Səhifə 2 / 4 · 25%

Biçarə Mənsur nə ətrafında baharın xəfif-xəfif uyuldayan yarpaqların uyultusunu, nə həzin-həzin nalələrlə gül başına fırlanan bülbüllərin nəvasını eşidirdi. Hətta əmisinin bağçasını seyr edəndə, bunu görüb yanına gəldiyini görmürdü. Əmisi Mənsurun halını görüb, o da ağladı. Əziz qardaşından yadigar qalmış Mənsuru – istəkli bir adamını torpaqlar üstünə sərilmiş görüb:

– Biçarə Mənsur! Əziz övladım! Mən sənin səadətini yüksəldib, istiqbalını parlada bilmədim! – deyib, biixtiyar gözlərindən yaş tökülürdü. Həqiqətdə də hərgah Aslan can bahasına belə oturacaq bir çarə tapsaydı, öz canını əsirgəməyib, Mənsuru bu dərddən azad edərdi. Amma ki, fayda yox idi. Aslan məhzun bir halda Mənsuru qaldırıb evə gətirərək, öz təxti-xabinə saldı. Bir qədərdən sonra Mənsur acı və həzin bir inilti ilə ayılaraq, özünü evdə görüb qalxdı. Əmisi və əmisi arvadı yatağının yanında oturmuşdular. Bunlar getdilər. Mənsur özünü toxtada bilməyib zar-zar ağlayırdı. Nahar oldu, günorta oldu, gün qüruba əyildi. Mənsur hələ də zarıldayırdı.

Üç gün idi ki, heç bir şey yeməmişdi. Gün batdı, Mənsur biçarə hənuz ümidini kəsməyib, dübarə bağa gələrək, haman çinar ağacının dibində oturdu. Bir o qədər keçmədi ki, uzaqdan Sitarənin ay kimi parıldayan sifəti göründü. Sitarə yenə keçmişki naz-nəzakət və vüqarla gəlib hovuzun kənarında oturdu. Mənsur məlul-məlul bir qədər ona baxıb qovrulandan sonra, artıq dayana bilməyib qalxdı ki, onun yanına gələrək, yalvarıb öz dərdlərini desin...

Lakin bu halda divarın üstündən Həsən aşıb, hovuzun kənarına gəldi. Mənsurun isə dizlərinin taqəti üzülüb, öz yerində çırpındı. Həsənin kobud və nahamar əlləri Sitarənin sürahi gərdəninə toxunanda, sanki Mənsurun ürəyinə ildırım toxunurdu. Nə çarə? Biçarə Mənsurun ağlamaq sədası, zarıltısı və nəvası iki daşürəkli insanın qəhqəhələri arasında itib gedirdi.

Insanın sevgilisi, istəklisi, məşuqəsi əğyar ilə oturub, oynayıb gülsün, insan özü isə naəlac kənarda oturub baxsın! Onda nə olar?

Ah, artıq Mənsurun ürəyindəki dərd-qüssələri yazmayıb, özünüzə mühəvvəl edirəm. Özünüz düşünüb Mənsurun qəm və qüssəsinin miqdarını, yarımçıq da olsa, müəyyən edin.

Burada Mənsurun nitqi quruyub, dili ağzında fırlanmırdısa da, amma ürəyindən də olsa, bu sözləri deyəcəyi yəqindir:

Bu dövran gərdişindən sinəsi al qan olan könlüm!

Gecə-gündüz işi ahü fəğan, hicran olan könlüm!

Gecə ta sübhədək şəm oduna pərvanətək yandım,

Ziyayi-şəmi isə, qisməti-insan olan könlüm!

Görən məşuqini əğyar ilə seyrü səyahətdə,

Bu cənnət bağı çeşmi-zarimə niran olan könlüm!

Əcəb hicr atəşinə yanmışam, taqət gedib əldən,

Fəraqi-yar ilə beyti-dili viran olan könlüm!

Aman, ey çərxi-kəcrəftar, bəsdir, əl götür məndən!

Yan, ey yarı dili-əğyar üçün canan olan könlüm!

Hər nə isə, iki saata qədər vaxt keçəndən sonra Həsən yenə divardan aşıb getdi. Sitarə isə, bir sərv kimi xuraman gəlib evə tərəf getməyə başladı. Mənsur ikinci dəfə duraraq, əllərini Sitarəyə tərəf uzadıb, gözündən sel kimi yaş tökərək, Sitarənin qabağında dizi üstə oturub dedi:

– Ey bivəfa! Barı bir neçə kəlmə sözümə qulaq ver!

Sitarə bir tövri-vüqar ilə durub, iri qara gözlərini Mənsurun üzünə dikdi. Mənsur bu mərhəmətdən bir növ taqətə gəlib göz yaşı tökərək, bir sövti-zəlilanə ilə ahü naləyə başladı:

– Ey bivəfa Sitarə! Ey bietibar əmim qızı! Sən mənimlə həmin çinar dibində əhd bağlamadınmı ki, bir-birimizdən ayrılmayaq, əcəba, nə tez əhdini unutdun? Ey biinsaf! Aya, mənə rəhmin gəlmədi ki, illər uzunu mənim həyatımı zəhərləyib, məni hicran oduna yandırmağa, dərdü bəlaya giriftar eləməyə razı olursan? Ah, Sitarə! Məni yandırma! Məni əbədilik olaraq, hicran səhrayi-bipayanının dirrəndə və vəhşi

heyvanlarının çəngali-biamanına salma! Məni əbədilik olaraq bəla dəryasının girdabi-binəhayəsinə salıb cavan ömrümü, parlaq istiqbalımı qəri-zülmati-məzarə yerləşdirmə! Mənə rəhm et! Ah, bivəfa! Hanı o keçən günlər ki, səninlə bu ağacın dibində və saf hovuzun kənarında şirin-şirin söhbətlərə, dərin-dərin işrətlərə məşğul olub, yüksək bir həyat ilə yaşayırdıq? Onları unutdunmu? Ah, biinsaf Sitarə, bimərhəmət Sitarə! Əğyarı bu həqir əmin oğlunun üstünə ayaqlandırmaq rəvamı?!.

Göz yaşı Mənsura danışmağa mane olurdu. Mənsur isə tamam gücü ilə çalışırdı ki, onu sakit edib, fürsət var ikən sözlərini desin. Lakin Mənsur nahaq çalışırdı. Göz yaşları bir seyli-xüruşan kimi cuşə gəlib, Mənsuru sükuta məcbur edirdi. Axırıncı gücünü yığıb, qanlı göz yaşları arasından:

– Sitarə! Bivəfa olma! Əhdə vəfa et! Məni yandırma! Gəl, gəl ey həyatımın zöhreyi-şəşəədarı! Gəl! Gəl! Gəl, ey istiqbalımın şəmipərtövnisarı! Gəl, gəl bivəfalığı tərk et! Mənimlə bağladığın əhdi sındırma! Əğyarı kənar et! Məni yandırma! Gəl! Gəl!..

Burada Sitarə gözlərini Mənsurdan çəkib, çinara tərəf baxıb fikrə getdi. Mənsur isə həyat ilə məmat arasında cavab gözləyirdi. Bu cavab ölmək, ya qalmaq cavabı olub, Mənsurun gələcək həyatının müqəddəratını bildirəcək idi. Bu cavab Mənsuru ya gözəl bir həyata, parlaq bir istiqbala yetirəcək, ya əbədilik olaraq qara torpaqlar altında qaranlıq məzara yerləşdirəcək idi. Amma əfsus!.. Qəza bir fələkzədəni xilas edib əlindən tutmaz, bərəks, daha da onu dərin-dərin quyuların dibinə salmağa çalışar.

Budur, Sitarə başını qaldırdı. Bir də çinar ağacına baxaraq, üzünü Mənsura tutub, gül yarpaqları kimi qırmızı və zərif dodaqlarının arasından:

– Yox, Mənsur! Məndən sənə çarə ola bilməz. Özünə çarə tap! deyib, bir tövri-qürur ilə yola düşüb getdi.

Bu da axırıncı ümid! Bu da zəif surətdə işıq verən ümid şəmi ki, təzədən söndü. Mənsur yenə yıxılmaq istəyirdi. Lakin tamam gücünü yığıb, bir an əvvəl həyatını qurtarıb bu cəfalardan xilas olmaq üçün qalxdı. Mütəfəkkir evə girib, dalınca qapını örtdü. Divarda olan xəncəri götürüb sinəsinə qoyaraq, tutqun və dilsiz kəlmələrlə təkəllümə başladı:

– Ah! Zalım zəmanə! Kəcmədar dövran! Bivəfa tale!!! Ey çərxikəcmədar! Əcəba, mənim bu bədbəxtliyimdən sənə bir səmərə varmı ki, məni bu qədər dərdü möhnətə, əzabü əziyyətə düçar elədin? Əcəba, mənim ölümümdən sənə bir səmərə varmı ki, hənuz dünyadan kam almamış, hənuz həyat və səadətin zərrin piyalələrə doldurulmuş şərbətini içməmiş mənə ölüm zəhərini içdirirsən? Əcəba, tamam cövrü cəfa, zülmü əzablarını məndən ötrü saxlamışdın ki, əvvəl yetim, səfil, sərgərdan buraxıb, indi də belə bir bəlaya düçar edibən, məni bir kənara ataraq, yarımı əğyara nəsib edib, qanıma susadın! Ah, zalım zəmanə! Bivəfa Sitarə! Indi rahat olun! Mən dəxi dünyanın şirin-şirin ümidlərini görməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun ki, mən gülzari-fərəhfəzaların, seyrüsəyahətin, vəxti-səadətin, nəvazişi- fərəhbəxşasın layiqincə görməmiş, o ləbiabidarın şəhdi-şərbətmisalın doyunca əmməmiş, dünyaya əlvida deyib gedirəm. Rahat olun! Gəl, gör, Sitarə, xar etdiyin Mənsuru!

Burada Mənsur xəncərin üstünə yıxılmaq istəyir. Sağ ayağını yerdən götürüb, o biri ayağını da üzmək istədikdə birdən dayanır, rəngi dəyişib filfor çöhrəsində bir qələbənin əlaməti zahir olur. Xəncəri yerə çırparaq:

– Yox, yox! Yox! Əcəba, mən özümü öldürməklə zalımların ürəyimi yanacaq? Yox! Əsla! Bərəks əmin qüssə çəkib qəmgin olacaq. Yox! Artıq anladım! Bir dərya ki, mənə boy verməsə, mən ona ümman demərəm. Bir bivəfa ki, məni atıb gedir, mən nə səbəbə ona məhəbbət bağlamalıyam? Qoy getsin, artıq mən onun məhəbbətini ürəyimdən çıxardım. Əlbəttə ki, zəif adamı müsirr xəstəlik daha çox mütəəssir etdiyi kimi, insan nə qədər zəifül-qovl olsa, zəlalət və bədbəxtlik onu daha da artıq tutar. Qoy getsin, artıq elə bivəfalara yalvarmaram. Madam ki, o məni sevirdi, bir biarı görüb məni unutdu, mən nə üçün unuda bilmirəm? Qoy getsin, bəlkə onu orada səadət və xoşbəxtlik gözləyir. Get, ey bivəfa Sitarə, get!.. Artıq mən də səni unutdum. Artıq mən də səni istəmirəm. Sən məni yandırdın, amma mən sənin yanmağını istəməyib, səadətə yetməyini istəyirəm. Get! Dəxi mən də özüməlazım olan yolu tapdım. Bilirəm! Gələr bir zaman ki, mənə də fürsət düşər, sən də mənə möhtac olarsan. O vaxt mən sənə pislik etmərəm. Get, bivəfa Sitarə, get!.. Artıq mən də səndən gözümü çəkib, səni unutdum. Get, xoşbəxt olub səadətə yetəsən! Amma bilirəm ki, bu zülmün cəzasını görəcəksən, get!!!

Burada Mənsur xəncəri yerindən açıb, sanki heç qəmi yox, şad və xürrəm otaqdan çıxdı. Əlbəttə ki, Aslan bunu görüb şad oldu. Mənsur gəzməyə gedib, axşam evə qayıtdı. Artıq Sitarə gözünə sataşırsa, sevgili yar deyil, bir doğma bacı kimi ona baxıb, sanki bacısının ərə getməyinə şad olurdu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri