Səhifə 1 / 2

-Son dərəcə zərafət və nəfasətlə süslənmiş bir oda... Sağda, solda və qarşıda birər qapı... Sokağa baqar iki pəncərə, gündüz... Alagöz sinirli və düşüncəli bir halda masa qarşısında oturmuş; çəkməcədən bir taqım məktublar çıqarır, birər-birər yırtar və masa altındakı səbətə atar.*

A f ə t (bənzi soluq, saçları pərişan, əlində iki məktub gəlir). Nə yapıyorsun, yavrum? Niçin şu məktubları yırtıb atıyorsun?
A l a g ö z. Çünki keçmişləri unutmaq istiyorum.
A f ə t. Yazıq deyilmi ya! Onlar həp əziz və qiymətli xatirələr...
A l a g ö z (birini daha yırtıb atar). Əvət, əziz və qiymətli xatirələr!.. Həp yalan pərəstiş və məhəbbətlər, həp yaltaqca nəzakətlər!..
A f ə t (təbəssümlə). Qadın ruhunu oqşayan bir şey varsa, o da yalnız məhəbbət və pərəstişdir.
A l a g ö z. Nə yapayım ki, yeni həyatə girmək için əskilərə vidaetməliyim.
A f ə t. Madam ki, əskilər səni sıqıyor, al, yenilərini oqu! (Məktubları verir).
A l a g ö z. Şübhəsiz, yenə əski təranə, yenə eyni əfsanə. (Birinci məktubu açıb baqar).
A f ə t. Fəqət bu anlaşılmaz hallarınla bəni xərab ediyorsun, xəstə vücudum gündən-günə məhv olub gediyor.
A l a g ö z (məktubu oquduqdan sonra sinirli). Ah, nə münasibətsiz hallar!..
A f ə t. Nə imiş, əcəba?..
A l a g ö z. Hiç... Öylə bir şey deyil... (İkinci məktuba baqar).
A f ə t. Alagöz, Alagöz! Niçin qəlbini bana açmıyorsun?
A l a g ö z (sarsılmış bir halda). Aman, ya Rəbbi! Bu da öylə... Bu da zəhərli bir oq, bu da kəskin bir xəncər!..
A f ə t. Nə yazıyorlar? Niçin söyləmiyorsun?
A l a g ö z (məktubları əlində bürüşdürüb səbətə atar və yerindən qalqıb qarşı qapıya doğru ilərilər, acı təbəssümlə). Bana tapınanlar şimdi sərzəniş yapıyorlar; bəni təqdis eyləyənlər şimdi təhqir ediyorlar. Qapıyı qapayıb çıqar. Afət məktubları səbətdən alır, təlaş ilə baqar. Digər çəkməcəyi açıb bir ufaq revolver çıqarır, diqqətlə süzər, alnını nişan aldığı sırada, qarşıkı qapı parmaq ucilə vurulur. Silahı gizlədib qapıyı açar, doktor Q a r a t a y daxil olur.

A f ə t. Ah, sənmisin?.. Gəl, baqalım, səni bəkliyorum.
D o k t o r (onun əlini öpər). Afət! Sən xəstəmisin?
A f ə t. Əvət.
D o k t o r. Əfv edərsin, şimdiyə qadar bu xüsusda mə’lumatım olmamış...
A f ə t (acı təbəssümlə). Təbii, ağ günə çıqanlar qara günlüləri düşünəməzlər. Dügün hazırlığı yapanlar talesizlərin halını biləməzlər.
D o k t o r. Sən pək sinirləniyorsun, bu hal həm kəndini, həm Alagözü bədbaxt edər.
A f ə t. Alagöz bəxtiyar idi, əvət onu bən bədbaxt etdim. Fəqət bəni də məhv edən yalnız sən oldun, sən!..
D o k t o r. Xayır, bil’əkis, sən açıq-saçıq hallarında kəndinə qıydın, kəndi nəfsinə xəyanət eylədin.
A f ə t (acı qəhqəhə ilə). Halbuki tatlı dillərlə qandıran sən... Qoca qatili yapdıran sən... Çıqılmaz yollara sapdıran yenə sənsin (qızğın və sinirli). Öncə miskin bir kölə kibi qarşımda diz çökdün, boyun bükdün; fəqət sonra bəni atdın, başqalarını tutdun. Gah rəqqasələrə vuruldun, gah Altunsaçı buldun... Ah, şimdi, şimdi isə bəni təhqir ediyorsun, bəni qəbahətli çıqarmaq istiyorsun.
D o k t o r. Afət! Bəni buraya niçin çağırdın?
A f ə t. Səni sevdiyim için, sana pərəstiş etdiyim için.
D o k t o r. Ah, nə yaldızlı yalan!..
A f ə t. Xayır, yalan söyləmiyorum, and olsun uyqusuz gecələrə, and olsun ağlar gözlərə, and olsun gözəlliyə və məhəbbətə, bən yalnız səni seviyorum, yalnız sana qavuşmaq istiyorum. Əvət, mə’sum bir çocuq nasıl nurdan, rəngdən həzz alarsa, bən də səndən, sənin visalından o qadar zevq alıyorum
D o k t o r (bir şey sezmiş kibi qarşıki qapıya baqar). Gələn var, mən gedəyim.
A f ə t. Xayır getmə, sözüm, daha bitmədi; azacıq burda bəklə, sonra gedərsin.
D o k t o r (sağ tərəfdəki odaya keçər). Fəqət çoq gecikdirmə!
A f ə t. Bu saət, əzizim, bu saət (qapıyı açar, Qorqmaz əlində bir dəmət çiçək daxil olur). Sənmisin?.. Gəl!..
Q o r q m a z (əlin öpər, dəməti təqdim edər, heyrətlə). Aman, nə böyük təbəddülat; nə dəhşətli inqilab!..
A f ə t. Pək dəyişdim, deyilmi?..
Q o r q m a z. Əvət, pək... Az qaldı ki, tanımıyacaqdım.
A f ə t. Uf, kim bilir nə qadar çirkinləşdim; bir ay əvvəlki Afət nerdə? Bət-bənizim öylə solmuş ki, aynaya baqmağa cəsarət edəmiyorum.
Q o r q m a z. Ah, bən solğun çiçəkləri pək sevərim.
A f ə t. Solğun çiçək!.. Əvət solğun bir çiçək nasıl qurursa, nasıl qara topraqlara təslimi-nəfs edərsə, bən də... ah, bən də...
Q o r q m a z (tə’sir və təlaş ilə). Afət! Nə söylüyorsun? Nə demək istiyorsun?
A f ə t. Demək istiyorum ki, bənim gözəlliyim sönüyor. Çöhrəmdə incə bürüşüklər, ufaq cizgilər görülüyor; ah, bən ona əsla təhəmmül edəməm. Bəncə, gözəl bir qadın daima gözəl qalmalı... Gözəlliyə vida edərsə həyata da vida etməli... Dərəcə-dərəcə solmaq, hər gün bir az intihar etməkdir. Yıllar ilə yanıb qavrulmaqdansa, bir anda kül olub havaya savrulmaq daha xoşdur, daha gözəldir.
Q o r q m a z. Afət, bəni mə’yus ediyorsun.
A f ə t. Xayır, gözəl çocuq! Mə’yus olma! Gəl, gəl səni ilk və son dəfə olaraq öpəyim (məczub bir tevr ilə bir-birinə yaqlaşıb sarılmaq istərlər. Afət dərhal geri çəkilir və əlilə rədd edər). Ah, xayır, bıraq!.. Bıraq dursun. Çünki sənin atəşli dodaqların bəni yaqar, xəstə ruhumu yaqar... (Qarşıdakı qapıyı açar). Of, bana başqa bir hal gəliyor; get, çocuq, get!.. Saqın, bir daha gəlmə, bir daha bəni özləmə!..
Q o r q m a z. Niçin, sevgili Afət, niçin?..
A f ə t. Çünki bən qıvılcım kibi sönəcəyim, ıssız zülmətlərə, namütənahi bulutlara qavuşacayım.
Q o r q m a z. Afət! Bu sözləri hiç anlıyamıyorum. Ah, fəqət bir kərə, yalnız bir kərəcik özümü qolların arasında görmək istərdim.
A f ə t. Pək gözəl, əzizim, gəl!.. Gəl, səni bir kərəcik də olsa oqşayıb sevəyim (qucaqlaşıb öpüşmək istərlərkən Alagöz gəlir. Hər ikisi şaşırıb geri çəkilir. Sükut... Qorqmaz gedər, Afət Alagözün qollarına sarılaraq). Bağışla, bəni bağışla; artıq bənim
cəsarətim cünuna varmış... bən əfvə layiq deyilim; fəqət yenə yalvarıyorum, bəni bağışla... (qucaqlayıb öpər).
A l a g ö z (məmnun və mütəbəssim). Hiç sıqılma, annəciyim! Sevmək və sevilmək bir haqdır. Sənin gönlün nə istərsə, bən də onu arzu edərim. Hətta səni böylə bəxtiyar gördükcə gönlüm açılıyor. Sanki hər zevqinə, hər səadətinə iştirak ediyorum.
A f ə t. Ah, sənin şu məhəbbət və nəzakətin intiqam qadar müdhişdir.
A l a g ö z. Hər halda bən səni pək seviyorum.
A f ə t. Kim bilir, bəlkə sevmədiyin için seviyorsun.
A l a g ö z. Xayır, yalnız səni deyil; şimdi bən hər kəsi, əvət, hər kəsi sevmək istərim (qarşıdakı qapı barmaq ucilə vurulur).
A f ə t. Kimdir əcəba?
A l a g ö z (açar). Oqtay!.. (Əl verir, Oqtay pək ciddi və soyuqqanlı görünür).
A f ə t. Buyurun, əzizim, oturun... Ancaq bəni bağışlarsınız... Mə’zurum... (sol qapıdan çıqar).
A l a g ö z. Nə düşünürsün, niçin oturmursun?
O q t a y. Çünki... getmək istiyorum.
A l a g ö z. O halda niçin gəldin?
O q t a y. Yadigar verdiyim rəsmimi almaq için, iştə bunu almaq için...

-(Divardakı rəsmlərdən birini alır)*

A l a g ö z. Ah, həm qorqunc, həm gülünc bir hal!.. Yalnız səbəbini bilsəydim...
O q t a y. Səbəbi aydındır; qabalıq olsa da söyləyəcəyim (sol qapıya işarətlə). Öylə bir ananın qızilə görüşüb buluşmaq, təhlikəli uçurumlara atılmaqdır.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Dördüncü pərdə

Ormanda bir cığır... Ətrafda iki-üç kötük, qüruba yarım saət var. Pək uzaqda həzin bir ahənglə bir qədər ney, yaxud çoban düdüyü çalınır. Sonra ağacların arasından silah və qurşunlar quşanmış köylü türk qiyafətində iki haydut çıqar.B i r i n c i h a y d u t

191822 dəq
Knyaz

Ə Ş X A SK n y a z – yucaboylu, qarasaçlı, məğrur baqışlı, möhtəşəm bir gürcü tipi, 40 yaşında.

19281 dəq
Birinci pərdə

Tiflisdə ətrafı yeşillik, çiçəklərlə süslü geniş bir qəməriyyə. Yıldızlı bahar gecəsi… Üstü içki və məzələrlə dolu bir masa, üzərində elektrik lampası… K n y a z ağ əlbisə geyinmiş, milli qıyafətdə, ağ qalpağını sandaliyə üzərinə bıraqmış alafranqa geyimli Solomonla qarşı-qarşıya oturub içərlər. Hər dəfə də uzun saplı qədəhləri bir-birinə vurub cınqırdamasından zevq alarlar. Şıq geyimli xidmətçi qız şərab və məzə gətirir. Milli qıyafətli Ş a k r o ilə M a r q o da bəzən yardım edər. Bağçanın uzaq guşəsində kamanda həzin və lirik nəğmə çalınır, Knyaz xidmətçi qızın doldurduğu qədəhi qaldırır, nəşəli bir tövrilə Solomona.*K n y a z

192817 dəq
İkinci pərdə

Tiflisdə botanika bağçası. Yuxarıda hər dürlü nümunəlik ağaclar. Aşağıda ətrafı əlvan çiçəklərlə süslü bir havuz… Yüksəkliklərə doğru sarı qumlu cığırlar gözləri oqşar. Ötədə-bəridə bülbül şaqırtıları eşidilir. Mayıs… gündüz…*L e n a

192811 dəq

Başqa şairlərin şeirləri