Səhifə 1 / 2

Kərbəlayı-Eyvaz otağa girəndə arvadı Dürnisəni bikef gördü. Kişi arvadına heç e’tina etmiyib, ocağın qırağında oturdu. Bir az qızışdı, burnunu çəkdi, sonra arvada tərəf baxıb dedi:

– Elə oturub, elə bil bu acından ölən bunun sahibi deyil. Niyə durub, pişmiş vermirsən yeyim?

Arvad ağlamsına-ağlamsına:

– Özün get götür ye; daha bundan sonra mən sənə qulluq eləmiyəcəyəm. Sən ki mənim qədrimi bilmirsən.

Kişi hirsli:

– Yenə nə olub? Cinin dutmuyub ki!

– Nə olacaq, sabahdan axşamadək işləyirəm; heç bir demirsən: «Ay, arvad, allah atana behişt versin, allah səndən razı olsun». Ancaq onu bilirsən ki, evdə qaş qabaqlı oturub, köntöy köntöy danışırsan!

Kərbəlayı Eyvaz arvadın nazından baş açmırdı-cəmi fikri zamanının dəyişilməyi ilə; bazar kəsad, müştəri yox, zindəganlıq çətin, arvadın sözləri də bir tərəfdən. Kişi tab gətirə bilmiyib, odlandı:

– Qulluq eləmirsən, eləmə! Mən də səni boşaram qalarsan canın çıxa-çıxa.

– Boşa! Elə mən də allahdan onu istiyirəm.

Kərbəlayı Eyvaz daha da acıqlandı. Yerindən qalxdı, arvada bir iki təpik vurub və sonra taxçadan boğçaları yerə töküb, dedi:

– Dur, cır-cındanı yığ gedək qazının yanına: səni boşuyuram.

Dürnisə gözünün yaşını ətəyi ilə silib, cehizlərini topladı və buxçaya bağlayıb, vurdu qoltuğuna. Ər, arvad bir birinə qoşulub, fanus əllərində, axşam getdilər qazının yanına. Qazı köynəkli bunların qarşısına çıxıb, bir ərə baxdı, bir arvada baxdı; sonra qoltuğunu qaşıya-qaşıya dedi:

– Sabahı allah kəsməmişdi ki, axşamın qaranlığında durub, oradan buraya gəlibsiniz?

Kərbəlayı Eyvaz baş endirib dedi:

– Ay qazı ağa, bunun əlindən mənə dinclik yoxdur. Bilmirəm zindəganlığın dərdini çəkim, yoxsa bunun. Allah xatırına bunu mənim başımdan rədd elə!

Dürnisə də yaşmanıb, danışmaq istiyirdi, qazı sözünü kəsdi:

– A kişi, bihəyalıq bu qədər! Hələ danışır da...


Nikah fəsx oldu. Kərbəlayı Eyvaz qayıdıb gəldi evə, Dürnisə də salıb qohumu gilə getdi.

Kərbəlayı axşam çırağı yandırıb, bir az oturdu; gördü bundan fayda yoxdur-yatmaq tədarikinə düşmək gərək. Qalxdı ayağa, yükə tərəf yönəldi və əlini mütəkkəyə atanda, yadına düşdü ki axır Dürnisə burada olsa idi heç mən bu zəhmətə düşməzdim.

Əlac yox idi: biçara yorğan döşəyi yükdən endirib, ah və zar ilə özünə yatacaq düzəltdi və soyunub, yorğanı başına çəkdi.

Payızın quru soyuğu başlanmışdı. Kərbəlayı Eyvaz nə qədər yorğana büründüsə, soyuq aman vermədi; durub paltarlarını da üstünə çəkdi, qızışmadı. Dedi:

– Atam sənə qurban, ay Dürnisə! Sənsiz yorğan döşək nə soyuq olurmuş!

Kərbəlayını fikir götürdü. Başını sandığa söykəyib, sübhə kibi mürgü döydü.


Axşam Kərbəlayı Eyvaz evə qayıtdıqda gördü yel xəzəli aparıb tamam qapıya və pəncərəyə doldurub, zibil hər yeri ağzına alıb. Qapını açıb, otağa girdikdə dünəndən yem verilməmiş pişik mıyıldaya-mıyıldaya kişinin qabağına yüyürdü. Yatacaq yığılmamış dururdu; otaq da soyuq və zibilli idi.

Kərbəlayının ovqatı lap təlx oldu. Arvadın qədrini imdi imdi bilməyə başladı. Qəmli gözlərini evə dolandırdı; fikir elədi: «Yazıq Dürnisə, elə ha işlədin, heç bir atana quran oxutmadım. Dedin: «A kişi sən allah mənə bir «alışdım-yandım» çəpkən al, tay-tuşdan geri qalmışam» qulaq asmadım. İmdi yerin görünür. Həmişə axşam gəlib, evi süpürülmüş, ocağı qalanmış, çayı və pişmişi hazır görərdim. İmdi heç zad yoxdur!....»

Kərbəlayı Eyvazı yaş boğdu. Başını pəncərəyə söykədi və fikirə getdikdə, ac pişik yenə mıyıldayıb, kişinin qılçasına sürtüşməyə başladı. Pişiyin səsində o qədər sızıltı var idi ki, elə bil Kərbəlayını məzəmmət edib, deyirdi: «Heç utanırsanmı? Mənim neçə illik ev sahibimi boşadın, imdi - mən onsuz aclıq əziyyətinə davam edirəm». Bundan daha da tə’sirlənib kişi hökürüb ağladı.


«Mən Dürnisəsiz evə qayıtmıyacağam!» bu sözlər ilə Kərbəlayı Eyvaz evdən çıxıb, getdi. Fikrində bu idi ki, getsin Dürnisəni çəpərə çağırıb, desin: balam bir iş idi oldu-yanı, imdi ikinci dəfə kəbin kəsilsə nə eyb edər? - Belə də elədi. Getdi. Xaraba karvansaranın böyründən ötdü. İki damxa keçib, üçüncüsünə yavıqlaşdı. Arvadı olan çəpərə çatdıqda, Kərbəlayı gördüyü, bu dutası iş deyil. Əvvəl Kərbəlayının üzündən gəlməzdi ki arvadı çəpərə çağırsın; ikinci gendən baxan da pis anlardı. Kişi mə’yus geri qayıtdı.

Kərbəlayı Eyvazın dünyada bircə dostu var idi; adına Havva qarı deyirdilər. Nə qədər dərdi olsa idi, ona söylərdi. Qarı Kərbəlayını özünə oğul hesab edib, ona artıq can yandırardı; azarlıyanda üzərrik tüstüsünə verərdi; ildə neçə dəfə arxasına həcəmət qoyardı.

Kərbəlayı baxdı, gördü bu dərdinin də əlacı Havva qarıdadır. Buna görə gedib, qarının qapısını dəydi:

– Nənəm evdədirmi?

İçəridən səs gəldi:

– Evdədir qadan canıma!

Kərbəlayı Eyvaz içəri girdi. Qaranlıq bir otaqda üzü qırışmış bir qarı oturub, pilə əyirirdi. Qarı Kərbəlayını qucaqlayıb, alnından öpdü. Kərbəlayı bir dəsmal əzgil gətirmişdi, bunu arvadın qabağına qoyub, dinməz başını aşağı saldı.

Sadəlövh qarı, gözləri yaşarmış:

– Kərbəlayı, qadan alım, bu nə idi başına gəldi?

Kərbəlayı dinmədi. Qarı sözündə davam edirdi:

– Dürnisənin səndə haqqı çoxdur, allah şeytana lə’nət eləsin!

Kərbəlayı doluxsundu:

– Bilirəm, nənə! çox-çox idi!... Bir iş idi düşdüm.

Qarı çeşməyin üstündən Kərbəlayıya baxa-baxa:

– Elə Dürnisə də peşman olub, evinin korluğunu eliyir. Yazıq neyniyəklə o evi tikib; axır sən evlənəndə bir zadın yox idi!

Kərbəlayı tab gətirə bilmiyib, daha da köyrəldi; və əlinin dalı ilə gözündən iki-üç isti damcı alıb, döşəyə saldı.

Qarı Kərbəlayının halından xəbərdar olub, dedi:

– Mən Dürnisəni də çağıraram, sonra kəbin kəsilər. Başınızı salın damınızın altında kasıbkarlığınıza qurşanın!

Kərbəlayı Eyvaz təşəkkür izhar edən gözlərilə qarıya baxıb, utana-utana:

– Allah səndən razı olsun, nənə!-dedi və yenə ağlamsandı.


Kəbin kəsilib, qurtarmışdı. Axşam Kərbəlayı Eyvaz oturub, arvadını gözlüyürdü. Kişi çay qoyub, ocağı kökləmişdi. Bozbaş da piti də qaynamaqda idi. Ev tər-təmiz idi, hər şey yerində idi. Hamısını da Kərbəlayı özü qaydaya salmışdı ki arvad gəlib hazır görsün bir də qapı açıldı, əvvəl əyilə-əyilə qarı girdi, daldan da Dürnisə. Kərbəlayı dik ayağa qalxdı. Arvadı gördükdə əvvəl dondu və sonra bir od cəmi vücuduna yayıldı; Kərbəlayı gördü ki üzü və qulaqları istidən yanır. Dürnisə də bədənində bir istilik hiss etdi; bu da yerində mat qalıb, gözlərini yerə tikdi. Bir neçə dəqiqə ər və arvad bu halda qalıb, bilmədilər nə etsinlər və bir birinə nə desinlər. Qarı bunları bu gülünc vəziyyətdən qurtardı. Cehiz olan buxçanı Dürnisənin qoltuğundan alıb, qoydu taxçaya, çarşafını açdı, şəlitə atdı və ikisini də oturdub, dedi:

– Lə’nət şeytana deyin, həmişəki kibi dolanın! Daha siz balaca deyilsiniz ki, sizə nəsihət eliyim. Sizin ikinizin də heç kəsi yoxdur; bir birinizdən muğayat olun!...

Ər, arvad başlarını aşağa salmışdılar. Qarı bir də:

– Qadan alım, Dürnisə, çay tək içək!

Arvad ürkə-ürkə samavara tərəf yönəldi. İstikanlara çay tökdü və yavaşca götürüb, süfrənin ortasına düzdü. Havva qarı çayı Kərbəlayının qabağına qoydu. Kərbəlayı qənd istədi. Dürnisə qəndanı götürüb, uzatdı. Amma kişinin üzünə baxmadı. Kərbəlayı da üzünü bir tərəfə dutub, qəndi aldı. İkinci istikanda Dürnisə bir az açılışdı-çayı düz Kərbəlayının əlinə verdi. Kərbəlayı cürətli:

– Arvad, allah atana behişt versin, bir iki yumru qənd ver-dedi. İkisi də yavaş-yavaş lap açılışdılar.

Beləcə ər, arvad barışdı. Əvvəl axşamdan Kərbəlayı rahatlığa çıxdı; gəlib evi təmiz və isti görürdü; gecə soyuq artıq kar eləmirdi. Pişiyin də zarıldayan səsindən onun ovqatı təlx olmurdu.

Aradan bir neçə vaxt keçdi. Çoğunlu qış idi. Tərəkəmə şəhərdən çəkilib, getmişdi; bazar bərk kəsadlıq idi. Axşam Kərbəlayı Eyvaz qaş qabaqlı evə gəldi. Həmişə qapıdan otağa girəndə salam verirdi, bu səfər dinməz gəlib, ocağın qırağında oturdu. Kişi fikrə batmışdı. Fikri də bu idi ki, istiyirdi dükəni yığsın və ayaq üstə dəllallıq eləsin. Bir də yadına düşdü ki, mayası yoxdur; nə ilə alış veriş edəcək. Kişinin fikri bu idi ki, evdən bir neçə şey satıb, işə girişsin. Yoxsa dükən gündəlik yemək pulunu çıxarmırdı.

Kərbəlayı layihələrilə məşğul, ocağın kənarında sükuta getmişdi. Nə yemək nə içmək heç biri bunun yadına düşmürdü. Arvad da sakit oturub, fikirdə idi. Bu da fikir eliyirdi ki, nə olardı, allahın altında bir «alışdım yandım» çəpkənim ola idi, geyinib hamama gedə idim; toya gedə idim. Bilə idilər ki mən də arvadam, mənim də səliqəli paltarım var.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Başqa şairlərin şeirləri