Alp Arslan sarayında qəbul odası... Aqşamüstü, Hacib düşüncəyə dalmış. Bu sırada
Xacə Nizam gəlir, Hacıb baş əyər.

XacəNi za m

Haydı, Sabbah ilə Xəyyamı çağır.

Hacib

Bu saət.

(qapıya çıxar)

İştə, əfəndim, hazır.

Sabbah və Xəyyam kübarca geyinmiş və yüzləri təraş edilmiş gəlirlər.

XacəNizam

(yer göstərir)

Buyurun, kimsə düşünməzdi ki, biz
Yenə bir gün görüşüb birləşiriz.

(Sabbaha)

Söylə, sən nerdə idin bunca zaman?

Sabbah

Qaçaraq mədrəsədən qorqumdan,
İsfahan səmtini etdim məskən.
Bəni cəlb etdi Nişabur yenidən.

XacəNizam

Bən də bir xeyli üzüldüm o gecə,
Etdilər öncə bir az işgəncə.
Sonradan məhkəmə suçsuz buldu;
Gülərək taleyimiz yar oldu. Sabbah

O səadət günəşindən az-çoq
Parlarız biz də əminim...

XacəNizam

Söz yoq,
Edilən əhdimizi tutmalıyız.

(Xəyyamı hörmətlə süzər)

Şairindir sıra, anlat yalınız,
Hanki bir rütbəyə meylin varsa,
Hökmü bir anda olunsun icra.

Xəyyam

Yaşamaqçin bana, mümkünsə əgər, Bir əkin tarlası, bir bağça yetər.

XacəNizam

Bir də kaşanə gərək məsrəf için, Hər nə lazımsa edərlər tə’min.

Xəyyam

Çoq təşəkkür, bu səadət yetişir,
Bu da olmazsa yetər nan-pənir.

XacəNizam

(Sabbaha)

Sən nə istərsin, əzizim, söylə.

Sabbah

Bir vəzifəylə sərəfraz eylə. XacəNizam

Sana hər dürlü böyük rütbə yarar, Bilirim, səndə siyasi başı var.

(Sabbahda sevinc)

Sabbah

Dilim aciz, nə deyim bilməm ki,
Ah, diriltdin bəni.

XacəNizam

(ətrafa)

Qurnaz tilki.

Bu sırada pərdə arqasında incə bir musiqi çalınar.

Xəyyam

O nə mahir, nə gözəl barmaqlar.

XacəNizam

Sarayın iştə böyük aləmi var,
Şanlı bayramdır, əzizim, bu gecə. Var ziyafətlə geniş əyləncə,
Bu gün Alp Arslan için xoş bir gün, Qeysəri-Ruma o gəlmiş üstün.

Xacə Nizamın işarəti və Hacibin toqunması ilə ortadakı pərdə qalqar, son dərəcə parlaq və süslü
bir aləm görülür. AlpArslan, sarayərkanı, saraylıxanımlar və yavərlər
önlərində şərab qədəhləri olaraq zevqə dalmışlar. Musiqi dəyişər, qalqıb xaqanın şərəfinə içərlər.

Məclisdəkilər

Binlərcə yaşa, ey yılmaz,
Şevkətli, böyük xaqan!
Binlərcə yaşa, Alp Arslan!
Binlərcə yaşa, Alp Arslan! Qarşında aman bulmaz
Ən qorqulu bir düşman.
Binlərcə yaşa, Alp Arslan!
Binlərcə yaşa, Alp Arslan!

XacəNizam

(şaha)

İştə Sabbah və şair Xəyyam.

AlpArslan

(yer göstərir)

Oturun.

(XacəNizama)

Bunlara lazım ikram.

XacəNizam

(Xəyyama işarətlə)

İştə, hikmətdə böyük qüdrəti var Cəbrü-hey’ətdə də çoq şöhrəti var. İbn Sina kibi Şərqin yüksək
Bir dəhasından o almış örnək.
Yapacaq olsa rəsədxanə bizə,
Şan verir fənnilə tariximizə.

AlpArslan

Burda yoq şübhə ki, Xəyyam ikidir, Biri alim, biri parlaq şair.
Şimdi yalnız o böyük şairdən
İki söz dinləmək istərdim bən. Xəyyam

(coşğun qalxar)

“Bir böyük quş qonaraq bürcünə gördüm Tusun, Süzərək kəlləsini pəncədə Keykavusun;
Sanki söylərdi: hanı dünkü o həşmət, o cəlal? Hanı keçmişdəki avazeyi-təblü kusun?”

AlpArslan

Ah, bu sözlər nə qadar incə, dərin,
Böylə kəskinsə də, xoşdur şe’rin.

Xəyyam

“Uğrayıb dün gecə bir ustaya oldum həmraz,
Badə ibriqinə gördüm ki, yapar qulp, boğaz.
Baq, dedim, bunlar ölən şahü gəda ə’zası,
Nə şahın dəhşəti qalmış, nə gədalərdə niyaz”.

AlpArslan

Pək həkimanə, əvət, sözləriniz.

XacəNizam

(Saqiyə Xəyyamı göstərir)

Ona mey sun.

Sabbah

Bana şərbət veriniz.

AlpArslan

Buyurun, xurma şərabından için,
Yeni bir nəş’ə verir şair için. Xəyyam

Bəncə Bağdadə Nişabur üstün,
Xurmadan fərqi böyükdür üzümün.
Saqiyə Xəyyama üzüm şərabı verir.

AlpArslan

(qədəhini qaldırır)

İçəlim, iştə var olsun şair!

XacəNizam
Öylə şair sanırım pək nadir.

Hər kəs içərək Xəyyama qarşı əyilər. Bu sırada rəqs ahəngi başlar. Bir yığın tüllərə
və ipəklərə bürünmüş qızlar (Rum qızları) gəlir və oynarlar.

AlpArslan

Baqınız, incə zəfər qönçələri,
İştə, Rum qeysərinin töhfələri.
Qızlar Rum ahənginə uyğun oqur və oynarlar.

Qızlar
Bu bəlkə süslü bir yalan,
Diyorlar, iştə hər zaman
Çıqar Olimpə şadman,
Ən işvəkar ilahələr.
Gülər gülür, gülür gülər,
Həyat için səfa dilər.
Gəlincə rəqsə əl-ələ,
O incə nazlı qafilə
Aqıb coşan sevinc ilə
Həyat için səfa dilər.
Gülər gülür, gülür gülər
O bəxtiyar ilahələr.

Bu sırada Sevda cariyələri ilə bərabər gələr. Rəqqasələr onu qarşılayıb çıqarlar.

AlpArslan

Sevda nə qadar nazlı bu aqşam,
Yalnız o verir şairə ilham.

(Sevdayı vurğunca baqışla süzər)

Sevda

(oqur)

Bir vəhşi gövərçin kibi bən də,
Şən könlümü azadə dilərdim.
Seyrana çıqıb dağda, çəməndə,
Güldükcə günəş bən də gülərdim,
Şən könlümü azadə dilərdim.

AlpArslan

Alqış o gözəl şe’rə ki, şair
Bir söz bulamaz vəsfinə dair.

Sevda

(dəvam edər)

Qəlbimdə sönər incə həvəslər,
Dişlər bəni altınlı qəfəslər,
Ruhumda qopar ən acı səslər,
Bən bir quzu olsam da mələrdim,
Şən könlümü azadə dilərdim.

AlpArslan

(həyəcanla yerindən qalqar)

Alqış sana, Ceyhun qızı, bəndən nə dilərsin? Şaqraq dodağın susmasın, Allahı sevərsin. Aç könlünü, layiq sana hər dürlü mükafat. Sevda! Nə dilərsin, gözəlim, aç bana anlat?! Ölkəmdə aqışmaqda bu gün Dəclə və Ceyhun, Fərmanımı dinlər qoca Ümman ilə Quzğun. Var iştə, xəzinəmdə yığınlarla cəvahir,
Hər hankisi parlaqsa, əmin ol ki, sənindir.

Sevda

Yoq bir şeyə könlümdə məhəbbət.

AlpArslan

Aç söylə, yetər fəzlə nəzakət.

Sevda

Mümkünsüz olur bəlkə, nə hacət.

AlpArslan

Bir söylə, nə istər gözəl afət?

Sevda

Bir istəyəcək varsa da... lakin...

AlpArslan

Aç könlünü, Sevda, nə dilərsin?!

Sevda

Xəyyamı edin əmrimə tabi,
Zəncirlədiniz, iştə bu, kafi.

(Hər kəsdə heyrət)

AlpArslan

Lakin suçu nəymiş, onu göstər? Sevda

Bilməm, könül ancaq bunu istər.

Xəyyam

Xəyyamə nə lazımdı ki, zəncir,
Onsuz da köləndir, bu nə təhqir?

Sevda

(Xəyyamə işarətlə)

Şair nə qadar olsa da mahir

(Sabbahı göstərir)

Məhv olmalıdır şimdi o sahir.

Sabbah

(fəna halda sarsılır, ətrafa)

Yoq şübhə ki, sanmış bəni Xəyyam, Əldən nə gəlir, etsə də e’dam?

AlpArslan

Sevda, bunu gəl istəmə bəndən,
Xəyyamı bıraq, hər nə dilərsən,
Rədd etməyəcəkdir səni xaqan.

Sevda

Rədd etsə?!

AlpArslan

Xayır, yoq buna imkan,
Qırmam səni, aç söylə, nə dersin? Sevda

(Xəyyamı göstərir)

Şən könlünü şair bana versin.

AlpArslan

Gerçəkmi?..

Sevda

Əvət, bən ona vurğun,
Mə’şuqum ikən aşiqim olsun!

AlpArslan

Heyhat, olamam rəddinə qadir.

Sevda

Əmr et, bənim olsunmu o şair?

AlpArslan

(bir qədər düşüncədən sonra)

Olsun!

(ətrafa)

Nə müəmmalı tamaşa...

(Sevdaya)

Zəncirlədirdin onu...

Sevda

Haşa!..

Xəyyam dediyim iştə o qurnaz.

(Sabbahı göstərər) Sabbah

(şaşqın)

Sabbahdır adım.

Sevda

Öyləmi?

(ətrafa)

Canbaz!..

AlpArslan

Sevdayı, dilərdim, gedə Bağdadə hədiyyə,
Qismət bu imiş, oldu böyük şairə töhfə.

XacəNizam

Şən taleyi Xəyyamın, əvət, hər şeyə üstün,
Biz istərik ilhamı da Sevda kibi gülsün!

Xəyyam

(laübali və coşğun, yerindən qalqar)

“Bən ömrümü sərməst olaraq şən dilərim, şən, Bir dindəyim, azadə bütün küfr ilə dindən.

(Sevdayı süzər)

Sorduqda ki, mehrin nə? – Gülüb dəhrin ərusu, Mehrim, dedi, şən könlünü yalnız bana versən”.

XacəNizam

(Alp Arslana)

Birləşdi, demək şe’r ilə şair. AlpArslan

Bir cift ki, haman eşləri nadir.

XacəNizam

(Hacibin gətirdiyi məktubu oquyub dərin sevinclə)

Aydın gözünüz, cümlə səadət bizə həmrah,
Bağdadı atıb gəlməyə amadə Məlikşah.

AlpArslan

Oğlummu!.. Vəliəh dimi görmək nə xoş iqbal,
Dolsun da qədəhlər, içəlim eşqinə dərhal!

(İçərlər)

Məclisdəkilər

Urra!.. Yaşasın!

AlpArslan

Baq, bunu olduqca bəyəndim.

(Hacibə)

Gəlsin şu ərəb qızları!

Hacib

Hazırdır, əfəndim.

(Çıqar, Xəyyam qalqar)

Xəyyam

Xaqana ricam var. AlpArslan

Nə imiş?

Xəyyam

Dünkü əsirin
Əfv et, suçu olmuşsa da.

AlpArslan

(Yavərə)

Get, söylə gətirsin.
Yavər təmənna edib çıqar.

Xəyyam

Binlərcə şəhər ya qala almaqdan, əmin ol,
Bir sadə çoban könlünü almaq daha məqbul.

Bu sırada ərəb ahəngi ilə çalğı başlar. Şux və işvəkar ərəbqızları gələr və
xaqana əyilirlər.

AlpArslan

Baq, töhfədir onlar bana, göndərdi xəlifə.

Xəyyam

(alaycı gülüşlə)

Din pərdəsi altında nə xoş, incə lətifə.
Rəqqasə ərəb qızları oynar və ara-sıra oqurlar.

Rəqqasələr

Doğduq günəşin busələrindən,
Al pəmbə şəfəqlərdə yıqandıq.
İçdikcə alav kasələrindən,
Hər yıldızı bir şəbpərə sandıq. Nadir bulunur bizdə bulut, sis,
Şən ruhumuzun üfqü kədərsiz.
Atəşli dodaqlar bizə munis,
Atəşli könüllər diləriz biz.

Rəqs bitər, Yusifi gətirirlər.

AlpArslan

Zəncirini açdır, ola azad,
Bayram günü ta etməyə fəryad.
Zəncirini açarlar, iki adım ilərilər.

Yusif

Əfvinlə sevinməz könül, əfsus,
Zalım yenə zalımdır.

Sabbah

Aman, sus!

AlpArslan

Sən həddini aşdın da, rəzalət!
Nerdən sana, bilməm, bu cəsarət?

Yusif

Sən iştə, zəhər kasələrindən səhər-aqşam

Sundun bizə badə.
Evlər təməlindən yıqılıb qalmadı bir dam,

Sən etdin iradə.
Var-yoq soyulub getdi o bayquş xüləfayə,

Qoydun bizə minnət.

(acı qəhqəhə)

Onlar nə verirlər sana: əfyunlu hədiyyə – Zəm-zəm suyu, cənnət. Yıprandı xurafat ilə başlarda beyinlər,

Sənsin buna rəhbər.
Xırsızlara olduq kölə, yetməzmi səfalət,

Yetməzmi bu zillət!

AlpArslan

(çılğın)

Cəllad!.. Hanı cəllad?

(Hacib gedir)

Sevda

(təlaşla)

Əfv et, ulu xaqan.

AlpArslan

Yoq, yoq buna imkan!

Xəyyam

Əfv etmə də bir dürlü cəzadır,
Qıymaq ona, əlbəttə, xətadır.
Layiqmi o bir mum kibi sönsün,
Hiçdən silinən kölgəyə dönsün?

AlpArslan

Xaindir o, azğınlığı mə’lum.

(girən cəllada Yusifi göstərir)

Vur boynunu! Cəllad

(dönüb şaşqınca və həyəcanla)

Oğlum! Əvət, oğlum!..

(silahı əlindən düşər)

Yıllarca qalıb bən sana həsrət, Qürbətdə buluşduq, nə səadət.

(Qucaqlamaq istər)

Yusif

Rədd ol, deyilim bən sana evlad!

Cəllad

Yusif...

Yusif

Baba olmaz bana cəllad!

Cəllad

Pək suçlu isəm, görməli mə’zur, Aclıq bəni etmiş buna məcbur. Qatil deyilim, aləti-qətlim.

Xəyyam

Məzlumdur, əvət, olsa da zalim.

AlpArslan

(bağırır)

Vur boynunu! Cəllad

(diz çökər)

Xaqan, ulu xaqan!
Əfv et onu, ver qətlimə fərman!

AlpArslan

(Yavərə)

İlk öncə bunun boynu vurulsun!

Cəllad

(qalqar, köksünü açaraq)

Öldür də, qanın bəlkə durulsun.

Yusif

(acı qəhqəhə ilə)

Qansız yaşamaz sevgili xaqan,
Qan, saçdığı qan, içdiyi həp qan!

AlpArslan

(Yavərə)

Susdur onu!..

Yavər

Azğın, bu nə cür’ət!?

Yusif

(qoynunda saqladığı ufaq xəncəri xaqanın köksünə saplar)

Al, iştə gəbər! AlpArslan

Ah!..

(Deyə yıqılır)

Sabbah

Bu nə dəhşət.

XacəNizam

Çıldırdı, həmən susdurun!

Sevda

Eyvah...

Təlaşla Xəyyamın qolları arasına sıqılır. Ara qarışar,
hər tərəfdən saldırıb Yusifi yaralarlar.

Xəyyam

Çılğın bəşər İblis ilə həmrah.

Cəllad

Əfv et bəni, yavrum, bəni əfv et!

Yusif

Cəlladlara, zalımlara nifrət!..

(Ölür)

AlpArslan

(uzaqlara işarətlə)

Oğlum, bəni məhv etdi bu ərzəl...

(Ölür) XacəNizam

Məhv oldu o səndən daha əvvəl.

Xəyyam

(cənazələri süzərək)

Bir anda sönüb getdilər onlar,
Yoq artıq o kinlər, həyəcanlar.
Heyrət!.. Nə amansız şu təbiət,
İnsan nə qadar saçma həqiqət...

Pərdə

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Teatr yaxud sən’əti-tamaşada təbəddül və tərəqqi

Oktyabrın dördüncü aqşamı Namiq Kamal bəyin “Akif bəy” adlı faciəsi “Tiflis türk dram dəstəsi” tərəfindən mevqeyi-tamaşaya qoyuldu. Bu əsəri Qafqas şivəsinə təbdil edən Axundov cənablarıdır.Məzkur faciə beş pərdədən ibarətdir.

3 dəq
Tiflisdə “İttifaq” məktəbi

1905-ci ildə Tiflisdə iranlılar tərəfindən güşad olunan “İttifaq” mədrəsəsi bu gün mə’nəvi bir böhran içərisindədir. Hər nə qədər mədrəsənin dərsləri vazeh, işləri müntəzəm bir surətdə cərəyan edir isə də, fəqət əhalinin maarifə rəğbətsizliyi və e’tinasızlığı yüzündən bir müəssisəyimaarifin hali-ixtisarda olduğu kəmali-təəssüflə görülməkdədir.Əgər belə gedərsə bu gələcək sentyabrda mədrəsənin açılmaq ehtimalı yoqdur. Əgər xudanəkərdə, mədrəsə açılmayacaq olursa, yüz nəfər qərib müsəlman çocuqlarının halı nə olacaq? Başqaları bizə nə deyəcək? Qomşularımızın nəzərində nə surətlə cilvə edəcəyiz?

2 dəq
“İttifaq” məktəbinə bir nəzər

“İqbal”ın 696-cı nömrəsində “İttifaq” məktəbinin bugünkü halını həmiyyət sahiblərinin ixtiyarına ərz etmişdik. Əcəba, fəryadımızın nə kibi tə’siri oldu? Məktəb haqqında nə yapıldı? Maliyyə cihəti tə’min edildimi? İanələrin daima müntəzəm bir surətdə alınması təəhhüd olundumu?.. Bunları bilməyoruz. Bildiyimiz bir şey varsa o dəxi bu xüsusda kəndilərini əlaqədar bilən kimsələrin e’tinasızlığı və laqeydliyidir ki, ciddən şayani-təəssüfdür! Hələ “Simurğ” və “Kimya” tə’birinə şayəstə olan cəmiyyəti-xeyriyyə ə’zasının saiqeyi-nifaq və ədavətlə – hiç bir gunə təşəbbüsdə bulunmamaları hissiinsaniyyə ilə mütəhəssis olan bütün ərbabi-vicdanı dilxun etsə gərəkdir. Vaqtilə mədrəsə üzviyyətinin öz ailələri arasında kəndilərinə mədari-iftixar bilən möhtərəm kimsələr əcəba nədəndir ki, böylə mevqelərdə yaqalarını sıyırırlar. Mədrəsənin maddi və mə’nəvi ehtiyacına müavinət etmək öylə dursun, qapısından belə keçmək istəmiyorlar. Rəyasət həvəsilə uçan zəvat niçin öhdələrinə tərtib edən vəzifənin ifasında müsamihəkar davranırlar? Doquz illik bir maarif müəssisəsi qapanıb yüz nəfərə qərib, mə’sum çocuqlar pərişan, səfil olunca bu vicdani məs’uliyyətin qarşısında bulunanlar əcəba nə kibi bir mə’zirət bəyan edə bilərlər?Məcmui bin üç yüz rublədən ibarət olan sərmayeyi-təvəkkül (kapital)dən tə’til maaşlarını və bir taqım müsarifati-sairəyi tə’diyə etmək için iki təqsit etmək üzrə beşər yüz rublə, cəm’ən bin rublə mədrəsənin sandığından alınmışdır. Bu gün mədrəsənin sərmayəsi naminə ancaq üç yüz rublə sandıqda mevcudu vardır ki, o dəxi mədrəsənin altı aylıq bədəli-icarı deməkdir.

1 dəq
Müharibə və ədəbiyyat

Tuhaf şey!.. Nerəyə getsən, hər nəyə baqsan, bir sarsıntı, bir pərişanlıq hökmfərma... Bütün könüllər iztirabda, bütün ruhlar həyəcanda, bütün gözlər intizarda...Kürreyi-ərzin, şu canavar yatağının bir bucağı, bir nöqtəsi yoq ki, duyduğumuz saldırışlardan, eşitdiyimiz gurultulardan mütəəssir olmasın!

9 dəq

Başqa şairlərin şeirləri