Səhifə 13 / 14 · 86%

Biz gəlmişik buraya
Səs verməyə Buraya.
O heç uçmur çarterlə
Arası yox barterlə.
Atsalar da təndirə
Razılaşmaz tenderə.
Oynayanda poker
Əlindədir coker,
Varmı burda roker,
Ya da bəlkə broker?
Biz gəlmişik buraya
Səs verməyə Buraya.

Tullandı – hə, oppa, bir yerdə.

Salondakılar oxudular:

Biz gəlmişik buraya
Səs verməyə Buraya –

Cəh-cəh davam edirdi:

Bura – mer, Bura – mer.
Buraya səs ver, səs ver.
Görmüsünüzmü triller,
Varmı burda killer?
Lazım deyildir bizə
Marazmatik plebeylər,
Xarizmatik pleyboylar
Biz gəlmişik buraya
Səs verməyə Buraya.
Buraya səs ver, səs ver.
Mer – Bura, Bura – mer.

Yer-yerdən təkrar etməyə başladılar:

Mer – Bura, Bura – mer,
Buraya səs ver, səs ver,
Biz gəlmişik buraya
Səs verməyə Buraya.

Məlik ayağa durdu. Bəsiydi, bundan artığına dözməyə taqəti qalmamışdı.

Yaşılbaş məxluq:

– Hara father, hələ Bura özü çıxacaq. Aləmdi.

Məlik masaların arasıyla çıxışa tərəf getdi. Yerlərdən ona söz atdılar:

– Father, hara? Hələ striptiz olacaq, lap sənin malındır.

Güldülər, fit çaldılar, uladılar.

Kimsə onu dümsüklədi, kimsə itələdi: – Çəkil, səhnəyə baxaq.

Kimsə qabağını kəsdi – sərxoşdu, ya həşiş çəkmişdi:

– Hara? Olmaz.

Kimsə: – Burax getsin. Hara gedəcək, krematoriyə, vaxtdır – dedi.

Yenə gülüşlər, fışqırıq, ulaşma.

Məlik birtəhər salondan çıxdı. Şirvanşahlar sarayının... keçmiş Şirvanşahlar sarayının həyətindən keçdi. Vaxtilə bura ekskursiyalara gəldiyi əsas qapıdan çıxdı.

Buradakı meydanı tanıya bilmədi. Meydan çil-çıraq içindəydi. Böyük reklamda “Plas Piqal” yazılmışdı. Birmərtəbəli evlərin üstündə açıq-saçıq cinsəl şəkillər, fotolar vardı, reklamların hamısı bir yöndə idi:

“Kazino Las-Veqas”, “Kazino Monte-Karlo”, seks-şop, erotik şou, porno film... qapıları yan-yana düzülmüşdü. Məlik tələsik keçib yan küçəyə çıxdı. Bura ordan da aləm imiş. Qırmızı fənərli küçədə şəffaf şüşə vitrinlər ardında şəhvani pozalarda lüt qızlar oturmuşdu. Məlik vitrinlərin yanından ötdükcə ona baxıb göz vurur, içəri çağırırdılar. Gözünü yerdən qaldırmamağa çalışaraq addımlarını yeyinlətdi.

Qırmızı fənərlər qurtaran yerdə göy fənər asılmışdı. Qabağına sıçan-pişik padşahına oxşayan burma bığlı bir kişi çıxdı, irişə-irişə:

– Deyəsən qızlarımızı bəyənmədiniz – dedi – Könlünüz ayrı şeyə meyil edirsə göyçək oğlanlarımız da var.

Məlik onu itələyib keçdi, az qala qaça-qaça bu küçədən uzaqlaşdı. Bir neçə küçə ötdü, deyəsən azmışdı. Heç kəs də yoxdu ki, xəbər ala.

Burnuna xörək iyi dəydi. O tərəfdə restoran vardı, Məliksə gəlib restoranın arxa tərəfinə, həyətinə çıxmışdı. Gördü ki, divarın dibində xeyli adam var. Yan-yana dayanıblar, üzləri divaradır. Əvvəl bilmədi sırayla yan-yana duran bu adamlar neyləyirlər, bu an ay buludlardan çıxanda gördü ki, əyin-başları cır-cındır olan kişilər, qadınlar restoran mətbəxinin yan-yana düzülmüş sarı zibil qutularında eşələnir, nə-isə tapıb ya tələsik ağızlarına, ya da torbalarına atırdılar.

Yalın ayaqlarına nimdaş qaloş keçirmiş, yamaq-yamaq paltosuna bürünmüş, ordu-orduna yapışmış, üzünü saqqal basmış yaşlı kişinin eynəyinin bir şüşəsi sınıq idi, sol sağanağının yerinə sap bağlamışdı, sapı qulağına keçirmişdi. O da qutularda eşələnirdi, amma elə bil bu işi çəkinərək, o birilərdən utana-utana edirdi. Məliyi görüb qutudan bir addım aralandı.

Amma zibil qutularında eşələnənlərin heç nə vecinə deyildi, heç hara baxmırdılar, hərə öz işində idi, əllərini dirsəyəcən qutuların lap dibinə salmışdılar. Məlik fikir verdi ki, hamısı bir dəriydi, bir sümük.

Məlik eynəkliyə yanaşdı:

– Mən buradan necə çıxa bilərəm?

– Hara çıxmaq istəyirsiniz ki?

Məlik çiyinlərini çəkdi, tamamilə yadlaşmış bu şəhərdə haranı tanıyırdı axı...

Onun tərəddüdünü görən eynəkli kişi bir az yaxınlaşdı.

– Bəlkə – dedi – dəniz qırağına çıxmaq istəyirsiz?

– Dəniz qırağına?

Eynəkli kişi onun lap qulağına əyildi, pıçıldadı: – O yolu bircə mən bilirəm.

– Nə yol?

– İki tin o yanda divarın bir yerində daşlar uçub, deşik açılıb, ordan dəniz qırağına keçmək olar.

– Dəniz qırağı hansı zonadadır?

– Buralı deyilsiz?

– Yox, neçə ildir burada olmamışam.

– Belə de. Hə, dəniz hansı zonadadır? Heç birində. Dənizin altını bölüblər, içini, üstünü bölüblər, kirli, mazutlu sahilləri kimə lazımdır? – eynəkli adam səlis danışırdı. Sözünə davam etdi – Xəzərin səthi qalxdı, bulvarı su basdı, bulvar yadınıza gəlir?

– Gəlir.

– Neftçilər prospekti vardı.

Məlik: – vardı – dedi.

– İndi ora qumluqdur, qumlu, mazutlu sahil. Ora çıxarda bilərəm sizi. – Eynəkli sanki nə isə deməkdən çəkinirdi. Axır qərara gəldi – Amma bir şərtlə.

– Nə şərt?

Bir az da tutulan kimi oldu, sınıq eynəyini çıxardı, sildi, utancaq bir tərzdə:

– Beş dollar... beş dollar verəcəksiz mənə... Cəmi beş dollar.

– Yaxşı. – Məlik özü də başa düşmürdü ki, niyə razılaşdı. Dəniz qırağı da, dənizin özü də onun nəyinə gərəkdi, amma hər halda, söz ağzından çıxmışdı. Bəlkə də bu ziyalı kişinin ehtiyacını duymuşdu, yardım etmək istəyirdi. Eynəkli kişinin ardınca düşüb bir neçə dar küçənin tinini buruldular. Bu İçərişəhərin keçmiş dar dalanları deyildi, kartonlardan, taxta qutulardan, paslı metal laylarından, borulardan tez-tələsik quraşdırılmış daxmalar idi. Ankaranın gecəqonduları kimi, amma onlardan yüz dəfə bərbad, miskin, kasıb. Hamısı da qaranlığa qərq olmuşdu, bir iki pəncərədən zəif şam işığı şölələnirdi. Heç yerdən bir səs-səmir, bir bişmiş qoxusu gəlmirdi.

Axır ki, sal daş sərhəd divarı çıxdı qarşılarına. Divarın bu tərəfində gözətçilər-filan da yoxdu. Eynəkli kişi o tərəf bu tərəfə döyüküb, dönə-dönə arxaya boylanıb, axır ki, divarın uçuq yerini göstərdi:

– Burdan keçə bilərik – dedi. Əvvəl kişi özü, sonra da Məlik əyilib deşikdən keçdilər, qumlu sahilə çıxdılar. Burda dənizin səsi eşidilməyə başladı. Ətrafı dəhşətli üfunət bürümüşdü. Məlik burnunu tutdu.

Eynəkli kişi: – Bəli – dedi – üfunətdir. Şəhərin bütün kanalizasiyası Xəzərə burdan axır.

Məlik burdan uzaqlaşmağa çalışdı. Ayaqları topuğacan quma batırdı.

Bura niyə gəlmişdi, buradan hara gedəcəkdi, heç nə haqqında düşünə bilmirdi...

Eynəkli kişi də onun dalınca addımlayırdı. Qum dolmuş qaloşlarını çıxartdı, çırpdı, yenə geyindi, sonra bir balaca öskürdü:

– Bağışlayın – dedi – mən sözümü yerinə yetirdim. Sizi bura keçirdim. Siz demişdiz...

Hiss olunurdu ki, pul söhbətini eləmək onunçün asan deyil.

Məlik: – Bəli, əlbəttə – dedi, cibindən çıxarıb kişiyə on dollar uzatdı.

Eynəkli kişi pula baxıb: – Yox, biz beş dollara danışmışdıq – dedi – artıq mənə lazım deyil.

Məlik: – Xırdam yoxdur – dedi – götürün. Çəkinməyin. Ziyalı adama oxşayırsınız. Nə peşə sahibisiniz... e... idiniz?

Eynəkli kişi başını aşağı saldı, lap yavaş səslə: – Bir vaxt yazıçı idim – dedi. Sonra cəld çevrilib vidalaşmadan iti addımlarla uzaqlaşdı. Yenə də qaloşlarını çıxarıb çırpdı, geyindi və əyilib divarın uçuğundan geri keçdi.

IV

Məlik sahilboyu addımlamağa başladı, üfunətli yerdən bir az uzaqlaşmağa çalışırdı, amma hara getdiyini özü də bilmirdi.

Hər şey bitmişdi. Nə yeri-yurdu qalmışdı, nə xalqı, nə vətəni, nə ailəsi.

Keçmiş yoxdu. Darmadağın dağıdılmış, yandırılmış, tar-mar edilmişdi.

İndi – bax beləydi.

Gələcək? Gələcək də yoxdu. Hər halda onunçün. Onun, Məlik Məmmədlinin, Məlik Məhmədoğlunun heç bir gələcəyi yoxdu.

Türkiyəyə qayıtmaq? Bundan sonra, bu xatirələrlə, bu təəssüratlarla, bu gördükləri, eşitdikləriylə bundan sonra orda necə yaşaya bilərdi. Bir də ki, bundan sonra yaşamağının nə mənası vardı...

İntihar etmək? Bax burda, elə bu dənizə atılmaq?

Kanalizasiyanın bura axıdıldığı yadına düşdü. Nəcislər içində boğulmaq? Məliyin ürəyi qalxdı, ödü ağzına gəldi.

Ayaqları quma bata-bata gedirdi, büdrəyib yıxıldı, amma ayağa qalxmaq istəmədi.

Dənizə baxdı. Uzaqda məhbəsə çevrilmiş Nargin adasının silueti görünürdü.

Damarlarınımı kəssin, alnına gülləmi sıxsın? Bəlkə özünü assın. Ya zəhər tapıb içsin? Hansı ölüm daha asan, daha rahatdır? Hər halda bunu Türkiyədə etmək lazımdır ki, heç olmasa torpağa basdırsınlar. Burda ölsə meyitini krematoridə yandırıb külünü havaya sovuracaqlar. Bir yandan baxanda elə bu da ömrünün məntiqi sonu deyildimi? Külə çevrilib göyə sovrulmaq. Heç nə qalmayıb ondan, heç nə də qalmayacaq.

– Axı dedim sizə bədbinləşməyin.

Məlik diksindi, bu adamsız sahildə kim idi onunla danışan? Başını çevirdi və donub qaldı: Ərxan qumun üstündə, onun yanında oturmuşdu. Haçan gəlmişdi bura? Necə gəlmişdi ki, Məlik heç nə duymamışdı. Ürəyi şiddətlə döyünməyə başladı, bir az toxtayıb:

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri