Aleksey Fyodoroviç Kruzenşternə
Qafqaz canişini dəftərxanasının direktoru, həqiqi mülki müşavir və Kavaler, həzrət-əşrəf Aleksey Fyodoroviç Kruzenştern cənablarına
Kapitan Mirzə Fətəli Axundzadənin yazılı məruzəsi 23 sentyabr 1857-ci il, Tiflis
Müsəlman əlifbasının yarıtmazlığı bir çox şərqşünaslara məlumdur. Demək olar ki, o, təxminən heroqliflərlə oxunur. Ona görə ki, birinci, sözlərdəki bütün səsləri tamamilə ifadə etmək üçün lazım olan bir neçə hərf bütünlüklə bu əlifbada yoxdur. İkincisi, sait hərflərin çox hissəsi, onların köməyi ilə ifadə olunan samit hərflərin yanında yazılmır və onları oxucunun özü ehtimal ilə təyin etməli olur. Bu hərfləri təyin etməyə qadir olmaq üçün, təkmilləşincəyə qədər oxucu illərlə vaxt itirir və öz qiymətli vaxtını boş işlər üçün sərf etməli olur. Üçüncüsü, bir çox hərflərin şəkilləri eynidir. Onlar bir-birindən ancaq nöqtələr vasitəsilə fərqlənir, lakin çox zaman katiblər bu nöqtələri yazmır və onları təyin edib, hərfləri istədiyi kimi oxumağı oxucunun öhdəsinə buraxırlar.
Yazının belə bir vəziyyətdə olmasının xoşagəlməz nəticəsidir ki, müsəlmanlar yaşayan yerlərdə on min nəfər içərisində ancaq bir nəfər savadlıya təsadüf etmək olur. Bu isə onların oxumaq meylinin yoxluğu nəticəsi deyil, bəlkə də oxumağın imkan xaricində olmasının nəticəsidir. Oxumaq vasitələrinin çətinliyi nəticəsində təhsilə başlayanların bir çoxu oxumağı buraxır və bilir ki, bu çətinlik ancaq uzun illər boyu təhsili davam etdirmək və bu yazıya adət etmək üçün çoxlu vəsait sərf etmək nəticəsində aradan qaldırıla bilər.
Müsəlman xalqları içərisində elə bir uşaq tapılmaz ki, müsəlman əlifbasına nifrət bəsləməmiş olsun. Çünki bu əlifbanı öyrənmək, ona birinci günlərdə riyaziyyatı öyrənmək qədər çətin gəlir. Xaricilərə gəlincə, cəsarətlə sizi inandıra bilərəm ki, onlardan biri də indiyə qədər müsəlman yazısını öyrənmək işində yüksək səviyyəyə çatmamışdır. Onlar bu əlifbanı ancaq səthi və qismən öyrənirlər. Bunların hamısına müqəssir ancaq əlifbadır.
Müsəlmanların yazısındakı belə bir qeyri-təbii vəziyyət, tez ya gec aradan qaldırılmalı idi. Müsəlmanların ədəbiyyatını ağır vəziyyətdə saxlayan əlifbanın həmişəlik bir maneə kimi yaşamasına imkan vermək olmazdı. Hətta 500 il bundan sonra olsa belə, bu əlifbada mütləq bir dəyişiklik əmələ gətirmək lazımdır. Ancaq mən belə bir dəyişikliyi tezliklə icra etmək qərarına gəldim; bütün nöqtələri atdım, indiyə qədər yazılmayan sait hərfləri əlifbaya daxil etdim, onların hər birisi üçün gözəl şəkillər ixtira etdim. Əlifbanı çatışmayan hərflərlə tamamladım, hərflərin hər birisi üçün nöqtələrin köməyi olmadan xüsusi bir şəkil tapdım, danışıq və ifadəni aydınlaşdırmaq üçün bir neçə lazımi durğu işarəsi yaradaraq, düzgün yazmaq və yazını asan üsul ilə öyrətmək üçün qaydalar göstərdim və bu yol ilə də ərəb, fars və türk dilləri üçün yeni bir əlifba tərtib etdim ki, öz xüsusiyyəti etibarilə köhnə əlifbaya əsla biganə deyil və tamamilə məqsədəuyğundur.
Yeni əlifba o qədər mükəmməldir ki, indiyə qədər öyrənilməsi illər tələb edən müsəlman yazısını bu əlifbanın köməyi ilə bir ayda öyrənmək olar. Deməli, mən cəsarətli bir addım atmışam. Lakin bilmirəm, müsəlman ölkələrində mənim əlifbamı istifadə üçün qəbul edəcəklərmi? Onlar istəyərlərmi ki, nəticədə indiyə qədər mövcud olan milyonlarla kitabın lüzumsuzluğuna səbəb olan müsəlman əlifbasında belə bir çevrilişə yol versinlər? Hər halda işin müvəffəqiyyəti və nəticəsi haqqında fikirləşməyərək, mən təcrübə üçün öz əlifbamı həzrət-əşrəfinizə təqdim edib, acizanə xahiş edirəm ki, həzrət-əşrəf Qafqaz canişininin hüzuruna çatdırıb, xahiş edəsiniz ki, o, bu əlifbanı buradakı İran baş konsuluna təqdim edib, onu belə bir dəvətlə öz hökumətinə göndərib soruşsun ki, onlar bu əlifbanı həyata tətbiq etmək istəyərlərmi?
Əgər İran hökumətinin belə bir çevrilişə gücü və cəsarəti çatmazsa, əlifbanı geri qaytara bilər. O zaman mən onu həmin yolla Türkiyə hökumətinə göndərərəm ki, fikrimcə, bu hökumət hazırda, belə bir dəyişikliyə meyl edə bilər.
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-aleksey-fyodorovic-kruzensterne
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Qafqaz canişini dəftərxanasının direktoru həqiqi müşavir və Kavaler Mixail Pavlovic Şerbini həzrətlərinə**Poruçik Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 28 fevral 1852-ci il, Tiflis*
Canişin dəftərxanasının müdiri M.P.ŞerbininəCanişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa*Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur.
Qafqaz Canişini dəftərxanasının direktoru A.F.KruzenşternəKapitan Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 25 sentyabr 1857-ci il*Knyaz M.S.Voronsovun canişinliyi vaxtında mən beş komediya yazdım. Bu əsərlər o əlihəzrətin diqqətini mənə cəlb etdirdi, maaşımın 500 manat artırılmasını buyurdu və dəftərxanaya göstəriş verdi ki, xəzinə hesabına 1500 nüsxə çap edilsin və canişinliyin tabeliyində olan hərbi və mülki idarə rəislərinə göndərilsin, arzu edənlərə hər nüsxəsi manat yarıma satılsın və yığılan məbləğ mənə verilsin.
İslam yazısı haqqında Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələriİslam yazısı haqqında, etimada layiq fəzilət sahiblərinin yazmış olduqları bir çox kitablar əsasında mayor Mirzə Fətəli Axundzadənin apardığı araşdırmanın nəticələri**1274 (1858)-cü il*