İşimiz boş danışıq, həmdü sənadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?

Millət əfradı unutdu hamı həsbü nəsəbi;Elm təhsilinə sərf eylədi həm ruzu şəbi;Mən bilən ki, ona lənət oxuyur cəddü əbi,Baxmadı hərçi deyib dad elədi Molla Cəbi.Rükni-dinin biri də rəngi-hənadır, demədim?Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?

Ortaya saldı özündən hərə bir tazə dəbi,Nə bilim qız oxusun, bəlkə də olsun ədəbi.A kişi, arvad hara, bayram hara, kimdir səbəbi?Bir yerə cəmləşib saxlaya mövludi-nəbi?Oxumaq milləti-islama bəladır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?

Qız hara, məktəb hara, dərsü qələmdan hara?Elm hara? Bilgi hara? Fatma, Tükəzban hara?Ay canım, arvad hara? Zümreyi-insan hara?Qız ki, şeytan kimidir, biz hara, şeytan hara?Evimiz bir heçin üstündə binadır, demədim?Ay Baba, işlərimiz xeyli fənadır, demədim?Baxın indi oxumuş qızlara tüğyan eləyir;Biri cəmiyyət açır, pul yığır, ehsan eləyir;A kişi, arvad da özün bir yekə insan eləyir.Tuf belə adətə olsun ki, müsəlman eləyir.Arvada layiq olan cövrü cəfadır, demədim?Ay, Baba, işlərimiz xeyli fənadır, demədim?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Hikmət və nəsihət