Bu cümə günü Dövlət Türk Teatrında 2-ci dəfə olaraq “İblis” pyesi oynandı.

Bu yeni quruluş xüsusunda Xəlil İbrahim yoldaşın “Kommunist”dəki yazısına əlavə olmaq üzrə bir neçə məsələni qeyd etmək istərəm:

Əsərin başlıca fikir və hərəkət məhvərini təşkil edən və yeni quruluşda ehtimal ki, Şərq miniatürlərinə təqlidlə təsvir edilmiş İblis, bizcə bir o qədər də mükəmməl

çıxmamışdır. Biz onun “Əlqəmə” ya “Deyləmə” olması üzərində danışmayacağıq.
Ərəb qəbilələri

Bizcə, iblisin yerinə bir “div” yaratmanın əslində mənası yoxdur. Çünki şərqlilərin təsəvvür etdiyi “div” “İblis”dəki İblis kimi deyil.

Bu “div” nə isə insan ilə yüksək qüvvələr arasında orta bir yer tutur və hər şeydən əvvəl böyük maddi və cismani qüvvətə malik, biçimsiz, kobud bir heybətdir. Nə qədər güclü olsa da, hər halda onu güclü, bacarıqlı bir insan məğlub edə bilər. Ona görədir ki, hər bir “Məlikməmməd” addımbaşı bir “div” məğlub edir. Mənəvi cəhətinə gəlincə, bunlar çox vaxt idraksız, şüursuz bir halda təsəvvür edilir.

Bunlar tənbəl, ölgün, yatdığı yerlərindən bəzən əsrlərcə qalxmaz, ətraflarından bir o qədər də xəbərləri olmaz bir şeydirlər ki, insan kimi yaşayış mübarizəsi aparır.

Halbuki, “İblis”in İblisi heç də belə deyildir. Bu alıcı, çevik, qurnaz, bir dəqiqə rahat durmaz, bütün dünyanı dolaşır, basılmaz, yenilməz bir qüdrəti-külliyə, “bütün dünyanı” həm yapar, həm də yıxar qüdrəti var məfhumdur ki, “Dünyada əgər varsa rəqibi, o da Allahdır”.

O hər bir şeyi, keçmiş – gələcəyi, olmuş – olacağı bilir, hər bir cinayətdə iştirak edir, cismani bir vücuddan daha artıq mənəvi bir qüvvətdir. İblisin məqsəd və kimliyini, əsərə toxunmaq istəmədiyimiz üçün, göstərmirik.

Belə bir qüvvəni səhnədə elə tənbəl gedişlər, danışıqlar, ölgün hərəkətlər ilə təsvir etmək heç də doğru deyildir. Xüsusilə, atəş olan və doğrudan da düşdüyü yeri yandıran, qanları qaynadan, fikirləri oynadan, hissləri, duyğuları qızdıran bir od ikən onu soyuducu, dondurucu və əsasən buz və soyuqluq təsviri üçün işlədilən mavi bir boyada göstərmək yerli bir şey deyildir.

Ruhlarda bir coşqunluq, bir oynaqlıq törətmək üçün mənzərələr bir sıcaq, məsələ (qırmızı) boyalar ilə, soyuq və soyuducu bir mühit və təsirat yaratmaq üçün isə, soyuq boyalar işlədilir ki, mavi boya da bu qəbildəndir.

Hər halda şəkil, məna və məzmun ilə uyuşdurulmalıdır. Digər tərəfdən müharibə meydanlarında çalışan zabitləri gəlin kimi bəzəndirmənin, qazmalarda və Istambul salonlarında eyni paltarda çıxarmanın nə qədər doğru olub-olmadığını düşünmək istəyənlər asanlıqla kəsdirə bilirlər. Xavərin paltarına gəlincə, şəhərdən uzaq, meşələrdə, ormanlarda yaşayan sadə bir qız İstambul, daha doğrusu Paris salonlarında geyilə biləcək 25-ci il modası ilə tikilmiş bahalı, alafranka əlbəsə və ehtimal ki, “Baksayuz”dan alınmış şıq “lak” çəkmələr – əldə də bir səhəng, ormanlar, tarlalar, dekolte, lak, səhəng... Doğrudan da, adamın gülməyi gəlir. Buna qarşı İstambulda İbn Yəminin ali salonundakı Xor, paltarlarına görə, yenicə göydən gətirilmiş bir kütləni xatırladır.

Əsil rəqqasələrin paltarı isə burasını bir dürlü anlaya bilmədik, bürüncək tuman (darbalaq), döşlük, nə isə bu paltar Şərq tarixinin hansı dövrünə aid olursa-olsun, 1918-ci ilin balet paltarı kimi təbii deyildir.

Səhnə quruluşunda da bir anlaşılmazlıq var idi. Xüsusilə, 1-3-cü pərdənin görünüşü büsbütün yanlış idi. Burası orman bətirində yol üzərində, insanlardan uzaq yaşayan bir ixtiyarın qülbəsini, daxmasını təsvir etməli ikən, səhnədə orman və koma əvəzinə top atəşinə dayanmaq üçün tikilmiş kimi qalın divarlı bir qala, bir bürc görünür. Yenilməz qalın divarlar şəhər qalıqlarını andırır; böyük darvazalar nə isə mükəmməl bir şaşqınlıq! Hər halda son teatrın başlıca əsaslarından birisi şəkil ilə məzmunun uyuşurluluğu olduğu üçün rejissor, xüsusilə, Şərqi daha yaxından tanıya biləcək olan türk qismi, bu cəhətlərə əhəmiyyət verməlidir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri