VIII
Cənnətin ənbəri qapıları, usta Ağabalanın üzünə açıldı. Rizvanlar tə’zim edib Ustanın pak qədəmlərini təbrik etdilər. Bir dəqiqədə minlərcə hurilər tökülüb işvəyi-dilnəvazləri ilə onu ihatə edə-edə apardılar. Səndəl taxtlar ipək mütəkkələr hazırlanmışdır. Ustanı oturtdular, gözəl bir çocuq bir piyalə lə’l tək şərab gətirdi. Şərabın ləzzəti-ruhanisindən Ustanın dünyada çəkdiyi zəhmətlər yadından çıxdı. Bədəni böyük bir qüvvə ilə məmlu oldu, gözləri işıqlandı; ürəyində yeni bir hiss, həzz və ləzzət hissi oyandı. Ətrafa baxdıqda gözəlcə hurilər gördü, vücudu bir od paraya duçar olub, ilk dəfə olaraq eşqi-həqiqi nə olduğunu duydu. Hurinin birini sağa aldı, birini sola və incə bellərini qucaqlayıb, almaya bənzər yanaqlarını öpməyə başladı və öpdükcə eşq odu alavlanıb, Ustanın vücuduna yayıldı.
Bu halət artıq çəkmədi. Birdən böyürdən keçəl Həsən çıxıb Usta ilə salamlaşdı:
– Ya allah Usta!
Usta dik atılıb cavabında:
– Ya allah Məşhədi Həsən! Balam sən hara bura hara? Yə’ni ağa ilə qulun arasını bilmək olmaz; hər sir allah yanındadır.
Keçəl Həsən ustanı qucaqladı və çəkə-çəkə apardı.
– A kişi bir gəl gör burada nə ləzzət var.
İki mə’min yaşıl ağacların kölgəsi ilə salıb getdilər. Bir xeyli gəzdilər və cəmi dost-aşnalarını da görüb söz qoydular ki, gedib Ağa-Əli-Əsgər-ağanı da tapıb bir «başa qovurma» oynasınlar. Qotur Səməddən başqa hamı razı oldu; dedi:
– Siz eləsiniz uşaqlar, bu gecə birə məni qoymuyub yatam, hammal qulu mənnən yan-yana yatmışdı. Bilmirəm onun birəsidir ya nədir? Qotur Səmədin sözlərindən hamı istiğfar elədi, Usta Ağabala isə bir xeyli də dilgir oldu:
– Səb eləmə məl’un allahın cənnətində birə nə gəzir, görəsən yenə qoturun dutub nədir!
Səməd Ustaya acıqlandı və hersli sıçrayıb istədi onu döysün. Tökülüb qoymadılar. Huri və ğılmanlar gəlib aralığa sülh saldılar və az çəkmədi hərə çəkilib bir guşədə əvvəlki keyflərinə məşğul oldu.
Usta Ağabala axund Əli-Əsgəri hələ görməmişdi. Oradan buradan sual etdikdə xəbər verdilər ki, gələndən süd gölçələrinin yanında keyfə məşğuldur. Usta getdi. Çarhovuzun yanından keçdikdə pinəçi Ğafara rast gəldi. Əhval-pərsandan sonra Ğafar da Ustasının qulağına pıçıldadı ki, gecə birə əziyyət eləmir ki.
Usta bir də haldan çıxdı; az qalmışdı ki, yenə dava düşsün. Ğafar and içib onu inandırdı ki, birədən hamı şikayətçidir. Dedi:
– İnanmırsan palanduz Əkbərdən soruş, kişi dünəndən bir təndir axtarır ki, paltarını çırpsın!
Usta o qatı təlx gəlib Ağanın yanına çıxdı. Ağa-Əli-Əsgər-ağa zircamədə ğılmanları başına toplayıb «hoppaq-hoppan» oynayırdılar. Hərdən Ağa ğılmanları elə çimdikləyirdi ki, biçarələrin gözləri yaşarırdı.
Ağanı görcək ustanın cəmi dərdi yadından çıxdı. Onun ayağına yıxılıb sevindiyindən ağladı.
– Cəlalına qurban olum ay Ağa!
Ağa Ustanı yanında oturdub dedi:
– Ağabala mən ölüm, mənnən aran necədir?
– Sənə fəda olum, əcrindir, çəkirsən!
Bu sözlər ağanın belə xoşuna gəldi ki, əmr verdi huri və ğılmanlar tökülüb başladılar Ustanı qıdıqlamağa. Usta Ağabala əvvəl bir az utandı, sonra isə yavaş-yavaş açılışdı. Gördü, bunun heç eybi yoxdur; cənnət huri və ğılmanlardan ibarət idi. Bir də göz gəzdirdi, gördü ağacın dibində ala gözlü bir ğılman durub barmaqlarını əmir. Ğılmanın bu halı ustaya çox xoş gəldi.
– Qadan canıma ay bala gəl yanıma!
Ğılman gülümsənə-gülümsənə gəlib ustanın qucağında oturdu. Usta başını əyib «oxqay» döyə-döyə ğılmanı öpmək fikirində idi, birdən hamamın divarından köhnə bir fitə qopub düşdü onun başına.
Usta Ağabala yuxudan dik atıldı. Qaranlıq hamamda heç kəs olmamağı ona təəccüb gəldi. Usta Ağabala ğılmandan ayrılmağına çox acıyıb, acığını fitədən aldı-götürüb elə yerə çırpdı ki, səs hamama düşüb gülüşməyə bənzədi. Gülüşmə Ustanı bir az qorxutdu: saqqalının tükləri xınanı deşib çıxmaq istəyirdilər. Doğrudan da qorxmalı idi: hovuza düşən su damcılarının hərəsi, bir nəğmə oxuyurdu. Divarda asılan köhnə fitələr əzdahaya dönmüşdü; hamamın sərbəndinə tökülən yumurta qabıqları, bozbaş sümükləri, qarpız qabıqları, şişməkdə idilər; yavaş-yavaş hərəsi əcayib bir insan şəklinə düşüb başlayırdılar Ustaya tərəf səfər etməyə.
Usta Ağabalanın ğılman, zad yadından çıxdı. Nəfəsi bilmərrə batdı. Uşaq vaxtı nənəsi buna cinlərdən nağıl etdiyi gəldi yadına düşdü: «cinlər hamamda adamı boğarlar amma bismillah desən qaçışarlar»…
Usta qiraət ilə bir «bismillah» çəkdi, bunun səsinə yüz yerdən də bismillah səsləri gəldi. Kişi lap bir yerə büzüşdü; sonra bir iki salavat çevirib şeytana lə’nət oxudu. Yüz yerdən cavab gəldi. Ustanın ürəyində elə bil kənkanlar quyu qazırdılar, tappıltısı qulağına gəlirdi, bədəni titrəyirdi.
Usta Ağabala bir neçə dəqiqə yerində sakit oturub qorxusundan kipriklərini də tərpətmədi. Bunun ilə də işi düzəlmədi; hər tərəfdən bunun üstənə hücum gətirirdilər. Axırda birdən yüyürüb hovuza tullandı və dalınca da yüzlərcə adamlar tökülüb Ustaya gülməyə başladılar. Hətta bə’zisi də gözünü ağardıb deyirdi: «cənnətin qəbzini bizə ver, verməsən səni boğacayıq». Cinlərin bihəyalığından, biçarə kişi saqqalının xınasını yuyar-yumaz hovuzdan çıxmağa məcbur oldu. Amma çifayda minlərcə adamlar bunun ilə çıxdı və hamamın ortasında Ustanı araya alıb çırtıq çalıb, oynamağa başladılar.
Ustanın dili daha söz dutmurdu, ayaq üstə durmağa taqəti yox idi. Biçarə kişi bircə onu bildi ki, gücü gəldikcə «vay dədə vay», deyib bihiss yerə yıxıldı.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-cennetin-qebzi-viii
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
(Keçmiş məişətimizdən)Xan səsə yuxudan ayıldı. Əvvəl qulaqlarına inanmayıb durdu, yatacağın üstə oturdu. Amma səs onun səsi idi, bunda şübhə etmək olmazdı.
«Yeni Fars»Ağa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi. Cəmi vücudu İranın təməddün, nicat və saadət fikirilə dolu idi. Qantorların birində az maaşa qulluq edən cavan həm ailəsini dolandırıb, həm də milli vəzifəsini ifa edirdi. Qəzetlər yazıb bir dəqiqə nəfli qiraətdən çəkinmirdi. Gərürdün İranlı məktəblərində şura olanda camaata bir səs düşdü; hazırun bir-birinə müracəətlə: «Ağa mirzə-Əli gəldi» deyib gözlərini məclisin yuxarısına tikirdi. Ağa Əli çıxdı… gözləri fikirli siması, ciddi, zehnində guya bir ağır fikir tutub, ehmal tərpənir ki tökülüb məhv olmasın.Ağa Əli irəli yeridi və camaatı bir nəzərdən keçirib ağzını açdı… Məclisdə adətdən kanar sakitlik bərpa oldu. Bir kərbəlayı gözlərini qırpmağa cəsarət, bir məşədi öskürməyə cürət etmədi. Natiq ağzından dür tökürdü, sədəf səpirdi. Xoş sovt ilə söylənən sözlər təkcə-təkcə almas dənələri kibi, düşüb göz şüşələrinə rəxnə saldı: Odlu yaşları yığıb toplamağa bir hacı və bir molla dəsmalı qadir ola bilmirdi. Natiq İranın əsəf-əngiz hali-hazirəsini təsvir edirdi. Qabil, kamil, maharətli bir qələm ilə geniş aydın bir lovhə cızıb hazırunun önünə qoydu: bir tərəfdə mə’murlar camaatın qanını soruvb özləri üçün imarətlər tikirlər, bir tərəfdə ruhanılar öz cibi xatirəsinə «lay, lay!» deyib xalqı cəhalətə, xabi-qəflətə sovq edirlər; seyidlər lotuluğa dini bir rəng verib müftəxorluğa meydan açırlar. Bəylər, xanlar, ağalar, quldurlar… zor və güclərindən istifadə edib, əsnafa olmazın zulum, əziyyət və məşəqqətini edirlər… İran bir zulum bir vicdansızlıq dəryasına dönüb, vətən övladını boğub məhv edir!.
DivanəCavan qız sinni-şəbabətə yetişmişdi. Zahir və batinində çocuqluq əsərləri məhv olub gedirdi: boy ucalıb, gəysu dolğunub, simasında da ayrı məlahət görünürdü. Sitarənin könlü daha əyləncələr diləməzdi, fikirindən də uşaqlar ilə laqeydanə oynamaq keçmirdi. Axşamadək Sitarə pəncərənin önündə oturub xiyalatda idi; bu xiyalat həyatə və məişətə doğru idi. Sitarə pəncərədən bağçaya baxırdı: çiçəklər, otlar, güllər bahar günəşinin ılıq şuasının altında ruhlanıb, təravətlənib, gözəl qoquyurdular; quşların hərəsi bir nəğmə oxuyub, insana ləzzət verirdi.Sitarə bunlara baxırdı, şad olurdu, durub həyətə gedirdi və hər çiçəkdən birini dərib; hər güldən bir yarpaq üzüb, hərəsindən də bir həzz aparıb bir lətafət anlıyırdı. Sitarə bağçanı dolanırdı, fırlanırdı. Güldən çox gül, çiçəkdən çox çiçək. Lakin ürəkdə bir aramlıq, ruhda bir sakitlik yox idi. Sitarə ixtiyarsız çiçəkləri əldən yerə tökub, yenə pəncərənin önünə çəkilirdi. Və başını çiyninə qoyub fikirə gedirdi. Sitarənin xiyalında bir cavan oğlanın əksi nəqş bağlamışdı. Bu oğlan Sitarə kibi zərif, lətif bir cavan idi; gecə gündüz Sitarə ilə gəzib dolanardı. Bunlar bir birinə əşq yetirib, bir can bir cəsəd olmuşdular. Dadlı, dadlı, söhbətlər, səfalı, göz yaşları, bunların həyatını saadət nuru ilə ışıqlandırdı. Qız xoşbaxt, oğlan xoşbaxt – ikisi də əl ələ verib şad və xürrəm diriliyin geniş bağında ömür sürürdülər; gül yığıb, çiçəklər dərib, qoxusundan ruhipərvər olurdular. Onda Sitarənin ürəyi aram tapıb ruhu sakit olurdu. Sitarə tamam xiyalat aləminə qərq olub dünyadan xəbəri yox idi. Evdə bir söhbət olardımı, yeni bir iş ittifaq düşürdümü – bunların heç birindən Sitarə agah olmazdı. Bəlkə arvad qonaqları gəldikdə, onlara görünüb, çaydan xərəkdən verib, yenə o biri otağda pəncərənin önünə keçərdi.
Müsəlman arvadının sərgüzəşti«Dədəmin övladı olmamağına görə nəzir eliyir ki, bir qızım olsun seyidə verim. Odur ki məni on bir yaşıma tamam olanda Mir Qasım adlı bir qırmızı saqqala ərə veriblər.Bir ildən sonra seyid yox oldu. Ora seyid, bura seyid? mə’lum oldu ki, seyid kəntdə evlənib bir uşağı da var.
Başqa şairlərin şeirləri
Əslimiz olmuş əhli-Hövsandan,Gəmi zəhmətkeşi olubdur atam.
Ey sərvi-səhi, sən gələli seyr ilə bağəEy sərvi-səhi, sen gələli seyr ilə bağəSər çəkmədi ər-ər,
DüşübdürÇərxi-fələk qismət edəndə özü,Ğəmi-gərdun bu dilfigarə düşübdür.
ŞücaətimVardır fəsahətim, bən özüm “nöqtəpərvərəm!..”Hər işdə mahirəm, hamudan “çox hünərvərəm?”