Azərbaycanın birliyi və istiqlal uğrundaçarpışan Səttar xan, Şeyx Məhəmməd Xiyabanivə Pişəvərinin əziz xatirəsinə

İpək yaylığıyla o, asta-astaSilib eynəyini gözünə taxdı.Əyilib yavaşca masanın üstəBir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,Dodağı altından gülümsəyərək.Bir qələm əsrlik hicran yaratdı,Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,Dəldi sinəsini Azərbaycanın.Başını qaldırdı,Ancaq dəmbədəmKəsdilər səsini Azərbaycanın.

O güldü kağıza qol çəkən zaman,Qıydı ürəklərin hicran səsinə.O güldü haqq üçün daim çarpışanBir xalqın tarixi faciəsinə.

Əyləşib kənarda topsaqqal ağa,Hərdən mütərcimə suallar verir.Çevrilir gah sola, baxır gah sağa,Başını yellədib təsbeh çevirir.

Qoyulan şərtlərə razıyıq deyə,Tərəflər qol çəkdi müahidəyə...Tərəflər kim idi?Hər ikisi yad!Yadlarmı edəcək bu xalqa imdad?!

Qoy qalxsın ayağa ruhu Tomrisin.

Babəkin qılıncı parlasın yenə.Onlar bu şərtlərə sözünü desin,Zənciri kim vurdu şir biləyinə?

Hanı bu ellərin mərd oğulları,Açın bərələri, açın yolları.Bəs hanı bu əsrin öz Koroğlusu– Qılınc Koroğlusu, söz Koroğlusu?

Babaların şəni, şərəfi, əlbət,Bizə əmanətdir, böyük əmanət...Yoxmu qanımızda xalqın qeyrəti?Belə saxlayarlar bəs əmanəti?

Qoy ildırım çaxsın, titrəsin cahan!Ürəklər qəzəbdən coşsun, partlasın.Daim haqq yolunda qılınc qaldıranİgid babaların goru çatlasın!

Qoy əysin başını vüqarlı dağlar,Matəmi başlandı böyük bir elin.Mərsiyə söyləsin axar bulaqlar,Ağılar çağırsın bu gün qız, gəlin!..

Tərəflər sakitdir, qəzəbli deyil,Məhv olan qoy olsun, onlara nə var.İmzalar atılır bir-bir, elə bil,Sevgi məktubuna qol çəkir onlar.

Atıb imzasını hər kəs varağaƏyləşir sakitcə keçib yerinə.Eynəkli cənabla, təsbehli ağa,Qalxıb əl də verir bir-birinə.

Onların birləşən bu əlləriləAyrılır ikiyə bir el, bir Vətən.Axıdıb gözündən yaş gilə-gilə,Bu dəhşətli hala nə deyir Vətən?

Bir deyən olmadı, durun ağalar!Axı bu ölkənin öz sahibi var.Siz nə yazırsınız, bayaqdan bəri,-Bəs hanı bu yurdun öz sahibləri?

Bəs hanı həqiqət, bəs hanı qanun?Böyükdür bu yurdun tarixi, yaşı.

Bəs hanı köksünə sərhəd qoyduğun,Bir vahid ölkənin iki qardaşı?

Görək bu hicrana, bu müsibətə,Onların sözü nə, qərəzi nədir?Bu xalq əzəl gündən düşüb zillətə,Öz doğma yurdunda yoxsa kölədir?

Necə ayırdınız dırnağı ətdən-Ürəyi bədəndən, canı cəsəddən?Axı kim bu haqqı vermişdir sizə,Sizi kim çağırmış, Vətənimizə?

Neçə vaxt səngərdə hey ulaşdılar,Gülüstan kəndində sövdalaşdılarBir ölkə ikiyəAyrılsın deyə!..

Göy də buludlamış deyirlər o gün,Çölləri, düzləri buludlar sarmış.O göy gurultusu Oğuz xaqanınRuhuymuş, hönkürüb fəryad qoparmış.

Gülüstan kəndinin gül-çiçəkləriBir günün içində soldu, saraldı."Gülüstan" bağlandı, o gündən bəri,Bu kəndin alnında bir ləkə qaldı.

Bağrı köz-köz oldu "Yanıq Kərəm"inTellər inildədi, yandı, nə yandı.Aşığın sazında daha bir həzin,Daha bir yanğılı pərdə yarandı.

Həmin gün ölkəni apardı sel, su,Tutuldu çöhrəsi Günün, Ayın da.Qoca Nəbacinin eşqi, arzusu,O gün batmadımı Arpa çayında?

Ağlayıb dağlardan əsən küləklər,Bu məşum xəbəri aləmə yaydı.Sanki dilə gəldi güllər, çiçəklər:"Bu işə qol qoyan qollar sınaydı".

Arazın suları qəzəbli, daşqın,Şirin nəğmələri ahdır, haraydır,Vətən, quşabənzər qanadlarının

Biri bu taydırsa, biri o taydır.

Quş iki qanadla uçar, yüksələr,Mən necə yüksəlim tək qanadımla?Ürəklər bu dərddən tüğyana gələr,Axar gözümüzdən yaş damla-damla.

Cənablar, bir anlıq düşündünüzmü?Verdiyiniz hökmün ağırlığını?Bu hökmün dəhşəti əllimi, yüzmü?Biz necə götürək bu gözdağını?..

Başı kəsiləndə bu məğrur elinKönül fəryadını hiss etdinizmiQoca Füzulinin, igid BabəkinEtiraz səsini eşitdinizmi?

Cənablar, bir damcı mürəkkəblə sizDüşünün, nələrə qol çəkmisiniz?Bir damcı mürəkkəb bir vətəndaşıQanına bulayıb ikiyə böldü.

Bir damcı mürəkkəb olub göz yaşıİllərlə gözlərdən axdı, töküldü.Min ləkə vurdular şərəfimizəVerdik, sahibimiz yenə "ver" - dedi.

Lap yaxşı eyləyib doğrudan, bizəBiri "baran" - dedi, biri "xər" - dedi.Bizi həm yedilər, həm dəmindilər,Amma arxamızca gileyləndilər.

Hökmü gör nə qədər böyükmüş anın.Möhür də basdılar varağa təkrar.Yox, varağın deyil, AzərbaycanınKöksünə dağ boyda dağ basdı onlar.

İmzalı, möhürlü ey cansız varaq,Nə qədər böyükmüş qüvvətin, gücün.Əsrlər boyunca vuruşduq, ancaqSarsıda bilmədik hökmünü bir gün.

Ey kağız parçası, əvvəl heç ikən,Yazılıb, qollanıb yoxdan var oldun.Böyük bir millətin başını kəsən,Qolunu bağlayan hökmdar oldun.

Bir eli ikiyə paraladın sənÖzün kağız ikən paralanmadın,Köksünə yazıları qəlb atəşindən,Niyə alışmadın, niyə yanmadın?

Araz sərhəd oldu, əsdi küləklər,Sular yatağında qalxdı, köpürdü.Üstü dama-dama taxta dirəklər,Çayın kənarıda səf çəkib durdu.

Sular, sizdən təmiz, nə var dünyada?Ləkədən xalidir axı qəlbiniz.Bağrınız alışıb niyə yanmadıBu çirkin əmələ qol qoyanda siz?

Ey Araz, səpirsən, göz yaşı sən dəKeçdikcə üstündən çölün, çəmənin.Səni arzulara sədd eyləyəndə,Niyə qurumadı suların sənin?

Dayanıb Arazın bu tayında mən"Can qardaş" deyirəm, o da "can" deyir.Ey zaman, sorğuma cavab ver, nədənSəsim, yetən yerə əlim yetməyir...

Qarışıb gözümdə, qarışıb aləm,Dərd dərdi doğrayır, qəm qəmdən keçir.Arazın üstündən keçə bilmirəm,Araz dərdim olub, sinəmdən keçir.

Taxta dirəkləri torpağa deyil,Qoydular Füzuli divanı üstə.Yarıya bölündü yüz, yüz əlli ilGəraylı, bayatı, muğam, şikəstə.

Dəmir çəpərləri eşqim, diləyimTarixim, ənənəm üstə qoydular.Yarıya bölündü canım, ürəyim,Yarıya bölündü Arazda sular.

Taxta dirəkləri qoydular, ax, ax!..Qəlbimin, ruhumun dilimin üstə,Biz güldük, ağladıq, yenə də, ancaqBir sazın, bir telin, bir simin üstə.

Ürəkdən ürəyə körpü? Bir dayan!

Dərdimiz dinirsə bir sazın üstə.Şəhriyar yaralı misralardan,Körpü salmadımı Arazın üstə?!

Bu taydan o taya axışdı sel təkGözə görünməyən könül telləri.Bu selin önünü nə çay, nə dirək,Kəsə bilməmişdir yüz ildən bəri.

Ağalar bilmədi birdir bu torpaqTəbriz də, Bakı da - Azərbaycandır,Bir elin ruhunu, dilini ancaqKağızlar üstündə bölmək asandır.

Böl, kağız üstündə, böl, gecə-gündüz,Torpağın üstünə dirəklər də düz,Gücünü, əzmətini tök də meydana,Qoşundan silahdan sədd çək hər yana.Torpağı ikiyə bölərsən, ancaqÇətindir bədəni candan ayırmaq!

Ayırmaq kimsəyə gəlməsin asan,Bir xalqın bir olan dərdi-sərini.O taydan bu taya Mustafa PayanOxuyur Vahidin qəzəllərini.

Dolandı zəmanə, döndü qərinə,Şairlər od tökdü yenə dilindən.Vurğunun o həsrət nəğmələrinəŞəhriyar səs verdi Təbriz elindən:

"Heydər baba, göylər qara dumandı.Günlərimiz bir-birindən yamandı.Bir-birizdən ayrılmayın, amandı,Yaxşılığı əlimizdən aldılar,Yaxşı bizi yaman günə saldılar.Bir uçaydım bu çırpman yelinən,Qovuşaydım dağdan aşan selinən,Ağlaşaydım uzaq düşən elinən,Bir görəydim ayrılığı kim saldı,Ölkəmizdə kim qırıldı, kim qaldı".

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən