Sevgilim, yağışlı bir yaz günüdür,Tutmuş hər tərəfi yenə çən, duman.Nə sahil, nə şəhər, nə göy görünür.Pəncərə ardında durub bayaqdanSəni düşünürəm... Axı adətənYağışlı günlərdə darıxır insan.Qəlbimdə, fikrimdə, xəyalımda sən,Bir də ilk görüşü anıram bu an.

Onda Təbrizdəydik, gözəl bahardı,Neysan aylarıydı, xatırla bir sən.Hər hasar üstündə bir əklil vardıBadam ağacının çiçəklərindən.

Səhər gün çıxardı, ılıq yaz günü,Günorta şiddətlə yağardı yağış.Əlvan rənglər ilə göyün üzünüBəzəyən qurşaqlar, yadında qalmış?Sevgilim, sənin də xatirindəmi,Yağışlı bir gündü görüşəndə biz.Mənim yadımdadır, bax bu gün kimiAyrılmaq bilmirdi nəzərlərimiz.

O gün tək otaqda qəlbim qaraldı,Yağış da qoymadı bir göz açım mən.Gözüm bütün günü küçədə qaldı,Elə bil bu saat sən gələcəksən.

Axdı şüşələrdən kiçik damcılar,Bu düşdü, başqası axdı təzədən.Sayırdım onları qəlbim intizar,Nə üçün? Özüm də bilmirdim, inan...

Saydım saatları, günü, həftəniÇox az qismət oldu səadət mənə.Yağışlı bir gündə tapdımsa səniZülmət bir gecədə itirdim yenə.

Artıq beş il keçir o ilk görüşdən,Yenə də mən səndən düşmüşəm uzaq.İndi cənubdayam... yenə yağış, çən,Gözəl bir otaqda tək mənəm oyaq.

Düşürsən yadıma... qəmlənir ürək,Görən sən hardasan, kim bilir, yəqin,Bu axşam sənin də bəlkə mənimtəkQapıda qalmışdır nəmli gözlərin.

Alnını söykəyib soyuq şüşəyə,Sənmisən hicranın oduna yanan?Küləkmi səs salıb bizim küçəyə,Yoxsa həzin-həzin sən oxuyursan?Görürəm bulud tək gözlərin dolub,

Bəlkə ağlayırsan? Bu hal nə haldır?Yoxsa bu ayrılıq sənə dərd olub,Yeqin iradəni əlindən aldı?

– Ağlama, sevgilim, bilirsən ki, sənHər ağlayan zaman sıxılır qəlbim, –Deyərkən şüşəyə toxunur birdənSənin saçlarına uzanan əlim.

Xəyallar çəkilir, yenə təkəm, bax,Çöldə şimşək çaxır, bərk yağış yağır.Yenə də şüşədən yuvarlanaraq,Sənin göz yaşların süzülüb axır.

Yalta, 1950

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar