Səhənd, sözlərindən odlar töküldü,Oxuduq şeirini göz yaşlarıyla.Ata malı kimi yarıya böldü,Qardaş eyni dərdi qardaşlarıyla.

Yazdın, eyni dərdi yaşayaq bahəm,Qardaş qardaşıyla həmfikir olar.Sənin düşüncəndi mənim düşüncəm,Dərdlər bir olanda fikir bir olar.

O acı fəryadlar, şirin nəfəslərMənim də könlümün ahı, naləsi!Qardaşım, Təbrizdən gələn bu səslərBakının səsidir, Bakının səsi!

Deyirsən, yarıya bölünənlərin,Dərdini dünyada bir bilməyən yox.Biz də bölünmüşük, ancaq bu dərdiUca kürsülərdən heç bir deyən yox.

Yıxılar kənardan itələnənlər.Təkanı yaradaq özümüz gərək.Yenə də "olarıq həmən xak" əgər,Biz öz içimizdən itələnməsək.

Xırda təpələri sellər oyanda,Əsər bu həmləyə dağlar da zağ-zağ.Biz də dərdimizə ağlamayanda,Bizim yerimizə kim ağlayacaq?

Günahkar tutmayaq burda heç kəsi,Dərilib ayrıldıq biz qonça-qonça.Ana da süd vermir, ciyərparəsiNalələr qoparıb ağlamayınca.

Deyirsən, salama cavab almadın,Bulud toqquşmasa, buluda neylər?Mənim öz adımdır sənin öz adın,Odu su keçirər, od oda neylər?

Mən dizimə döyüb zar-zar ağladım,Çöllər göz yaşımdan gölmə-gölmədi.Qranit dağları dələn fəryadım,Tək Araz çayını aşa bilmədi.

Yüz il, yüz əlli il ağladıq əbəs,Ancaq ərimədi sinə dağları.Qardaş, bilmədik ki, göz yaşı dəlməz,Arzunun önündə duran dağları...

Dünyada hər şeyin bütövü gözəl,Yarımçıq səadət düşmənin olsun.Mənə qəm versən də, yan bölmə, gəl,Sevinc verirsənsə... qoy yəqin olsun.

Hamlet doğru deyib: "Ya öl, ya da ol!"Ey!... Yarı canınla demə ki, varsan.Qəmin də tammı istəyən oğul,Bəs yarı Vətəndə necə yaşarsan?

Hanı?...Sormadılar - bəs yarı canım?Niyə ucaltmırsan üsyan səsini?Hələ görməmişik, AzərbaycanınBir yerdə, biz bütöv xəritəsini...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Vətən