Siz hələ dəhşətə, təzada baxın,Adi pivə satan şairi saymır.Tamam zəmanən çıxıbdır ağı,Cüllüdlər, qarğalar şairi saymır.

Çoxalıb namərdlər, ipiqırıqlar,Sanki ürəklərə qıfıl vurublar,Şer höccələyən colma-cocuqlar,Böyük Fizulini, Sabiri saymır…

Bir vaxt bəşər özü bir Allah idi,Rəiyyət rəiyyət, şah da şah idi,İndi bir fırıldaq dükan sahibi,Dükanına gələn dahini saymır…

İnsana nə etsə, məhv insan edir,Adam var könlü pərişan edir,Yanında anası ah-fəqan edir,Doğma anasının ahını saymır…

Əyri qəh-qəh çəkir doğruya, düzə,Qiymət verən yoxdur yaxşıya, pisə,Millətlər düşməntək durub üz-üzə,Bir xalq o birini daimi saymır…

Bir sən sayan vardır, bir fələk sayan,Şair, ömür keçir, fikirləş, dayan,Getdi ömür dostun, təkləndin daha,Ta kimsə bu tənha Cabiri saymır…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri