Səhifə 4 / 9 · 33%

5 həziran. Sabah ertə yenə atamla sözüm çəp gəldi. İstehzalı bir təbəssümlə dedim:

– Ay dədə, bəs qəmər əqrəbdən nə vaxt çıxacaq?

Atam ciddi cavab vermək istədi, lakin istehzalı təbəssümümü gördükdə şaşırdı. Nə cavab verəcəyini bilməyib darvazaya tərəf getdi və sonra nə düşündüsə, geri döndü:

– Ədə, – dedi – atamın goru haqqı sənin məzhəbin-zadın yoxdur.

Nə şəriət tanıyırsan, nə imam. Heç zad tanımırsan. Gör nə təhərdisə molla Səlim ağa kimi kişi də səndən razı deyil.

Atamın sözlərini kəsdim:

– Sən molla Səlimin atasının goru, qoy oturum – dedim, – molla Səlim yaxşı olsa, evində arvad sürüsü saxlamaz. Adam sözü danış.

Atamın rəngi üzündən götürüldü, çuxasının qolunu titrək əli ilə çirməyib üstümə yüyürdü... Mənə yaxınlaşdıqda əllərini aşağı saldı.

Mətanətli baxışım onu bir az da utandırdı:

– Çörəyim səni tutsun, – deyə kişi başını aşağı saldı və yavaş-yavaş geri çəkildi.

Deməli, nə vaxt gedəcəyim yenə bəlli olmadı... Anama deyirəm:

– Ay ana, bəs məni nə vaxt yola salırsan?

Deyir:

– Belə olsa, heç vaxt.

– “Belə olsa” hansıdır? – deyə ehmal soruşuram. Anam acıqlanır:

– Özünü xora-xoşa qoymusan, yekə kişini uşaq kimi ələ salıb oynadırsan, üzünə ağ olursan. Sonra da deyirsən günahkar odur.

Gülmək məni tutur, anam daha da acıqlanır.

– Dişi pişik kimi hırıldama, – deyir. Gülmək məni götürür. Gülürəm.

Axırda rişxəndli bir qayda ilə cırıq arxalığının qolundan yapışıb yuxarı qaldırıram, yenə gülürəm. Anam da gülür və qolunu dartıb məndən qurtarandan sonra:

– İtil o yana, vurulmuş! – deyə gedir. Arxadan ona bir müddət tamaşa edirəm. Çirkli paltarını və yalın ayağını gördükdə həm ağlayıram, həm gülümsünürəm.

– Yazıqlar, – deyirəm, – sizin içinizdə yaxşıca oda düşüb yanıram.

Anam dönüb ciddi bir sima ilə baxır və inanmaz bir səslə:

– Balam, – deyir, – sənə nə pislik eləyirik? Başından bir tük əskik olmağına razı deyilik. Sənə nə yamanlıq eləyirik?

Anam cavab gözləyən gözləri ilə bir az üzümə diqqətlə baxır, mən də onu süzürəm və öz-özümə düşünürəm:

“Anam və atamla mənim aramda bir uçurum var; nə bunlar bunu keçməyə müstəiddir, nə məndə meyl var. Uçurum əbədidir. Bunların yaralarına duz səpməkdən vaz keçməm yaxşı deyilmi?”

– Ana, – deyirəm, – mənə heç biriniz yamanlıq eləmirsiniz. Ancaq sən allah, məni tez yola salın gedim...

Anam sakit olur və ehmal səslə:

– Arxayın ol, şənbə günü allah qoysa gedərsən.

– Allah qoymasa nə təhər olsun...

Anam yenə acıqlanır. Əllərini çırpıb ümidsiz bir halda məndən uzaqlaşır. Tək qalıram. Peşman oluram. Öz-özümə darılıram.


Neçə gün var ki, bulvara getmirəm. Bu gün yoldaşlarım dalımca gəlmişdilər. Həyətdə oturub çay içdik, hal danışdıq. Baxıram bu dörd yoldaşın hərəsində bir xasiyyət var: heç biri o birinə bənzəmir. Mənsub olduqları ailə tamamilə başqa-başqadır. Həsən həkim oğludur. Həkimlik bunlarda irsidir, atadan oğula keçir. Təhsili də evdə alarlar. Mürsəl bəy balasıdır. Böyük bir imarətləri var, lakin bu imarət uçubtökülüb, xaraba bayquş yuvasını andırır. Atası il uzunu kənddə olar, ailəsi də şəhərdə acından ölər. Mürsəlin qışın soyuğundan örtünməyə bir paltosu belə yoxdur. Böyük qardaşı studentdir, ikisi də gözəl oxurlar. Rəcəbin atası tacirdir, pul müamiləyə verər, axır vaxt qaçaqçılıq edir. Bu saat silaha yaxşı pul verildiyi üçün Rəcəbin atası da zəngin olmuşdur. Aramızda ən laübalı Həsəndir. Başlıca vaxtı kefə gedir. Çarşablı qızlardan belə bir çox dostları var.

Mən də ki, bəlli: kitab yolunda hər şeydən keçərəm. Peterburqdan məcmuələr gətirdirəm, böyük bir kitabxanam var.

Bugünkü söhbətimiz çox əndişəli keçdi. Həsən hamımızdan yaşlı və təcrübəli olduğu üçün bizim dərk edə bilmədiyimiz bir çox məsələni aydınlaşdırdı:

– Görürsünüz, – dedi. – Bizə qarşı düşmənçilik artır. Özləri də bərk hazırlaşır: bol tüfəng, tapança və patron alırlar. Daşnaq fədailərinin əlindən şəhərdə yer yoxdur. Bunlar hamısı kəndlərdən gətirmə adamlardır.

Rəcəb Həsənin gülə-gülə dediyi sözlərdən dilgir oldu:

– Hamı satır, – dedi, – biri də mənim atam. O, satmasa nə olacaq ki?

Mən heyrətlə:

– Bəs hökumət bilmirmi? – dedim.

Həsən güldü:

– Elə bu işləri edən hökumət deyilmi? Dovşana qaç, tazıya tut deyir. Bakıdakı qırğını qubernator eləmədimi?

Mürsəl:

– Məlum işdir, – dedi, – xalqı bir-birinə qırdırmaqla inqilabı susdurmaq istəyir.

Bu məsələ ətrafında uzun-uzadı danışdıq. Bilmədiyimiz və maraqlandığımız bir çox işlər aydınlaşdı. Mən şəxsən ayılan kimi oldum.

Keşişlər çocuqlara, görünür, şovinist bir tərbiyə verirlər. Əsgərliyə çağırılan gənclər kəndlərdən şəhərə toplandıqda müsəlmanlara hücum edirlər. Bunlar hamısı daşnaqların propaqandası nəticəsində imiş.

Bunlar nəyə lazım? Əsrlərdən bəri yan-yana yaşayan iki xalq arasına nifaq salmağın faydası nədir? Xülasə, biz cahil, ermənilər də mədəni dəli. Erməni kitabxanasına tez-tez kitab almağa gedirəm. Erməni məsələsinə dair nə qədər kitab yazmışlar. Hamısı da kin və ədavət saçır. Gənclər bu kitabları oxuyaraq yollarından sapırlar. Nə isə, bu işlər xoşuma getmir. Əlimdən də bir iş gəlmir... Könülaçan da bir iş yoxdur.

6 həziran. Yenə qara buludlar könlümü bürümüş, yeni həyat acılığı damağıma çökmüş. Dərdlərimə şərik axtarıram. Dəftərim, sevgili dostum səhifələrini məndən əsirgəmir. Yazıram. Qələmimin ucundan göz yaşları damır. Ürəyim sızıltılarını kağıza tərk etmək istəyir. Yazığam, bəxtiqarayam. Keçmişim qəm, hal-hazırım qəm, gələcəyim qaranlıq. İşıq əsəri görünmür, gənclik də dayanmır, gedir. Məndən uzaqlaşır. Dayandırmaq istəyirəm, dayanmır, ah-zar eləyirəm, nalələrim cavabsız qalır.

Hərdən iztirabla güzgünü qarşıma qoyub özümə tamaşa edirəm.
Çöhrəmi solğun gördükdə ürəyim odla dolur. Üzümdə gənclikdən heç bir nişanə qalmamış, xəzan yarpağı tək saralıb solmuş. Alnımda, gözlərimin ətrafında, dodaqlarımın səmtində acı həyat izləri görünür, tam simam qırışmağa başlayır. Qara iri gözlərim qəmli pəncərələrindən vəfasız dünyaya dalğın-dalğın tamaşa edir.

– Ağla, – deyirəm, – ağla ey bəlalı gözlərim. Gənclik mülkündən əlin çıxır, ümid şamlarını zəmanə söndürmək istəyir.

Gözlərim sanki sözlərimi dinləyərək buludlu qəlbimdən qanlı yaşlar axıdır. Qocalmağıma inanmaq istəmirəm. İstəyirəm hələ həyatımın baharına inanım, ümidlə yaşayım, səadətin şux baxışının məftunu olum, güzgü aman vermir:

– Gənclik gedir, – deyir, – tale üz gizləyir, bahar gülləri qönçə ikən solur. Qələm əlimdən düşür. Başımı yazı masasına söykəyib cənnətini itirmiş Adəm kimi, aləmi göz yaşında boğmaq istəyirəm.


İndicə bulvardan gəlirəm. Neçə gün evdə oturmağım yoldaşları heyrətə gətirmiş. Bilxassə, Manya çox maraq etmiş. Rast gəldikdə mən onu soyuq qarşıladım, o isə gözləmədiyim bir tərzdə mehriban idi: gülə-gülə təzim etdi və keçdikdən sonra döndüm, o da dönüb mənə baxırdı. Ona darıldığımı görünür duymuş. Ehtimalım doğru oldu, bir az sonra bir çocuq göndərib mənimlə görüşmək istədiyini bildirdi. Bulvarın kənarında yarım saatlıq vüsala nail oldum.

Uzun saçının ucu ilə oynayaraq:

– Mənə çoxmu darıldınız? – deyə başını qaldırıb üzümə baxdı, mərcan yanaqları daha da qızarıb parladı.

– Təbii deyilmi? – dedim. – Bizdən qaçmaq bizi vəhşi zənn etmək deməkdir. Bu da doğrusu mənəvi əzablar verir. Məndən münasibətsiz bir hərəkət gördünüzmü?

Manya utanaraq:

– Görmədim. Həmişə sizin nəzakətinizdən bəhs edirəm.

– Bəs məndən qaçmanızı nə ilə izah etməliyəm?

Manya qızardı, şaşdı, cavabdan aciz qaldı, dili dolaşaraq:

– Bilirsiniz... Belədir... Müsəlmanlarla gəzməyimizə razı olmurlar.
Bizdə nə ixtiyar var?

– Manya, – dedim, – bu gün Rusiyada inqilab olub. Bu inqilabın şüarlarından biri də dini və milli, ziddiyyəti ortalıqdan qaldırmaqdır.
Biz gənclərin vəzifəsinə nə düşür?

Manya sözlərimi kəsdi:

– Bunları bilirəm, – dedi. – Amma nə edə bilərəm ki...

Manya sözlərini bitirərək günahsız gözləri ilə gözlərimin içinə baxdı, sanki: “Bizi zahirən ayırsalar da, qəlbən birik” – demək istəyirdi.

Ağacın arxasından bir seminariya tələbəsi göründü. Onu Manya görcək əlini cəld uzadıb iri addımlarla uzaqlaşdı, mən də məyus bir halda xiyabana döndüm. Rəcəbə rast gəldim.

– Səni gəzirəm, – dedi, – haradasan? Anlatdım.

– Xoşbəxtsən! – deyə köksünü ötürdü.

Bir neçə dəqiqə sükut içində keçirdik. Sonra Rəcəb:

– Student Xaçaturyanı gördünmü? – deyə sordu.

– Görmədim, necə?

– Bir dərnək təşkil etmək istəyir, müsəlmanlardan da səninlə məni cəlb etmək istəyir.

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Qibleyi-aləmin xalısı

Şəhərin ən məşhur xalı karxanaçısını vali yanına dəvət edib şahın əmrini bildirdi:– Qibleyi-aləmin dərbarı üçün bir xalı toxutduracaqsan, – dedi. – Bu xalının gərək şərqdə, gərəksə qərbdə əmsalı olmamalıdır.

3 dəq
Aprelin birində

Bunlara hər gün səhər saat on birdə bulvarda rast gələ bilərsiniz: qışda yel tutmayan, yayda günəş görməyən bir skamyaları var. Əsəd bəy ortada, Mirzə Zülqədər sağ tərəfdə, Ocaq Naşid də sol tərəfdə oturar. Bu adət pozulmaz. Yalnız bu deyil: bunların bir çox sabit adət və qaydaları da var. Məsələn, kimsə kimsənin keçmişi ilə maraqlanmaz, gündəlik məişət məsələləri mövzusundan bəhs olmaz, siyasətdən uzaq qaçılar. Bu olduqca yaxın və səmimi dostlar bir-birinin evinə getməz və biri digərinin ailə vəziyyətindən xəbərsizdir. Halbuki dostların özlərinə məxsus tarixçələri var. Əsəd bəy vaxtilə vilayət dəftərxanası tərcümanı olmuş; biriki məqalə ilə “Şərqi-Rus” qəzetində iştirak etmiş və bir zaman pyes yazmaq moda təşkil edəndə Əsəd bəy “Cəhalət qucağında” adlı bir dram belə yazmışdı. Lisaniyyat marağı dövrü Əsəd bəy islahatçı olaraq meydana atılmış və fars-ərəb kəlmələri yerinə türk sözlərinin işlənməsini təklif etmişdi; məsələn: “xoruz” əvəzinə “qızıl pipik quş”; “musiqi” əvəzinə “zırzır”; “münəccim” əvəzinə “ulduza baxan” və qeyriləri.Mirzə Zülqədər gimnaziyada elmi-ilahi müəllimi olmuş bir adamdır. Ərəb və farscaya vaqifdir. Dindardır və bütün dünya fənlərinin qurandan iqtibas olunmasına qanedir. Elmin hansı bir sahəsindən bəhs açılsa, “onu bizdən götürüblər, bax, ayeyi-şərifə nə buyurur” – deyə bir ayə və ya hədis söylər. Mirzə Zülqədərin təsəvvürüncə quran xarüqədir: darvinizm, dəmiryol, dizel maşını, hətta qramofondan da orada məlumat verilmişdir. İntəhası, biz cəhalətdə qalmışıq da, istifadə etməmişik.

7 dəq
Xasiyyətləri tutmamış

“Əli, Vəli, Pirvəli,Üçü ondan irəli,

4 dəq
İki çocuq

Kəndin kənarındakı böyük qoz ağacının altında qurulmuş mağarı çoluq-çocuq bürümüşdü. İçəridə toy idi: zurnaların səsi ahılı-cahılı nəşələndirərək süzdürürdü, hər kəs bu xeyir işə bacardıqca bəzəklidüzəkli gəlmişdi, iri heybətli papaqlar, təpmə qəhvəyi çuxalar, qıvraq patava və çarıqlar mağarı doldurmuşdu. Mağarın qapısına toplanan oğlan və qız çocuqları da rəngarəng idi: sarı, qırmızı, yaşıl... göz qamaşdırırdı. Şal gödəkçəli, qıllı papaq bir uşaq qığılcım kimi sıçrayaraq oradaburada səkir, “sümüyünə düşən” havalara bir az süzür, sonra birdən sanki utanaraq, qaçıb çocuqların arasında gizlənirdi. – Qasım, ay Qasım! – deyə adı dillərdə idi.Çocuqlar onu çağırmaqdan, onunla danışmaqdan, əylənməkdən elə bil ayrıca bir zövq alırdılar. O da kimsədən “kərəmini” əsirgəmirdi: birisi ilə süzür, o birisi ilə güləşir, zarafatlaşırdı. O, toyun bütün mənasını daşıyan bir rümuz idi: musiqi qədər şən, nəşə kimi cazibəli və fərəh qədər qanadlı idi. Onun bir dəqiqə bir yerdə durmağa qərarı gəlmirdi: mağarın ətrafını dolaşır, kecələrin arasına soxulub, içəridə oynayanlara tamaşa edir, bir də əlini yuxarı qaldıraraq – Ay şabaş!.. – deyə kənardakı uşaqlara doğru coşurdu...

3 dəq

Başqa şairlərin şeirləri