, əlvan rəngli gəmilər, təknələr, qayıqlar, Nərgizdəki Nənə qurşağı-şeytan çarxı, “Karvan” univermağının damında ləngərlə addımlayan dəvə karvanı, Odlar sarayının məşəlləri – elə bütün bunları görmək üçün dünyaya gəlməyə və yaşamağa dəyərdi.

Getmək zamanı gələndə də nə qəm, nə isə görüb, nə isə edib, insan kimi yaşayıb, insan kimi getməyin nə qorxusu var. Biz gedəcəyik, amma Qız qalası qalacaq, şəkilli Qobustan qayaları qalacaq, İçəri şəhərin dar küçələri qalacaq, Şekspir və Füzuli, Bax və Segah qalacaq...

Amma hər halda maraqlıdır, bizdən sonra nə olacaq, necə olacaq? Məlik haçansa uzaq gəncliyində oxuduğu bir şeiri xatırladı:

Görəsən kim yandıracaq
Yeni çıraqları Xəzər sahilində?
Görəsən kim deyəcək yeni nəğməni,
Nə dilində?

Şairin nigarançılığı əbəs imiş. Xəzər sahilində çıraqları yenə də biz yandırırıq və yeni nəğmələri də öz dilimizdə oxuyuruq.

Bəlkə də nənələrinin təsiriylə Məlik gözünü açandan Allaha sidqürəklə tapınmışdı. Dindar deyildi. Dini ritualları heç vaxt icra etməmişdi – namaz qılmırdı, oruc tutmurdu, heç ziyarətə getmək də qismət olmamışdı ona. Buna baxmayaraq hər axşam yatmazdan qabaq, özünün tərtib etdiyi və bəzən hətta televiziya proqramlarında da səsləndirdiyi duanı ürəyində təkrar edirdi. İndi yatmasına hələ xeyli vaxt vardı, amma hansı daxili təlabatlasa bax burada bu “Aylı gecələr” parkında “Bakı gecələri” restoranının Xəzərə baxan açıq eyvanında, hər il təkrar olunan bu təkrarsız günün ilıq axşamında duasını ürəyində kəlmə-kəlmə vird edirdi:

İlahi, bu günümüz üçün sənə min şükür. Bu xoşbəxtliyi xalqıma, dostlarıma, ailəmə çox görmə. Ən pis günümüz bu olsun. Heç birimiz heç vaxt neyləyim, necə eləyim – deməli olmayaq. Tarix boyu çox əzablara, məşəqqətlə tuş olduq, ağır günlər yaşadıq, öldü-qaldıyla üz-üzə durduq. Axır ki, iradəmizlə, ağlımızla, halal zəhmətimizlə ağ günə çıxdıq, bu günümüzü qazandıq. Bu günümüz sonsuza qədər davam etsin, Uca Tanrım. Amin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri