Birinci fəsil
Səhifə 2 / 2 · 50%
Bu iyi yuxuda duydu və yuxuda da dərk elədi ki, yuxudadır, ayılmayıb. Amma yuxuda da tanıdı bu iyi. Bu iy tək bircə idi, təkrarsız idi. Afrikanın iyi kimi. Amma bu Afrikanın iyi deyildi.
Zaur hələ də yuxu içində idi, yuxu içində fikir eləyirdi: hardan gəlib çıxdı bu qoxu bura, Dakara, otelin 17-ci mərtəbəsinə? Yuxuda fikirləri elə bil qıc olub tutulmuşdu, silkinib yuxudan çıxa, ayıla bilmirdi və buna görə də daha da eymənirdi. Bu iyin nə iy olduğunu, bu qoxunun kimin qoxusu olduğunu bilirdi axı... hələ də yuxudaydı, amma bu qoxudan başqa – Təhminənin qoxusundan başqa – müxtəlif fransız ətirlərinin qarışığından yaranan bu təkrarsız qoxudan başqa – heç bir şey duymurdu. Bu ətir qarışığının sirrini bircə Təhminə bilirdi və həmin sirri hamıdan gizli saxlayırdı. “Hər hansı bir ətiri, ən nadir tapılan ətirləri belə almaq olar, – deyərdi Təhminə. – Deməli, bu ətirləri hər hansı bir qadın vura bilər. Amma hər qadının öz təkrarsız qoxusu olmalıdır. Odur ki, həmin ətirləri bir-biriylə qarışdırmaq lazımdır, hərəsindən bir azacıq qarışdırmaq lazımdır. Nə qədər? Bu, sirdir və bu sirri bircə mən bilməliyəm”.
Röyasız yuxu içində – sönmüş ekran qarşısındaymış kimi – Zaur intizarla gözləyirdi. Budur bax, bu saat ekran işıqlanacaq, yuxu rənglərə boyanacaq, səslərlə dolacaq və Təhminə canlanacaqdır – onunçün nə var ki, məsafələri qət etsin, qitələri, okeanları aşsın, sərhədləri keçsin. Əgər dünyanın o başında güclə duyulan, zərif və zəif qoxusu Zauru haqlamışdısa, sifətinin, səsinin, nəfəsinin, gülüşünün bura gəlib çıxması çətinmi iş idi? Yuxunun dolaşıq, qarmaqarışıq məntiqinə dayanaraq düşünürdü: hansı reyslə uçub gəlib bura, axı Moskvadan bura təyyarə həftədə bir uçur? Yuxuda belə bunu unutmamışdı və yuxuda düşünürdü ki, axı bu yuxudur, gərək oyanam, gərək cəhd eləyəm oyanmaqçün, gərək əlimi uzadıb gecə çırağını yandıram. Əlini uzadırdı, gecə çırağını yandırırdı, amma çıraq yanmırdı və Zaur başa düşürdü ki, hələ də yuxudadır, yuxuda uzadıb əlini çırağa, əslində isə heç uzatmayıb da, yuxuda yandırıb çırağı, əslində heç yandırmayıb da, yuxuda ayılıb yuxudan, əslində heç ayılmayıb da...
Ayılmayıbsa, deməli, indicə görəcək onu... Və o gündən bəri birinci dəfə görəcək Təhminəni. Neçə ay keçmişdi o gündən? Yox, arada bir dəfə görmüşdü Təhminəni. Yuxuda yox, real həyatda da yox, – televizorda görmüşdü... Bircə dəfə, vəssalam. İndi isə... buyur, Qərbi Afrikada, müstəqil Sencqal respublikasının paytaxtı Dakar şəhərində gəlib duracaqdı gözləri qarşısında:.. Nə tez də sənədlərini toplayıb təhvil verib: tibbi arayış, anket, üç imzalı xasiyyətnamə, viza... hamısı da belə təcili, tez... Bütün bunları toplayıb düzəldib, bütün bunlardan keçib. Hər şeyin çəmini, yolunu tapıb ki, tez-tələsik uçub bura gəlsin. Burada, dünyanın o başında Zauru yaxalasın və hər şeyi geriyə döndərsin. Bütün olub keçənlər, ötüb-itənlər yenidən qayıtsın, dirçəlsin, yenidən başlansın. Amma axı başlamamalıydı hər şey təzədən. Olan olmuş, keçən keçmişdi, biryolluq, həmişəlik, dönüb-qayıtmaz bir mütləqlikdir. Bəs onda... Axı, bu, yuxudur, – deyə düşünürdü... – Yuxunun nəyindən qorxursan, yuxunun nə təhlükəsi var? – deyə düşünürdü. – Ayılıb oyanacam, hər şey keçib gedəcək, – deyə düşünürdü və onu da düşünürdü ki, yuxudamı, oyaqlıqdamı, bu dünyada Təhminənin nəvazişlərindən qorxulu heç nə yoxdur onunçün. Təhminənin nəvazişləri, sığalları, beyni dumanlandıran oxşamaları, çılğın pıçıltıları, deyilməmiş gileyləri... Bir də qapqara, uzun, sıx kirpikləri – o kirpikləri elə qaldırırdı, elə bil qədim bir kitabın ağır səhifəsini açır və o kirpiklər Təhminənin sifətinin tən yarısına kölgə salırdı. Bir dəfə Zaur içmişdi, dedi ki, sən kirpiklərini qaldıranda elə bil bəşəriyyət tarixində yeni bir səhifə açılır...
...Yuxuda, iradəsi zəifləyib möhkəm şüur, məntiq buxovları boşalanda Zaur onun, Təhminənin alaqaranlıq istəklərinə tabe olacaqdı. Axı bu istəklər həm də onun özünün, Zaurun istəkləri idi. Bir gün Zaur iradəsini toplayıb bütün hiss-həyəcanlarını ürəyindən birdəfəlik qoparıb ata bilmişdi. Ancaq yuxunun öz qanunları var, daha doğrusu, yuxu bütün qanunlardan azaddır. Zaur isə indi heç bir azadlığa hazır deyildi, istəmirdi heç bir azadlıq-filan. Yalnız bircə şey istəyirdi – yuxudan ayılmaq. Ən çətini göz qapaqlarını qaldırmaq, gözünü açmaq idi... Bir cəhd elədi, güc-bəlaynan göz qapaqlarını açdı, amma bu da yuxu idi – yuxuda cəhd eləmişdi, yuxuda açmışdı gözlərini. Bunu anlayıb bir də cəhd elədi və bu səfər, doğrudan da, oyandı... Bir an, ayılandan sonra düz bircə an ona elə gəldi ki, bu otaqda – Afrikanın iyi hopmuş bu otel nömrəsində başqa bir qoxu, Təhminənin rayihəsi də qalır hələ. İndicə canını qurtardığı yuxu girdabının cazibəsi qəlbini limhəlim doldurmuşdu, amma Zaur bilirdi ki, xilas olmalıdır bu hisslərdən; rahat, dinc yaşamaqçün bütün bunları biryolluq özündən iraq eləməlidir və bu gecəni də sakit başa vurmaq istəyirsə, indicə durub geyinməlidir, nömrədən çıxıb aşağı düşməlidir, fikirlərini yayındırıb, düşüncələrin yönünü dəyişib, sonra qayıtmalıdır otağına. Yalnız bundan sonra sakit uzanıb yata bilərdi.
Qaranlıqda ayaqqabılarını axtararkən Firəngiz səsə oyandı. Bir şey demədi, amma nəfəsinin dəyişməsindən Zaur arvadının ayıldığını bildi.
Zaur:
– Nədənsə yata bilmirəm, – dedi, – çıxıb bir az okeanın qırağında gəzmək istəyirəm.
Firəngizdən səs çıxmadı. Nə hə, nə yox. Zaur düşünürdü ki, eyni tərzdə “istəyirəm gedib özümü dənizə atam” – deyə də bilərdim və yenə də Firəngiz etirazını bildirməzdi... Bəzən Zaura elə gəlirdi ki, Firəngiz laldır. Bəzən tanış-bilişlər deyəndə ki, hələ heç bir vaxt Firəngizin səsini eşitməyiblər, Zaur fikrə gedirdi: o özü haçan eşidib arvadının səsini? Nə isə yadına sala bilmir. Ancaq ayrı-ayrı sözlər... – hə, yox. – Gedək – hə, qalaq – yox. Yataq – hə, duraq – yox... ya da əksinə... hə, yox, vəssalam...
Zaur çəkmələrini, şalvar-köynəyini geyinib nömrədən çıxdı... Düyməni basdı, lift gəldi. Lifti idarə edən oğlan – otelin xidmət paltarını geymiş balaca zənci Zauru görüb gülümsündü, fransızca nə isə dedi. Zaur da başını yelləyə-yelləyə gülümsündü, amma oğlanın nə istədiyini başa düşmədi: bəlkə pul istəyirdi ondan, yaxud xoş gecələr arzulayırdı, ya saatı soruşurdu, ya liftin yavaş getməsindən şikayətlənirdi? Kim bilir?
Gecənin bu vaxtında okeanın sahili bomboş idi... Əslində okeana da, dənizə də baxanda onların ucu-bucağı görünmür, amma birbaşa təəssürata beynin məlumatı əlavə olunanda, okeanın hüdudsuzluğu adama daha müdhiş, daha əfsanəvi görünürdü.
Sahilə yaxın yerlərdə, ləpədöyəndə otelin çimərlik çıraqlarının şölələriylə işıqlanmış okeanın uzaqları get-gedə qatı və qorxunc bir qaranlığa qarışırdı, haradasa zülmətin qovuşduğu üfüqlərdə itib gedirdi, amma o intəhasız ucqarlarda, getdikcə uzaqlaşan üfüqün o tayında okeanın başqa sahili də var idi – Amerika sahili...
Zaur:
“İnşallah, bir vaxt Amerikaya da səyahət eləmək lazımdır. Firəngiznən bir yerdə – deyə düşündü və birdən-birə bütün bunların puçluğunu, heçliyini dərk elədi. Nə qədər mənasız idi bütün bu şeylər. Amerikaya səyahət etmək istəyi, bura, Afrikaya gəlmələri, burada, bu yad okeanın yabançı sahilində dinclik, aram axtarması, hər şeyi unutmaq niyyəti... Axı heç bir təyyarə, heç bir gəmi, heç bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilmir, keçmişindən ayıra bilmir və “səadət axtarmaq ifadəsi” o demək deyil ki, səadəti axtarıb tapmaq üçün düzə-dünyaya düşməlisən... Xoşbəxtlik, ya bədbəxtlik insanın öz içindədir, onları yük kimi özünlə daşıyırsan belədən-belə, hara gedirsən get, lap dünyanın o başına; bu etibarlı yükdür – hara gedirsən get – nə itəcək, nə batacaq, nə azalacaq, nə artacaq...
Zaur əyildi, barmaqlarıyla soyumuş, narın sahil qumlarına, dalğaların yaladığı irili-xırdalı, hamar daşlara toxundu və qəsdən, bilərəkdən bu duyğunu yenidən oyatmağa çalışdı – bu duyğu xatirəsi barmaqlarının ucundan əllərinə keçdi, əllərindən qollarına, çiyinlərinə, köksünə, bədəninin bütün hüceyrələrinə. Bir gizilti kimi gəzdi bütün varlığında bu duyğunun xatirəsi... xoşbəxtlik xatirəsi... Sonralar yalanı üzə çıxsa da, yaşadığı an əsil bəxtiyarlıq kimi duyulan o uzaq anların xatirəsi. O xoşbəxt anların ki, Zaur onları da sahildə, narın qumlarla, balıqqulaqlarıyla, yosunlarla, dalğaların uğultusu, mehin nəvazişləriylə sərt, sal qayalarla, ulduzlu göylə birgə yaşamışdı... Qumuyla, mehiylə, səsləriylə, göyünün ulduzlarıyla bura oxşayan başqa bir sahildə... Okeanın yox, dənizin sahilində... Buralardan çox-çox uzaq bir dənizin...
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-birinci-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Fəthi-meyxanə üçün oxuyalım fatihələr*Ola kim, üzümüzə açıla bir bağlı qapu.*
On üçüncü fəsilAh idi həmnəfəsim ah ki, ol həm axır,*Çıxdı ikrah qılıb gülbeyi-ehzanımdan.*
On dördüncü fəsilMəhrəm qoyub önərmə sinəmdə qanlı dağı,*Söndürmə öz əlinlə yandırdığın çırağı.*
On beşinci fəsilQeyr ilə hər dəm nədir seyri-gülüstan etdiyin?*Bəzm urub, xəlvət qılıb, yüz lütfü ehsan etdiyin?*
Başqa şairlərin şeirləri
میخواست زحمت من درویش کم کند
Öldüm, nedeyim, derdimi bir yara deyən yoxÖldüm, nedeyim, derdimi bir yara deyən yox,Neylim ki, bu biçarəyə bir çare deyen yox.
VarYar-rəfiq xəbər alsa əhvalım,Deyə bilmən məni oda salan var.
YükümEşqidən kamil olan, xeyli iqbaldı yüküm.Dürlü qumaş cəm etmişəm, yaşıldı, aldı yüküm.