Səhifə 2 / 2 · 50%

Dilbər, diri ikən qara bir məzara gömülmüşdü. Ən yaxşı günü, – döyülərkən, gözünün altı göyərmiş bir halda bir bucağa sıxılıb ağladığı və xəstələnib ərinə yanaşmadığı vaxtlar idi. Zatən, Dilbər son zamanlar tez-tez xəstələnirdi. Oynaq, çevik bədəni büzülmüş, şuxluğunu itirmiş, gözəl gözləri dərinə enmiş, al yanaqları saralmış, uçmuş, daim gülümsər dodaqları solmuş, qurumuş, əsəbi bir titrəklik almışdı. Arasıra Quran oxurkən fikri dolaşır, düşünür, keçmişlərini, uşaqlığını, şən və oynaq gəncliyini, məktəb yoldaşlarını, bütün ümidlərini xatırlayır, bütün varlığı sarsılırdı. Nə etmək, tale belə imiş...

Günlər keçir, Dilbərin mühiti getdikcə qaralır, ağır bir daş kimi qaranlıq bir quyunun dibinə enir kimi, getdikcə daha artıq qatı bir qaranlığa batır, ilişir, qalırdı. Ara-sıra bir şeylər düşünür, lakin yenə də bütün düşüncələri, nədənsə, atasının ölmüş atı və altı yüz manat borcu ilə bitirdi.


Bir gün Molla Gülsüm irəlidə, Dilbər də qoltuğunda Molla Gülsümün topladığı nəzir boğçası ilə qayıdırdılar. Qızlı, oğlanlı bir dəstə Dilbərin diqqətini özündə saxladı. Bunların arasında bir çoxu keçmiş məktəb yoldaşlarından idi. Dilbərin ürəkciyi yerindən oynadı, dərin bir ah qopardı. Vəziyyətindən utandığı üçün, tanınmasın deyə, çadrasını üzünə çəkdi və eyni zamanda keçmiş xatirat onu sardı. Çox dalğın idi. Bir aralıq incə bir əl onun çiyninə endi; eyni zamanda şux bir gülüş qopdu. Dilbər diksindi. Qorxmuş gözlərini geriyə çevirdi. Üç duyğu – qorxu, sevinc və utancaqlıq üçü də birdən ona hücum etdi. Yanaqları qızardı. Şaşırdı. Qarşısında duran qız – Dilbərin məktəb bacılığı Məryəm idi. Bir saniyə üçün keçmiş uşaq oynaqlığı ilə onun üzərinə atılmaq, onu qucmaq, öpmək istədi, amma dayandı. Susdu. Məryəm indi oxumuş, irəliləmiş bir cəmiyyət qızı idi. O isə... zavallı bir mərsiyəxan şagirdi. Məryəm onun boynunu qucub, sözlərini, sorğularını birbir peyvənd edərək dedi:

– Ay qız, haradasan, görünmürsən? Bu nədir? Rəngin uçmuş. Xəstəmisən? Səni çoxdan axtarıram, vacib sözüm var. Nədən bu günə düşmüsən?

Məryəmin dəstəsi onlara yaxınlaşırdı. Dilbərin ürəyi döyünür. Molla Gülsümün bağıracağından qorxub:

– Yaxşı, yaxşı, Məryəm, sonra, sonra... – deyə yaxa qurtarıb, qaçmağa can atırdı. Məryəm isə ona möhkəm yapışmışdı, buraxmırdı. Qızlar və oğlanlar gəlib yetişmişdilər.

– Aha, Dilbər, Dilbər necə də dəyişmiş, arıqlamış, solmuş! – deyə qızlar onu bürümüşdülər. Dilbər özünü büsbütün itirmişdi. Bu aralıq Molla Gülsüm gurultuya döndü və Dilbərin ən çox qorxduğu şey, doğrudan da, oldu. Molla Gülsüm başıaçıq qızları və əli kitablı oğlanları Dilbərin dövrəsində görüncə, qudurmuşcasına bağırdı:

– Bu nədir? Hələ bu qalmışdır? Əgər axşam ərin itoğlu evə gələr, mən onunla bir neçə kəlmə danışaram. Onlar qızmış, özündən sərxoş ləvəndlərdir. Onlar ərsiz arvad, yüyənsiz atdılar. Sən də onlara qoşulmusan...

Oğlanlar tez uzaqlaşdılar. Qızlar şaşırdılar. Dilbər, bütün bədəni titrəyərək, qıpqırmızı kəsilmiş və heç düşünmədən əlini Məryəmin əlindən çıxarıb qaçmaq istəyirdi. Bu aralıq Məryəm onun qulağına əyilib, yavaşdan:

– Sənə bir məktub gəlmişdir, məndədir. Bacıngilə verərəm, – dedi.

Dilbər heç düşünməyərək:

– Yaxşı, yaxşı, – deyə əlini dartdı və qaçaraq uzaqlaşdı...

Axşam Molla Gülsüm nəzərləri yerbəyer edir. Dilbər isə oturub Quran oxuyurdu. Ev qaranlıq idi. Ortanı bir məzar sükutu bürümüşdü. Ancaq divardakı saat yorucu bir yekrəngliklə “tıq-tıq” vururdu.

Dilbərin fikri uzaq-uzaq yerlərdə idi. Bugünkü hadisə onun bütün varlığını sarsıtmışdı. Düşündükcə, ürəyi döyünür və saatın taqqıltısına “tıq-tıq”, – deyə cavab verirdi. Xatirat ona dinclik vermir, bütün uşaq ruhunu əzirdi. Məktəb, uşaqlıq, qayğısızlıq...

Dilbər, gözlərindən əlinin üstünə düşən damlalardan ayılmış kimi, başını qaldırdı. Molla Gülsüm evdə yox idi. Dilbər qalxdı. Taxçadan bir bağlama götürüb açdı, baxdı. Əsəbi bir maraq və həyəcanla baxdı, baxdı... Bütün keçmiş günləri bir dəqiqədə canlanmış kimi, zehnindən keçdi və birdən üzü üstə, bağlama üzərinə enib, dəhşətli bir hönkürtü ilə ağlamağa başladı. Bu, Dilbərin köhnə kitabları idi. Dilbər onları bağrına basıb, dərin kədər ilə için-için ağlayırdı.


Gecədən çox keçmişdi. Mirzə Kərim axundun otağından qayıtmamışdı. Ancaq qayıtmasına az qalmışdı. Dilbər qalxdı, qapını açdı, bayıra baxdı. Bulaşıq bir gecə idi. Külək bəzən şiddətlə çırpınır, damların bacalarını taqqıldadır, bəzən heç yoxmuş kimi susurdu. Göydə ay buludlarla toqquşurmuş kimi örtülür və yer üzünü qaranlıqlarda boğur, gah da yavaş-yavaş buluddan çıxıb, bir neçə saniyə üçün yer üzünə xəstə, sarı, ölgün bir işıq atırdı.

Dilbər bayıra çıxdı. Yavaşca həyətdən keçdi, küçə qapısını açdı, baxındı. Kimsə yox idi. Bir qədər düşünüb də qayıdıb, açıq qalmış ev qapısına baxdı. Qaranlıq içərisində, pəncərə ilə qapı, lampanın sarı işığında vərəmli iki göz kimi baxırdı. Dilbərin ürəyi sıxıldı və birdən başıaçıq küçəyə atılıb, dustaqdan qaçırmış kimi, bir həyəcan içində qaçmağa başladı.

Hara?

Özü də bilmirdi...

O ancaq qaçmaq, bu dirilər məzarından uzaqlaşmaq istəyirdi. Bu aralıq Dilbər döndü, baxdı. Qapıya bir qaraltı yanaşırdı... Bu, şübhəsiz, Mirzə Kərim idi. Dilbər bir qırpım dayandı. Qorxudan bədəni titrəyirdi. Külək uğuldayır, sanki bir səs ona: “Qayıt, qayıt”, – deyirdi. Lakin Dilbər küləyi dinləyəcək bir halda deyildi. Yaylığının uclarını yaxalamış, əsəbi addımlarla irəli atılmış, qaçır, mütəmadi qaçırdı. Artıq ev uzaqda qalmışdı. Külək qarşıdan Dilbərin üzünə çırpır, qulaqlarında uğuldayır, yerişini yavaşladırdı. Paltarları bir neçə dəfə daşa ilişmiş, yıxılmış, əlləri, dizləri əzilmişdi. Lakin Dilbər bunların fərqinə varmadan qalxır, yenidən yüyürürdü. Harada olduğunu bilmir və bəlkə də düşünmürdü. Ancaq acıqlı dalğaların yalçın qayalara çarpıb bir gurultu qoparması sahildə olduğunu xatırladırdı. Ay bulud altına keçmiş, bütün kainat qaranlığa bürünmüşdü. Ətrafda kimsə yox idi. Hər tərəfdən vəhşi bir təbiət, qatı bir qaranlıq Dilbəri bürümüşdü. Gecənin qaranlığı içərisində yalnız küləyin qorxunc gurultusu Dilbərin qulaqlarında uğuldayır, qarşıda Kaspinin yırtıcı dalğaları hiddətlə qayalara çarpır, döyüşür, bağırır, yalçın qayaları, sərt daşları qoparmaq, yıxmaq, öz ağuşuna alıb udmaq istəyirdi. Dilbər isə heç bir şey görmədən, düşünmədən bu kimsəsiz təbiətin ortasında yürüyür, getdikcə evdən uzaqlaşır və qatı bir qaranlığa batırdı.

Haraya? Nə üçün? Burasını Dilbər özü də bilmirdi. Artıq sahildə gecənin qaranlığından başqa bir şey görünmür, küləyin uğultusundan və dalğaların acıqlı bağırtısından başqa bir şey eşidilmirdi. Dilbər qaranlığa qatışmış... gecə Dilbəri udmuşdu...

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri