Əli xana
İranın sabiq konsulu Əli xana Tiflisdən Tehrana yola düşdüyü zaman yazılmış məktubun surəti
Mənim əzəmətli ağam, səadətiniz daimi olsun!
Dünən Rəsul mənə yazmışdır ki, təzə konsul gəlmiş və cənabınız yola düşmək fikrindəsiniz. Vəba naxoşluğunun qorxusundan şəhərə gəlməyə və cənabınızla görüşməyə cəsarət etmirəm. Buna görə də həmin məktubumla bu xüsusda sizdən üzr istəməyimi özümə vacib bir iş hesab edirəm. Üç ya dörd ildir ki, sizinlə bir yerdə olub, söhbətlərinizdən ləzzət aparırdım, duz-çörəyinizi yeyərək, əvvəllərdə heç kəsdən görmədiyim hörməti sizdən gördüm. Doğrudur, mən sizdən qabaq sizin vəzifənizdə çalışan şəxslər haqqında da dostluq qaydalarına riayət edib, bir dəqiqə də olsun köməyimi onlardan əsirgəməzdim.
Mən sizin böyük qonaqlıqlarınızda və bayramlarınızda həmişə iştirak edirdim. Halbuki sizdən qabaqkı konsulların bəziləri ilə çox yaxın dost olmağıma baxmayaraq, onlar belə bir mehribanlığı həmişə məndən əsirgəyirdilər. Bu qədər cavanmərdlik, paktiynətlik, xoşsifətlik və dostluq müqabilində qəlbən sizə təşəkkür edib, sizinlə ayrılıram. Nə qədər ki sağam, sizin adınızı həmişə yaxşılıqla yad edəcəyəm. Mənə halal edin! Sağ və səlamət gedin və məqsədinizə çatın! Allah sizi ömür və səadətdən sarı muradınıza çatdırsın!
Sonsuz dərəcədə üzr istəyirəm ki, mənim təbiətimdən irəli gələn bəzi səbəblərə görə məlumunuz olan əsəri sizə göstərib, özümü sizə tanıtdıra bilmədim. Ancaq xahiş edirəm ki, fikrinizə başqa şey gəlməsin! Mən sizdən deyil, başqalarından qorxurdum. Sağlıq olsa, əgər siz London şəhərinə və xarici ölkələrdən bir başqasına qulluğa təyin edilsəniz, şübhəsiz ki, o əsərin üzünü köçürtdürüb, rus poçtu vasitəsilə mütləq xidmətinizə göndərəcəyəm.
Əlifba haqqında Tehrandan cavab gəlməməsinə dair cənabınıza başağrısı vermək istəmirəm. Çünki mən bu arzudan tamamilə əl çəkmişəm. Lakin Mirzə Melkum xanın əlifbanı dəyişdirmək haqqında yazdığı kitabçanı Tehranda maarif nazirinə, xarici işlər nazirinə və başqa dövlət başçılarına oxumağınızı xahiş edirəm.
Osmanlı dövlətinin sədr-əzəminin bu xüsusda yazdığı cavabı Melkum xanın mənim adıma yazdığı məktubdan şəxsən oxuyub xəbərdar olarsınız. Bu cavabı da İranın dövlət başçılarına söyləyin ki, onlar bu məsələ haqqında səhv etdiklərini anlasınlar. Sizin tanıdığınız mənim düşmənimə gəlincə, bilirsiniz ki, o, şəxsiqərəzlik və fitri xəbisliyi üzündən haqsız olaraq məni din və dövlətin düşməni adlandırır. Mən din və dövlətin düşməni deyiləm. Mən xalqı sevən, canımı bu yolda qurban verməyə hazır olan bir insanam.
Bəlkə də mənim bu əndazədə vətənpərvərliyimdən dinə qarşı düşmənçilik mənası çıxarmaq olar. Lakin bu məna mənim düşmənlərimin düşündüyü qədər dərin deyildir. Siz bilirsiniz ki, mən müsəlmançılıqda nə qədər möhkəm və inamlıyam. Mən heç bir dini dünyada islam dinindən üstün bilmirəm.
“Kaf-ha-ya-əyn-sad” surəsini Hacı Əbülfəzlin hüzurunda sizin üçün mən şərh etdim. Siz ki, məni yaxşı dinlədiniz. Mən öz uşaqlarımı və xələflərimi də bu əqidədə tərbiyə edirəm. Onlar da mənim əqidəmdə olacaqdırlar. Məqsədim islam dinini rədd etmək deyildir. Belə bir bəd əməldən Allaha pənah aparıram.
Mənim məqsədim islam xalqlarını sarsıdan cəhaləti aradan qaldırmaq, elmləri, sənətləri inkişaf etdirmək, xalqlarımızın azadlığı, rifahı və sərvətinin artması üçün, vətənin abadlaşdırılması üçün və islamiyyətdən əvvəl babalarımızın malik olduğu şən və şöhrətin bərpa edilməsi üçün ədalətə rəvac verməkdir.
Bu yolda atacağımız birinci addım köhnə islam əlifbasını dəyişdirməkdir. Təəssüf ki, Mirzə Melkum xanın yazdığı və sizin özünüzün oxuduğunuz kimi müasirlərim mənim sözlərimi anlaya bilmirlər.
Öz xəttimlə yazmış olduğum bu məktubumu cırıb tələf etməyin! Sandıqçanızda saxlayın, mən öldükdən sonra məktub sizin əlinizdə əntiqə bir yadigar olacaqdır. Ömrümdən bir şey qalmamışdır. Müasirlərimin qanacaqsızlığından təngə gəlmişəm və taqətdən düşmüşəm.
Allah sizi hifz etsin!
Rəştdə Mirzə Əbdülvahab xan cənablarına məndən çoxlu salam yetirin! Onunla görüşməkdən aldığım zövq və ləzzəti hələ də unutmamışam və heç bir zaman unutmayacağam.
Sizin həqiqi dostunuz və sizə ixlası
olan kolonel Mirzə Fətəli Axundzadə
tərəfindən yazıldı.
1872-ci il, 22 sentyabr.
Qocur yaylağında
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-eli-xana-3
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
1875-ci il noyabrın 8-də Təbriz naibül-vəzarəsi cənab sərtip Mirzə Yusif xana yazdığım məktubun surəti**Əzəmətli ağam! Səadətiniz daimi olsun!
ManukciyəManukci Sahibə**Mənim əziz və mehriban dostum Manukci-Limci Sahib! Allah ömrünüzü uzun etsin!
ManukciyəManukci Sahibə**Əziz və mehriban dostum Manukci Sahib! Allah iqbalınızı daimi etsin!
Tehran seyidləri və əşrafından birinə[Tehran seyidləri və əşrafından biri ilə müsahibə]**1876-cı ilin may ayında Tehranın seyidləri və əşrafından və şahın xüsusi katibi olan... adlı bir şəxs ki, çox qanacaqlı və mükəmməl savadlı bir adam kimi görünürdü, Məkkə səfərindən qayıdıb, Tiflisdəki İran konsulu Mirzə Əsədulla xanın evində mənzil etmişdi. Məndən xahiş etdi ki, yeni əlifbanın bir nüsxəsini ona verim. Odur ki, əlifbanın surətini yazıb, bu bəyanatı da səhifənin aşağısına əlavə etdim.