Sular elə bulanıb ki,Çirkin, təmiz bilinməyir…Aylar elə dolanır ki,Gecə-gündüz bilinməyir…

Nə bir pərdə, örtük qalıb,Nə dərddə bir dərdlik qalıb,Nə mərddə bir mərdlik qalıb,Nə oğlan-qız bilinməyir…

Qəlblərdə qübar bitibdir,Namus, qeyrət, ar itibdir,Bütün meyarlar itibdir,Yaxşıyla pis bilinməyir…

Ömrümüz qorxulu, gərgin,Başlayıb bir hərki-hərki…Özbaşnalıq, hərc-mərclik,Əyriylə düz bilinməyir…

Hamı böhtan dağarcığı,Ləkələnib xalqın çoxu,Ayıran yox kimdir, axı,Haqlı-haqsız bilinməyir…

Çəkişmələr yorub bizi,Öz gülləmiz vurur bizi,Düşmən çoxmu qırır bizi,Ya özümüz bilinməyir…

Bütün vicdanlar xəstədir,Bütün satqınlar səsdədir,Qardaş qardaşa qəsd edir,Ögey-əziz bilinməyir…

Millət çox bala itirib,Şuşa tək qala itirib.Görəsən, hara gedirik,Bu yolla biz, bilinməyir?

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri