Doqquzuncu fəsil
Səhifə 3 / 3 · 67%
– Sən yekə kişisən, özün bilərsən həyatını necə qurmağı, istəsən, hətta, ala bilərsən o qadını, çünki mən eşitdim ki, o, ərindən də ayrılıb, amma bu halda sən bizim oğlumuz deyilsən artıq, yeganə balamız olsan da, anan da, mən də belə hesab edərik ki, heç yerli-dibli övladımız olmayıb, yaxud da olub və ölüb. Nə qədər çətin olsa da bu cür düşünmək, hər halda bu namussuzluqdan, biqeyrətlikdən min pay yaxşıdır. Amma bir məsələ də var axı... Tutalım elə sən də vaz keçdin bizdən, yəni biz səni oğulluqdan çıxartdığımız kimi, sən də bizi ata-analıqdan çıxartdın, saymadın bizi, elə hesab elədin ki, atan-anan yoxdur, ölüb. Çox əcəb. Tutalım ki, aldın o qadını – yaxşı bəs necə dolanacaqsınız, harda, nə pulla?.. Həm də axı anan mənə danışıb, o qadın geyinib-gecinməyi də sevir, o şəhəri – bu şəhəri gəzib-dolanmağı da sevir, vərdiş edib bu sayaq həyata, sən hansı qazancınla bu ehtiyaclarını ödəyəcəksən onun? Ödəyə bilməyəcəksən, eləmi, o da vərdiş etdiyi həyat tərzindən əl çəkmək istəməyəcək və onda deməli, atası üzgözünü turşutdu, – bu barədə danışanda belə ürəyim qalxır. Deməli, belə olan surətdə sənin arvadın onun-bunun hesabına geyinib-gecinəcək, dolanacaq, özgə kişilərin – başa düşürsən? Sənin qeyrətin bunu necə qəbul edər və sən adamların gözünün içinə necə baxa bilərsən, – bu Zivər xanımın nitqləri idi, amma indi cümlələr durğu işarələrsiz və kişi səsiylə tələffüz olunurdu. – Sən deyə bilərsən ki, xeyr mənim heç evlənmək-zad fikrim yoxdur, elə-belə müvəqqəti, keçəri bir əlaqədir bu. Çox əcəb, belə olan surətdə yenə nakişi hərəkətidir sənin hərəkətin. Axı, bəlkə onun da həyatı sənə görə qırılır, dağılır, onu da bir düşünməlisən axı. Əlaqəniz müvəqqətidirsə, hər bir müvəqqəti şey gec-tez qurtarır və bir gün bu əlaqə də qırılanda, onun halı necə olacaq, axı o da insandır, onu da nəzərə al, onu da düşün.
Atasının fikrindəki bu çalar Zaurçün də gözlənilməz idi və indi ona elə gəlirdi ki, atası, hətta, müəyyən bir mülayimliklə, nəvazişlə danışır və hətta, cümlələrinin arasında pauzalar da verir, durğu işarələri də qoyur.
– Sözümə qulaq as, oğul, o qadın haqqında çox söz gəzir, mən bilmirəm hansı düzdür, hansı yalan, mənim işim deyil bu. Amma mən bir şeyi bilirəm, o bizim tayımız deyil. O tamam başqa yuvanın quşudur. Sənin rastına belə qadın çıxmamalıydı... Ananla mən səni belə böyütməmişik... Biz – anan da, mən də – ancaq sənin gələcəyini düşünürük, səni xoşbəxt görmək istəyirik və bundan böyük məqsədimiz də yoxdur həyatda... Xoşbəxt olmağın isə bircə yolu var: insan gərək həyatda qarşısına müəyyən dəqiq məqsədlər qoysun və onlara nail olmağa can atsın... Bu məqsədlər nədir – iş, faydalı əmək, bir də təmiz, möhkəm ailə... Ailə gərək səni işdən, fəaliyyətdən yayındırmasın, əksinə işinin, əməyinin səmərəli olması üçün hər cür şərait yaratsın... Mən başa düşürəm – cavanlıqdı filan, amma məncə, sən cavanlığın kefini kifayətcən çəkmisən daha. Mən nə sənin yaşında, nə də bütün ömrüm boyu sən görənləri görməmişəm... Amma hər şeyin vaxtı, məqamı var... Sən indi gərək daha bütün bu keflərlə, əyləncələrlə birdəfəlik vidalaşasan, gələcəyin haqqında ciddi düşünəsən. Birinci növbədə namizədlik dissertasiyası haqqında... İndi bir il, il yarım nədir ki, amma bu gecikmədən başlanır hər şey, namizədliyi gecikdirirsən, doktorluq da filan qədər yubanır, gələcək elmi karyeran da filan qədər geri atılır... Elə ailə də belədir... Hər şey gərək öz vaxtında olsun. Bir aya mənzilin də hazırdır. Ananla mənim arzum budur ki, bu mənzilə sən yeni ailənlə birlikdə köçəsən, təmiz, namuslu, ismətli bir qızla həyat qurasan.
Bəlkə də atasının bütün bu sözlərini bir vaxt unuda bilərdi, xatirələrin acısı da yaddan çıxıb gedərdi, yaraların yeri də yavaş-yavaş qaysaqlanıb sağalardı, amma atası bir cümlə də əlavə etdi və həmin bu cümlə hər şeyi həll elədi – gərək deməyəydi, deməyəydi gərək atası bu cümləni:
– Mənə “Volqa” boyun olublar, – dedi atası, – maşını sənə toy hədiyyəsi kimi alacam. Güman edirəm ki, toyunu da çox gözləməli olmayacayıq.
Gərək deməyəydi, deməyəydi gərək atası bu sözləri. Axı bilirdi ki, Zaur necə də “Volqa” tamarzısıdır, hətta, gecələr Zaurun yuxusuna da girirdi bu maşın. Gərək atası deməyəydi bu cümləni. Təhminədən əl çəkməyin bahasına verilən rüşvəti təklif etməyəydi gərək Zaura.
Zaur:
– Yenə bir sözün var, ata? – dedi.
– Nə sözüm?
– Deyirəm, daha ayrı bir sözün yoxdur ki, mənə.
Məcid şübhəylə:
– Yox, – dedi.
– Çox əcəb. – Atasının sevimli ifadəsini təkrar etdi. – Mən diqqətlə qulaq asdım sən deyənlərə. Mən sizin oğlunuzam və hər ikinizi – anamı da, səni də – çox istəyirəm. Amma nə etməli, görünür, qismət beləymiş. Kim nə deyir desin, mənimçün heç bir dəxli yoxdur. “Volqa” təklif etdiyinçün mənə çox sağ ol. Amma mən sənin “Moskviç”ini də qaytarıram, bu da açarları... Əynimdəki bir bu kostyumdan başqa heç bir şey götürmürəm... Salamat qalın...
Məcidin rəngi ağappaq ağardı, dili-dodağı təpə-təpə:
– Rədd ol, – dedi, – itil gözlərimdən, rədd ol o fahişənin yanına!
Zaur anasıyla görüşmədən qapıdan çıxdı...
Kitabxana.az · https://kitabxana.az/works/anar-besmertebeli-evin-altinci-mertebesi-doqquzuncu-fesil
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Ey xoş ol günlər ki, mən həmraz idim canan ilə,*Neməti-vəslin görüb, nazın çəkirdim can ilə.*
Üçüncü fəsilYaxşı görünür surəti məhvəşlərin, əmma*Yaxşı nəzər etdikcə, sərəncamı yamandır!*
Dördüncü fəsilHəm vüsali vurur od canıma, həm hicranı*Bir əcəb şəm ilə düşdü səri-karim bu gecə.*
Beşinci fəsilDegildim mən sənə mail, sən etdin əqlimi zail.*Mənə tən eyləyən qafil səni görcək utanmazmı?*
Başqa şairlərin şeirləri
Dilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,
Öyün, millət!O gün millət ki əltafı olub şövkətli sultanın,Hilalın haləsi qılsın əhatə türk övtanın.
Çox təzələr köhnəlirSözümüz, nəğməmiz köhnəlir, ey dad!Qələmdən kağıza düşən andaca,