Haruna cavab
Səhifə 1 / 2
Möhtərəm “Yeni fikir” qəzetinin 1282-ci il sayında möhtərəm (Harun) yoldaş “Hamlet”in türkcə tərcüməsinə bir tənqid yazmışdır. Tənqid Şekspirin böyüklüyü, hər sözün əhəmiyyəti olduğu və tərcümənin düzgün olması lüzumu haqqında adi ümumi sözlərdən, çağırılmış bayatılardan və moizələrdən başlanır və tərcümənin “cinayət” sanılacaq qədər yaramaz olmasını qeyd ilə Azərnəşrə uzun təqsirnamələr oxumasilə bitir.
Tənqid ədəbi-elmi mahiyyətdə olsa idi, biz “Hamlet”i nasıl düşündüyümüzü məmnuniyyətlə söylərdik. Lakin... dəyməz. Tərcümənin yaxşı, ya yaman olmasından da bəhs etmək istəmirik. Burası bizim vəzifəmiz deyildir. Cəmiyyətimizdə görülmüş işi qiymətləndirə biləcək adamlar çox çoxdur. Yalnız bir neçə cəhəti aydınlaşdırmaq lazımdır. “Hamlet” səhnə əsəri olduğundan onu rusca Polevoyun tərcüməsindən çevirdik. Çünki Polevoyun tərcüməsi təhtülləfz olmasa da, səhnə üçün ən müvəffəqiyyətli və münasibdir.
Hamleti Şekspirin özü yazdığı kimi oynamaq olmaz. Çünki orada əsər pərdələrə və səhnələrə belə bölünməmişdir. Bunların hamısı sonradan yapılmışdır və indi də doğruluğu mübahisəlidir. “Şekspirin faciələrini səhnəyə uyuşdurmaq lazımmıdır? Bu məsələ artıq bitmişdir. Kimsə Şekspirin əsərlərinin guya yazıldığı kimi göstərilməsi lüzumunu iddia etmir. Bu məsələni hələ Gete “Vilhelm meyister” adlı romanında həll etmiş və Şekspir əsərlərinin müasir səhnə şəraitinə uyğunlaşdırılması lüzumunu kəsdirmişdir. O zamandan bu fikir bir həqiqət halı almışdır”. Rus ədəbiyyatçılarının bu gedişini biz ən doğru bir yol bilirik. Buna görə də səhnə üçün ən yararlı olan Polevoyu tərcümə üçün əsas intixab etdik. Polevoy bir çox lüzumsuz yerləri atmış, hətta bəzən özündən belə artırmış və “Hamlet”i əsası pozulmaması şərtilə rus mühitinə yaxınlaşdırmışdır. Buna görə də biz Polevoy üçün kor bir qramafon plastinkası olmaq istəmədik. Onu türk cəmiyyətinin ruhuna yaxınlaşdırmağa çalışdıq.
Beləliklə, bir məzarçının:
Mən bir igid gənc idim – oxuyardım, gülərdim,
İndi artıq qocaldım – bir mən qaldım, bir dərdim, –
deməsi və yaxud:
İnsan qəbri mübarizkən – son geyimi, donu bu,
Yaşa-yaşa, öləcəksən – yaranmışın sonu bu, –
deməsi bizim adi xalq bayatılarımızdan bir o qədər də fərqli deyildir. Bəşəri bir əsəri ruhumuza yabançı bir şəkildə tərcümə etmənin, bizcə, bir mənası yoxdur. Şekspirin tərcümeyi-halını və əsərləri haqqında bir çox məqalələr yazan məşhur alman tənqidçisi (Els) alman tənqidçilərinin Şekspir haqqında yazdıqlarına yekun vurduqdan sonra Şekspirin almancaya tərcüməsi haqqında yazır ki: “romantiklərə (Şlegel)ə biz Şekspirin tərcüməsilə mədyunuq. O, (Şlegel) bütün başqa tərcümələri geridə buraxmış və Şekspiri bir alman klassiki yapmışdır”. Buna görədir ki: biz də “Hamlet”i ruhumuza yaxınlaşdırmaqda özümüzü haqlı gördük. Sözlərin və təbirlərin intixabında belə rus mühitinə daha doğma olan Polevoy üzərində qalmayıb, yeddi-səkkiz kitabdan istifadə etdik və hər yerdə dilimizə, ahəngimizə və ruhumuza daha yaxın, daha təbii və doğma sözləri, təbirləri seçib aldıq. Bu kitabların arasında tənqidçi yoldaşın irəli sürdüyü Qrunberqin də tərcüməsi vardır.
Məsələn, duel vaxtı Polevoyun “Udar, eşe udar – ne udar” sözlərini “Zərbə, bir zərbəyə vurğu daha”, – deyə yazmaq əvəzinə Qrunberqin “bir-iki” – deyə yazdığını daha əlverişli görüb intixab etdik. “Zərbədir, zərbə deyil” əvəzinə isə “dəydi-dəymədi” yazmağı münasib gördük. Bununla bərabər, biz mümkün qədər sənədlərdən uzaqlaşmağa çalışdıq. Çünki bizdə başqalara qarşı kor bir tapqınlıq, özümüzə qarşı kor etimadsızlıq vardır. Almanların Şekspiri almanlaşdırması haqlı, bizimki isə haqsız görünə bilir. Gələk tənqidçinin bariz və fahiş yanlış kimi göstərdiklərinə. Qabaqcadan orasını qeyd edək ki, dünyada ümumən, absalyut olmadığı kimi, bizim də tərcüməmiz nöqsansız deyildir. Ehtimal ki, bir çox səhvlər gözdən qaçmışdır. Hələ biz biləni bir yerdə “su; adam yox... hərgah adam getsə idi” əvəzinə “kişi, qadın yox, hərgah bu qız getsə idi” – deyə çap edilmişdir. Ehtimal ki, böylə mürəttib və müsəhhih xətası bir-iki daha buluna bilər. Lakin bunlar Harun yoldaşın qopardığı “cinayət” gurultusuna dəyməz. Bunu altı sütun üçün 26 sətir təshih verən möhtərəm “Yeni fikir” idarəsi də inkar etməz zənnindəyik. Təkrar edirik ki, tək-tək nöqsanlar bəlkə də ola bilər. Ancaq hər halda Harun yoldaşın göstərdikləri deyildir.
Harun yazır: Cəfər Cabbarlı “prinsə salamlar”, “bunu sənin üçün düşmənlərin belə deyəməz”. “Yoxsa burada sərxoşluq öyrənmək istəyirsiniz, pək eyi, biz sizi öyrədərik, həm də pək tez” və i. a. yazılmışdır. Halbuki, tənqidçinin fikrincə: “Nəcib prinsə salamlar olsun”, “Mən sənin düşmənlərindən də belə bunu eşitmək istəməzdim”, “Sən burada ikən sənə piyalələri boşaltmağı öyrədərlər” və i.a. yazmaq lazım imiş. Harun yoldaş, bir neçə kitaba müraciət etməyi bizə öyrətməkdənsə, özünüz zəhmət çəkib bir neçə kitaba baxa idiniz, onda görərdiniz ki, mənim yazdıqlarım Qrunberqdən deyil, Polevoydandır.
Həm də nəhs kimi burası təhtülləfz düzdür. Biz yer tutmamaq üçün parçaları və ruscasını yazmır və burasını təsdiq etməyi möhtərəm “Kommunist” idarəsindən rica edirik. Onsuz da “Prinsə salamlar” ilə “Prinsə salamlar olsun” arasında nə fərq vardır. “Nəcib” sözü isə Qrunberqdə yoxdur. Tənqidçi yoldaş özündən artırmışdır. Polevoyda: “Privet prinsu”, Qrunberqdə isə: “Moyo poçtenye, prins”, yazılmışdır ki, birinci “Prinsə salamlar”, ikinci isə: “Prins, ərz, ehtiram”, – deməkdir.
Böylə xırda şeylərin əhəmiyyəti varsa, tənqidçi yoldaş lütfən öz səhvini düzəltsin... “Olsun” sözünü isə biz artıq gördük. İkinci parçaya keçək. Polevoy yazır: “Sokruşaysya serdse”, biz “uçul ürəyim” deyil, “didil, parçalan” sözünü daha doğru, daha ahəngdar gördük. Qrunmberqdə “Skorbi duşa moya” yazılmışdır ki, nəticə etibarilə hər ikisi birdir. Burada da “ağla” sözü düz deyil, çünki “skorb” qəm və kədər deməkdir. Bunlar xırda şeylərdir, lakin tənqidçi bu xırda şeyləri cinayət sayır.
Gələk “ölüm ya olum” monoloquna. Burası doğrudan da “Hamlet” üçün ən canalıcı bir nöqtədir. Çünki bütün əsərin psixoloji və fəlsəfi məhvəridir.
Tənqidçi yazır: “Burada Cabbarzadəyə məxsus bir çox mənasız sözlər vardır. Məsələn: “ölüm ya olum”. Halbuki, yaşamaq ya ölmək olmalıdır. Əvvələn, tənqidçi yoldaşda azacıq bir düşüncə olsa idi, burada bir mürəttib xətası olduğunu düşünmüş olardı. Bu dəfə “ya” sözlərin başqa-başqa, həm də daban-dabana zidd sözlər olması lüzumunu göstərir. Öz məqaləsində “Məlun cinayət” yerinə “telefon cinayət” çıxmasını o başa düşməli idi. Nəhayət, bir az qərəzsiz olsa idi, kitabın sonunda həmin monoloqun başqa bir üslubda yazıldığını və orada açıq-aydın “olum ya ölüm” yazılmış olduğunu görə bilərdi. (Lakin onda tənqid üçün material olmazdı). Biz olmaq, ya ölmək sözlərindən “olum ya ölüm” göstərmişik. Yaşamaq, ya ölmək isə doğru deyildir.
Çünki o zamanlar “Hamlet” atasının qatilindən intiqam almaq istəyirdi. Bunun üçün isə onda lazımi qətiyyət yox idi. Düşünür, daşınır, bir qətiyyətə gələ bilmir, eyni zamanda mühit ilə mənliyi arasındakı təzadlara, daxili mübarizələrinə dayanmayıb, intihar etmək fikrinə belə gəlmişdi. Bu da onun düşüncələri arasında itib gedirdi. Buna görə də monoloq Hamletin bu əhvali-ruhiyyəsinə uyğun olaraq ingiliscə “t”-bu ornot ty-bu” təbirilə başlanır ki, burası rusca bütün tərcümələrdə təhtül-ləfz “bıt ili ne bıt” tərcümə edilir. Buradan cinas olaraq əmisini öldürmək lazım olub olmadığı və intihar lazım olub olmaması çıxarıla bilir.
Burasını Abdulla Cövdətbəy “Varlıqmı ya yoxluqmu?” tərcümə etmişdir. Yaşamaq, ya ölmək isə məsələni birtərəfli qətiləşdirmək deməkdir. Halbuki Hamlet eyni zamanda “qəzanın ağır tokatlarına dayanmaq, ya da mübarizəyə girişib fənalığı məhv etmək” lazım olduğunu düşünür ki: “bıt ili ne bıt” buraya daha aiddir. “Olum, ya ölüm” də burasını hər bir tərəfə aid etmək üçün götürülmüşdür. Sonra “fəna silabının coşqun dalğalarına qarşı qoyub onu qurutmaq, əzmək... yer üzündən qaldırmaq” cümləsində tənqidçi deyir: “Dalğanı qurutmaq olar, əzmək olmaz”. Ədəbiyyatda bir çox cinaslar, məcazlar, kinayələr, istiarələr vardır. Xüsusilə, Şərq ədəbiyyatı bu cəhətcə ən irəli getmişdir.
Biz bilmədik ki, tənqidçi yoldaş Kür çayının dalğalarını həvəngə töküb döyəcək və bir nəticə çıxarmayacaqdır. Yoldaş ədəbiyyat bilmirsə, bir az oxusun.
Sonra yazır: “Rəzillərin məzəmmətlərinə qarşı coşan nifrətlərə kim dayanmaq istərdi”. Bu isə tam mənasız bir kəlmə (yoldaş bir az sərf-nəhv də oxusa, yaman olmaz. Çünki “tənqidçi” hər halda cümlə ilə gəlmənin fərqini bilməlidir). Bu cümlə: “Rəzillərin xidmətlərə qarşı coşan nifrətlərinə kim dayanmaq istərdi”. Burada dolaşıq isə ikinci monoloqda bu cümlə “Ya doğruluğun bir yaramazlıq kimi təkdirinə kim dayanardı” – deyə yazılmışdır. Oradan bəlkə anlaya bilir. “Məzəmmət” sözü isə kitabda yoxdur. Tənqidçi bu sözü böhtan olaraq mənə isnad verir.
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-haruna-cavab
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Bu gecə bütün kənd sevinirdi. Qızlar, gəlinlər, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi... Uşaqların bağırtısı, qızların, gəlinlərin çalğısı, yastı balabanların ən kobud ürəkləri oxşayan həzin iniltisi bir-birinə qarışıb, ümumi bir ahəng yaratmış və hər kəs bu şən gurultunun sonsuz sevinclərinə dalıb getmişdi.Bəli, bu gecə hər kəs sevinir, həm də onun səadətinə sevinirdi.
DilarəGünəşin son vərəmli tellərinin duydurduğu iyrənc bir sükut içində ana ağlayır, ata ağlayır, zavallı qızcığaz da, bu fəlakətə səbəb olmuş kimi, qorxudan qımıldanmayıb, yavaşdan için-için ağlayırdı.Səadət şərbətini tapıb içərkən, qədəhi salıb qırmaq, xoşbəxtlik yolunu tapıb, tam məqsədə çatarkən bir fəlakətə uğrayıb, məhv olmaq nə qədər acı olsa da, adi bir şey deyilmidir?
DilbərHər gün bir dəqiqə dinc oturmayan və dinclik verməyən Dilbər, dərs başlar-başlamaz: “Müəllimə mən deyim, mən deyim”, – deyə, barmağını göydə oynadan və gurultu ilə bütün sinifdə bir həvəs, bir dirilik oyadan Dilbər, bu gün birdən-birə susmuş, qanadı qırılmış quş kimi yerində büzüşüb oturmuşdu. Hamı heyrət edirdi. Müəllimə belə buna heyrət etməyə bilmədi.– Dilbər, səndən nə əcəb belə dinc oturmuşsan, xəstə deyilsən ki?
PapaqGecə saat birin yarısı yuxarı məhlənin yeganə fəxri olan yeni tramvaydan enib 6-cı Təzəpir küçəsilə evə gedirdim. Bir-iki gün əvvəl yağış olduğundan küçə bərk mordov idi. Buna görə də çəkmələrimi almışdım əlimə, corablarımı da atmışdım çiynimə, balaqlarımı da çırmalamışdım dizdən yuxarı. Lakin içərisində sərçə hoppandığım yer daş çıxmayanda mordov sıçrayıb yar-yaxama çırpılırdı. Varatnığım- maratnığım çamur içində idi. Böyük Səlyan küçəsinə bir azca qalmışdı. Uzaqdan qabağımda bir qaraltı gördüm, qorxdum. Kimdir? – deyə uzaqdan qışqırdım ki, iş o yan-bu yan olsa, əkilə bilim.– Mənəm, ay qardaş, Hər kimsən, yaxın gəl, mənə kömək elə...
Başqa şairlərin şeirləri
از غمت از غمت خراب خرابدین و دل سوخته کباب کباب
Səni min yaşa, ay MəhəmmədHünərinə el hayrandı,Səni min yaşa, ay Məhəmməd!
Təcnis: Rəxtin al geyimiş bağçaya gedirRəxtin al geyimiş bağçaya gedir,Başına götürmüş buta bağları,
Kimdə varEy fələk sənin əlindən bu sitarə kimdə var,Mənim təki sinə dağlı, bəxti qarə kim də var.