Əzizim Əsgərxan bəy!

Mən burada təbrizlilər arasında elə bir adam axtarırdım ki, Təbrizə qayıtdıqdan sonra yeni əlifbanı sizə öyrətmək üçün ona öyrədim. Bu axtarış nəticəsində axund Molla Əliməhəmməd rövzəxandan başqa adam tapa bilmədim. Əlifbanı ona öyrətdim ki, Təbrizə yetişən kimi bu xüsusda sizinlə danışıb bəzi şeyləri sizə göstərsin. Eyni zamanda mən sizin fitri bacarığınıza bələd olduğumdan əminəm ki, onun köməyi olmadan belə, [sizə göndərdiyim] kitabçanın üzündən bu yeni əlifbanı öyrənə biləcəksiniz. Məhz buna görə də adı yuxarıda çəkilən axundun çox bədbəxt olmasına baxmayaraq, yeni əlifba kitabçasını onun əlilə köçürtdürüb həmin məktubla sizə göndərirəm. Xahiş edirəm ki, bu nüsxəni aldıqdan sonra onu üzköçürən xoşnəvislərdən birinin vasitəsilə çox gözəl yazdırıb özünüzdə saxlayasınız. Bundan sonra sizə göndərdiyim nüsxəni axund Molla Əliməhəmmədə verərsiniz.

Sizə yazdığım təlimat əsasında yeni əlifbanı öyrətməyə və onu Təbriz camaatı içərisində yaymağa çalışın! İşin gedişi haqqında yeni əlifba ilə hesabat yazaraq, kəlağayıçı Hacı Rəsula təqdim edin! O, sizin məktublarınızı qardaşı Ağa Həsən tacirin məktubları ilə bərabər göndərər və bu məktublar mənə çatar.

Mən bu məsələ haqqında sizin çalışmanıza ümid bəsləyirəm. Əmin ola bilərsiniz ki, öz işinizlə məni son dərəcə razı salıb, xoşhal edəcəksiniz.

Bununla bərabər, yeni əlifbanın iki qitədən ibarət olan surətini və habelə Tehran əmirlərindən birinə göndərdiyim məktubun surətini sizə göndərirəm.

Sizin öhdənizə böyük bir iş qoyuram. Əgər islam padşahları öz xalqlarının xeyrini nəzərdə tutaraq, yeni əlifbanın həyata keçirilməsi uğrunda tədbir görərlərsə, bu böyük işin Azərbaycanda ilk banisi siz olacaqsınız və misilsiz şöhrət qazanacaqsınız. Bu yoldan böyük mənfəətlər əlinizə çatacaqdır. Çünki, köhnə əlifba ilə olan kitabları yavaş-yavaş yeni əlifbaya köçürdüb çap etdirmək üçün mətbəələrə verəcəksiniz. Eyni zamanda siz bilməlisiniz ki, hazırda hərdənbir üzlərini ərəb əlifbası ilə köçürdüyünüz kitablara nisbətən yeni əlifba ilə üzünü köçürdüyünüz kitablara daha az zəhmət sərf edəcəksiniz.

Əgər bu böyük iş baş tutarsa, inşallah, yeni əlifbanı öyrətmək və bəzi başqa məsələlər üçün siz mənim hesabıma darül-xilafeyi-Tehrana gedəcəksiniz. Əlbəttə, bu cür səfər çox yaxşı nəticələr verməyə bilməz. Bu elə bir işdir ki, onun üçün zirək və bacarıqlı adam lazımdır. Bu cəhətdən sizdən yaxşı adam tapılmaz. Siz bu işi heç də asan iş saymayın. Əgər bir qədər diqqət etsəniz, işin nə qədər faydalı bir iş olduğu sizə məlum olar.

Bəzi adamların bu barədə rəddedici fikirlərinə qulaq asmayın və əlinizi işdən soyutmayın! Hər işin əvvəli insana çətin gəlir. Əgər bütün xalq kütlələri bu əlifbanın köməyi ilə yaxın gələcəkdə savadlılar sırasına daxil olacaqlarını bilərlərsə, bizim fikrimizi rədd edənlərə onlar özləri cavab verərlər.

Bu işdə möhkəm iradəli, əzmli və cəsarətli olmağınızı xahiş edirəm.

Kitabçanı, təlimatı və habelə Tehrana göndərdiyim məktubun surətini münasib gördüyünüz yerlərdə mərifət sahiblərinə oxuyun və hər bir kəsi bu mətləbdən agah edin.

Mənim əvəzimdən Göhər Sultanın üzündən öpün.

1274-cü il hicri, məhərrəm ayının
sonunda (22 sentyabr 1857-ci il),
Tiflisdə kapitan Mirzə Fətəli tərə-
findən yazıldı.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri