Aşıq, qış qurtardı, il təzələndi,Təbrizin baharı yadıma düşdü.Qara gözlərindən ayrı düşdüyümO könül dildarı yadıma düşdü.

Nərgizin gözləri süzüləndə gəl,Bənövşənin boynu üzüləndə gəl,Ağ buxaq altında düzüləndə gəl!O əhdi, ilqarı yadıma düşdü.

Aşıq, bir məclis qur, yenə saz götür,Şair xəyalımdan gör nələr ötür:Uçdu sarı bülbül, tək qaldı Tahir,Onun Zöhrə yarı yadıma düşdü.

Sənin sözlərinin vurğunuyam mən,Bir cığalı təcnis de Ələsgərdən.Yaz gəldi, dağları məskən etdi çən,Abbasın əşarı yadıma düşdü.

Buludlar su olub torpağa endi.Badam ağacları gül açıb indi.Yenə bizim dağlar yaşıl geyindi,Savalanın qarı yadıma düşdü.

Yenə el adəti, elin bayramı,Axır çərşənbəsi, bahar axşamı,Bu gün nov üstünə gedəcək hamı,Qızların qatarı yadıma düşdü.

Yalta, 1950

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Təbiət və bahar