Cövr ilə tökdü qanımı, fəryad, gözlərin,

Öldürdü aqibət məni cəllad gözlərin.

Hər yanda bir ümid evi tikdimsə səbrdən,

Yıxdı, dağıtdı, eylədi bərbad gözlərin.

Min can alır baxanda bir oğrun nigah ilə,

Kimdən alıb bu dərsi o ustad gözlərin.

Qalmaz Xitadə, Çində ahu, edər şikar,

Bir guşə ilə baxsa o səyyad gözlərin.

Etməz əsər səna dili-biçarə naləsi,

Qan içməyə olub dəxi mötad gözlərin.

Zülfün kəməndinə dili-miskin əsir olub,

Rəhm eləyib nola edə azad gözlərin.

Eylə şəhid Bixudi tiri-nigah ilən,

Xunrizlikdə ta ki, qoya ad gözlərin.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri