Mənə sözün, ixtiyarın verdi yaradan,Dedi:-sənə ilham, qələm qoy kömək olsun,Məni başa düşmədilər bu zamanədə,Axı, başa düşmək üçün baş gərək olsun.

Durub dövrə yalmanmadım, züy tutmadım, yox,Külək hansı səmtə əsdi, ora əsmədi...Şair haqdan yaranıbdır, unutmadım, yox,Gündən-günə özümə bir allah gəzmədim...

Mən xəyanət eləmədim şerə heç vədə,Onu vara, şan-şöhrətə xırdalamadım...Ünvanıma min söz dedi hər gədə-güdə,Heç birini saya alıb qurdalamadım...

Öz irnamım, öz məsləkim oldu həmişə,Öz sevincim, öz kədərim, öz qəmim oldu.

Söz şairə əqidədir, yoldur həmişə,Sözə xain çıxanlara söz qənim olsun...

Poeziya oldu qibləm, ilahim,Onun üçün çox şeylərdən pəhriz saxladım.Şairliyin uca tutdum adını daim,Onu ana südü kimi əziz saxladım...

Anam getdi, o anamı eylədi əvəz,Bacım getdi, şer mənə bir bacı oldu.O mənimçün könüllü həbs, könüllü qəfəs,Həmi dərdim, həm də əsl əlacəm oldu...

Pulsuz oldum, amma ruhsuz yaşamadım mən,Söz dövlətim, söz zinyətim, söz daşım oldu.Ölüm ömür yoldaşımı aldı əlimdən,Poeziya mənə ömür yoldaşı oldu...

Yaxşı gündə sayarlarmış demə adamı,Eh, neçəsi qardaş dedi mənə yalandan...Yaman gündə hamı qaçdı arxamda, hamı,Təkcə cəsur sətirlərim durdu dalımda...

Bir ilhamım, bir də sözüm atmadı məni,Dedilər ki, səninləyik, fikir eyləmə...Onlar heç vaxt yüngül, ucuz tutmadı məni,Elə əsl dostlarım da onlarmış, demə...

Sözüm daha sərrast oldu, tutarlı oldu,Ətəyimdən yapışdı o sanki yüz əlli...Mən balaca kasıbladım, o varlı oldu,Mən balaca ruhdan düşdüm, o ruha gəldi...

Zalım, nankor zəmanənin yaxşısı, pisi,Aşkar, gizli çökdü mənim sətirlərimə.Elə bil ki, vəcdə gəlib tanrının özü,Öz əlini çəkdi mənim sətirlərimə...

Əsla bitib-tükənmədi söz əmanətim,Yollarıma gecə-gündüz o tutdu məşəl.Amma məni duymadılar bu zəmanədə,Yəqin ayrı zəmanədə başa düşürlər...

Ürəklərə toxum səpdin, vermədi səmər,Ha çağırdım yatan kütlə sanma ayıldı...Söz sayıldı vecsiz, cəfəng sərsəmləmələr,Köhnə, cındır ibarələr şey sayıldı...

Belə yalan-palanlara kütlə inandı,

Bir də kütlə millət deyil, xalq deyil, axı,Nə edəsən zəmanə də ağır zamandı,O da ayırd eləmədi haqqı-nahaqqı...

Nə qədər ki, ruh yaşayır can var bədəndə,Dəyişməzdir şerim, fikrim, əqidəm, səsim...İstəmirəm bu dünyadan bir gün köçəndəQara kütlə tabutumun dalınca gəlsin...

Başsız qoyun sürüləri dünyada nə çox,Qoy iki-üç qanan adam ötürsün məni...Qoymazsınız, qoymazınız balalarım yox,Çirkin əllər tabutumu götürsün mənim...

Gec-tez sona çatacaqdır ömür nağılı,Gedəcəyəm bu dünyadan şer dilimdə.Gedəcəyəm ən birinci oğullarımın,Bir də, bir sözlərimin çiyinlərində.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri