Şad ol, könül ki, fəsl yenə novbahardır;Hər yerdə bəzmi-eyşü tərəb aşkardır.

Bulvarda Annalar eyləyirlər səyahəti;Yox naz-qəmzənin, bu sən öl, heç nəhayəti;Var doğrudan da bulvara çıxmaq ləyaqəti;Ey dil, bu bəzmə getməyinin var səfahəti.Bulvar demə, behişt kimi laləzardır;Şad ol könül ki, fəsl yenə novbahardır.

Bax, diqqət eylə lizaların xəttü xalına;Ağlın gedər baxan kimi rüxsari-alına;Bihuş olunca, diqqət elə gül camalına;Baxma bu qəztə-məztəçinin qiylü qalına;Vallah, o da Marusyalara cannisardır;Şad ol könül ki, fəsl yenə novbahardır.

Millət itirdi şövkətü şanın, cəhənnəmə!Zillət kəsib cahanda təvanın, cəhənnəmə!Aclıqdan az qalıb verə canın, cəhənnəmə!Fikrin nədir, verəm hələ nanın? Cəhənnəmə!Millət evi cəhənnəmə ki, tar-mardır;Şad ol könül ki, fəsl yenə novbahardır.

Yığ şəlpə-şülpəni, bulvara qıl səfər;Ol cənnəti-cahanı gəziş bir, a bəxtəvər!Huri deyilmi? Seyr eləyir, yaxşı et nəzər,Aldanmaram qəztəçiyə, dad eyləmə hədər.Millət qəmindən itilgetlər kənardır;Şad ol könül ki, fəsl yenə novbahardır.

Ruhun var isə millət işin qoy kənarda,Millət qəmini kim çəkəcək novbaharda?Çıxsın canı, nə borcuna, yatsın məzarda.Get işrət eylə, məqsədi-insan nigardır;Fikr etmə ki, bu cür hərəkət nagüvardır.Hər kəs dedi ki, millət işi ahü zardır,Söylə ki, vaxt yoxdur hələ, novbahardır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri · Satira