Məzmun
  1. I səhnə
  2. Iı səhnə
  3. Iıı səhnə

Səhifə 1 / 3

I səhnə

Xəyyamın iş odası... bir yanda hey’ət elminə aid rəsədxanə alətləri, bir yanda kütübxanə. İbn
Sinanın əl məhsulu olan böyük rəsmi divardan asılmış. Tələbələr çalışır. Kimi pərgar ilə həndəsi
şəkillər çəkər, kimi durbinlə yan pəncərədən günəşə baqar, kimi üstürlabla və bə’ziləri də kitab
oxumaqla məşğuldurlar. Birinci tələbə durbini gözündən çəkərək.

Birincitələbə

Nə tuhafdır bu günəş, baqdıqda
Gözlər ən kəskin işıqdan yorulur.
Ləkə varmış, – deyə Xəyyam onda
Yeni şeylər düşünür, doğrumudur?

İkincitələbə

(həndəsi rəsm cızar)

Zevq alınmaz Günəşin seyrindən,
Gecə yıldızlara baqmaq daha xoş. Saib

(üçüncü tələbə)

Dün rəsədxanəyə varmışdım bən
Seyrə daldıqda olurdum sərxoş.

Naib

(dördüncü tələbə əlindəki kitabları göstərir)

Bu cəbr, həndəsə, bilməm nə demək?
Uğraşan beynini incitmiş olur.
Cəbrə hər kim verəcək olsa əmək,
Sanırım nəfsinə cəbr etmiş olur.

Saib

(kitabları Naibə verir)

Çoq yoruldunsa bıraq, bunlara baq,
İştə, ruh avlayacaq şeylər var.

Naib

(alıb baqar)

İstəməm, bunlara yoq bəndə məraq,
Quru, boş fəlsəfələrdən nə çıqar?

Saib

Biliriz, müftiyə naibsin, əvət,
Səni əyləndirəməz hər hikmət.

Naib

Sən də Saibsin, inandıq, adına
Yaraşır fəlsəfə... Bir söylə bana. (kitabları göstərir)

Nə imiş sanki Ərəstu, Sokrat?

Saib

Yucadır hər biri bizdən bin qat.
Xəyyam qapı dalında dinlər.
İbn Sinaya qapılmış Xəyyam,
O da uymuş qoca yunanlılara;
Bizdə çoqdur sanırım fazil adam.
Qalmamış gizli həqiqət əsla.

Xəyyam

(girər)

“Fəzli, irfanı tanınmış neçə dahi başlar,
Ürəfa bəzminə fanus olaraq parladılar.
Birər əfsanə deyib getdilər, əfsus, əfsus,
Bu qaranlıq gecədən çıqmağa yol bulmadılar”.
“Kiminin fikrinə hakim görünür məzhəbü din,
Kiminin saplanaraq qaldığı həp şəkkü yəqin,
Ansızın bir də baqarsın ki, çıqar bir nadi,
Bağırır: Hey, nə odur yol, nə bu, qafil miskin!”

Naib

(yerindən qalqaraq qızğın)

Dini təhqirə nə hacət, yetişir.

Xəyyam

Bunca kəskin həyəcan yersizdir.

(Xəyyam arqadakı odaya keçər, Naib kitabları qoltuğuna vurar) Naib

Böylə boş sözlərə uymam, uymam,
Qılavuzdur bizə ancaq islam.

Birincitələbə

(onun qolundan tutaraq)

Gəl, sinirlənmə, yetər.

İk incitələbə

Kəndinə gəl.

(İç odada alçaqdan musiqi çalınar, içərini göstərib kinayəli)

Naib

Gedəlim, olmayalım ta əngəl,
Bəkliyor şimdi qədəhlərdə şərab,
Olacaq rəhbərimiz məstü xərab.

(Gedərlər)

Pərdə

Iı səhnə

Son dərəcə süslü və şairanə bir oda... Ortada ufaq və yuvarlaq masalar və sandalyalar. Ətrafda
nimtaxtalar üzərində səccadələr, balışlar və döşəklər. Masa üzərində şərab dəstiləri, qədəhlər və
məzələr, çini saqsılardakı dürlü çiçəklər gözlərə bədii zevq verir. Xəyyam ayaqda gəzinir. Saqiyə ötə-
bərini düzəldir. RəmziiləXərabati iki çarşaflı gənc qadınlarla gəlirlər. Birinci – Vəfa
Rəmzinin... ikinci – Səfa isə Xərabatinin sevgilisidirlər. Saqiyə çarşafları alıb bükər. Rəmzi ilə
Xərabati əba ilə sarıqlarını bir tərəfə qoyar. Hər ikisinin saçı Xəyyamda olduğu kibi bir qədər
uzadılmış.

Xəyyam

Buyurun. Rəmzi

Arzuladıq iştə səni.

Xəyyam

Bu gəliş xeyli sevindirdi bəni.

Vəfa

Nerdə Sevda?

Xəyyam

Oturun, şimdi gəlir.

Səfa

Onu çoq özləmişiz, Tanrı bilir.

(yan odaya baqar)

Gəldi, baq, iştə şətarət çiçəyi.

Vəfa

O, əvət, könlümüzün şən diləyi.

Sevda

(gəlir, heyrət və sevinclə)

Nə səadət, yenə yad etdi Vəfa,

Yenə xoş gəldi Səfa, gəldi vəfa.

Hər ikisi ilə öpüşür. Hər qadın öz sevgilisinin yanında oturar.

Xərabati

(Xəyyama)

Yenə yorğun kibisin? Xəyyam

İşlər çoq.

Rəmzi

Çoq üzülməkdə də bir mə’na yoq.

Xəyyam

Gəldiniz, bir qadar aldım da soluq,
Silinib getdi bütün yorğunluq.

Saqiyə qədəhləri doldurub paylar. Xərabati çalınan neydən coşaraq.

Xərabati

İştə mey, Saqiyə, süzgün gözlər,
Daha bilməm ki, könüllər nə dilər?

Rəmzi

Söylə, cənnətdəki əfsanəli Kövsərmi gözəl? Bu gözəl Saqiyənin sunduğu sağərmi gözəl?

Xəyyam

“Toz olurkən bən əcəl pəncəsi altında yarın, Çamurumdan içilən badəyə peymanə yapın. Doldurur bəlkə o peymanəyə zevq əhli şərab, Dirilib bən olurum bəlkə xərabatə yaqın”.

Xərabati

İçəlim iştə, var olsun Sevda!

Xəyyam

Yaşasın incə Vəfa, nazlı Səfa.

(İçərlər) Rəmzi

Bizə bunlardır, əvət, türfə ənis.

Xərabati

Hiçdir, əlbəttə, qadınsız məclis.

Xəyyam

Şən, gözəl bir qadın azadə gərək!
Əldə gül qönçəsi ya badə gərək.
Hanki məclisdə ki, yoq cinsi-lətif,
Nəş’ədən zevq alamaz bir arif.

Saqiyə

(gələr)

Sizi görmək diləyir Xacə Nizam.

Xəyyam

Pək gözəl.

Sevda

(Saqiyə ilə yan odaya keçərkən)

Onlara lazım ikram.

(Xəyyam, Xacə Nizamla Sabbahı qarşılar. Sabbah şimdi vəzir

qiyafətindədir)

Xəyyam

Nə əcəb sizdən, əzizim, nə əcəb?
Böylə bir lütfə nə hal oldu səbəb? XacəNizam

Səni görmək dilədik.

Xəyyam

Var olunuz.
Kaş ki, hər gün bizə düşsün yolunuz.

Sabbah

Səni hər gün belə görmək azdır.

Xəyyam

Bu gəliş doğru saraydanmı?

XacəNizam
Xayır...
Cümədir, iştə məzarlıqda idik.
Qəbri-xaqanı ziyarət etdik.

(başını sallayır)

Sanki yoqmuş o, nə səs var, nə səda.

Sabbah

(Xəyyama)

Səni hiç görmədik, əfsus, orada.

Xəyyam

(gülərək)

Uğrarım bir dəfə ancaq, eyi bil,
O da rə’yimlə, məraqımla deyil. XacəNizam

(Rəmzi ilə Xərabatini süzər)

Əski dostlarmı?

Xəyyam

Əvət, hər ikisi

Qayğısız könlümüzün sevgilisi.

(qadınları tanıtır)

O Vəfa, Rəmziyə munis dildar,
Bu Səfa, rind Xərabatiyə yar.
Çiynədik yıpramış adətləri biz,
Böylə azadə ömür sürmədəyiz.

XacəNizam

Ya, demək, keçdimi bədbin əhval?

Xəyyam

Başqadır şimdi, əvət, bəndəki hal, Bən təzad elçisiyim, hər qayğı
Bana saçmaqda səadət işığı.

XacəNizam

Nerdə Sevda?

Xəyyam

Baqınız gəldi.

Sevda

(gələr)

Salam!

Bu gəliş bəncə umulmaz bayram. XacəNizam

Keyfiniz?

Sevda

Pək gözəl.

Sabbah

(Xəyyamla Sevdayı göstərir)

Eşq olsun ona

Ki, yetişmiş bu səadət quşuna.

Sevda

(Sabbahı süzüb yapma gülüşlə)

Yapma Xəyyam onu sevdirdi bana.

Xəyyam

(Sabbahı göstərir)

Baisim bən də onun varlığına.

Saqiyə iki dolu büllur qədəh gətirir. Sevda birini Xacə Nizama,
digərini Sabbaha verir.

Sevda

Bu şərabdır, bu da gül şərbətidir.

(Sabbaha)

Sana şərbət daha çoq nəş’ə verir.

Sabbah

Çoq təşəkkür. (ətrafa)

Yenə kəskin tə’riz.

Sevda

Bən eşitdim ki, sizin gözləriniz
Bir çoq insanlara tə’sir eylər.
Daldırıb uyquya təsxir eylər.

Sabbah

Saçma sözlər.

(ətrafa)

Gərək ölsün bu qadın!

(Qədəhləri qaldırırlar)

Xəyyam

Var olun!

XacəNizam

(Xəyyama)

Parlasın aləmdə adın!

Sabbah

Onu parlatdı böyük Xacə Nizam! Kimsə bilməzdi ki, varmış Xəyyam.

Xərabati

(Xəyyama)

Hakim olduqca yer üstündə şərab, Anacaqdır səni hər rindi-xərab. Rəmzi

Əski yunanda müqim olsaydın,
Nəş’ə mə’budu tanınmışdı adın.

Xəyyam

“Ayıq olsam uçaraq nəş’ə, çökər ruha duman, Sərxoş olduqda gəlir ağlıma az-çoq nöqsan. İki halın arasından gülər ən xoş bir hal,
İştə, könlüm bayılır, zevq alır ancaq ondan”.

İçərlər. Sevda lirik musiqi ilə bərabər bir parça oqur.

Sevda

Badə gözəldir, məzə həp naz ola!
Saqiyə dilbaz ola, tənnaz ola!
Gül sarılıb bülbülə, bülbül gülə,
Ney coşaraq onlara dəmsaz ola!

Vəfa, S e v d a, S ə f a

(hər üçü birlikdə)

Güldü bahar, oldu çəmən laləzar,
Avladı hər aşiqi bir işvəkar.
Hər gözəlin başqa bir ilhamı var,
Xoşdur o afət ki, xoşavaz ola!

Xərabati

(sərxoş bir ahənglə oquyub qadınları göstərir)

Olmaya dünyada amansız cəfa,
Çıqmaya bir ləhzə könüldən Səfa,
Oqşaya hal əhlini Sevda, Vəfa,
Hər üçü həmbəzm ola, həmraz ola! Xəyyam

(qədəh qaldırar)

Əldə şəfəq dalğalı peymanələr,
Gülsə də xoşdur bizə divanələr.
Zahidin olsun quru əfsanələr,
Bəlkə o dünyada sərəfraz ola!

İçərlər. Bu sırada qara, gur saqallı bir sıra müridlər və xocalar içəri soqulurlar.

Naib

(onların arasında, Müftinin qulağına kinayəli)

İştə, sevinc elçisi Xəyyam odur.

Müfti

(kinli)

Oh, nə səfalət, bu da bir yolmudur?

Naib

(ətrafa)

Fürsət ikən tez savuşub getməli.

(Haman geri çəkilib aradan çıqar. Qadınlar təlaşla

yan odaya keçərlər)

Xocalar

(coşğun)

Xaini məhv etməli, qəhr etməli!

Müfti

Hər kəsi yoldan çıqarıb sayğısız,
Dini də əyləncə sayar, qayğısız! XacəNizam

Coşma əfəndim, bu nə? Səbr eyləyin, Hanki yel əsmiş sizə bir söyləyin?

Müfti

(Xəyyamı və qədəhləri göstərir)

İştə, rəzalət yeli, bid’ət yeli,
Anlatınız kimdir o bilgic dəli?!
Sərxoş olub aləmi sərsəmlətir,
Anlayamam bən, şu səfahət nədir?

Xəyyam

(gülər)

“Həzrəti-müfti, sizə nisbətlə biz,
Həm ayığız, həm deyiliz nəş’əsiz. Biz içiriz badə, siz insan qanı,
Hankimiz, anlat, daha çoq vəhşiyiz?”

Müfti

Sus, bu cəsarət nə, bu tüğyan nədir?! Kimlərə uydun da, bu isyan nədir?!

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri