Müfəttiş
I
Dünəndən bəri bu işi aydınlaşdırmaq üçün tələsik-tələsik yürüyən, həyat çovğunundan qansız dodaqlarını gəmirən Həmid indi birdənbirə özünü itirmiş, şaşqın və ürkək bir halda durub baxırdı. Zatən həmişə Həmid nagəhani və gözlənilməz bir hadisəyə təsadüf edincə, bir neçə saniyə hərəkətsiz durub donuq-donuq qarşıya baxar və birdənbirə yerindən tərpənib, qəti və cəld hərəkətlərlə bir iş görərdi.
Fəqət bu dəfə öylə deyildi, bütün varlığını müdhiş bir həyəcan bürümüş, bütün bədəni anlaşılmaz bir iztirab içində titrəyirdi. Ilk görüşdə bir dəhşət içində iri gözlərini və böyük ağzını ayırıb, cəld bir hərəkətlə geri fırlanmış və boğulurmuş kimi, bir dəqiqə dərin-dərin, fəqət kəsmə-kəsmə nəfəs almışdısa da, indi heç bir şey düşünmürmüş kimi, mənasızcasına durub qarşıya baxırdı. Ancaq bu görkəmi Həmid öz halını gizlətmək qəsdilə güclə yaratmışdı. Diqqətli bir göz isə onun bütün varlığında dəhşətli bir iztirab çırpındığını aydın görərdi. Bəzən çöhrəsi ölü üzü kimi saralır, bəzən qızarır, bəzən də başı hərlənirmiş kimi, yerindən tərpənirdi.
Doğrudan da, Həmid bir saniyə dəli kimi olmuşdu. Hərdən qan beyninə hücum edir, gözlərini dəlirdi. Ağır və müdhiş bir şey onun ürəyini öylə sıxırdı ki, bəzən az qalırdı yerə çırpılıb özündən getsin, ancaq bütün qüvvət və iradəsini toplayıb saxlayırdı. O bilirdi ki, qadın deyən sözlərin hamısı doğrudur. Indi isə tamamilə inanırdı.
Evdəkilər bu halın nədən irəli gəldiyinə təəccüb edirdilər, fəqət bununla bərabər, nə isə fəna bir şey olacağını duyurdular. Bu aralıq Həmid ufaq bir hərəkətlə çiyinlərini tərpədib, düşünmədən, daha doğrusu, özü belə hiss etmədən biixtiyar: “Bəli, bədbəxtlik”, – deyə inildədi. Çox
keçmədən Həmid kəndini toplamışdı, zatən əvvəldə fövqəladə bir sürətlə haldan-hala girir və simasındakı dəyişikliklər tələsik bir-birini təqib edirdi. Artıq bir şey kəsdirmiş kimi, sərt bir hərəkətlə cəld başını qaldırdı. Dəminki tərəddüd, şaşqınlıq və iztirab büsbütün itmişdi. Indi Həmid hərəkətlərində sərt, ciddi və qəti bir hal almışdı.
II
Günün yalnız gün batanda qalmış sarımtıl saçaqları getdikcə azalır, yerinə vərəmli bir sarılıq, daha doğrusu, yüngül bir qaranlıq qonurdu. Ara-sıra sərsəm bir yel əsir, harada isə uzaqlarda qapıları çırpıb taqqıldadır, hava qaraldıqca ətrafı anlaşılmaz bir kədər bürüyürdü. Sərsəm küləyin kobud vıyıltısı, yarpaqların yüngül xışıltısı, dəniz dalğalarının uzaqdan gələn tutqun xumurtusu bir-birinə qarışıb, bulanıq bir gurultu ilə aranı doldurdu. Hava elə tutqun və bulanıq idi ki, gizli bir qüssə insanın ürəyini sıxırdı. Xüsusən qapıların bir-birinə oxşar, fəqət nizamsız eşidilən səsi Həmidin sinirlərini didirdi. Dərin bir ahla qalxıb pəncərəni örtdü, yenə ölgün bir hərəkətlə çox da təzə olmayan sandalı üzərinə oturunca, otaq həm qaranlıqlaşdı, həm də birdən-birə səs-səmir kəsildi. Ağır və tutqun bir qüssə, daha doğrusu, dumanlı bir xatirat Həmidin ürəyini əzirdi. Onsuz da arıq üzü ruhunu didən sıxıntılardan bir qədər də qırışmış olduğundan, uzaqdan baxınca, bütün sarımtıl, zəif simasında dərin bir əzab gözə çarpırdı. Düyünlənmiş alnından çəkilmiş üç dərin cızıq burnunun sonunadək yumruluqla birləşib, dolaşıq yollarla aşağı-yuxarı, kələ-kötür qaşları içində dağılıb itirdi.
III
Həmid xatırlayırdı. Bütün keçmişlər bir-bir yadında deyildisə də, onu ən çox sevindirən, ya ən çox acındıran, ümumiyyətlə, çocuq zehninə ən çox təsir etmiş və fikrində yerləşmiş ayrı-ayrı, qırıq-qırıq, fəqət mühüm nöqtələr yadında idi. Çocuqkən çəmənli-çiçəkli bir köydə yaşayırdılar. Gözəl bir bağçaları var idi. Qonşu çocuqlarıyla aydınlıq gecələr bağçada gizlənqaç oynardı, gündüzləri çox vaxt göy içərisindən xəfif bir şırıltıyla qənbərlər üzərindən sürüşərək axan göz yaşı kimi dumduru suyun içinə girib, çırp-çırp əllərini suya çırpardı. O zaman büsbütün qəmsiz, qayğısızbir xoşbəxt idi.
Bir gün ufaq çayciyin içində oynarkən bacısı ağlayaraq gəlib onu bağrına basdı.
– Can, yetim qardaşım, atasız qardaşım! – deyə üzündən sıxı-sıxı öpüb evə apardı. Qapılarında qonşuları toplanmışdılar. Böyük qardaşı Bağır boğazına bağladığı yaylığı əlində, yaxası açıq, yerə uzanmış atasının başı üzərində durmuşdu. Atası qanlara bulaşmış bir qapı tayı üzərində uzadılmışdı.
Onu düşmənləri öldürmüşdülər. Bacısı ağlayaraq, atasının üstünə yıxılınca, o da bacısı kimi etmək istədi, bir kaç arvad onu tutub, üzündən öpərək, başını sığalladı, onu oxşadı. Bundan sonra artıq onu gəzməyə qoymurdular. Kimsəsiz və gücsüz, düşmənləri isə əqrəbalı olduğundan, qardaşı bir neçə vaxt şikayətə getdi. Fəqət bir gün zəngin düşmənləri para ilə işi batırdılar deyə, daha şikayətdən əl götürdü. Bir il keçməmiş həmin düşmənləri bacısını götürüb qaçdılar. Qardaşı divandərəyə müraciət etdisə də, yenə bir gün düşmənlərinin pul gücü ilə qalib gəldiyini söylədi. Nəhayət, o, kənddə qala bilməyəcəklərini düşünüb, bir dəfə
Həmidi bir öküz, arabasına mindirib, Lənkərana götürdü, oradan da vaporla Bakıya gəldilər.
Bağır özü dəmirçixanada işə girib, Həmidi isə məktəbə qoydu. Təxminən 7-8 yaşında ikən bir gün axşam ufaq daxmalarına girəndə gördü ki, qardaşı həmişəki kimi qaşıq əlində ocaq üstünə qoyulmuş hisli bir qazançanın qabağında oturmuş, fəqət gözlərindən yaş tökülür. Sabah dəftər almaq üçün pul istədikdə, qardaşı qalxıb onun başını bağrına basaraq, gözlərindən öpüb:
– Yazıq bala, bundan sonra mənim bütün ümidim sənədir, – dedi. Sonra Həmid bacısının dərd-qəmdən vərəmləyib öldüyünü eşitdi.
IV
Neçə il idi Həmid məktəbdə oxuyurdu. Bağır onun üçün həm ata, həm ana, həm bacı, həm də qardaş idi. Heç bir qardaş öz qardaşına belə baxmazdı. Bağır gündüzləri işləyib, gecələri də xörək bişirir, nə qədər özü yorulsa da, Həmidin heç bir sıxıntı çəkməsinə yol vermirdi.
Yoxsulluq onları çox sıxırdı. O zamanlar Həmid qardaşının əzab və sıxıntı çəkdiyini və bütün ümidini yalnız ona bağladığını görüb, ürəyində çox vaxt qət edib and içirdi ki, böyüyüb bir qulluğa girincə, qardaşını büsbütün işləməyə buraxmayıb, özü işləyəcək, qardaşını rahat dolandıracaqdır.
Gün keçir, Həmid böyüyürdü. Indi on yeddi yaşında idi. Məktəblilər arasında ən çapqın və sözüötər bir çocuq idi.
Düz iki il idi ki, Həmid Moskvanın qocaman yapıları, geniş soqaqları arasında gecə-gündüz çalışırdı. Iki il bundan əvvəl Bakı mütəəllimlərinin məktəb komitəsi tərəfindən kitab almaq üçün Moskvaya göndərilmiş Həmid 17-ci il sentyabr hadisəsindən sonra yollar kəsilincə, orada qalmağa məcbur olmuşdu.
Heç bir vaxt həyatla üzbəüz çıxmamış və həmişə müşfiq bir qardaşın qanadı altında böyümüş Həmid indi birdən-birə qürbət bir ölkədə özünü kimsəsiz görüncə, əvvəl əldə özünü itirdi, vətənini düşündü, sanki məchul bir yerdən bir yardım, bir çarə gözləyirdi. Fəqət qopardığı iniltilərə qarşı həyat mübarizəsinin geniş cövlangahı olan Moskvanın sərt ruzigarı arasından zindanlara çarpan ağır çəkiclərin gurultusundan və ara-sıra partlayan topların parıltısından gözlərini qırpımsız qarşıya dikdiyindən və ara-sıra dərin bir ah, ya yüngül bir təbəssüm dodaqlarını titrətdiyindən, düşündüyü bilinirdi. Bəli, düşünürdü. Həm də çox uzaq, dərin keçmişləri xatirinə gətirirdi. Otaq alaqaranlıq idi. Bu aralıq döşündən qırmızı bir lenta asılmış bir milis nəfəri içəri girib, dinməz lampanı yandırıb, pəncərənin pərdəsini endikdən sonra ehtiyatlı bir görkəmlə çıxdı. Həmid bir an üçün başını qaldırıb, çaşqın bir baxışla ətrafı süzdü. Divarlar alapələng kağızlarla örtülmüş, ortada təzə üzündəki ağ kağızı mürəkkəblə ləkə-ləkə boyanmış böyük bir miz durmuşdu. Ətrafında üç stul vardı, qapının girəcəyində döşəmənin rəngi ayaq sürtünməsindən ağarmış, divarda üç rəsm vardı. Simalar tanıdığı inqilab qəhrəmanları olduğunu gördüsə də, ayrı-ayrı kim olduqlarına fikir vermədi, çünki xatirat onu yormuş olduğundan bir növ ayıla bilmirdi, o bilaixtiyar düşünmək istəyirdi, onun üçündür ki, tez başını arxaya atıb, gözlərini bir nöqtəyə qırpımsız dikərək, yenə düşüncələrə daldı. Düşünürdü. Bütün keçmişləri, hətta beş yaşından
bəri başına nələr gəlmişdisə, hamısı birər sinema lentası kimi gözündən gəlib keçirdi.
Başqa bir şey eşidilmirdi. Bu hal bir qədər davam etdi. Həmid, beləliklə, heç yerdən bir çarə, heç kəsdən bir yardım görmədi, get-gedə yoxsulluq onu məngənə kimi sıxır və həyat mübarizəsinə məcbur edirdi.
Ehtiyac insanın amiridir. Qürbət ölkə, kimsəsizlik... ehtiyac... Artıq Həmid hər bir şeydən ümidini kəsib, öz əməyi ilə, öz zəhməti ilə özünü dolandırmaq üçün çalışmağa başladı.
Çox çəkmədi ki, özünü itirmiş və donub qalmış Həmid yaşayış yollarını öyrəndi. Çalışırdı.
Inqilab mərkəzi olan Moskvanın siyasi tufanları arasında iki il sürdüyü həyat ona əsər etməyə bilməzdi.
Həmid indi gecələr əvvəlki kimi məktəb dərslərini deyil, bütün dünya siyasətini düşünür və bu siyasət arasında vətəndaşları üçün nicat yolu arayırdı. Bununla Həmidin bir millətpərəst olduğu anlaşılmasın. Iki il bilaaram qəzet sütunlarından, əhalinin ağzından, əsgərlərin mahnı səsindən, hətta topların səsindən, moskitlərin vızıltısından, çəkiclərin cingiltisindən belə gözlərinə, qulaqlarına çarpan “internasional” sözü onun iliklərinə işləmiş, tam mənasilə bir beynəlmiləlçi olmuşdu. Fəqət gizli bir hiss onu həmişə Qafqaziyanın yaşıl dağlarına doğru çəkirdi. O bilirdi ki, bütün millətlər arasında zavallı vətəndaşları ən geri qalmış bir xalqdır. O, bilirdi ki, vətənində zəhmətkeş xalq onun biliyinə, iki ildə aldığı təcrübələrə, onun qüvvətinə və çalışqanlığına möhtacdır. Bütün qüvvətini, biliyini bu zavallı xalq yolunda işlətmək arzusu onu həmişə vətəninə doğru sürükləyirdi. Xüsusən qardaşını çox görmək istəyirdi, kölgəsində böyüdüyü və özündən çox sevdiyi qardaşını xatırlayınca, Həmid bir quş kimi qanadlı olmasını arzu edirdi. Bu aralıq Moskva radiosu Azərbaycanda inqilab xəbərini
ildırım kimi bütün Moskvaya yaydı. Ilk vaporlar Həmid Bakıya doğru yola
düşdü. Vapor Bakı əskələsinə yanaşınca, Həmid göyərtədə bir sevinclə çocuqluğunu keçirdiyi altun yurdu Bakıya baxırdı.
İki il bundan əvvəl, sadəcə, buraxıb getdiyi Bakıya o indi başqa bir əhəmiyyət verirdi. O indi ona siyasi və hərbi nöqteyi-nəzərlə baxır, onu bütün Şərq inqilabının qapısı kimi görürdü. Xüsusən bu şəhərin divarları arasında keçirdiyi məktəb həyatını, çocuqluq günlərini düşündükcə, hissiyyatı daha da coşur, doğma bir ruzigar saçlarını oxşa-
dıqca, vapordan enmək, Bakının torpaqlarını öpmək istəyirdi. Çəkilməz bir ehtiyac içində buraxıb getdiyi əziz qardaşını düşününcə, körpüyə yanaşmaq üçün yavaş-yavaş yürüyən vaporun tənbəlliyindən darıxıb, suya atılmaq, tez özünü qardaşına yetirib boynundan sarılmaq, öpmək istəyirdi. O bilirdi ki, qardaşı onun sağ olduğunu görüncə sevinəcək. Hələ də qardaşını görüncə, özünün nə qədər sevinəcəyini təsəvvür edə bilmirdi.
Doğrudan da, Həmidin çalışqanlığına, təcrübəsinə və gənc qüvvəsinə ölkəsində ehtiyac yox idi. Gələn kimi vəzifə başına keçdi. Bir az keçincə, Həmidin doğruluğu və çalışqanlığı vəzifəsinin çoxluğuna səbəb oldu. Onu məmləkət idarəsində ən məsul bir vəzifə olan IşçiƏkinçi Müfəttişliyinə təyin etdilər.
Neçə gün idi ki, Həmid müfəttişlikdə işləyirdi, bir dəqiqə rahatlıq bilmirdi, gecə-gündüz çalışır, çalışır, yenə çalışırdı. Bu zəhmət və çalışmaq Həmidi nə qədər sevindirirdisə, qardaşını görməmək o qədər acındırırdı.
Neçə gün idi Həmid arayır, qardaşından bir xəbər bilmirdi, Bağır harada isə itmişdi. Bu aralıq Lənkərandan Həmidin yanına ixtiyar bir qadın gəlib...
Kitabxana.az · https://kitabxana.az/works/cabbarli-mufettis
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Türk Bədaye Teatrının ümumittifaq teatr olimpiadasında iştirak etməkdən məqsədi on il içərisində teatr sahəsində əldə edilən müvəffəqiyyətləri və təcrübələri olduqca geniş bir surətdə göstərmək, başqa teatrların fəaliyyətinə diqqət yetirmək, onların gördüyü işlərlə ətraflı surətdə tanış olaraq mənimsəmək, nöqsanları meydana çıxarmaq, aradan qaldırmaq, müvəffəqiyyətlərdən isə istifadə ilə gələcək yol təyin etməkdən ibarət idi. Olimpiadanın böyük siyasi əhəmiyyəti haqqında danışmaq belə artıqdır. Teatrın ilk çıxışı Leninqradda oldu. Şərq xalqları evində, “Kraskaya qazeta” müxbirləri klubunda, İncəsənət işçiləri evində, alman işçi teatrı və Leninqrad teatrları ilə düzələn rabitə gecələri, teatrın Putilov zavoduna getməsi və sairə böyük siyasi bir nümayiş halını aldı. Ən böyük qardaşlıq həmrəyliyi nümayişi türk-tatar teatrının, tatar, özbək, türk teatrlarının Qızıl Tatarıstan mərkəzində görüşməsi oldu.Türk Bədaye Teatrının istər Leninqrad, istərsə də Kazandakı böyük müvəffəqiyyətləri, istər Leninqrad, istərsə də Kazan mətbuatı və xüsusən teatr mətbuatı tərəfindən çox aydın göstərildi.
Türk Bədaye Teatrı yeni yol iləTürk Bədaye Teatrı, öz mövsümünü oktyabrın 16-da “Bomba” pyesi ilə açır. Teatrın bu mövsümü, işdə kafi bir dəyişiklik yaradılması şüarı altında başlayır.Yayda teatr Şuralar İttifaqında qastrollar vermiş və 1-ci olimpiadada iştirak etmişdir. Odur ki, teatrın yeni mövsümə hazırlaşması üçün vaxt az olmuşdur. Olimpiadanın nəticəsində teatr yeni qüvvə almış və göstərilən nöqsanları aradan qaldırmağa başlamaq istəyir. Bu arzu teatra qısa bir zamanda böyük işlər görməyə imkan vermişdir.
Q.Edelmanın konsertləri haqqındaDemək olar ki, incəsənətin elə bir sahəsi yoxdur ki, estrada pianoçuluğu kimi özünəməxsus xüsusiyyətlərə malik olsun.Saçları hədsiz uzun olan ifaçı ehtiraslarının ilhamı altında saçlarını əsdirərək atletikcəsinə (üslünlüklə) çalmaq qabiliyyəti, ifa etdiyinin mahiyyətini üzə çıxarmaq əvəzinə sonsuz canfəşanlıqla “parıltı” dalınca qaçır, repertuarının 90 faizi akrobatik xarakterli musiqi “şaxşax”ından ibarət olması, bunların arxasınca əsl musiqi məzmununun bütöv yoxsulluğu və bunun nəticəsində virtuozçuluğun müəyyən bir qəlib kimi məqsədə çevrilməsi – budur indiyədək tanıdığımız “ideal” estrada pianoçusu.
“Gülən adam”ın əhəmiyyətiTürk Bədaye teatrosu qarşısında duran mühüm məsələlərdən biri də türk tamaşaçılarını klassik ədəbiyyat nümayəndələri ilə tanış etməkdir. AHİŞ mədənimaarif bölməsi yanında çağırılmış teatro müşavirəsi də Türk Bədaye teatrosuna bu tanışlığı vermişdir.İngiltərə, Almaniya, Rusiya və sairə klassiklərinin, demək olar ki, bütün görüklü nümayəndələri teatronun səhnəsindən keçmişlərdir. Molyerin əsərləri ilə Fransa komediyası göstərilmişdir. “Gülən adam” pyesinin Türk Bədaye teatrosunun səhnəsində qoyulması, teatronun bu yolda apardığı işlərin gedişi və teatronun ümumi inkişaf zəncirinin bir halqasıdır.