Səhifə 1 / 2

Veylabad şəhəri elə bil dəyişmişdi: hərə bir tərəfə qaçıb dağılmaqda idi; ətrafdan həyəcanlı səslər gəlirdi; sərvətlilər qızıllarını basdırırdılar, fağırlar da damlara doluşub allah sədasını göyə qovzayırdılar.

Qoşun kişilik idi. Düşmənlər hər tərəfdən şəhəri ihatə etmiş idi. Şəhər darvazaları təmamən bağlanıb dallarına qalın torpaq çəkilmiş idi. Qoşun fövc-fövc düşmənin hücumunu dəf etməyə çalışırdı. Qalabəndlik ili idi, Usta Ağabala yenicə anadan olmuşdu, bələyinin üstə göz yaşları sel kibi axırdı. Arvatlar buna baxdıqda deyirdilər, «suya dönmüş oldu olmadı, şəhərin nuraqı döndü». Elə arvatların haqları var idi. Ağabala çox ağlağan uşaq idi. Ağlayanda üzünü turşaldırdı. Elə bil mərsiyyə deyəcək idi. Birdə usta Ağabala gördü ki, bunu bələkdə bir biyabana atıblar, qalıb çığıra-çığıra. Səs küy təmam kəsilib; dağlar, daşlar, duman ilə bürünüb, bircə xırda çığır gözə görünürdü. Bu yol ilə bir addım enirdi. Yavıqlaşdıqda Əli-Əsgər-ağa olduğu mə’lum oldu. Axund yetişən kibi ustanı qucağına götürüb bələyini açdı və sonra cibindən bir kağız çıxarıb ona verdi: «al bu kağızı, tapşırdım cənnətin kənarından sənə bir parça yer versinlər orada ye, iç, huri və ğılmanlar ilə axirət ləzzətini apar».

Usta Ağabala kağızı alan kibi qaçmağa üz qoydu və hər addım atdıqca elə bil böyüməyə başladı; belə ki, şəhərə yetincə altı yeddi yaşında oldu.

Bir gün Kərbəlayı Cahangir gördü ki, oğlu Ağabala divardan sərçə yuvası düşürür. Kərbəlayı fori əlləri ilə onu dutub, başına bir-iki qapaz saldı və sonra İrandan gəlmiş bir mollanın məktəbinə apardı.

Hər sabah açıldıqda Ağabalanı min ah və zar ilə geyindirib, bir qoltuğuna odun birinə kömür verib, (adətən şəyirdlər məktəbə odun, kömür aparıb, özləri üçün ocaq qalardılar və hər kəs gətirməsə idi onu manqalların və buxarının kənarına qoymazdılar, məktəbin bir küncündə soyuqdan titrərdi) çiyninə də heybəsini salıb məktəbə göndərərdilər. Uşaq atasına bir təpik, anasına bir şıllaq atıb qapıları, bir-birinə çırpa-çırpa evdən çıxardı.

Bir neçə il belə keçdi. Kərbəlayı Cahangir elə gözləyirdi ki, oğlu Quranın məddini ayağa çıxıb məsələsinə arif olacaq. Lakin oğlu hələ «vəlləyli» də qalmışdı. Kərbəlayı hər vaxt məktəbə gedib, onu mollaya tapşıranda molla Ağabalanın çənəsindən dutub deyərdi: «çox sə’yli uşaqdır maşallah!».

Ağabala çox qoçaq uşaq idi: məktəbdə cəmi işə hamıdan qabaq o qədəm qoyardı. O biri uşaqlar məktəbə həftədə bir gügüm su versə idilər, Ağabala beş-altı gügüm verərdi, məktəbi hər gün süpürərdi; bazara gedib, mollaya piti alardı. Bunun üçün də mollası Ağabalanı cəmi şəyirdlərindən çox istərdi: hamısından qabaq onun dərsini deyərdi, həmişə qulunc duranda arxasını ona tapdaladardı, çubuğunu o doldurardı. Ağabalanın bu xoşbaxtlığına cəmi şəyirdlər həsəd aparardılar; axşama dək fikirlərində bu idi ki, bircə Ağabala bu məktəbdən çıxa idi ki, bəlkə bizə də mollanın arxasını qaşımaq və ya boynunu ovmaq növbəti yetişə idi.

Bir gün yenə Kərbəlayı Cahangir Ağabalanı mollaya tapşırmaq üçün, məktəbə gedəndə görür, məktəbdən səs gəlmir; nə olubsa molla uşaqları tezdən buraxıb. İçəri girdikdə məktəbdə bircə Ağabala ilə molla nəzərinə keçir; görür molla Ağabalanın çənəsindən dutub deyir: «Ağabala qurbanın olum, sən mənim qulağımdan dut mən də sənin!». Bu sözlərdən kişi nə anlayırsa yüyürüb mollanı süpürlüyür. Bir az molla bunu bir az bu mollanı, bu küncə o küncə çırpandan sonra küçədən səsə bir neçə cavan yüyürüb bunları aralıyır.

Sabahdan bu işə min rəng verib bazarda danışdılar. Bunu eşitcək Ağabalanın böyük qardaşı gedib mollanın qoparağını götürdü; dayıları, mollanı məktəbə həsrət elədilər; o biri qohumlar özlərinə xançaldan pıçaqdan axtarıb, tapdılar. Söhbət gün-gündən böyüdü; beyinlər qızdı. Az qalmışdı, bu işlər mollanın başında çatlasın, molla baş götürüb İrana qaçdı. Şəhər sakit oldu, söhbətlər yaddan çıxdı. Kərbəlayı Cahangir and içdi ki, dəxi bu işdən sonra Ağabalanı məktəbə qoymıyacaq, necə də demişdi elə də elədi: aparıb bir başmaqçıya şəyird verdi…


Usta Ağabala birdə baxdı, gördü, otuz ildir başmaqçıxanada tozlu çirkli dükəndə çərməyi döyür. Bu uzun müddətdə Veylabadda hər bir şey dəyişmiş idi çox «şeyxilər» dönüb «üsuli» olmuşdular; hacı kərimxanilər «şeyxi» olmuşdular. Şəhərdə böyük mə’cizələr görünmüşdü; çoxlu ocaqlar (pirlər) zühur etmişdi; Əli-Əsgər-ağanın evi neçə dəfələrlə ğeybdən nurani olmuşdu; birdən-birə mollaların pulları bərəkət tapmışdı. Qazı ağa altı yüz manat məvacib ilə böyük imarətlər yapdırmışdı; o biri mollara allah haradansa dövlətli, dul arvatlar yetirmişdi. Xülasə şəhərdə hər bir şey tərəqqi tapmışdı, dəyişilmişdi, abad olmuşdu, bircə Usta Ağabala qədimliyində sabit qalıb, otuz il idi ki, bu qərar ilə məişət keçirirdi: elə qayışı suya salıb, dizinə çəkirdi və sonra çərməyi ilə döyürdü.

Usta burnunu qurtdalayıb dərin bir fikirə ğərq oldu: «heyhat! Ömür getdi. Gün getdi! Bu gün, sabah inkir-minkir sual edəcək ki, nə qayırmısan? – onda nə cavab verəcəyəm?» Bunları fikirindən keçirəndə Ustanın qabağını, cənnət, cəhənnəm gəlib kəsdi. Onun əvvəl gözü yaşarıb, ürəyi bərk döyündü, sonra yadına «cənnət qəbzi» düşüb gülümsəndi və cəld çərməyini tullayıb döşlüyü döşündən qopartdı, «ahəstə qaçana imam ğənim»: Usta qaçmağa qədəm qoydu. Bazardan keçdikdə dükənçilər təmamən yerlərindən qalxıb başladılar Ustaya gülməyə; baqqallar çürük meyvələr ilə salbalamağa; uşaqlar yüyürüb ustanı ətəkliyirdilər, şəhərdə belə qayda idi, bazardan yüyürmək kibi adətdən kənar bir iş dutanı, bu təhər edərdilər.

Usta, bunlara qulaq vermiyib bazardan keçdi. Küçələr bir-bir gəlib getdi. Burada Ustanın qabağına əvvəl «hacı-kərim xani-lərin» mollası çıxdı. Usta ona heç e’tina etmədi, o da ustaya acıqlı bir nəzər ilə baxdı. Bir az keçdi bir neçə kömürçü və kənkan göründü, sonra bir dərviş və axırda bir neçə seyid mərsiyyəxan və çoxlu dilənçi. Usta bunların bəzisinə uca səs ilə salam verib bə’zisinə də heç e’tina etmiyib keçdi. Bir neçə addım da atıb şəhərin axırına çıxdı, mazı-mazı oynayan on yeddi, on səkkiz yaşında uşaqların səsindən qulaq tutulurdu. Bunlar ustanın qaçmağını görcək onu hoydu-hoyduya götürdülər. Usta bunlara da fikir vermiyib uzaqlaşdı.

Duman ətrafı bürümüşdü, yer göy zülmətə ğərq olmuşdu. Səs küy bilmərrə kəsilmişdi, bircə Ustanın ayağının şappıltısı, adama həyəcanlı, təsir edirdi. Usta Ağabala aramsız qaçırdı, havada təğyir görünmürdü. Zülmətin işıqlanmağına umud yox idi.

Qırx gün, qırx gecə Usta Ağabala yol getdi, ətrafda bir işıq əlaməti görmədi, axırda təngə gəlib bir dağın ətəyində uzandı və öz özünə bu fikirləri eliyirdi: «allah yoxsa mən günahkar idim ki, qabağıma zülmət çıxdı? Buyurmusan, Ağa-Əli-Əsgər-ağanın dalında namaz qıl, qılmışam; şeyxilərin məscidindən başqa ayrı məscidə getməmişəm; mollanın tabeindən çıxma-çıxmamışam, əl deyib-ölmüşəm, eyb olmasın, ev adamına ibn Mülcəm (allah lə’nət eləsin) ələn axşamı yaxşı kəllə-paça bişirdib aparmışam yeyiblər (halal xoşları olsun). Bəs mənim günahım nədir?».

Usta ağlaya-ağlaya fikirə getdi və birdən qalxıb başına döyə-döyə həkürdü: «pərvərdigara! Mənim günahımdan keç! Məni qəbir qazanına saldırma: bircə dəfə bilməmişəm, üsulilərin oduna düşüb kişmişli aş yemişəm!… Uhu, uhu!…. yoxsa onun zülmətidir indi məni bürüyüb!»

Usta Ağabala gözünün yaşını tökməyə başladı. Ağladı və başını daşdan daşa çırpıb yatdı.

Azmı, çoxmu yatıb, usta yaşlı gözlərini açdı, birdə gördü rüzgar təmam dəyişilib: duman çəkilirdi; dan yeri yenicə sökülürdü; şərq bulutları qızıl kibi parıldayırdı; ay və ulduzlar günün parlaq şüa’ları qarşısında işıqdan düşüb, sönük bir halda gözdən itirdilər. Sübhün həzin küləyi yaşıl yapraqları bir birinə vurub zaqqıldadırdı; bulaqların daşdan daşa tökülüb şırıldamağı gözəl bağlara bir ayrı lətafət verirdi; çiçəklərin titrəşib, bir biri ilə baş başa gəlmələri elə bil bülbülün yanıqlı səsinə səbəb olurdu…

Bir dəqiqə çəkmədi, günün şüası dağın dalından qalxıb cəmi aləmi işıqlandırdı; gül ğəncələrinə düşmüş şehlərin hərəsi min rəng çaldı. Cənnətin yavıqlaşmağı Ustaya əyan oldu. Cəld yerindən rəvan oldu. Bir az getməmişdi, şiddətli bir mənzərəyə rast gəldi: şimal tərəf təmam od dutub yanırdı; yerdən və göydən alav qaynayırdı. Usta bir az donuxdu və mə’təl qaldı; bircə yol var idi o da yanğı tərəfə gedirdi; daha ayrı tərəfə getmək mümkün deyil idi, gülzarlıq ilə bunun arasında böyük bir səd çəkilmişdi, onu keçməyə insan qadir deyil idi. Ustanı dərdə fikir götürdü: «yoxsa allah eləməmiş, cəhənnəmə gedirəm?» Yenə yadına «qəbz» düşüb ürəyini toxdatdı və qurşağının ucunu açıb alnının tərini silə-silə od çıxan tərəfə rəvan oldu.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

IV

Usta Ağabala hamama tərəf rəvan olmuşdu, payızın küləyi ağacların rəng-bə-rəng yapraqlarını budağdan budağa salırdı. Göydən qara bulutlar sallanmışdı. Bunlar qiblə tərəfə getdikcə nazilirdi. Və dağlara yavıqlaşdıqda kənarları ağarıb gümüş şəfəq verirdi. Usta getdikcə qabağından küçəyə tərəf pəncərəsiz evlər sınıq-söküq divarlar, dar eniş və yoxuş küçələr bir-bir gəlib keçirdi. Usta o qədər şadlığa aludə olmuşdu ki, ayağı çuxurlara düşüb tez-tez başmağı çıxmağı və ya papağının tullanıb alnına yeriməsi və ya qalxıb bir də pəlsərinə düşməsi bunun nəzərinə belə gəlmirdi.Usta Ağabala belə qeydkeş idi ki, hər gün gördüyü şeylər ona təsir etməmiş olmurdu. Birdən küçəyə düşmüş it pişik və ya geyri bir heyvanat meyitlərini görəndə belə fikir edərdi: «hələ itlərə allahın ğəzəbi keçib, bunlara behişt yoxdur görəsən bu yazıq pişiklərə kim cənnət qəbzi verəcək?» Pişik meyitindən sonra toyuq meyiti çıxanda Usta labüddən gərək bir az da toyuq barəsində fikir edə idi: «görəsən toyuq da behiştə gedəcəkmi? Ona da ğılman verəcəklərmi? Bəlkə toyuq da bilmədi buğdaya bir dimdik vurdu. Görəsən onda ona nə qayırarlar?»…

4 dəq
V

Kərbəlayı Qulu, usta Ağabalanın uzun papağını çıxartdı və başını su ilə islatdıqda bir neçə sual elədi; zamanənin dəyişilməsindən, bir az danışdı və dərin ahdan sonra ülgücü belindəki qayışa çəkib, təraş etməyə başladı. Usta Ağabalanın başının yarısı, təraş olmamış, birdən kərbəlayı Qulu geri çəkilib, dedi:– Usta, axır başıma bir iş gəlib.

3 dəq
VI

Usta Ağabala qapını axtarırca, divardakı şəkillərə də bir nəzər yetirdi. Qoçaq nəqqaş cəmi sə’yini burada sərf etmişdi.Divarın biri Bəhramın fövqəladə rəşadətini təsvir edirdi; Bəhramın atdığı ox ilə ceyranın dal ayağını qulağına yapışdırmağı bir cavanı mütəhəyyir qoymuşdu. Biçarə cavan təəccübündən ağacın dalında şəhadət barmağını dişləyib gözünün qarasını bir tərəfə döndərməkdən başqa bir şeyə qadir deyil imiş…

6 dəq
VIII

Cənnətin ənbəri qapıları, usta Ağabalanın üzünə açıldı. Rizvanlar tə’zim edib Ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə hurilər tökülüb işvəyi-dilnəvazləri ilə onu ihatə edə-edə apardılar. Səndəl taxtlar ipək mütəkkələr hazırlanmışdır. Ustanı oturtdular, gözəl bir çocuq bir piyalə lə’l tək şərab gətirdi. Şərabın ləzzəti-ruhanisindən Ustanın dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəni böyük bir qüvvə ilə məmlu oldu, gözləri işıqlandı; ürəyində yeni bir hiss, həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu bir od paraya duçar olub, ilk dəfə olaraq eşqi-həqiqi nə olduğunu duydu. Hurinin birini sağa aldı, birini sola və incə bellərini qucaqlayıb, almaya bənzər yanaqlarını öpməyə başladı və öpdükcə eşq odu alavlanıb, Ustanın vücuduna yayıldı.Bu halət artıq çəkmədi. Birdən böyürdən keçəl Həsən çıxıb Usta ilə salamlaşdı:

4 dəq

Başqa şairlərin şeirləri