Dilbər
Səhifə 1 / 2
Hər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.
– Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
Dilbər, yuxuda imiş kimi diksindi, başını qaldırdı, ancaq danışmadı, susdu qaldı. Müəllimə onu irəli çağırdı... Hər gün, sözləri qrammofon kimi bir-birinin ardına düzən Dilbər, bu gün qırıq makina kimi baş-ayaq vururdu. Onun fikri nə isə uzaq bir yerdə, tam başqa bir şeylə məşğul idi. Dərsdən sonra müəllimə Dilbəri müəllimlər otağına çağırdı.
– Dilbər, sənə nə olmuşdur? – deyə soruşdu.
Dilbər dalğın gözlərini yerə dikmiş, susurdu. Bu aralıq Dilbərin sinif yoldaşı Məryəm başını əyib:
– Müəllimə Dilbəri ərə verirlər, – dedi.
– Aha, ərə getmək istəyirsən? – deyə müəllimə gülümsəmək istərkən, Dilbərin kiçik bədəni titrədi, gözləri yaşardı və birdən:
– Yox, mən istəmirəm, atam verir, – deyə dizi üstə düşdü. Dərdli başını müəlliməsinin dizi üstə salıb, əsəbi bir hönkürtü ilə ağlamağa başladı.
Dilbər iki dərəcəli məktəbin üçüncü qrupunda idi. Atası Həsən kişi yoxsul bir kəndli idi. Dünya malından qaratikan bir qəlyanı, övlad adına da bir qızı vardı. Ancaq savadsızlığın nə qədər böyük bir bəla olduğunu öz təcrübəsindən bilmiş və oğlu olmadığı üçün qızını da olsa, oxutmağı qərara almışdı.
Qışın uzun gecələrində Dilbər kitabını alır, ocaq yanında Həsən kişinin qabağında otururdu. Onun üçün Avropadan, Amerikadan, Afrikadan, adamyeyən insanlardan, bu dünyanın yaranışından oxuyur, Həsən kişi böyük bir zövqlə dinləyir, bunların hamısını eşitdiyi hadisələrlə tutuşdurur və bəzən qızının qəti bir adam olduğuna inanır, sevinirdi. Bir azdan sonra Həsən kişi axundun otağına gedir, Dilbər isə atası gəlincə, dərslərini hazırlamağa başlayırdı.
Ara-sıra Dilbər atasının yoxsulluğunu xatırlayır, oxuyub doktor olacağını, ağ paltar geyib xəstələrə baxacağını, atasına kömək edəcəyini, qoca atasının başını ucaldacağını düşünür, düşünürdü... Daha bir çox şeylər düşünürdü... Yazıq ki, zavallı Dilbər onun üçün nələr hazırlandığını heç düşünmürdü.
Axşamüstü Həsən kişinin evi dolu idi. Axunddan başlamış, kraxmallı oxumuşlara kimi hər biçimli adam vardı. Lap küncdə oturan gümüş qəlyanlı, tirmə qurşaqlı bir kişi danışırdı:
– Ay Həsən kişi, daha köhnə kəndə təzə dəb qoymayacaqsan ki... Maşallah... Allah saxlasın, uşaq da yaşa-boya dolmuşdur... Qız xeylağını evdə çox saxlamaq da bir şey deyildir. Mirzə Kərim də, Allaha şükür, özgə deyil, özün yaxşı tanıyırsan... Allah xeyir versin...
Həsən kişi düşündüyünü deyə bilmirdi.
– Filani... o ki var, avam... mənim kimi heyvan, o heç... Bizim daha vaxtımız keçmişdir. Dünyaya heyvan gəlmişik, heyvan da gedəcəyik. Bundan sonra avam adam bir pula dəyməz. Mən əhd eləmişəm, günümə bir gün qalmış o uşağı oxudacağam. Pul bir şey deyildir. Adam gərək dünyada yaxşı ilə yamanı bilsin, – deyə Həsən kişi elmin faydasını anlatmaq istəyir, ancaq deyə bilmirdi.
Həsən kişi, doğrudan da, pulu o qədər əhəmiyyətli bilmirdi. Ancaq bu dəfə özü əl-ayağının sarılı olduğunu hiss edirdi. Bu vaxtadək gələn elçilərə: “qızım oxuyur, vermərəm”, – deyirdi. Ancaq bu dəfə bir az dili dolaşırdı...
Mirzə Kərim mədrəsədə oxumuş bir tələbə idi. Anası mərsiyəxan, atası da pirdə şeyx idi. Ancaq son zamanlar tələbəlik çox da işə keçmədiyi üçün, Kərim yekə ilmək papağı dəyişib, ikiüzlü bir papaq qoymuş, ləbbadəni yarıya kimi kəsib, pencək qayırmış, nəleyin yerinə məst geymiş, nəhayət, iyirmi ikinci ildə üçaylıq kurslara girmiş, Molla Kərim əvəzinə, Mirzə Kərim olub çıxmışdı. Kənd məktəbində dərs deyirdi. Fikrən də Mirzə Kərim ziyalılaşmışdı. Hər gün qəzetin ilk səhifəsindəki tarix və nömrəsindən başlayıb, son səhifəsindəki elanlara və sifarişlərə kimi oxuyurdu. Danışığında: “Islam millətinin cəhalətdə qalmasından, xaricilərin mədəniyyəti islamdan aldıqlarından və Quranda bütün elmlərə işarə olduğundan” uzun-uzadıya bəhs edirdi.
Mirzə Kərim pis adam deyildi. Kasıblara əl tutandı. Həsən kişinin özünə az yaxşılıq etməmişdi. Hələ bildir Həsən kişinin xırı yandıqdan sonra, Mirzə Kərim yeddi yüz manat verib, onun üçün bir at-araba almışdı. Həsən kişi yarılığa işlədir və xırda-xırda pulunu Mirzə Kərimə doldururdu. Ancaq, nədənsə, bir neçə ay bundan əvvəl at qançır olub ölmüş, altı yüz manatı indi də Həsən kişinin üstündə qalmışdı. Mirzə Kərim isə, insafən, pul üçün Həsən kişini tələsdirmirdi; hətta yeni at alacağını söyləmişdi. Hələ son zamanlar Həsən kişini tez-tez çay içməyə çağırırdı. Insafən, Mirzə Kərim yaxşı adamdı. Gözüaçıq adamdı.
Ancaq Dilbəri ərə vermək Həsən kişinin bütün arzularını qırırdı. O da öz qızını böyük adam görmək, onunla fəxr etmək, hələ bəzilərinə acıq vermək istəyirdi...
– Filani... Mirzə Kərim yaxşı adamdır. Ancaq mənim qızım oxuyur. Indiki vaxtda... avam insan ki var... heyvan kimi bir şeydir. Məsələn, mən. Mən əhd eləmişəm ki, qızım dərsini başa vurmayınca...
Burada kraxmallı bir kişi sözə qarışdı:
– Bəli, Həsən dayı. Yaxşı buyurursunuz, elmsiz insan heç bir şeyə dəyməz. Allaha şükür, Mirzə Kərim də hamımızın məlumudur, hələ elm adamıdır, yaxşı dərsi də var. O ki qaldı qızın oxumasına, mən özüylə danışmışam. Mirzə Kərim özü deyir ki, Həsən kişidən çox xoşum gəlir, çünki gözüaçıqdır; mən öz külfətimi oxudacağam. Ancaq bir adı üstündə olacaq, sonra yenə də oxusun. Mirzə Kərim onu səndən yaxşı oxutdura bilər. Orasını özü söz verir.
– Bəli, bəli, orasına arxayın ol, Həsən dayı, – deyə o biri də sözə qarışdı. Danışıq uzun sürdü. Həsən kişi çox düşündü. Hətta haradansa ölmüş atı və altı yüz manatı da yadına düşdü.
– Filani... sözüm yoxdur... Bir qızım var, elindir. Ancaq bir şərtim var: qızım gərək dərsini oxusun, insan ki, var...
– Bəli, bəli arxayın ol... – Axund salavat çevirdi: “Allah xeyir versin!”
Axşam Dilbər çörək yemir, mütəmadi ağlayırdı. Masqurada bir az pendir, bir az da doşab vardı. Həsən kişi çörəyi ocağın üstünə qoyub düşünürdü. Dilbərin ac olduğunu bilirdi.
– Ağlama, qızım! Mirzə Kərim elm sahibidir. Yaman adam deyil. Mən camaatın yanında onun üçün şərt qoymuşam. Sən gərək axıra kimi oxuyasan.
Dilbər, Mirzə Kərimin yarımləbbadəsini, ikiüzlü papağını nə isə çəkə bilmirdi. Atasının vəziyyətini bilirdi. Lakin bu dəqiqədə hər şeyi unudub, atasının qucağına sıxılaraq, göz yaşları arasından:
– Ata, mən ona getmək istəmirəm. Mən oxumaq istəyirəm, – deyə ağladı.
O gecə Həsən kişi də çörək yemədi. Ata-bala hər ikisi ayrılıqda düşünür və hər ikisi düşüncələrini Dilbərin dərsini davam etdirəcəyi ümidilə başlayır və nədənsə, Həsən kişinin ölmüş atı və altı yüz manat borcu ilə bitirdi... Ancaq Dilbər bunların hamısından başqa, daha bir şeylər düşünür və gizli ağlayırdı.
Iş uzun sürmədi. Nişan gəldi: Dilbər üçün təzə paltar, üzük, qolbaq, hətta Həsən kişi üçün də atlas arxalıq gətirildi. Bir neçə gündən sonra “adamımızı verin” məsələsi qalxdı. “Məktəbə evimizdən də gedə bilər”, – dedilər.
Qızın yaşı dekret yaşına çatmamışdı. Zaqs üçün o yandan-bu yandan kağız düzəldi. Axund kəbin kəsdi. Dilbər atası ilə, bacısı ilə və dilsiz-ağızsız anası ilə vidalaşıb ər evinə getdi.
Günlər gəlib keçirdi. Dilbər məktəb sözünü qaldırmağa belə cəsarət etmirdi. Zatən, dərsdən də qalmamışdı; Mirzə Kərimin anası Molla Gülsüm ona Qurandan dərs verir, müqabiləyə oturdur, yasin əzbərlədirdi. Ara-sıra təzə çıxmış mərsiyələrdən də öyrədirdi. Dilbərin günü payminbər öyrənmək və cümə axşamları yasin, üçaylıqda isə Quran oxumaqla keçirdi. Paltar-palaz yumaq, qabqaşıq yumaq, xörək hazırlamaq və bu kimi işlər də ağır bir yük kimi Dilbərin üzərinə düşmüş, göz açmasına imkan vermirdi. Hələ hər gün Mirzə Kərimin yarımləbbadəsini, şişkin, sallaq dodaqlarını, ciyər kimi qırmızı üzünü görmək
Dilbər üçün çəkilməz bir əzab idi. Lakin çarə yox idi. Hər gün Mirzə Kərimi görüncə, bir köynək ət tökür, ürəyi döyünür, bədəni əsim-əsim əsirdi. Gözlərini yummaq, qaçmaq, bir bucağa sıxılmaq, gizlənmək istəyirdi. Ancaq mümkün deyildi. O, ərinin qabağına çıxmalı, nəzakət və rəsmiyyətlə onu qəbul etməli, gülümsəməli, gülməli idi. Yoxsa yumruqlar, təpiklər qaçılmaz və amansız şeylərdi. Lakin hər gün yalandan başqa bir rəngə girmək, başqa cür görünmək, ağlamaq istərkən, gülmək də dadlı bir şey deyildi. Nə etmək... qapılar bağlı, qaranlıq məzar kimi... dalğın, susqun bir ev. Bir yana gedə bilmir, kimsəni görə bilmir, dərdlərini söyləyə bilmirdi. Atasının evinə belə getməyə haqqı yoxdu.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-dilber
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Vardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”
Əl götürAy Baba, salma qalmağal, cövrü cəfadan əl götür!Dəng eləmə cəmaəti, cəbrü əzadan əl götür!
Görməmişəm, eşitmişəmXalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.
Dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.
Başqa şairlərin şeirləri
Yetişib müjdeyi-canbəxş ki, canan gəliriCanibi-gülşənə ol sərvi-xuraman gəliri.
Molla Əsədulla Faiq təxəllüsünəCənabından yana intizardıq,İstərdik bilək keyfiyyəti-hal,
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı
Cövr ilə tökdü qanımı, fəryad, gözlərinCövr ilə tökdü qanımı, fəryad, gözlərin,Öldürdü aqibət məni cəllad gözlərin.