Dördüncü pərdə
Səhifə 3 / 3 · 67%
S ə y a v ü ş
"Ah" niçindir?
G ə r ş i v ə z
Bunu o cəllada sor!
(Əlini şiddətlə masaya vurub qalqır.)
Xayır, bu hiç vicdanıma sığmıyor.
S ə y a v ü ş
Nə oldu?
G ə r ş i v ə z
Hiç!..
S ə y a v ü ş
Kimə qarşıdır bu kin?
F i r ə n g i z
Vali içinmidir?
G ə r ş i v ə z
Sormayın!
S ə y a v ü ş
Niçin?
G ə r ş i v ə z
Çünki Vali onun yanında bir hiç!
S ə y a v ü ş
O kim? Daha qorqunc insanmı?
G ə r ş i v ə z
Vaz keç!
Alav dalğaları yaqar beynimi,
Hiç bir qüvvət susduramaz kinimi.
S ə y a v ü ş
Yorğunsunuz, bir az yatın, dinlənin.
(Yan odaya götürür.)
G ə r ş i v ə z
(qolunu Səyavüşün boynuna keçirir)
Bilinmədi əfsus qiymətin sənin.
F i r ə n g i z
(Bəhrama)
Daim onda böylə gülünc hallar var,
Bir qədəh içdimi, qiyamət qopar.
B ə h r a m
Xayır, bu coşğunluq səbəbsiz deyil.
Həpsi çıqar. Kösə ilə rəqqasə qalır.
K ö s ə
(təlaş ilə qıza yaqlaşır.)
Tam fürsətdir! Hanı o zəhri-qatil?
R ə q q a s ə
Yolda düşürmüşüm…
K ö s ə
Yalan söyləmə!
R ə q q a s ə
(ciblərini göstərir)
Yoqdur, inan!
K ö s ə
Çıqar, həzyan eyləmə!
(Ciblərini arar və boğazını yaqalar, bu sırada Firəngiz qapı arasından görünür, dinlər.)
R ə q q a s ə
(bükülü bir kağız çıqarır)
Buyur! Südabənin bu hiyləsində
Sən də məhv olursun, inan ki, bən də.
K ö s ə
(kağızı açar, gülərək)
Bu bir zəhir ki, ilk öncə güldürür,
Güldürür, güldürür, sonra öldürür.
Səyavüşə məxsus qədəh iştə bu!
Bizdən ona tatlı, sürəkli uyğu!..
R ə q q a s ə
(həyəcanlı)
Həp o, həp Südabə!..
K ö s ə
(dalıb gedən rəqqasənin qolundan tutar, odadan çıqarmaq istər.)
Gəl, yetər sükut!
R ə q q a s ə
(zəhərli qədəhi alıb yerə çırpar)
Parçalanmalıdır bu qanlı tabut…
K ö s ə
(kinli)
Səyavüşə sən dəmi aşiq oldun?
R ə q q a s ə
Sən nəsin? İştə bir duyğusuz odun!
K ö s ə
(cibindən küçük bir xəncər çıqarır)
Baq, bu xəncər daha zəhirli, kəskin!
R ə q q a s ə
(əlindən xəncəri qapar)
Sən canavar südiyləmi bəsləndin!?
K ö s ə
Xəncəri ver bana!..
R ə q q a s ə
(ətrafa)
Zavallı şaşqın!
Öylə qəhrəmana qıyılmaz, saqın!
K ö s ə
Ver diyorum…
(Xəncəri almaq istər.)
R ə q q a s ə
Xayır!
(Xəncəri arqaya atar.)
K ö s ə
(qızı yaqalar, boğar)
Ver!
R ə q q a s ə
(acı fəryad ilə)
Bıraq, bıraq!
K ö s ə
Xəncəri ver, yoqsa…
F i r ə n g i z
(Xəncəri yerdən alıb Kösənin böyrünə saplar)
Al, iştə, alçaq!
K ö s ə
(yıqılaraq)
Ah, bən… ölsəm belə… sizə… aman yoq…
F i r ə n g i z
Sus!
S ə y a v ü ş
(içəridəkilərlə bərabər gəlir)
Nə olmuş?
F i r ə n g i z
Bunda asla vicdan yoq;
Hərif Çindən gələn elçi deyilmiş.
R ə q q a s ə
Südabə göndərmiş, səninçin gəlmiş.
S ə y a v ü ş
Hiç şübhə yoq ki, var gizli bir səbəb.
R ə q q a s ə
(göstərir)
Qədəh də, xəncər də zəhərlidir həp.
F i r ə n g i z
Pozmaq istiyorkən şən həyatını,
Firəngizdən aldı mükafatını.
S ə y a v ü ş
(rəqqasəyi süzərək)
Bu qız da şübhəsiz yoldaşdır ona.
R ə q q a s ə
Fəqət yoldaşlığım varmadı sona,
Biz səni öldürməkçin gəlmişkən,
Nədənsə həp fikrim dəyişdi birdən.
S ə y a v ü ş
Söylə, niçin dəyişdi?
R ə q q a s ə
Hiç sormayın!
Çırpınan qəlbimə yara vurmayın!
Bən çocuqkən saraylara satıldım,
Rüzgar kibi eldən-elə atıldım.
Öc izlərkən, birdən sana tuş oldum,
Fəqət məzlumlara yardımçı buldum.
(Cənazəyə baqar, kinli)
Qıymaq istiyorkən bu miskin sana.
Mane oldum iştə!..
B ə h r a m
Afərin sana!
F i r ə n g i z
Qız məhv olmuşdu bən yetişməsəydim.
(Rəqqasəyi qucaqlar, öpər.)
İnan, səni bütün ruhumla sevdim.
(Nədimələrə.)
Alın, rahatlansın, o pək üzüldü,
Sisli taleyimiz onunla güldü.
Rəqqasəyi yan odaya aparırlar.
S ə y a v ü ş
(yanındakılara)
Alın cənazəyi!..
Qaldırırlar.
Nə dəhşət!? Əgər
Cihandakı bütün kinlər, fitnələr,
Bütün ihtiraslar olsa həp gəbə,
Bir afət doğardı, o da Südabə!
G ə r ş i v ə z
(dərin ah çəkər)
Doğrusu, pək uğursuzmuş taleyin,
Bilməm nə gündə sən cihana gəldin?
Zülmətlə nur qarışdığı andamı?
Xeyr ilə şər barışdığı andamı?
Sanma bir Südabə azmışdır yolu,
Əfrasiyab ondan daha qorqulu!
S ə y a v ü ş
Bən nə yapdım ona? Tühaf müəmma!?
G ə r ş i v ə z
Diyor ki, göz tikmiş taxtü tacıma.
F i r ə n g i z
Səyavüşmü?
G ə r ş i v ə z
Əvət!
S ə y a v ü ş
Çirkin iftira!
G ə r ş i v ə z
Diyor: "Qarşı durur o, qanunlara"!
S ə y a v ü ş
Hanki qanunlara?
G ə r ş i v ə z
Kim bilir!?
F i r ə n g i z
Asla!..
Sapdığımız yoqdur qanunsuz yola.
G ə r ş i v ə z
Xayır, bu şübhələr sıqmasın sizi,
Yoqdur Səyavüşdə xəyanət izi.
(Digər odaya keçər.)
S ə y a v ü ş
Gedib görmədikcə Əfrasiyabı,
Qalqmaz ortadan bu fitnə dolabı.
F i r ə n g i z
Saqın, getmə, ona bir şübhə gəlsə,
Yalnız sana deyil, qıyar hər kəsə.
S ə y a v ü ş
Yoq, dayanılmaz bu çirkin böhtana,
Ən küçük bir ləkə ölümdür bana.
(Sinirli və coşqun.)
Kimə inanmalı!?
İştə hər diyar
Bana qarşı kin və intiqam duyar.
İran xəyanət və hiylə ocağı,
Turan iftira və dəhşət qucağı!..
Çinə getsəm, onlar daha amansız!
Saray böcəkləri yaşarmı qansız?
Lə’nət olsun, uymam bu gündən sonra
Elmasla parlayan qanlı taclara!
Pərdə
Kitabxana.az · https://kitabxana.az/works/cavid-seyavus-dorduncu-perde
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Bakı işçisinə)**Onlar, o çəlik qollar, o qollardakı qüvvət
Çiçək sevgisiSevimli, nəşəli, dörd-beş yaşında bir sarışın,Mələk baxışlı, gözəl bir qız iştə oynayaraq
Çoban türküsüAçmasın çiçəklər, gülməsin güllər,Ötüşməsin şirin dilli bülbüllər,
Dəniz pərisiHər tərəf nəşədar, hər yer şən...Yenə hər şeydə bir təravət var.
Başqa şairlərin şeirləri
Salam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,
Sənəma! Talibdir üzünü görməgə ürəkSənəma! Talibdir üzünü görməgə ürək,Aç üzün ta ki gözəl üzünü bir an görək.
Guş edin ərzimə yeksər, siz əya pirü cəvanGuş edin ərzimə yeksər, siz əya pirü cəvan,Bircə təmsil gəlib xatirimə, eylüm əyan,
BülbülQalxıb havadən gedirsənDolanırsan bağı, bülbül