Birinci nağıl
Səhifə 7 / 8 · 75%
Böyük çıraq alışdı, İl təhvil oldu.
Bundan sonra şənliklər başlanacaqdı. Bu səfər Məlik şəhərin müxtəlif yerlərində keçirilən tədbirləri deyil, yalnız İçərişəhərdəkiləri ekrana gətirməyi qərarlaşdırmışdı.
Qız qalasının arxasında bazar meydanında tərəfdən-tərəfə çəkilmiş tarım iplərin üstündə kəndirbazlar öz məharətlərini nümayiş etdirirdilər. Bakı xanlarının bərpa olunmuş iqamətgahlarında Köhnə Bakı muzeyi yerləşirdi: mum fiqurları düzəldilmiş qoçu, dərviş, hambal (hambal Dadaş, Qoçu Nəcəfqulu, Lotu Cabbar), eləcə də fayton, qazalaq, konka kimi eksponatları olan, orta əsr Avropa rəssamlarının Bakını təsvir edən qravürləri, əsgi Bakının ilk foto-mənzərələri, Əzim Əzimzadənin karikatürləriylə süslənmiş muzey. Muzeyin qarşısındakı meydanda Keçəl və Kosa toplaşanları güldürürdü. Qoşa qala qapısından bura axın-axın insanlar gəlirdi.
Şirvanşahlar sarayında, xalça-palaz döşənmiş hamam hücrələrində güləşlər, qılınc oyunları göstərilirdi.
Dəstə-dəstə turistlər bilmirdilər hara baxsınlar bu oyunların, tamaşaların hansına? Qarşısında Məşədi İbadın paralon mulyajı qoyulmuş qənnadı dükanınamı baş çəksinlər, ya qarşısında eyni cür Hacı Qara fiquru görünən xırdavat dükanınamı? Bəlkə Dərviş ya Xarabat meyxanalarında vaxt keçirsinlər?
Məlik: – Proqramın ardını özün apar – deyə Ərxana lazımı tapşırıqlar verdi – Mən Türkana getməliyəm, onsuz da gecikirəm. Bir də hamınızın bayramı mübarək!
Avtosunu işə salıb Xəzər prospektinə endi. Prospekt artıq nəqliyyatçün açılmışdı, amma yaman basırıq idi. Azadlıq meydanından keçib Qara şəhərə çıxandan sonra nəqliyyat bir az seyrəldi.
Avtosunun qutusundan kaset çıxarıb maqnitofona saldı, düyməni basdı. Baxın Çakonası səslənməyə başladı. Məliyin ən çox sevdiyi musiqi əsərlərindəndi.
Universitetlər şəhərciyi Hovsan da arxada qaldı, indi sahil yoluyla Türkana tərəf irəliləyirdi. Maqnitofonda Məliyin çox sevdiyi başqa bir əsər – Albinioninin Adajiosu səslənirdi. Məlik bu əsərlərin müəllifləri barədə – Bax və Albinioni barədə düşündü. Bu dahiləri Məliyə bu qədər yaxın, doğma, munis edən nəydi? Onları əsrlərin məsafəsi ayırırdı, zaman, məkan, mühit, adət-ənənələr, mədəni irs, gələnəklər, davranış qaydaları, ədaları, bir sözlə hər şey, hər şey tamam başqa idi... Amma Məliyi mat qoyan o idi ki, bu kamzollu, dar pantolonlu, yaxası jabolu, başında pudralı parik olan insanlar – Bax, Albinioni, Vivaldi, Korelli, Motsart onun, Məliyin duyğularını necə də ülvi səslərlə ifadə edə biliblər. Sanki bu uzaq ellərin, uzaq zamanların insanları onun, Məlik Məmmədlinin, XXI əsr Azəri türkünün ən dəruni hisslərini duya və belə ecazkar melodilərlə səsləndirə bilmişlər. Bu möcüzə deyildimi? Uzaq əsrlərin möcüzəsi...
Amma ağlına gəldi ki, bunları burada, avtosunda dinləyə bilməsi də XX-XXI əsrlərin möcüzəsidir. Nazik mixəyi lent dolanmış kiçicik kaseti cihazın içinə salırsan və bir-birindən gözəl səslər, melodilər aləmi canlanır – yəqin o dövrün insanları da bu möcüzəyə mat qalardı.
Avtonun açıq pəncərələrindən xəfif gilavar Məliyin saçlarını yumşaq-yumşaq tumarlayırdı. Atobanın sağ tərəfində iri hərflərlə yazılmış TÜRKAN sözünü gördü.
Keçmiş qəsəbənin yerində salınmış Türkan şəhəri – müəyyən anlamda Türk dünyasının mənəvi mərkəziydi. Bir çox ümumtürk iqtisadiyyat, mədəniyyət, maliyyə, KİV strukturları, müstəqil və muxtar Türk respublikalarının səfirlikləri, daimi nümayəndəlikləri burada yerləşirdi.
Türkanın girəcəyində yol haçalanırdı. Üst yol Dinlər meydanına aparırdı – burada Türkiyə dövlətinin inşa etdiyi əzəmətli Əhməd Yasəvi məscidi, onun yanında xristian qaqauzlar üçün tikdirilmiş kiçik kilsə – sövmiyyə, qarşı tərəfdə yəhudi Qaraimlərin sinaqoqu, Tuvanın hədiyyə etdiyi Budda məbədi və Yakutların şaman otağı yerləşirdi.
Dinlər meydanından bir az aralı Manas idman kompleksində qapalı və açıq yarış, oyun meydançaları, üzgüçülük hovuzları vardı. İdman zonasından başlanan – bir ucu Türkan hava alanına, bir ucu Binə hava limanının yaxınlığındakı İpək yolu – fuarına – yarmarkasına qədər uzanan Ötükən ormanını Türk dünyasının hər guşəsindən gətirilib burda əkilmiş və nə yaxşı ki, tutmuş müxtəlif ağaclar bəzəyirdi. İpək yolu fuarında yalnız Türk dünyasından deyil, planetin hər yerindən gətirilən mallar nümayiş etdirilir və satılırdı. Nə yoxdu burda – Qazax-qırğız dombralarından tutmuş Dağıstan yapıncılarınadək, özbək xələtlərindən türkmən – ahal təkə atlarınacan, Çin kaşısı, Kaşan xalçaları, ərəb ədviyyatı, yapon şirmaları, Hindistan ətirli sandal çubuqları, hətta Afrika masqaları tapmaq olardı burda. Qərbin, Yaponiyanın, Koreyanın ən yeni texnologiyaları müxtəlif şirkətlərin diqqətini çəkirdi. “Aral”, “İssık göl”, “Altay”, “Mərmərə”, “Ağrı dağ” restoran, kafe və barlarında qazax Beşbarmağından, özbək plovundan Türkiyə türklərinin imambayıldısınacan hər növ təamı dadmaq olardı, qımız da içmək olardı, Zəm-zəm suyu da, yaşıl özbək çayı da...
Bütün bu mallar ya hava yoluyla Türkan hava alanına, ya gəmibərələrlə Türkan bərə limanına, yaxud da Türkan dəmir yol vağzalına qatarlarla çatdırılırdı. Uluslararası Binə hava limanından dünyanın hər yerinə uçmaq olardı, Türkan hava alanına qonan və oradan qalxan “Bayqonur” uçaqları Türk dövlətlərinin paytaxtları və böyük şəhərləriylə gediş-gəlişi təmin edirdi.
Yollar ayrıcında Məlik sağa burulub Salavat Yulayev küçəsindən Orxon meydanına daxil oldu. Bu meydan dairəvi şəkildə qurulmuşdu. Meydanın tən ortasında üç Orxon kitabəsinin – Böyük, Kiçik Gültəkin, Tonüquq yazılarının on dəfə böyüdülmüş daş kopiyaları qoyulmuşdu. Meydanı dövrələmə müxtəlif ölçülü dörd bina əhatə edirdi: Universitet, Teatr, Elmi Mərkəz və Kitabxana binaları. Kamal Atatürk Universitetində bütün türk xalqlarının ölkəşünaslığı, tarixi, dili, ədəbiyyatı, coğrafiyası və iqtisadiyyatı üzrə mütəxəssislər hazırlanırdı. Müxtəlif ölkələrin teatr tamaşaları adətən Nazım Hikmət teatrında oynanılırdı. Bu axşam burda Kürd teatrının “Məhəmməd Qazi” tamaşası göstərilirdi.
Mahmud Qaşqarlı Türk Dünyası Araşdırmalar Mərkəzində türklərin ortaq tarixi, ortaq ədəbiyyat tarixləri üzrə tədqiqatlar aparılır, ortaq və ikitərəfli lüğətlər, Ümumi Türk Ensiklopediyası hazırlanır, əlifba, dil və terminoloji uyğunlaşdırma komissiyası işləyirdi. Fərabi kitabxanasında Bakının, İstanbulun, Daşkəndin, Tehranın, Bağdadın, Qahirənin, Moskvanın, Peterburqun, Vaşinqtonun, Nyu-Yorkun, Londonun, Parisin, Berlinin, Romanın, Vyananın ən böyük kitabxanalarından, Matenadarandan türkolojiyə aid bütün kitabların, əlyazmaların mikrofilmlərindən, bilgisayarda yerləşdirilmiş surətlərindən istifadə etmək olardı.
Məlik Orxon meydanından Hunlar bulvarına çıxdı. Bulvarın sağ tərəfində 20 müstəqil və muxtar türk respublikasının səfirlikləri və daimi nümayəndəlikləri yerləşirdi. Sol tərəfdə isə Yusif Balasaqunlunun, Yunis İmrənin, Əlişir Nəvainin, Məhdumqulunun, Abayın, Abdulla Tuqayın və Qasparalı İsmayılın adlarını daşıyan uyqur, Anadolu, cağatay, qazax-qırğız, İdil-Ural və Krım-tatar mədəniyyət mərkəzləri fəaliyyət göstərir. İki qonşu binada – Ziya Göy alp ocağında və Sultanqaliyev klubunda sağ və sol təmayüllü siyasətçilər toplaşır, çeşidli məsələlər haqqında qızğın mübahisələr aparırdılar.
Hunlar bulvarından Oğuz meydanına çıxdı. Orxon meydanından fərqli olaraq bu meydan kvadrat şəklində idi və Səmərqəndin Registan meydanı üslubunda tikilmişdi. Meydanın forması da, binaların memarlığı da, kaşı üzlüklər də Səmərqəndi, Buxaranı, Xivəni andırırdı. İki tərəfdən iki ikiz uca bina “Turan” oteli və “Erkenekon” sarayı, onların arasında Türk muzeyi yerləşirdi, dördüncü tərəf boş qalmışdı – dənizə açıqdı.
“Turan” otelinin qarşısında tarixi türk imperiyalarının, dövlətlərinin sancaqları və tuğları görünürdü. “Erkenekon” sarayının qarşısında çağdaş türk respublikalarının bayraqları dalğalanırdı. “Erkenekon” sarayında Türk dünyasının iqtisadiyyat, mədəniyyət, elm, təhsil, informasiya, maliyyə, səhiyyə və idman komissiyaları yerləşirdi. Hava şirkətlərinin və turist təşkilatlarının büroları, xəbər ajansları və mətbuat-televiziya müxbirlərinin ofisləri də bu binadaydı. Mühüm tədbirlər böyük iclas salonunda keçirilirdi.
Məlik “Ceyran”ını muzeyin qarşısında saxladı, açarları avtomobil xidmətçisinə verdi. Üstündə “Türk dünyasının sərvətləri sərgisi – 22 mart – 22 aprel” yazılmış afişin yanından keçdi, jurnalist kitabçasını göstərib muzeyə daxil oldu. Açılışa gecikmişdi, amma yenə də adam əlindən tərpənmək olmurdu.
Böyük foyedə nümayiş etdirilən Şeyx Səfi xalçasının qarşısında xüsusi qalabalıq vardı. Məlik bu xalını Londonda Viktoriya və Albert muzeyində görmüşdü, amma o yarıqaranlıq salondan fərqli olaraq burada, bol işıqlı yerdə Şeyx Səfi xalçası rəng verib rəng alırdı. Bəlkə Vətənə döndüyündən belə bərq vurur. Məlik: Yenə pafosa qapılma cənab Məmmədli – deyə özünü məzəmmmət elədi, – həm də ki, həmişəlik qayıtmayıb: cəmisi bir aylığa.
Uzun və üzücü danışıqlardan sonra Böyük Britaniya hökuməti bir aylığa xalçanın Bakıda nümayiş etdirilməsinə icazə vermişdi, özü də böyük mühafizəçi dəstəsinin müşayiətilə. Dünyanın ən qədim xalısı sayılan Paızırıq xalçası da ciddi mühafizə olunurudu – süzülüb dağılmış bu xalça güllədeşməz şüşənin arxasında asılmışdı.
Qazaxıstandan göndərilmiş Qızıl döyüşçü də eyni cür gülləkeçməz şüşələr arxasında idi, Drezdendən və Vatikandan gətirilmiş Kitabi Dədəm Qorqud əlyazmaları da. Xeyli adam Piri Rəis xəritəsinin qarşısında qulaq bələdçilərinin müxtəlif dillərdə izahatını dinləyirdilər, Piri Rəisin Kolumbun kəşfindən çox qabaq Amerika qitəsini xəritətsində göstərdiyinə ən çox təəccüb qalanlar yuxarı sinif şagirdləri və əcnəbi turistlər, özəlliklə amerikalılar idi.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-qoc-qara-qoc-birinci-nagil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Doqquzuncu fəsilVəsl qədrin bilmədim hicran bəlası çəkmədən,*Zülmət hicr etdi çox mübhəm işi rövşən mana.*
Onuncu fəsilEy, məh, mənimlə dustlarım düşmən eylədin,*Düşmən həm eyləməz bu işi kim, sən eylədin.*
On birinci fəsilKönüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz.*Bu həm bir qəm ki, el tənindən əfqan eyləmək olmaz.*