1290-cı [1873] ildə Tiflisdən “Həqayiq” qəzeti redaktoruna

Mənim əziz qardaşım, səadətiniz daimi olsun!

1280-ci ildə mən İstanbula gəlib, islam xalqlarının hazırkı əlifbasını dəyişdirmək haqqında öz fikrimi mərhum Sədr-əzəm Fuad paşa cənablarına söylədim. Onun əmrinə görə bu məsələni Osmanlı Cəmiyyətielmiyyəsində müzakirə etdilər. Lakin bəzi maneələr və çətinliklərə görə mənim fikrimə icazə verə bilmədilər.

4 ya 5 il bundan qabaq mən bu məsələni təzələyib, mərhum sədrəzəm Ali paşaya Tiflisdən başqa bir layihə göndərdim. Mənim fikrim bu dəfə də nəticəsiz qaldı. O tarixdən bu günə qədər bu məsələ tamamilə unudulmuşdur.

İslam xalqlarının hazırkı əlifbasını dəyişdirməkdən məqsədim, elmləri və sənətləri öyrənmək vasitəsini asanlaşdırmaq idi ki, bütün islam xalqları istər şəhərli, istər kəndli, istər oturaq, istər köçəri olsun, qadınlıkişili, prus xalqı kimi savad öyrənməyə, elmlərə və sənətlərə yiyələnməyə imkan taparaq, tərəqqi yoluna qədəm qoyub, mədəniyyət aləmində yavaş-yavaş özünü avropalılara çatdırsın. Təəssüf ki, həmin fikrim baş tutmadı və islam xalqlarının başçıları tərəfindən öyrənilmədi.

İslam xalqlarının başçıları işin əslindən xəbərsiz olub, ikinci dərəcəli işlərlə məşğuldurlar. Onlar ikinci dərəcəli məsələləri birinci dərəcəli məsələlərdən üstün tuturlar. Buna görə də bütün islam xalqları elmləri və sənətləri öyrənmək işində dünya durduqca Avropa əhalisindən geridə qalacaqlar.

İndi heyfsilənmək artıq nəticə verməz. Mən bütün xalqın tərəqqisi və hamının maariflənməsindən gözümü çəkməyə məcbur olmuşam. İndi mən seçilmiş adamlara müraciət edirəm. Ona görə də sizdən soruşuram: Bu seçilmiş adamların özlərinin elm və mərifət sahibi olması lazımdır, ya yox? Yəni siz, islam xalqlarının heç olmazsa, seçilmiş adamlarının Avropa əhalisinin malik olduğu elm və sənətlərdən faydalanmasını lazım bilirsiniz, ya yox? Şübhə yoxdur ki, siz bu suala “xeyr” deyil, “bəli” cavabını verəcəksiniz. Sizdən “bəli” cavabı eşitdikdə, başqa bir sual ortaya çıxır: Siz bu seçilmiş adamların Avropa xalqlarının elm və sənətlərini hansı vasitə ilə öyrənməsini əlverişli hesab edirsiniz? Yəni onlar bu elmi Avropa dillərində öyrənməlidirlər, yaxud ərəb, türk və fars dillərindən ibarət olan öz dillərimizdə?

Əgər seçilmiş adamlar Avropa elmlərini və sənətlərini Avropa dillərində öyrənməyə iqdam edərlərsə, işin çətinliyi bir yana qalsın, nəticəsi də faydasız olacaqdır. Ona görə ki, bizim seçilmiş adamlarımız fransız və ya ingilis dilində öz fikirlərini və biliklərini öz həmvətənlərinə başa salıb, anlada bilməyəcəklər. Buna görə də islam xalqları öz seçilmiş adamlarının malik olduğu elm və sənətlərdən faydalanmaq üçün həmişə fransızlara və ingilislərə möhtac olacaqdırlar. Onlar bu millətlərin nümayəndələrini öz vətənlərinə dəvət etməyə və başladıqları hər bir işə ancaq onların köməyi ilə əncam verməyə məcbur olacaqlar. Bundan başqa, belə bir vəziyyətin bir neçə daha ciddi və böyük çətinliyi və zərəri də vardır ki, onları söyləmək sizin fikrinizə və hümmətinizə həvalə olunur. Çünki siz qəzet redaktorusunuz.

Belə isə, bu üsulun faydası azdır. Başqa və daha yaxşı üsul ondan ibarətdir ki, islam xalqları avropalıların akademiya adlandırdığı bir elm evi təsis edib, həmin elm evində ən görkəmli, alim və fazil adamlardan lazımi qədər üzvlər təyin etsinlər. Avropa elmləri və sənətlərinə dair bütün kitabları ərəb, türk və fars dillərinə tərcümə etməyi bu şəxslərin öhdəsinə qoysunlar. Belə olarsa, islam xalqlarının seçilmiş adamları bütün elmləri və sənətləri öz dillərində və görkəmli müəllimlərdən öyrənə bilərlər.

Lakin bu üsulun da özünəməxsus başqa bir çatışmayan cəhəti vardır. Məsələn, Avropada məruf olmayan şəxs adları bir çox elmi istilahlar, yer və ölkə adları vardır ki, onları islam xalqlarının əsas dilləri olan üç dildən birinə tərcümə etmək çətindir, buna görə də onlar olduğu kimi saxlanılmalıdır. Xüsusilə təbabət, fizika, kimya və başqa bu kimi elmlərdə olan bir çox istilahlar vardır ki, islam dillərində onların qarşılığını tapmaq mümkün deyildir. Bundan başqa o kəlmələri və istilahları olduğu kimi yazmaq, hazırkı islam əlifbası üçün imkan xaricindədir. Yəni söylədiyim istilahları hazırkı əlifbamızda, hətta fəthə, kəsrə və zəmmə işarələrini işlətsək belə, səhvsiz, nöqsansız, düzgün oxumaq mümkün deyildir.

Bütün bunları nəzərə alaraq, siz bu cür əcnəbi istilahların yazılıb oxunmasını asanlaşdırmaq üçün hazırkı islam əlifbamıza ayrıca və çox asan bir əlifba əlavə etməyi məsləhət görərsinizmi? Əlbəttə, bu şərtlə ki, hazırkı islam əlifbamız əsla dəyişilməyəcək və bütün islam kitabları olduğu kimi qalacaq, hətta çap edilən yeni kitablar da hazırkı əlifba ilə nəşr ediləcəkdir. Ancaq bu yeni kitablar yazılarkən, əcnəbi dillərdən alınan istilahlar və kəlmələr əslində olduğu kimi, yeni əlifba ilə köçürüləcəkdir ki, onların oxunması və tələffüzü düzgün, asan və anlaşılan olsun. Məsələn, Yer kürəsinin hərəkətdə olduğunu birinci olaraq Kopernik kəşf etmişdir. Monte-Kristo adası filan dənizdədir, Şpits-Bergen adası Atlantik okeanındadır. Avstraliya beşinci qitə adlanır, İngiltərə dövləti iki parlamentdən ibarətdir. Avropalıların vapor adlandırdığı buxar gəmilərini hazırlamaq zəruri işdir. Mən filan qəzetə abunə yazılmışdım. Bu kimi cümlələrdə Kopernik, Monte-Kristo, Şpits-Bergen, Avstraliya, parlament, vapor, qəzet, abunə sözlərini yeni əlifba ilə yazacağıq.

Bundan başqa, əcnəbi dillərdən bizim dillərə daxil olan kəlmələrin xüsusi lüğətini tərtib edib çap etməliyik. Öz lüğət kitabımızda da məsdərləri və isimləri hazırkı əlifba ilə yazdıqdan sonra həmin isimləri və məsdərləri yeni əlifba ilə də yazmalıyıq ki, onların oxunmasında hansı saitin işlənməsi düzgün təyin edilsin və beləliklə də, bu saitləri xüsusi qeyd etməyə ehtiyacımız olmasın.

Yeni əlifba elə tərtib edilməlidir ki, onu öyrənmək və yazmaq üçün iki-üç həftədən artıq vaxt itirməyək. Elə etmək lazımdır ki, bu əlifba qəbul və təsdiq edildikdən sonra onun heç bir hərfi başqa bir şəklə salınmasın. Hal-hazırda mövcud olan nəsx, təliq, şikəstə, reyhani və ayrı-ayrı xətt qaydaları tamamilə köhnə yazımızda qalsın ki, onları öyrənmək üçün yazıq şagirdlərin əziz ömrünün bir neçə ili boş yerə tələf olmasın.

Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifba hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan-sağa yazmaq lazım gələcəkdir. İkincisi isə, hazırkı əlifbamız əsasında qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan-sola yazmaq olar.

Hər iki əlifbanın surətini ayrıca kağızlara köçürüb, sizin xidmətinizə göndərirəm. Xalqın fəzilət sahibi olan nümayəndələri bu hərflərdən hansını bəyənməzlərsə, onun əvəzində yeni və daha xoşagələn hərflər qəbul etməyə haqlıdırlar.

Əgər bu iki cür əlifbadan heç birisi onların xoşuna gəlməzsə, sizə ixtiyar verilir ki, mənim nəzərdə tutduğum şərtlərə riayət etməklə, daha yaxşı və daha asan olan üçüncü növ əlifba düzəldəsiniz. Şərtlər bunlardan ibarətdir!

Birincisi – bütün nöqtələr hərflərin üstündən və altından atılmalıdır. Çünki onlar oxunuşda səhvlərə, yazıda vaxtın itməsinə, nəşriyyat işində isə çətinliyə səbəb olurlar. Bir dəfə mən dostlarımdan birinə məktub yazmışdım. Məktubun sonunda ayın və günün tarixini qeyd etmək istədim. Təsadüfən, o gün pəncşənbə günü idi. Lakin kağızda yer qalmamışdı, mən pəncşənbə sözünü birtəhər yerləşdirdim. Lakin nöqtələr üçün yer qalmadı, nöqtələri yerləşdirmək işində aciz qaldım, ürəyim elə sıxıldı ki, qələmi tulladım, məktubu “pəncşənbə” sözünə nöqtələri qoymadan göndərdim və kufi xəttini hazırkı zalım xətlə əvəz edən İbn-Muqləyə min lənət oxudum. Çünki nöqtələri icad edən və bizi bu bəlaya salan o olmuşdur. Bütün nöqsanlarına baxmayaraq, kufi xəttin heç olmazsa, nöqtələri yox idi.

İkincisi – sait hərflər, yəni erab, sözlərin tərkibində mütləq samit hərflərin sırasına daxil edilməlidir.

Üçüncüsü – hər bir hərfin ancaq bir şəkli olmalıdır və başqa cür şəkillərə salınmamalıdır. Bir halda ki, bizim hazırkı sillabi əlifbamızın hərflərindən hər birinin dörd şəkli vardır və bundan başqa yeri gəldikcə bir şəkildən başqa şəklə salınır, beləliklə də yazıq balalarımızı olmazın çətinliklərə düçar edir.

Buna görə də mən həmin məktubumun əvvəldən axıra qədər tərcümə edilib, qəzetinizdə çap etdirilməsini cənabınızdan xahiş etməklə bərabər, ümid edirəm ki, bu məsələnin zəruri olmasına dair sizin öz fikrinizə gələn mülahizə və təsəvvüratınızı da yazasınız.

Əgər islam xalqlarının başçıları mənim məsləhətimi qəbul edərlərsə, muradıma çatmış olaram. Əks təqdirə, əgər qəbul etməzlərsə, mənim üçün bu təsəlli də kifayət edər ki, bəşəriyyət qarşısında öz vəzifəmi yerinə yetirmişəm. Belə bir təklifin irəli sürülməsində mənə heç bir şəxsi-qərəzlik təsir etməmişdir. Bu işdən heç bir mənfəət də görməmişəm. Əgər bu işdə mənfəət varsa, qoy o mənfəəti yeni əlifbanın qəbulu uğrunda hümmət sərf edən adamlar aparsınlar! Qoy bu mənfəəti o adamlar aparsınlar ki, mətbəələrdə yeni şriftlər tökməklə məşğul olub, yeni əlifbanı düzəldəcək və onu həyata keçirəcəklər.

Soruşacaqsınız ki, bəs nə üçün 15 ildir ki, islam əlifbasını dəyişdirmək uğrunda çalışıb-çapalayaraq, hey İrana və Osmanlı ölkəsinə layihələr göndərirəm? Düzünü deyim: sakit dayanıb baxa bilmirəm. Yəni, bacarmıram ki, bütün dünya xalqlarının elmdə, sənayedə gündən-günə tərəqqisini gördüyüm halda, hətta mədəniyyət dairəsinə qədəm qoyub, öz heroqlif əlifbasını tərk etmək qərarına gələn yaponları gördüyüm halda, təkcə təlim və tərbiyə vasitəsi olan əlifbanın çətinliyi üzündən geridə qalan islam xalqlarının əhvalına yanmayım.

Vəssalam!

Cavab gözləyirəm.

Qardaşınız kolonel Mirzə Fətəli Axundzadə
1290-cı il, hicri, [1873] Tiflis şəhəri

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Diplomatik dəftərxananın müdiri Xvostova

Zaqafqaziya ölkəsi baş Komandanlığı diplomatik dəftərxanasının müdiri Xvostova**Praporşik Mirzə Fətəli Axundzadənin yazılı məlumat vərəqəsi 5 aprel 1843-cü il*

3 dəq
Baş İdarə dəftərxanasının direktoru Vasilkovskiyə

Zaqafqaziya ölkəsi baş idarəsi dəftərxanasının direktoru Vasilkovskiyə**Praporşik M.F.Axundzadənin məlumat vərəqəsi 31 iyul 1843-cü il*

2 dəq
Qafqaz Canişini dəftərxanasının direktoru M.P.Şerbininə

Qafqaz canişini dəftərxanasının direktoru həqiqi müşavir və Kavaler Mixail Pavlovic Şerbini həzrətlərinə**Poruçik Mirzə Fətəli Axundzadənin məlumat vərəqəsi 28 fevral 1852-ci il, Tiflis*

2 dəq
Canişin dəftərxanasının müdiri M.P.Şerbininə

Canişin dəftərxanası mütərcimi poruçik Mirzə Fətəli Axundzadənin raportu 10 oktyabr 1852-ci il. Şuşa*Ucaməqamlı knyaz Canişinin buyruğu ilə mən həmin ilin aprel ayının 1-dən qvardiya podpolkovniki Meyyerlə Şuşa qəzasında fevralın 18-də kazaklarla toqquşan kontrabandistlərin sorğu-sualına göndərildim. Mən bu günədək müstəntiqin işində heç bir səsim və dəxalətim olmadan mütərcim sifətilə qulluğun bütün vəzifələrini və Pyotr Martınoviç Meyyerin tapşırıqlarını yerinə yetirmişəm ki, bunu o özü şəxsən sizin hüzurunuzda iqrar edə bilər. Lakin zati-aliniz mənim xəstəhal olduğumu bilməmiş deyilsiniz. Mən hələ may ayında ağır qızdırmaya tutulmuşdum. Bu xəstəlik mənim qısa müddət üçün Tiflisdə olduğum vaxt təzələndi. İndi isə qızdırma məni hər gün əldən salır. Bundan əlavə Şuşanın nəmli havası mənim babasil tutmalarından zəifləmiş səhhətimi tamamilə pozur.

3 dəq

Başqa şairlərin şeirləri