Mənsur və Sitarə
Səhifə 3 / 4 · 50%
Səhər oldu, toy oldu. O biri gün Sitarə gəlin getdi.
Payızda Mənsur dərsə başlayıb daha da səy etməyə və qeyrətlə oxumağa başladı.
Zaman bir axar çay kimi axıb, illər mürur edirdi. Altı il bu hadisədən keçdi.
1915-ci il may ayının 16-sı idi. Axşam vaxtı Aslanın bağında təqribən 21-22 yaşlarında cavan bir oğlan 19 yaşında gözəl və nazənin bir qız ilə seyr edirdi. Bu bağın lətafəti-təbiiyyəsi oxuculara məlum olduğu üçün, tərifinə hacət yox. Ancaq onu demək lazımdır ki, o vaxtdan gündən-günə bağ daha da dilgüşa və fərəhəfza bir mənzərə alırdı. Bağda gözəl qız ilə oğlan hər ikisi gözəllikdə bir-birinə rəqabət edib, üzləri ay parçası kimi işıq saçırdı. Hər ikisi təmiz və nəfis ağ paltar geyib, bağı seyr edirdilər.
Kimdir bunlar?
Bunlardan biri Mənsur, biri də onun sevgili arvadı Sara idi. Iki il idi ki, Mənsur təhsilini tamam edərək, mühəndis vəzifəsində ildə 18 min manat məvacib alırdı. Bir il bundan əqdəm evlənib gözəl və tərbiyəli bir qız almışdı. O vaxtilə bir bağçanın zərif və rayihədar canlı bir gülü olan Sitarədən gözəllikdə geri qalmazdı...
Ah, yenə Sitarə xatirə düşdü! Bəs heç soruşmursunuz: hanı Sitarə?
Sitarə! O insan cildinə girmiş mələk! Göz gəzdir, bax! Bağın ən qaranlıq bir guşəsində məhzun halda oturub, gəzənlərə tamaşa edir. Əcəba, Sitarə neçin məhzundur? Həmişə bir nəfər bəxtiyar və hökmdar ola bilməz. Dövran bir insanı ucaldıb, ucaldıb, birdən ən yüksəkdən yerə elə çırpır ki, bir də uçmasına çarə tapılmaz. Bəzən də, əksinə, bir insanı illərlə xar edib, birdən yüksəldir.
Budur, üç il bundan qabaq Aslan, sonra övrəti vəfat etdilər. Salman hələ dörd il bundan qabaq ölmüş, hələ o vaxtdan Sitarənin qəlbində olub yanan, amma zəif bir yelin əsməsi şöləsi əyilib müvəqqəti ziyasını əskildən məhəbbət şəmi yenə külək keçəndən sonra şöləsini düzəldib, işıq verməyə başlayır. Sitarə artıq yenə Mənsuru sevirdi. Amma Mənsur! Mənsur əbədilik olaraq ürəyində məhəbbət şəmini ruzi garın təbii badi-havası ilə deyil, öz əli ilə söndürmüşdü. Hələ Mənsur evlənməmiş Sitarə neçə dəfə kağız yazıb demişdi: “Əzizim Mənsur! Mən səni əvvəlki kimi sevirəm! Hərgah məni almaq istəsən, çıxıb sənə gələrəm”.
Lakin Mənsur hər dəfə “yox” cavabını yazmışdı. Bu dəfə artıq Sitarə Mənsurun məhəbbətinə bənd olub, iştiyaqında gəzirdi. Mənsur isə boyun qaçırırdı. Ona görə Sitarə Həsənin evində qalmağa məcbur olurdu. Həsən isə, atasından sonra onun tamam mülki-malını satıb, içkiyə xərcləmişdi. Axırıncı qəpiklərini və ev müxəlləfatını tamamən satıb, qumara qoymuşdu. Hətta iş bir məqama çatmışdı ki, evdə ac qalmışdılar. Sitarə bunu görüb, atasından qalmış həmin mülkü, bağı Mənsura on min manata satmışdı. Həsən onu da az bir vaxtda xərcləmişdi. Hərçənd Sitarə oxumuş qız olduğu üçün özünü dolandıra bilərdi, amma Həsən ona imkan verməyib, gedəndə qapını üzünə qıfıllayıb, gələndə isə açıb içəri girib, yenə də örtərdi.
Budur, Sitarə bir yandan Mənsurun firqət və hicrinə, bir yandan da Həsənin cövrü cəbrinə davam gətirməyib, qaçıb öz əmisi oğlunun yanına gəldi. Mənsur isə onu can və başla qəbul edib, naz ilə bəsləməyə qərar verdi. Amma Sitarənin ürəyində Mənsurun məhəbbəti gündən-günə şölələnib var əzasını yandırırdı. Neçə dəfə xəlvət Mənsura yalvarmışdısa da, o hər dəfə bir tövri-mülayimanə ilə:
– Gözəlim, mən səni ancaq bacı kimi görə bilib, qardaş nəzəri ilə sənə baxa bilərəm, – deyə cavab vermişdi.
Mənsur hər nə qədər ona nəvaziş edərək, min dil ilə aldadır, haman həvayieşqi başından çıxarmaq istəyirdisə də, Sitarə əsla aldanmayıb, həmişə ahü zar edirdi. İndi bu saatlıqda bağın qaranlıq bir guşəsində oturub, iki gəzən cavana tamaşa edib ağlayır.
Odur, Ay çıxıb, Sitarə olan yeri işıqlandırdı. Baxın, hələ iki il bundan qabaq zəriflikdə gül ilə rəqabət edən yanaqlar nə hala düşmüş? Payız yarpaqları kimi sarımtıl bir rəng çalır. Xəzan yeli solduran bir yarpaq kimi solmuş. Baxın, iki il bundan qabaq gördüyünüz o abdar ləblər, o zərif, qırmızı dodaqlar ki, hər baxan, indicə qanı axar deyərdi, indi nə hala düşmüş? Şəhdi zalım zənburun nişi ilə sorulmuş güllər kimi ağarıb qurumuşdu.
Onu da deməliyik ki, hərgah Mənsurun ürəyində məhəbbət şəmi sönmüş olmasaydı, bunların heç birinə baxmayıb, Sitarəni can tək “gəl, gözəlim!” deyə ağuşuna alardı. Lakin Mənsurun ürəyində artıq məhəbbət olmadığı üçün, Sitarə əvvəlkindən də gözəl olsaydı, yenə onu almazdı. Sitarə də Mənsur kimi bu gecə həyat, ya məmat məsələsini həll etmək istəyirdi. Odur ki, məlul-məlul Mənsurun dalınca gedib, danışmağa söz axtarırdı.
Lakin Mənsur onun kimi olmayıb, onu oxşayır, halına yanıb ağlayır, həmişə gəzəndə: “Sitarə, gəl bizimlə gedək”, – deyirdi. Hətta bu gecə də ona onlarla gəzməyi təklif eləmişdi. Amma Sitarə getməyib orada oturmuşdu.
Bir qədər keçdi. Sara Mənsurdan ayrılıb, evə getdi. Mənsur yavaşyavaş Sitarəyə tərəf yönəldi. Sitarə onu görəndə, axırıncı sözünə cavab alıb, müqəddəratını həll etmək, ya səadətlə yaşamaq, ya qəbir evinə getmək üçün ayağa duraraq, Mənsurun əlini əcz ilə tutub, dizi üstə oturub:
– Aman, Mənsur! Məni hicr oduna yandırma! Mənə rəhm et! Mənsur cəld onun əlindən tutub qaldırdı və başını qucağına alıb, oxşamağa başladı. Sitarə isə, bir an əvvəl sözlərini demək üçün əvvəlki qayda ilə qalıb, çuxura düşmüş gözlərini Mənsura dikib:
– Mənsur! Mənsur! Sənin məhəbbətinə bağlanmışam. Mənim həyatım sənin əlindədir. Sən mənim gələcək müqəddəratımı həll edə bilərsən... Mənsur! Insaf et! Razı olma ki, mən 20 yaşında olduğum halda, puç olub qara torpaqlar altına gedim...
Burada Mənsurun gözləri yaşarıb:
– Sitarə məgər mən sənin fəraqında yanmayırdımmı? Məgər mən özüm intihar etmək qəsdinə düşdüyüm zaman sən mənim həyatımı baqi saxlamaq istədinmi? Məgər məni məhəbbət odu yandırmayırdımı?
Sitarə onun sözünü kəsib:
– Mənsur! Günahkaram! Mənə rəhm et! Məni yandırma!
– Gözəlim, indi mən sənin üçün nə edə bilərəm ki, səni bacımdan qeyri bir kəs görə bilmirəm. Mənim ürəyim yumşaqdır. Hicran qəmini çəkib, sənin halına yanır, lakin heç bir çarə!..
Sitarə axırıncı dəfə olmaq qəsdilə sözünü kəsib:
– Mənsur məni yandırma, insaf et, rəhm elə!..
Mənsur heç bir çarə tapa bilmədiyi üçün:
– Gözəlim, mən sənə qanımın bahası ilə xidmət etməyə hazıram, lakin bu işdə məzurəm...
Burada Sitarənin əndamı sustalıb yerə dəydi. Mənsur onu durquzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. Bir azdan sonra Mənsur evə getdi. Get-gedə Mənsur keçmişləri düşünüb, gözləri yaş ilə doldu. Əmisi qızının intihara qəsd etməsindən qorxub evə girdi ki, bəlkə Saradan rüsxət almağa müvəffəq olub, yetim əmisi qızını bu dərddən xilas etsin.
Lakin Mənsur gedən kimi Sitarə həyatından bezikmiş, zəlil bir halda durub, ağlaya-ağlaya hündür çinar ağacının yanına gələrək, ağaca dırmaşdı. Bir budağın üstə oturub, bir qədər ağlayandan sonra, şərfin boğazından açıb buraraq, bir ucunu ağacın budağına, bir ucunu da ilmək eyləyib öz boğazına salıb, budaqdan asılmaq istədikdə, gözü ağacın altında, hovuzda üzən balıqlara sataşıb dayandı. Gözləri yaş ilə dolub, tamam keçmiş günləri gəlib gözünün qabağında durdu. Ürəyininən dərin guşəsindən bir ah çəkib:
– Ey bivəfa dünya! Ey bivəfa tale! Sən də bietibarmışsan ki, iti tilovun ucuna keçirdiyin bir parça ləziz təamına aldanıb toruna düşdüm. Sən insana mərhəmət edən olmayıb, zalım bir səyyadsan ki, insanları aldadıb, öz toruna salırsan! Əcəba, belə də zülm olar ki, beşgünlük səadətlə məni məğrur edib o qədər yüksəyə qaldırdın ki, tamam insanlar gözümdən qeyb oldu. O zaman mən özümün ərşiəyala merac etdiyimi zənn edib, sənə təşəkkür edirdim. Lakin heyhat!.. Bilməyirdim ki, sən məni o qədər yüksəyə məhz ondan ötrü qaldırırsan ki, yerə çırpıb bir də hərəkət iqtidarımı əlimdən alasan. Zalım! Elə də etdin! Mənim uçağanlarla bəhs etməyə qadir olan qanadlarımı sındırıb, quyu dibinə saldın. Ah, hanı o günlər ki, həmin çinar ağacının dibində Mənsur ilə gəzib, şad bir həyat sürürdük? Hanı o günlər ki, bu ağacın dibində Mənsur ilə əhd bağladım? Indi mən Mənsuru əsla təqsirkar etmirəm. O zaman mən, mən, mən bədbəxt o qədər məğrur oldum ki, əhdimi sındırdım, onu yandırdım. Indi də özüm yanıram! Hanı o günlər ki, bu güllərin arasında gəzib bülbüllərin həzin nalələrini, özümü güldən də daha zərif bildiyim üçün, mənimsərdim. Keçdi, keçdi!.. Keçən keçdi, daha geri dönməz! Ah, bivəfa dünya! Artıq sənin etibarını görüb səndə dolanmaq istəmirəm. – Durur. – Əlvida, ey içində bəxtiyar günlər keçirdiyim bağça! Əlvida, ey gecə-gündüz həmnişinim olan güllər! Gecə-gündüz nəğmələrini eşitdiyim bülbüllər! Əlvida, ey mayeyi-sürurum və tamaşa nöqtəmin ən qiymətliləri olan xırda balıqlar! Əlvida, ey çinar ağacı! Sənin dibində bəxtiyar günlər keçirib əhd bağladım. Indi də həmin əhdi sındırmağımın cəzasıdır çəkirəm! Əlvida, ey əvvəli mayeyi-sürur və iftixarım və axırda baisi-rəncü həlakətim olan gözəllik ki, bundan sonra qara torpaqlar altında məhv və pərişan olub gedəcəksən! Əlvida, bu hilali-pərtövnizar! Əlvida, ey məhəbbəti yolunda həyatını tərk edib qurban olduğum Mənsur! Dəxi mən öldüm! Əlbəttə, məğrur, mütəkəbbir və əhd sındıranın axırı budur ki, iyirmi yaşında olduğum halda ölürəm! Ah, zalım zəmanə! Indi sakit ol!!!
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-mensur-ve-sitare
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Başqa şairlərin şeirləri
İki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Gəraylı: Könül, gəl sevmə xublarıKönül, gəl sevmə xublarıƏzəlcə bay edər səni
BayatılarƏzizim, yüz il məni,Xalına düz ilməni.