Firuzə
Səhifə 2 / 3 · 33%
– Yox, əksinə, mən sizin söhbətinizdən çox maraqlanıram, – deyə
tez cavab verdim.
– Mən azmışam, daxmamızı və bütün rayonumuzu itirmişəm. Qapıda sizin adınızı oxuyub, vaxtilə müalicə etdirdiyim köhnə bir dost kimi bəzi şeylər öyrənmək üçün yanınıza gəldim.
– Axı necə oldu ki, belə sağlam və qüvvətli bir adam olduğunuz halda, birdən adınızı və evinizin yerini itirdiniz?
– Mən evimizin yerini itirməmişəm, yerini tanıyıram, buna heç şübhə ola bilməz, ancaq iş orasındadır ki, evimiz öz yerində yoxdur. Qonşu evlər də yoxdur, rayonumuz da yoxdur.
– Evdən nə zaman çıxmışdınız?
– Mənim Bakıdan çıxdığım altı ildir. Dünən gəlmişəm. Vağzaldan birbaşa evimizə tərəf getdim, ancaq evimizi yerində tapmadım. Bizim həmişə tozlutorpaqlı, qışda isə boğaza qədər palçıq olan əyri-üyrü küçəmizin yerində geniş və yaxında döşənmiş bir küçə gördüm. Şəhərin bu başından o başına qədər göz işlədikcə görünən bir küçə. Tramvayların ardı kəsilmirdi, zəng səsləri küçəni doldurmuşdu. Evimizin dalında, həmişə peyinlə dolu olan döngədə gözəl beşmərtəbəli bir ev yüksəlirdi. Adamlar da dəyişən kimi olmuşdu. Əbədi yas və təziyə təsiri buraxan qara çadralara bürünmüş yekrəng insan kölgələri əvəzinə, küçədə indi məsud gəncliyin xoş qəhqəhələri yüksəlirdi.
– Hə, demək sizin evinizin yerində küçə salınmışdır?
– Necə yəni bizim evimizin yerində? Bəs qonşuların evləri? Bütün köhnə, böyrü üstə əyilmiş Çənbərəkəndi yox olmuşdur. Mən şaşıb qaldım. Qəbiristana getmək üçün təpəyə qalxdım. Yolu çox yaxşı xatırlayırdım. Amma nə fayda ki, qoca qəbiristandan onun köhnə hasarından, çala-çuxurundan, sökülmüş köhnə qəbirlərin açdığı uçurumlardan bir əsər görmədim. Atamın da qəbrini tapmadım. Bu əbədi sükut dünyasının yerində geniş xiyabanlı, qəşəng bir park əmələ gəlmişdir, atamın qəbri yerində isə bir çiçəklik salınmışdır. Lakin tapmadım. O dar, sürüşkən cığırın yerində asfaltla döşənmiş, minik və yük maşınlarının, avtobusların aramsız hərəkətindən qara ayna kimi parlayan geniş bir yol gördüm. Mənə elə gəldi ki, burada bir zəlzələ olmuş, vulkan köhnə və qaranlıq Çənbərəkəndini batıraraq, əvəzində yerin dərinliklərindən təmiz evli, geniş küçəli, gözəl, yaşıl parklı, əlvan çiçəklərlə gülümsəyən, bahar nəşəli yeni bir şəhər çıxarmışdır. Mən vağzala dönməli oldum...
– Bu gördüklərin pis şeymidir?
– Demirəm ki, pisdir. Axı bəs ailəm, qoca anam necə oldu? Qoca, avam, savadsız və köməksiz qadın hara pənah apara bilər? Bəs kiçik bacım, arvadım?
– Sizin burada arvadınız qalmışdımı?
Müsahibimin rəngi birdən dəyişdi. O, dərin bir ah çəkib:
– Atam öləndən sonra, – deyə cavab verdi, – anam evlərdə paltar yumağa başladı, qəpik-quruşla aclıq içərisində yaşadıq, soyuq qışları ac və çılpaq keçirdik. Aprel inqilabından sonra küçədə mənə bir kişi rast gəldi. Bu kişi, vaxtilə məni qara neft selindən kənara çəkən və atamın meyitini evimizə gətirən işçi idi. Mənim işsiz olduğumu bilib dedi:
– Oğlum, mən indi Azərneftdə buruq ustasıyam. Əgər işləmək istəyirsən, səni də özümlə aparım, bizə indi işçi çox lazımdır.
Mən işə girdim və eyni zamanda fabzavuçda oxumağa başladım.
Usta Səməd öz kiçik qızı və qoca arvadı ilə bizim küçəyə köçdü. Qızı qaraqaş, qaragöz, mənim nəzərimdə gözəl bir qızdı. Əli Bayramov klubunda işləyir və orada oxuyurdu. Biz dostlaşdıq. Mən onu sevdim, o məni. Usta Səməd çox yaxşı kişi idi. Mən onun əlaltısı idim. Buna baxmayaraq, o razı oldu. Pul toplayıb, güclə iki dəst paltar aldım və anamın yeganə qaşlı qızıl üzüyünü də üstünə qoyub evləndim. Bir neçə aydan sonra məni oxumağa göndərdilər. Mən bir çox şəhərləri, Moskvanı və Leninqradı gəzib, sonra könüllü olaraq Uzaq Şərq Ordusuna yazıldım. Bundan sonra daha onu bir də görmədim. Bəli, doktor, o məni sevirdi, mən də onu. Bir müddət məktublaşdıq, bir-birimizə aşiqanə sözlər yazdıq, amma birdən onun məktubu kəsildi. Səbəbini bilmədim və beləliklə onunla əlaqəm kəsildi. Ancaq bu yaxınlarda bir yoldaşım mənə yazmışdı ki, onu görüb, o sağdır və burada bir doktorla yaşayır. Bilirəm, onu yoxsulluq vadar edib, o məni səmimi olaraq ürəkdən sevirdi... Köməksiz arvad mənsiz nə edə bilərdi?
– Çay gətirsinlər, – deyə zəngi basdım.
Zəngin səsinə kimsə gəlmədi.
Qonşu otaqdan Firuzənin səsi eşidildi:
– Heç kəs yoxdur, doktor, bu gün Maşanın istirahət günüdür.
Məmməd birdən yerindən sıçradı, bir şey xatırladı və heç bir şey soruşmadan oturdu.
– Əgər siz öz evinizi itirmişsinizsə, qayınatanızı, usta Səmədi tapa bilərsiniz, – deyə söhbəti təzələmək üçün ona müraciət etdim.
– Onun yanına mədənlərə getmişdim, buruqlarda axtardım, soruşdum. Indi mədənlər əvvəlki kimi deyil, 28-ci ilə nisbətən belə dəyişmişdir. Neftə bulaşmış adamlara çox çətin rast gəlmək olur. Hamı tərtəmiz geyinib, elə bil ki, toya gedəcəkdir. Bir kranı və ya vinti burmaqla kompressorların və ya motorların işini nizama salırlar. Köhnə, tozlu yollar, arabalar və droklar da yox olmuşdur. Hər yerdə parlaq asfalt və sürətlə yürüyən maşınlar! Demək olar ki, bütün mədənlərə tramvay və dar dəmiryol xətti çəkilmişdir.
– Demək, usta Səmədi tapmadınız? – deyə səbirsizliklə soruşdum.
– Yox tapmadım. Dedilər ki, o indi böyük bir ixtiraçıdır. Bir neçə ixtirası var, indi onu Amerikaya göndərmişlər ki, gedib oradakı neft sənayesi ilə tanış olsun. Bu xəbər məni, əlbəttə, sevindirdi. Düşündüm ki, bir parça çörək üçün özü qazdığı quyuya girərək, ağanın şillə və yumruğu altında işləyən, özünü zəhərli qazların, ölümün qara ağzına atan işçi, indi öz bacarıq və talantını göstərməyə imkan tapmış, indi ixtiraçı olmuş, Amerikaya getmişdir.
– Arvadınızı da tapmadınız?
– Yox, arvadım və balaca bacım haqqında kimsə bir şey bilmir. Arvadımın sağlığı haqqında yazmışdılar. Bacım isə yəqin ki, acından məhv olub getmişdir...
– Siz indi tələbəsinizmi?
– Bitirmişəm. Mən mühəndisəm, maşın inşaatı mühəndisi.
Qapı döyüldü.
– Girin, – dedim. Müsahibim papiros çəkməyə hazırlaşaraq, portsiqarını əlində tutmuşdu. Qapı açıldı. Firuzə ağ, təmiz doktor xalatında içəriyə girdi.
– Alətləri şkafa qoyub bağladım. Gedirəm. Bu gün Aslan konservatoriyada çıxış edəcək. Mənim üçün bilet gətirmişdir. Indi Züleyxa da, Balaxanım xala da gələcək.
Müsahibim Firuzəyə çox diqqətlə baxırdı. Lakin o hələ qızın yalnız arxasını görürdü. Buna baxmayaraq, Məmməd onu görmək və səsini eşitmək üçün sehrkar bir qüvvə ilə yerindən qalxır və boylanırdı. O, papirosu əlindən saldı və əyilib götürmək istərkən belə, Firuzədən gözlərini ayıra bilmədiyi üçün, əlindəki papirosları da dağıtdı.
Züleyxa və Balaxanım adını eşidər-eşitməz papirosları yerə qoyub dikəldi. Mən ona diqqət edirdim. Mənə baxıb Firuzə də döndü və mənim baxdığım cəhətə baxdı. Müsahibim indi onu tamamilə görürdü. O, anlaşılmaz bir duyğu ilə titrəyirdi. Döş qəfəsi hava ilə dolu olduğu halda, nəfəs belə çəkmirdi. Kişilərə qarşı həmişə laqeyd olan Firuzə, nədənsə ona tərəf döndü. Mən onun da həyəcanlar keçirdiyini hiss etdim. Məmməd sözə başlarkən, mən onun üzünü görmürdüm. Gözüm Firuzədə idi. Mən yalnız Məmmədin yumşaq və həyəcandan titrəyən səsini eşitdim. O yalnız bir söz deyə bildi:
– Firuzə!
Ona baxarkən, mənə elə gəldi ki, bu saat Firuzənin üzərinə atılacaq, onu qucaqlayacaq və öpəcək. Bu hal mənə çox qəribə gəldi, çünki Firuzə də buna mail idi. Qız cəld mənə baxdı. Qara gözlərində qığılcım parlayırdı. Firuzə heç də onu qucaqlamaq istəyən bir gənc mühəndisdən uzaqlaşmaq fikrində deyildi. Gənc mühəndis onu qucaqlamaq üçün bir addım irəlilədi, lakin sonra, nədənsə, dayandı; rəngi qaçdı, od kimi yanan al yanaqları getdikcə ağarmağa başladı.
Yanan gözlərinin parıltısı yox oldu, gözləri yarıya qədər yumuldu, dayandı və düşündü. Birdən Məmməd titrəyən dodaqları ilə:
– Sən burada yaşayırsan?
– Öz evimizdə yaşayıram, – deyə Firuzə həyəcanını zorlayaraq, cavab verdi.
Mən indi anladım ki, gənclik öz əlvan rənglərini bu insanlara bəxş etmişdir. Dodaqları gah qıpqırmızı qızarır, gah saralır, gah da kətan kimi ağappaq ağarırdı.
Məmməd gözlərini geniş açıb, Firuzəyə dik baxaraq:
– Anam haradadır? Züleyxa haradadır? – deyə soruşdu.
– Bir yerdə yaşayırıq. Bizə pasyolkada mənzil veriblər. Indi gedərik, görərsən...
– Sən məni evinizə aparacaqsan?..
– Mən səni öz evimizə aparacağam. Mən təəccüb edirəm, niyə sən öz evinə deyil, buraya gəlmişsən?
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-firuze
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Cümə günü qəzetimizin ədəbiyyat dərnəyində, yoldaş Məmməd Səid Ordubadi “Şirvanşahlar dövründəki Azərbaycan ədəbiyyatı” xüsusunda məruzədə bulundu.Məruzəçi ilk əvvəl həmin dövrdə türk şairləri tərəfindən farsca yazılmış ədəbiyyatı qeyd ilə məruzəsini farsca birinci şeir yazan və fars şerinin atası olan Rudəkidən başlayır. Bu xüsusda ətraflı məlumat verdikdən və onun ilə Nizami arasındakı şairləri saydıqdan sonra farsca yazılmış ədəbiyyatın sarsılmaz bir sütununu təşkil edən Şeyx Nizami həyatı, ədəbi fəaliyyəti və ədəbiyyatının mahiyyəti ətrafında geniş məlumat verir.
“İblis”in son quruluşuBu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm:
V.A.UğryumiDünən, nisanın 23-də Türk Tənqid-Təbliğ Teatrının baş rejissoru Vladimir Aleksandroviç Uğryumi (Kasabov) vəfat etmişdir.Uğryumi 1883-cü ildə Bakıda təvəllüd etmiş və Bakıda Birinci Gimnaziyanı bitirdikdən sonra, Odessada Novorusiya darülfünununun hüquq şöbəsini bitirmişdir. Hələ gimnaziyada oxuyurkən, səhnə ilə uğraşmağa, sonradan tələbə ikən Odessa teatrında çalışmağa başlamışdır.
Türk teatr məktəbi1Məktəbin açılışı və onu doğuran səbəblər
Başqa şairlərin şeirləri
Gecə gündüz intizarın çəkərəm,Aman Allah, yar əyləndi, gəlmədi,
Oldu: Məh yüzünə salmış bu mələkmənzərMəh yüzünə salmış bu mələkmənzərMüənbər zülflərin zərəfşan oldu,
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı
Təcnis: Çəkmiş yar oxunu, salmış yayınaÇəkmiş yar oxunu, salmış yayına,Bağlamış belinə bu sədaqları.