İkinci nağıl
Səhifə 12 / 14 · 79%
RETRO: GÖBƏK RƏQSİ – KANKAN – STRİPTİZ
DİSK-JOKEY SİMURQ SİD
Bu reklam söndü, sonra daha iri hərflərlə yazılmış adlar keçməyə başladı:
BRİK-BRAK ŞAHZADƏSİ CƏH-CƏH CAN
SUPER-STAR BURA
Fil Məliyi içəri keçirdi, Sarayın böyük otağının divarları başdan ayağa reklam idi-içgilər, siqaretlər, sabunlar, təmiziləyici tozlar, gigiyenik paketlər, tualet kağızları reklam olunurdu. Ortada səhnə qurulmuşdu. İki qarşı-qarşı tərəfdən masalar düzülmüşdü, tamaşaçılar ayrı-ayrı masaların başında iki-bir, dörd-bir oturmuşdu. Qabaq masalarda sinli kişilər, bəziləri cavan qızlarla əyləşmişdi. Arxa masaların ətrafında, üstündə, altında oturanlar, duranlar, uzananlar cavanlar idi. Uzunsaçlı oğlanlar, qısa saçlı qızlar. Ayırd eləmək olmurdu ki, hansı oğlan, hansı qızdır. Bəzi qızlar oğlanların dizi üstündə oturmuşdu, qol-boyun olub yalaşırdılar. Amma kim bilir hansı qız, hansı oğlandır? Bəlkə oğlan qızın dizi üstündə oturub? Ya ikisi də oğlandır? Ya hər ikisi qız? Hamısının da çənələri işləyirdi – saqqız çeynəyirdilər.
Məlik daha heç nəyə təəccüb qalmırdı.
Salonda bir neçə televiziya kanalının kameraları qurulmuşdu, yazıları oxudu: FİRST TV(först TV), FACE TV(Feys TV), Uorld TV, Grand TV.
Masaların arasında bikinili qızlar ora-bura şütüyür, tamaşaçılara içkilər, məzələr paylayırdılar. Masa başında cavan məşuqəsiz oturmuş sinli kişilər onların dizlərini tumarlayır, büstqalterlərinə dollar soxuşdururdular. Xidmətçi qızlar işvəylə təşəkkür edirdi.
Fil Məliyi masasında əyləşdirib getdi. Bir azdan masaya əcaib bir məxluq yanaşdı və salamsız-kəlamsız oturdu. Təyin etmək olmurdu qocadır, cavandır, qadındır, kişidir. Başının vız saçlarını yaşıl rəngə boyamışdı, sifətinin bir yanağı mavi, bir yanağı çəhrayı idi. Cibindən siqaret çıxarıb çəkməyə başladı. Məlik anaşaya bənzər iy duydu.
Məxluq dumanlı gözlərlə Məliyi süzüb, siqaret qutusunu uzatdı. Məlik başını buladı. Məxluq təəccüblə çiyinlərini çəkdi.
İşıqlar söndü. Salona tam bir qaranlıq çökdü. Sonra dörd tərəfdəki güclü dinamiklərdən gələn qulaqbatırıcı musiqi sədaları altında səhnənin ortası işıqlandı.
İşıq şüasının altında cürübbəz bir oğlan göründü, atılıb-düşməyə, o yan-bu yana çevrilməyə başladı. Qurşağacan çılpaq idi, sinəsində, belində erotik mövzularda döymələr vardı.
Məliyin yanında oturan məxluq, birdən dilləndi, səhnədəki oğlanı göstərib: narkomandı – dedi.
Bu məxluqun ağzından çıxan ilk söz idi və Məlik düşündü ki, kor kora kor deməsə bağrı çatlayar. Məxluq yenə siqareti sümürürdü. Məlik soruşdu: – Nəşədi?
Məxluq başını buladı: – Marixuana – dedi.
Səhnədəki oğlan isə xeyli tullanandan sonra nəhayət toxtadı, mikrofonu ağzına tutub:
– Ay em disk jokey Simurq Sid – dedi – Qud ivninq ledi end qamilton.
Salondakılar qəh-qəhə çəkdilər, əl çaldılar, çaqqal kimi ulamağa başladılar. Məliyin yanındakı oğlan durub masanın üstünə çıxdı, masanın üstündəki boşqabları basdalayıb sındırdı və iki barmağını ağzına soxub fit çalmağa başladı.
Xidmətçi qız onların masasına yanaşdı, sınıq boşqabları yığışdırıb yenilərini qoydu və Məliyin yanında elə əyildi ki, yumru məmələri aydın göründü. Məlik başa düşdü ki, ora pul qoymalıdır, amma etmədi. Yanındakı məxluq masanın üstünə təzə qoyulmuş boşqabları götürdü, hirslə yerə çırpdı, boşqablar çilik-çilik oldu, məxluq xidmətçi qızı itələyib qovdu.
Səhnədəki adam nə isə danışırdı. Məlik nə qədər diqqət etsə də hansı dildə və nə danışdığını anlaya bilmirdi – ingilis sözləri də vardı dedikləri arasında, Azərbaycan sözləri də, amma nə Azərbaycan diliydi, nə ingilis dili. Onsuz da bu mərəkədə heç nə eşitmək mümkün deyildi. Salondakılar gah əl çalır, gah fışdırıq çalır, gah çaqqal kimi ulayır, gah da masaların üstündəki boşqabları sındırırdılar. Xidmətçi qızlar dərhal yeni boşqablar gətirirdilər, dərhal onları da sındırırdılar. Məlik fikir verdi ki, boşqabları daha çox sinli kişilər sındırır, və qızlar dərhal təzə boşqablar gətirən kimi onların büstqalterlərinə, tumanlarına pul salıb qurdlarını öldürürdülər.
Disk-jokey:
– Saylens pliz – dedi – sakit, sakit, uan sekınd – bir saniyə.
Səhnədəki pərdə işıqlandı və orada iri şəkli görünən adamı Məlik tanıdı: Cəh-cəh Can idi.
Salon dərhal sükuta qərq oldu.
Disk jokey:
– Sitimizin Don Juanı, Lovelası, Kazanovası – salondan qəh-qəhə qopdu, (alqışlar, fit, ulama) – popa ulduz (qəhqəhələr), bağışlayın, pop-ulduz (alqışlar) – Disk jokey pauza verdi, sonra daha yüksək tonla – Brik-brak şahzadəsi... – yenə pauza və ən uca tonla – CƏH... CƏH... CAAAAN!!!
Cəh-cəh Can elə bil hardansa yerin dibindən çıxdı (alqışlar, fit, ulama).
Cəh-cəh Canın əynində topuğunacan uzun, qırçınlı qadın tumanı, baftalı köynək vardı. Əlində gitara tutmuşdu. Naz-qəmzəylə o tərəfə, bu tərəfə çevrilir, işvəylə hamıya öpüşlər göndərirdi. Sonra:
– May dearz – dedi – əzizlərim, demə bu gün aborigenlərin bayramıdır... c... e... Novruz bayramı. Nourus, nyu-ryus. Lap yeni-ruslar kimi səslənir. Mən bu bayrama brik-brak yazmışam: Nyu-ryus holidey.
– gitarasından bir akkord alıb əcaib bir ritmdə oxumağa başladı.
Novrus, nourus, nyü-ryus. Ryus, ryus, ryus. Rus, rus, rus. Ruz, ruz, ruz. Duz, duz, duz, Buz, buz, buz. Qafiyə – mafiya, mafiya-qafiyə. Biz, biz, biz. Qız, qız, qız. Vız, vız, vız. Cız, cız, cız. Bız, bız, bız.
Cız-bız, cız-bız
Cız-bız, cız-bız
Bütün salon bir ağızdan təkrar etməyə başladı: cız-bız, cız-bız, cız-bız...
(Təbii ki, alqışlar, fit, ulama)
Məliyin yanındakı məxluqun ağzı açıq qalmışdı:
– Genidi də – dedi – Gördün Novruzu necə gətirib cız-bıza çıxartdı. Dahi!
Cəh-cəh Can oxumaqda – əgər buna oxumaq demək olardısa – davam edirdi:
Caz, caz, caz,
qaz, daz, naz,
saz, baz, yaz,
vaz, taz, paz.
Məxluq siqaretindən qullab vurduqca gözləri dumanlanır, dodağının altında: – Genidi, geni – deyə mızıldanırdı.
Məlik xəbər aldı: – Nə dilində oxuyur? – deyəsən məxluqu bütün bu işlərin mütəxəssisi sayırdı.
– Necə nə? Brik-brak oxuyur da...
– Bəs o sözlər nə deməkdir?
– Hansı sözlər?
– Nə bilim daz, baz, taz, paz.
– Hamısı öz dilimizdədir də, bu sözləri bilmirsiz? Cəh-cəh Can sözləri qəfəsdən çıxarır. – Məxluq gözlənilməz qıvraq hərəkətlə yerindən sıçradı, masanın üstünə çıxdı və bərkdən: – Yaşasın sözlərin azadlığı! – deyə bağırdı – sözlərə azadlıq!
Dərhal o biri masalardan da sıçrayıb: Lonq liv fridom, sözlərə azadlıq! – deyə qışqırmağa, ulamağa başladılar.
Kimsə: – Viva seks azadlığı! – deyə qışqırdı. Cəh-cəh Can səhnədən ona öpüş göndərdi.
Yey-yerdən: Viva seks azadlığı! – deyə qışqırışdılar.
Yaşılbaş məxluq yenidən oturdu, yenə siqareti içinə sümürdü, yenidən sıçrayıb qışqırdı: – Gey, gey, oxu.
Bu həngamədə Can onu eşitdi, bəlkə əvvəlcədən belə danışmışdılar. Məxluqa tərəf çevrilib şəhadət barmağıyla hədələdi: Ay xətakar – dedi.
Yenə hər yerdən qışqırmağa başladılar. – Gey, Gey, oxu.
Cəh-cəh Can ani bir hərəkətlə əynindəki baftalı köynəyi cırıb atdı. Qurşaqdan yuxarı çılpaq bədənində qara krujevalı qadın büstqalterindən başqa heç nə yoxdu.
Cəh-cəh Can gitarasından bir akkord aldı, birdən gitaranı zərblə yerə çırpdı. Gitara parçalandı. Bu da azmış kimi gitaranın üstünə çıxdı, onu təpikləməyə, parça-parça etməyə başladı, simləri ayağına ilişdi, hiddətlə dartıb simləri qırdı. Salondakılar isterika halına gəlmişdi: Gey, Gey, – deyə bağırırdılar. Cəh-cəh parçalanmış gitarasının tikələrini bir-bir salona atmağa başladı. Aləm bir-birinə qarışdı, yer yerindən oynadı. Adamlar gitaranın tikələrini bir-birinin əlindən qapırdılar, bir-birini itələyir, yıxır, saçlarını yolurdular.
Məxluq: keçən səfər gitaradan iki parça qapa bildim, auksionda bilirsən neçəyədi Cəh-cəhin dəsmalı, corabı, gitarasının hər tikəsi?
Cəh-cəhə ayrı gitara gətirdilər və o oxumağa başladı:
Kim dedi ki keyəm mən
Geyəm. Geyəm. Geyəm mən.
Salondakılar birağızdan təkrar etməyə başladılar:
Geyəm, geyəm, geyəm mən.
Beş altı dəfə təkrar olundu. Sonra Can arxasını gah o tərəfə, gah bu tərəfə çevirə-çevirə ardını oxudu:
Həm sizinəm, həm ögey.
Bəli, belədir. O key.
Salondakılar təkrar etdilər:
Həm sizinəm, həm ögey,
Bəli belədir, o key.
Bu sözləri azı on dəfə təkrar etdi, sonra əl çalanlara, fit verənlərə dönə-dönə baş əydi, öpüş göndərdi, alnının tərini silib dəsmalı salona atdı, dərhal qapa-qap başladı. Axır ki, ön masada oturmuş yaşlı qadın dəsmalı ələ keçirib öpdü, bağrına basdı.
Cəh-cəh Can:
– Əzizlərim, sevgililərim, dostlarım – dedi – Sizə bir sirr açım. Bizim – dünya gözəlimiz, dahi rəqqasəmiz miss Bura mer seçilmək istəyir. (Alqışlar, fit, ulama) Mən də buna bir brik-brak yazmışam. (Alqışlar) Daha çox alqışlar istəyirəm. (Alqışlar, fit, ulama)
Gitarasından bir akkord aldı, oxumağa başladı.
Kitabxana.az · https://kitabxana.az/works/anar-ag-qoc-qara-qoc-ikinci-nagil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Degildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Altıncı fəsilCanlar verib sənin kimi cananə yetmişəm*Rəhm eylə kim, yetincə sənə cana yetmişəm.*
Yeddinci fəsilYar ilə əğyarı həmdəm görməyə olsaydı səbr*Tərki-qürbət eyləyib əzmi-yar etməzmidim?!*
Səkkizinci fəsilBu nə sirdir, sirri-eşqin demədən bir kimsəyə,*Şəhrə düşmüş mən səni sevdim deyən avazələr.*
Başqa şairlərin şeirləri
Ey ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
KönülAh-ü-zar çəkməkdən, qan ağlamaqdan,Dərdimi yetirdin səksənə könül,
O görükən dağlar sizin dağlardıBaşına döndüyüm, a Nərgiz xanım,O görükən dağlar sizin dağlardı.
Əhvalını, ey dil, sənə yarın demədimmiƏhvalını, ey dil, sənə yarın demədimmi?Hər feli xətadır o nigarın, demədimmi?