Ruhi rəvanım, Ruhül-qüds!

Sizin aprel ayının 25-də yazdığınız məktub göydən nazil olan bir fərman kimi mənə çatdı və qəlbimin sevinc və fərəhini artırdı. Səmimi dostumuz cənab Mirzə Yusif xan Tiflisə çatdığı birinci gecədə sizin “Mükalimə” kitabınızı mənə, Tiflisdəki İran konsulu Əli xana və Qafqaz Şeyxülislamına oxudu. Kitabçanın cildlənmədiyindən istifadə edərək, həmin gecə onu üç hissəyə bölüb, katiblərə verdik. İki günün ərzində onun üzünü köçürdülər. Hazırda hər birimizin əlində kitabçanızdan birər nüsxə vardır.

Kitabçanın mənə nə qədər xoş gəldiyini və fikrimə nə qədər qüvvət verdiyini təsvir etmək üçün söz tapmıram. Bu ümidsizlik günlərimdə məni bu dərəcədə şad etdiyinə görə, Allah sizə böyük əcr versin! Mənim bütün düşmənlərimə və bədxahlarıma sübut etmişsiniz ki, islam əlifbasını dəyişdirmək haqqında mənim fikirlərim puç və mənasız deyildir.

Konsul Əli xan kitabçanı dönə-dönə oxuyaraq, sizi təqdir edir və afərinlər söyləyir. Kitabça gecə və gündüz Şeyxülislamın mizinin üstündədir. Hər bir şüur və zövq sahibini gördükdə, Şeyxülislam özünə xas olan fitri fəsahət və bəlağətlə kitabçanı oxuyur və məzmununu onlara izah edir. Onun vəcdinin sonu yoxdur. Bu məktubumda onun salamını sizə yetirməyi və onun sizin kimi qiymətli bir vücuda bəslədiyi məhəbbəti bildirməyimi məndən xahiş etmişdir. Xoş halınıza, nə qədər xoşbəxt adamsınız! Adınız hər yerdə dillər əzbəri olmuş, sizi görmək arzusunda olanların sayı minlərlədir. Dünyada həqiqi xoşbəxt adam varsa, o da sizsiniz. Xoşbəxt adam min lirə yığıb, öz bəxtinə güvənən mənim düşmənim deyildir. Onun nə övladı var, nə də xeyirxahları! Arvadı başqalarının qucağındadır, özü də paxıllıq və həsədin gücündən həmişə tir-tir əsir:

“Ey paxıl, öl, bəlkə qurtarasan.
Çünki bu dərdin əzabından ancaq ölümlə qurtarmaq olar”.

Mənim nəzərimdə, bütün dünyanın ən bədbəxt adamı bu kişidir. Allah mənə o qədər ömür verəydi ki, despotun onun lirələrini necə əlindən aldığını və onu həsrət və peşmanlığa düçar etdiyini görəydim.

Sizin kitabçanızı oxuduqdan sonra mənə elə gəlir ki, yazımızı soldan-sağa yazmaq şərtilə, əlifbamızı dəyişdirmək əzmindəsiniz. Mənə elə gəlir ki, məhz buna görə də kitabçanızda əlifbada olan üç eybi Şeyxə izah etməyi lazım görməmişsiniz. Əgər mənim zənnim düzdürsə, əgər sizin belə məqsədiniz varsa, nə olur olsun çalışın və iradəli olun! Mən buna zidd deyiləm. Əziz qardaşım Münif əfəndiyə göndərdiyim kitabçanın məzmunundan aydın bir surətdə görəcəksiniz ki, mən də yazının soldan-sağa yazılmasının məsləhət olduğunu söyləmişəm.

Əgər yazımız soldan-sağa yazılarsa, sizin tərtib etdiyiniz fasiləli yazılan hərflərin heç bir eybi qalmayacaq, nöqtələr də atılacaq və bütün erab (saitlər) hərflərin sırasına daxil olacaq, beləliklə də, hərflər arasında bir sıra oxşarlıqlar asanlıqla aradan qaldırılacaqdır. Nəticədə, oxumağın, yazmağın və çap işlərinin asanlığından ibarət olan hər üç məqsədimiz əldə ediləcəkdir.

Lakin əlifbamız dəyişilərkən yazımız əvvəlki kimi sağdan-sola yazılarsa, o zaman, sizə göndərdiyim kitabçada qeyd etdiyim kimi, sizin tərtib etdiyiniz fasiləli yazılan hərflərin bəzi naqis cəhətləri yenə də qalacaqdır.

Sözün düzü, sizin kitabınızı oxuduqdan sonra mən köhnə üsula, yəni sağdan-sola yazmaq üsuluna tamamilə nifrət edirəm. Əgər siz yazını soldan-sağa yazmaq təklifini irəli sürməyə cəsarət etməsəniz, bu işə mən özüm cəsarət edəcəyəm. Bu barədə öz fikrimi yenə də Osmanlı Elmi cəmiyyətinə yazaraq, bu üsulun üstünlüyünü qeyd edəcəyəm. Nə olur olsun, nə istəyirlərsə desinlər, sonu budur ki, məni təkfir edəcəklər. Qoy etsinlər! Qorxum yoxdur! Əgər yazımız soldan-sağa yazılarsa, o zaman bizim əlifbamız bütün xalqların əlifbasından üstün olacaqdır. Çünki xalqların hər hansı əlifbasını alsaq, az-çox naqis olduğunu görərik. Lakin bizim əlifbamızda heç bir nöqsan olmayacaqdır. Çünki biz onu düşünə-düşünə, anlaya-anlaya, bilə-bilə tərtib edirik.

Əziz qardaşım Münif əfəndidən hələ də cavab almamışam. Mənim məktubumun cavabını ondan istəyin!

Aləmin Allahı vəkalətpənah baş nazirə uzun ömür versin ki, bu ümidsizlik günlərində onun himayəsi və iltifatı mənim qəlbimə təsəlli verir. Dünyanı yaradan Allaha min dəfə şükür olsun ki, hazırkı əsrdə bizim xalqın içərisindən də belə bir elmli, bilikli, bacarıqlı, sağlam düşüncəli, qətiyyətli və iradəli vücud yüksək sədrlik məqamına çatmışdır. İksir kimi misli olmayan bu şəxsin varlığı ilə həmişə fəxr etməliyik.

Mənim şəklimi istəmişdiniz. İndilik mümkün olmadı. Çünki mən hazırda ailəmlə birlikdə Qocur yaylağında yaşayıram. Bütün şəkillərim Tiflis şəhərində ağzı qıfıllı sandıqda qalmışdır. Allah qoysa, avqust ayının sonunda şəhərə qayıdarkən göndərərəm.

Cənab Ruhül-qüds!

Əlifbanı dəyişdirmək haqqında “Konstantinopol” qəzetində fransızca məqalə dərc etdirmək mümkündürmü? Əgər mümkünsə, siz allah, zəhmətinizi əsirgəməyib bir şey yazaraq, orada dərc etdirin və məqalənizdə mənim adımı, öz adınızı, bizim müttəfiqlərimiz və tərəfdarlarımızın adlarını, habelə vəkalətpənah sədr-əzəm cənablarının fikrimizi təsdiq və himayə etdiyini qeyd edin! Məsələnin nə yerdə olduğunu, bu işdə müvəffəq olub-olmadığımızı açıqdan-açığa yazın! Məqalə çap edildikdən sonra qəzetdən bir neçə nüsxəsini burada, Tiflisdə böyüklərimə göstərmək üçün mənə göndərin. Çünki bu işin irəli getməsi məqsədilə Osmanlı ölkəsinə yazılar göndərmək istərkən, qulluğumun tələbinə görə böyüklərimdən icazə istərkən, onlar işin nə yerdə olduğunu və zəhmətlərimin nə nəticə verdiyini məndən soruşurlar. Belə olarkən, lazım gəlir ki, işin bir nəticə verəcəyini və zəhmətimin hədər getməyəcəyini onlara söyləyim. Bu cür hallarda sözümün təsdiqi üçün, əlbəttə, əlimdə bir sənəd olmalıdır. Əgər istədiyim məqalə fransız dilində çap olunarsa, çox yaxşı olar. Ancaq bir xahişim var ki, bu məqalədə politika-molitika sözünü bir yana qoyasınız!

Bir də yazmışsınız ki, mənim əsərlərimi, hətta “Kəmalüddövlə”ni çap etdirəcəksiniz. Bu barədə sizdən son dərəcədə məmnunam. Doğrudanmı “Kəmalüddövlə”ni də çap etdirəcəksiniz? Elə isə qoyun, onun mükəmməl nüsxəsini sizə göndərim ki, həmin mükəmməl nüsxənin əsasında çap etdirəsiniz. Sizdə olan nüsxə naqisdir. “Kəmalüddövlə”nin mükəmməl nüsxəsi mənim özümdədir. Əgər çap etdirmək lazım gələrsə, mütləq məndəki nüsxənin üzündən olmalıdır.

Lakin “Kəmalüddövlə”nin mükəmməl nüsxəsini nə vasitə ilə və hansı inanılmış adamla sizə göndərə bilərəm? Xahiş edirəm ki, belə bir adamı özünüz mənə nişan verəsiniz. Ancaq “Kəmalüddövlə”ni çap edərkən, olmaya-olmaya mənim adımı qeyd edəsiniz!

Əgər Süruş haqqında yazdığım tənqidin surəti yoxunuzdursa, yazın onun da surətini sizə göndərim.

Əziz qardaşım Münif əfəndidən cavab aldıqdan sonra, qeyd etdiyim qəzet çatdıqdan sonra, sizin xahişinizə əsasən, əlifba haqqında yenə bir şey düşünüb İstanbula yazacağam ki, cənab Münif əfəndinin vasitəsilə vəkalətpənah sədr-əzəm cənablarının nəzərinə çatdırılıb, Osmanlı Cəmiyyəti-elmiyyəsində çap edilsin. Əvvəllər Parisdə səlahiyyətli nazir olan sizin Həsənəli xan qəribə səfeh adammış! Tiflis konsulu Əli xanın adamı Tehranda nazirliyə gedərkən əlifbanı dəyişdirmək haqqında mənim yazılarıma cavab verilməsini ondan xahiş etmişdir. Həsənəli xan isə acıqlanıb o adama demişdir ki: “A kişi, dəli olubsan nədir, əlifbanı dəyişdirmək nə deməkdir?! Sənin ağan Əli xanın başqa işi yoxdurmu ki, divanələrin sözünə qulaq asır və əlifbanı dəyişdirmək haqqında onların yazılarını alıb Tehrana göndərərək, hələ bir bunlara cavab da istəyir? Məgər o bilmir ki, dəlilərin cavabında ancaq susmaq lazımdır?!”

Cənab Ruhül-qüds!

İndi siz deyin görək, bizim hansımız dəliyik? Dəli Həsənəli xandır, ya mən? Doğrudur, bir cəhətdən mən də dəliyəm ki, Tehranın nazirliyinə layihə göndərmişəm...

Qəribə burasıdır ki, Xanıkov da əlifbanı dəyişdirməyin əleyhinədir. Təəssüf ki, mən onu indiyə qədər ağıllı adam hesab etmişəm. Lakin Kazım bəy əlifbanı dəyişdirmək fikrini təsdiq edir. Bu adamı həqiqi alim, sağlam fikir sahibi və hörmətəlayiq bir insan hesab etmək lazımdır.

Qocur yaylağına yola düşərkən, görüşmək üçün Qafqaz Şeyxülislamının hüzuruna getmişdim. Mənə buyurdu: “Ruhül-qüdsə yazarsan ki, doğrudur, mən də Şeyxülislamam, lakin Ruhül-qüdsün əqidələrini inkar edən İstanbul Şeyxülislamı kimi deyiləm. Mən, bunu onun vəzirlə mübahisəsindən anlamışam. Mən isə Ruhül-qüdsün əqidələrini hər cəhətdən, istisnasız təsdiq edib, onların doğruluğunu etiraf edirəm”.

Sizin sevindirici cavabınızı gözləyirəm.

Mənim arzu etdiyim və fransız dilində yazacağınıza ümid bağladığım məqalədə köhnəpərəst və mühafizəkar adamların bizə qarşı müxalifətindən və onların gətirdikləri əsassız dəlillərdən də bəhs edin!

Qocur yaylağında, qardaşınız kolonel
Mirzə Fətəli Axundzadə tərəfindən
yazıldı.
1870-ci il, iyun ayı

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

“Həqayiq” qəzeti redaktoruna

1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna**Mənim əziz qardaşım, səadətiniz daimi olsun!

7 dəq
Nikolaiyə

[Müsyö Nikolaiyə]**Mənim əzəmətli və əziz qardaşım! Səadətiniz daimi olsun!

3 dəq
Qeyd

18 iyun 1873 tarixində Qocurdan Tiflisdəki Osmanlı konsulunun müavini Ömər Səbri bəyə bir məktub göndərib xahiş etmişəm ki, mənim bir məktubumu İstanbulda “Həqayiq” qəzetinin mühərririnə göndərsin. Məktubla bərabər, iki yeni əlifba layihəsi də göndərmişəm ki, onlardan biri latın hərflərindən, digəri isə köhnə islam əlifbası hərflərindən tərtib olunmuşdur. Bundan əlavə, mənim bir məktubumu da Voliç əfəndinin adına, digər bir məktubumu isə Tiflisdəki Fransa konsulu vasitəsilə Paris şəhərində müsyö Nikolainin adına göndərib, həm də öz dostu Səid bəydən və “Həqayiq” qəzetinin mühərririndən xahiş etməsini istəmişəm ki, bu iki layihə barəsində ona cavab yazsınlar. Həmin tarixdə “Kəmalüddövlə” əsərini fransız dilinə tərcümə etmək haqqında Paris şəhərinə müsyö Nikolainın adına məktub göndərmişəm.Yenə də həmin tarixdə Voliç əfəndiyə əlifba haqqında məktub yazıb, xahiş etmişəm ki, mənim məktubumu çap edib, yeni əlifba layihəsini elan etmək barədə “Həqayiq” qəzetinin mühərriri qarşısında İstanbulda vasitəçilik etsin və cavabını mənə göndərsin.

1 dəq
Mirzə Yusif xana

Sabiq Tiflis konsulu Mirzə Yusif xana Təbrizdə naibül-vəzarə vəzifəsinə təyin olunması münasibətilə yazılmış məktubun surəti**Əzəmətli ağam, səadətiniz daimi olsun!

2 dəq

Başqa şairlərin şeirləri