Osmanlı dövlətinin sədr-əzəminə
Dövləti-əliyyeyi-Osmaninin sədr-əzəmi şərafətli sərkar ali paşanın xidmətinə
Qafqaz canişini Qranduk Mixail həz- rətlərinin xidmətində Şərq dillərinin mütərcimi olan kolonel Mirzə Fətəli
Axundzadədən
Ərizə
Hazırda İstanbulda olan əziz qardaşım Melkum xan keçən il islam əlifbasını dəyişdirməyə dair tərtib edib çap etdirdiyi hərflərin şəkillərini, aramızda olan dostluğa əsasən, rəyimi bilmək üçün mənə göndərmişdi. Mən isə Melkum xanın düzəltdiyi şəkillərin yaxşı cəhətlərini və onlardakı bəzi nöqsanları da görüb, hər iki cəhət barədə fikrimi müfəssəl bir məktubda yazıb, layihəni İran dövləti nazirlərinin müzakirəsinə göndərdim. Mən onlardan xahiş etmişdim ki, bu məsələnin əhəmiyyətini nəzərə alaraq, elə bir tədbir görsünlər ki, köhnə islam əlifbasını dəyişdirmək yolu ilə, Şərq dillərini öyrənmək işində müsəlman balaları çətinlik və əzabdan xilas olsunlar. İndi mənə məlum oldu ki, İran dövlətinin nazirləri mənim o müfəssəl məktubumun müqabilində bu cavabı vermişlər ki, eynilə buraya köçürürəm:
“Ən əlverişli və ən layiqli iş bu olardı ki, Mirzə Fətəli Axundzadə, islam əlifbasını dəyişdirmək barədə öz fikirlərini Osmanlı dövləti başçılarına ərz etmiş olsun. Çünki bu fikrin müzakirəsi əvvəldən o dövlətdə aparılmışdır.
Biz İran millətinin əlifbamızı dəyişdirməyə əsla ehtiyacımız yoxdur. Çünki bizim üç cür xəttimiz vardır: nəstəlik, şikəstə və nəsx ki, gözəllik və yaraşıq cəhətdən bütün yer üzündə olan xətlərin hamısından üstündür. Biz, heç bir vəchlə bu xətlərimizi tərk etməyəcəyik. Mirzə Fətəli Axundzadə və ya Melkum xanın yeni xəttini tətbiq etmirik və etməyəcəyik də!”.
Belə olduqdan sonra mən Mirzə Fətəli, həmin o müfəssəl məktubun üzünü çıxararaq şərafətmədar və vəkalətpənah sərkarınızın xidmətinə göndərirəm. Əlifbanın dəyişdirilməsi haqqında vəkalətpənah, şərafətli sərkarınızdan ancaq bunu xahiş edirəm ki, tapşırasınız: bu məsələni Osmanlı Cəmiyyəti-elmiyyəsində müzakirə edib, layihəni nəşr etdirsinlər, qoy əlifbanı dəyişdirmək işi bütün xalq arasında yayılsın ki, dövlət başçıları vaxtı münasib gördükdə, bütün dünya xalqlarının hazırda yiyələnmək istədiyi mədəniyyət şərtlərinin tələbi üzrə köhnə əlifbanı dəyişdirməyin vacib bir iş olduğunu başa düşsünlər.
Kolonel Mirzə Fətəli Axundzadə
1870-ci il, yanvar ayı, Tiflis şəhəri
Kitabxana.az · https://kitabxana.az/works/axundzade-osmanli-dovletinin-sedr-ezemine
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Xarici işlər Nazirliyinə yazılmış məktubun surəti**Əlahəzrət şahənşahın, Allah onun səl- tənətini əbədi etsin, cəlal sahibi xarici işlər naziri həzrətlərinin xidmətinə*
Hacı Əli xana məktubHacı Əli xana yazılmış məktubun surəti**Yüksək nəsəbli Etimadüddövlə cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!
Paşa xana yazılmış məktubAli nəsəbli Əminül-mülk cənablarının xidmətinə, onun yüksək iqbalı daimi olsun!Dövləti-əliyyeyi-İranın Tiflis baş konsulu Əli xan aligövhər bir cavandır və mənə böyük məhəbbəti və mehribanlığı vardır. O, həmişə alinəsəbli cənabınızın yaxşı xasiyyətlərindən və gözəl hərəkətlərindən, islampənah, şövkətli padşahın, Allah onun səltənətini əbədi etsin, hüzurunda cənabınızın xüsusi məqam sahibi olmasından danışır.
Paşa xana məktubPaşa xana yazılmış ikinci məktubun surəti**Mənim əziz ağam, səadətiniz daimi olsun!
Başqa şairlərin şeirləri
Oyna, bu elin dərdinə, oyna, gülüm oyna,Sən oyna, mənim millətə qalxmır əlim oyna.
Deyişmə: Bulaq üstə duran gözəl— Lətif:Bulaq üstə duran gözəl,
Əfsus ki, yarım gecə gəldi, gecə getdiƏfsus ki, yarım gecə gəldi, gecə getdi,Heç bilmirəm ömrüm necə gəldi, necə getdi.
OlsunBütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun