Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz,Ac, lüt qala daim, çəkə min zillət, ayılmaz.

Məşrutə üçün tökdülər bu şəhrdə qanlar,Qanuni-əsasi dedi, can verdi cavanlar,Axırda yenə hökmran oldu bizə xanlar,Keçdi başına torba, daha ümmət ayılmaz,Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz.

Hər əsrdə tuş oldu bəlayə yazıq İran,Olmuşdu sipər cövrü cəfayə yazıq İran,Son gündə əsir oldu Rzayə yazıq İran,Çəkdi nə qədər rəncü sütəm, möhnət ayılmaz,Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz.

İranlı əsirdir, onu qul xəlq edib Allah,Haqqın tələb etsə olacaq ərzdə gümrahi,Lazım deyil iranlı hər işdən ola agah,Çox bərk yatıb olsa nə qədər söhbət, ayılmaz.Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz.

İsrafil əgər suru çıxıb ərşdə çalsa,Heç durmayacaqdır nə qədər bu dalı qalsa,Gər məxluqun əhvalını məndən xəbər alsa,Hər kəs deyirəm durma, çatıb firsət, ayılmaz,Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz.

İranlı gərək olmasın afaqdə azad,Qan ağlayıb etsin gərək o naləvü fəryad,Həmsayələri etsə əgər lütflə imdad,Düşməz başa, etməz əbəda hümmət, ayılmaz.Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz.

Beş yorğanın altında bu bədbəxt necə yatmış,Çıxmır nəfəsi fıs-fıs edir, qan-tərə batmış,Top-güllə səsi aləmi-imkanı oyatmış,Vah-vah, onu qoymaz dura bu qəflət, ayılmaz,Qəm çəkmə, əmöğlu, hələ bu millət ayılmaz.

Bir gün gələcək mən görürəm dik duracaqsan,Ətrafə baxıb başə cüt əlli vuracaqsan,Hər yerdə gedib boynuvu mütləq buracaqsan.Ver onda Riyasız sözümə qiymət, ayılmaz,Qəm çəkmə, əmoğlu, hələ bu millət ayılmaz.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri