1871-ci il iyunun 8-də Mirzə Yusif xana yazılmış məktubun surəti

Əzəmətli ağam, Allah səadətinizi daimi etsin!

Bu günlərdə cənab Ruhül-qüdsdən kədərləndirici bir məktub aldım. Ruhül-qüds yazır ki, islam yazısı və köhnə əlifbasını dəyişdirib, yeni əlifba qəbul etməyə dair təşkil edilmiş sonuncu iclasda İstanbul nazirləri ayağa qalxaraq bir ağızdan bağırmışlar ki: – “Eyvay, Melkum bizim dilimizi məhv etmək, bizim dinimizi korlamaq, bizim dövlətimizi yıxmaq istəyir. O, bizə elə bir əlifba göstərir ki, fransız əlifbasına oxşayır. O bilirmi ki, bizim əlifbamız dinimizin bir cüzüdür? Biz dinimizi əldən vermək istəmirik! Vaveyla, vamüsibəta! Bu nə təklifdir ki, bizə edir?.. Vəssalam”.

Əzəmətli ağam!

Ruhül-qüds yazır ki, bir neçə illik zəhmətim və çoxlu xərcim tamamilə hədərə getdi. Yeni əlifbanı, o qədər mükəmməl və nöqsansız düzəltmişdim ki, görsəydiniz mütləq yüz min dəfə afərin söylərdiniz. Hətta xüsusi mətbəə alətləri və ləvazimatını da hazırlamışdım. Mən bu axmaqlara heç də təklif etmirdim ki, köhnə əlifbadan tamamilə əl çəkin və mənim əlifbamı qəbul edin. Mən onlardan təkcə bunu xahiş edirdim ki, hazırda ermənilər, yunanlar, fransızlar Osmanlı türkcəsində onlarca qəzet hazırlayıb, öz əlifbaları ilə çap etdikləri kimi, mən də özümün ixtira etdiyim yeni əlifba ilə Osmanlı dilində bir qəzet çap edib yaymaq icazəsinə malik olum.

Xülasə, nazir həzrətləri mənimlə belə rəftar etdilər və əlifbanı dəyişmək məsələsində məni tamamilə naümid etdilər. Xudavəndi-aləm bizimlə onların arasında həkəm olsun!

Biz bu axmaqların tərəqqi və səadətini istəyirik. Onlar isə bizim kafir olmağımıza hökm verir və bizə lənət yağdırırlar. Amma bir vaxt gələcək ki, qəbrimizin üzərinə ziyarətə gələcəklər.

Əzəmətli ağam!

Sizdən xahiş edirəm ki, əgər münasib bilsəniz, bu mətləbi maarif naziri Etizadüssəltənə cənablarına söyləyin, ləzzət aparsın və bilsin ki, milləti korluqda, cəhalətdə, vəhşilikdə saxlamaq işində o, tək deyildir. Özlərini dünyanın ağıllıları və filosofları adlandıran İstanbul nazirləri də bu işdə və əqidədə onunla şərikdirlər.

Əzəmətli ağam!

İstanbul nazirlərinin bu cür rəftarı məni təzədən zəhmətə saldı. Qələm əlimdən düşmür. İstanbula göndərmək üçün elə şeylər yazıram ki, sərt qayaya toxunsa, əzib-tökər. Əlifba fikrindən ayrılmaq mənim üçün təsəvvürə gələn şey deyildir və nə qədər ki sağam, İstanbul nazirlərinə qarşı qələmlə vuruşacağam.

Görürsünüzmü, sünnilərin dini əlifbanın həyata keçirilməsi yolunda maneə törədir?! Elə isə bundan sonra heç kəs deməsin ki, din elm və mədəniyyətə maneə törətmir! Lakin bununla belə mən sizi əmin edirəm ki, əlifba məsələsi nəhayət baş tutacaqdır. Əgər bu gün olmasa, sabah, sabah olmasa da, birisi gün baş tutacaqdır!

Böyük Pyotr gördü ki, rusların qədim əlifbası xalqın tərəqqisinə və elmlərin yayılmasına mane olur, onu ləğv edərək, latın hərfləri əsasında yeni bir əlifba icad etdi. Amma avam camaat, keşişlər və ölkənin əyanı ona qarşı müxalifətə qalxdılar və dedilər: “Dinimiz əldən gedəcək, dövlətimiz zavala uğrayacaqdır”. Lakin Böyük Pyotr axmaqların sözünə heç də etina etməyib, öz işi üzərində yenilməz iradə ilə mərd-mərdanə dayandı. Nəticədə nəinki din xalqın əlindən getmədi və dövlət zavala uğramadı; əksinə, ölkə həmin yeni əlifbanın sayəsində gündən-günə tərəqqiyə üz qoydu.

Mirzə Fətəli Axundzadə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri