Ən dözülməz ağrılara, əzablara tab edirəm,Şeytandan ümid umuram, iblisə xitab edirəm,Ürəyimin al qanını döndərib şərab edirəm,Başıma çəkib içirəm səni unutmaqdan ötrü,Arzumu kəsib-biçirəm səni unutmaqdan ötrü…

Röyalara meyl edirəm bəlkə yadımdan çıxasan,Gözlərimi qırpan təki görürəm mənə baxırsan…Sən həqiqətin özüsən, ya xəyalısan, yuxusan,Öz-özümlə döyüşürəm səni unutmaqdan ötrü,Qabıq verib dəyişirəm səni unutmaqdan ötrü.

Köksümü cırıb açıram ayrılığın küləyinə,Bütün keçmiş keçənləri xəlbirləyib ələyirəm.Qaşıq-qaşıq istiotu əndərirəm xörəyimə,Acı-acı gülüşürəm səni unutmaqdan ötrü,Hicran ilə öpüşürəm səni unutmaqdan ötrü…

Ayla həmfikir oluram uzun-uzun gecələri,Gündüzləri sağa-sola hey ölçürəm küçələri,Otağımda gizlənirəm sındırırsan pəncərəmi,Ünvanımı dəyişirəm səni unutmaqdan ötrü,Daha nə yollar düşünüm səni unutmaqdan ötrü…

Çözələnir xatirələr, könlüm, ruhum qubarlanır,Tarım durur əsəblərim, enir, qalxır damarlarım,Su verirəm meynələrə, mis vururam divarlara,Zülmət quyuya düşürəm səni unutmaqdan ötrü,Sinəmi söküb deşirəm səni unutmaqdan ötrü.

İş olmayan yerdə belə özümə iş gördürürəm,

Qışda qar təmizləyirəm, yayda milçək öldürürəm,Bütün sək-rəqibləri öz üstümə güldürürəm,Hey haldan-hala düşürəm səni unutmaqdan ötrü,Ürəyimlə ötüşürəm səni unutmaqdan ötrü.

Səndən qeyri nə vurğunam, nə möhtacam kimə isə,Səndən qeyri olmasa da ehtiyacım kimə isə,İstəyirəm ürəyimi qəsdən açım kimə isə,Yalandan eşqə düşürəm səni unutmaqdan ötrü,Mələklərlə «görüşürəm» səni unutmaqdan ötrü…

Gözümdən çətin gedəsən gözümə qor dolmayınca,Canımdan çətin çıxasan canım rahat olmayınca,Son ümidim, son pənahım o dünyaya qalıb ancaq,Bu dünyamı dəyişərəm səni unutmaqdan ötrü,Ölümə elçi düşərəm səni unutmaqdan ötrü…

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri