Məzmun
  1. Müqəddımə
  2. Birinci hissə
  3. Azərbaycan və sərhədi
  4. Aran
  5. Bakı dənizi
  6. Bakı
  7. Dərbənd
  8. Şirvan
  9. Şamaxı
  10. Şəki (nuxa)
  11. Gəncə
  12. Bərdə
  13. Qarabağ
  14. Rəvan
  15. Naxçıvan
  16. Muğan
  17. Təbriz
  18. Ərdəbil
  19. Marağa
  20. İkinci hissə
  21. İqtisadi azərbaycan
  22. Neft
  23. Mis (baqer)
  24. İpək
  25. Pambıq
  26. Yun və xalı
  27. Balıq və kürü
  28. Hamiş

Səhifə 1 / 13

TARİXİ, COĞRAFİ VƏ İQTİSADİ AZƏRBAYCAN

Əziz yoldaşımız və böyük mürşidimiz

Məhəmməd Əmin Rəsulzadəyə

sevgi ilə ithaf edirəm.

Yusif Vəzirov

Müqəddımə

Azərbaycan şərq ilə qərb arasında körpü təşkil edən bir ölkədir.
Ən qədim zamanlardan bəri bu körpüdən müxtəlif irqlərə mənsub millətlər keçib getmişlər. Bunlardan məmləkətimizə yerləşib, kök salanlar da olub. Təbiidir ki, gəlmələr ilə yerlilər arasında uzun mücadilə və mübarizə sayəsində qanlar qarışıb, din və dillər dəyişilib və nəticədə başqaca bir mədəniyyətə malik, ayrıca bir millət vücuda gəlib. Bu millət azəri türkləridir.

Azəriləri ovsafi xüsusiyyətlər ilə müəyyən bir şəklə soxan bir tarix var. Bu tarix islamdan çox əvvəl başlayaraq dövrlər keçirmiş; ərəblər, səlcuqlar, monğollar, iranilər, osmanlılar Azərbaycan tarixində mühüm rollar oynamışlar. Son əsr rus istilası ilə bərabər, Avropa mədəniyyəti də məmləkətə girmiş və bu sayədə Azəri mədəniyyəti inkişafıə lverişli bir sahəyə çıxmış.

Azərbaycanın tədqiqi türkoloqlar üçün yeni bir meydan açır. Bu sahə, bizcə, o qədər maraqlı və şayani-diqqətdir ki, ayrıca öyrənilməsi icab edər. Məqsədə müvəffəqiyyətlə varmaq üçün türkolojiyaya birdə azərolojiya şöbəsi artırmalıdır. Zənn edirəm ki, azərolojiya şərq tarixi- mədəniyyətinə yeni-yeni səhifələr əlavə edəcək.

Azərbaycanın keçmişinə dair iki mühüm əsər yazıldığını “Kəşfülzünun” dan öyrənirik. Biri, “Tarixi-Azərbaycan” müəllifi Labün Əbu Əlhica Əlrəvadi; ikincisi, “Tarixi-Aran” müəllifi Əlbərdəi. Heyfa ki, bu kitabları əldə edə bilmədik. Bunlar tapılarsa, tarixi məlumatımız üçün yeni ufüqlər açılar.

Kəşfül-Zünun fi Əsamiya-Kütbül-fünun. Katib Çələbi. Birinci cild, səh. 317
Aran haqda Leypsiqdə bir əsər basılmışdır: J.Marguart Untersucliangen zur gesehite Von Eran

1895-1905.

“Qüdsi”nin “Gülüstani-İrəm”i istisna olaraq Azərbaycan tarixinə həsr olunmuş başqa bir əsər mövcud deyil, zənn olunur.

“Gülüstani-İrəm” Şirvan tarixindən ibarət olub, məsələni bizim təsəvvür etdiyimiz nöqtədən tənvir eləmir. Oxucularıma təqdim etdiyim “Tarixi, coğrafi və iqtisadi Azərbaycan” əsl tariximizə müqəddimə təşkil edə biləcək, zənnindəyəm. Bu əsər bir projerdir ki, tariximiz o dairədə yazılıb, meydana çıxacaq. Vətəndaşlarımın milli tariximizə olan həvəsinə bu risalə ilə kiçicik bir xidmət edə bilsəm, məqsədimə nail olacağam, zənnindəyəm.

Müəllif

Birinci hissə

Azərbaycan və sərhədi

Məmləkətimizin adı “Azərbaykan”, “Azərabadqan”, “Azerbiycan”, “Azərbaycan” – deyə şərq müəllifləriidə mərufdur. Qədim yunan və Roma müvərrixləri isə “Atropaten” təsmiyyə edirlər. İbn Əlmüqəffe qövlünə görə “Azərbaycan” Azərbaz bin Əsud bin Sam bin Nuh və yaxud Azərbaz bin Bivərasəfin adı ilə təsmiyyə olunmuşdur. Digər rəvayətə görə, “Azər” pəhləvicə “Od”, “Baykan” “Saxlayan” mənalarına olduqda, “Azərbaycan” – “Atəşxana” və “Atəşgədə” mənalarına gəlir.

İkinci ehtimalın qüvvətli olduğuna məşhur müvvərrix Təbəri, ərəb coğrafiyunu Yaqut Həməvi və osmanlı alimlərindən Şəmsəddin Sami qanedirlər.

Tarixi-Təbəricə İranın ən böyük atəşgədələri Azərbaycanda imiş.
Doğrudan da, Bakı civarında Suraxanə adlı yerdə əlai atəşpərəstlər məbədləri durur və içində yaşadığımız əsrin əvvəllərinə qədər bu atəşgədələr Hindistandan belə özünə ziyarətçilər dəvət edərmişlər.

Azərbaycan qədim zamanlarda geniş bir ölkə imiş. Lakin sərhədi haqqındakı rəvayətlər müxtəlifdirlər. Tarixi-Tabəriyə görə “Həmədan həddinin ibtidasından ta Zəncana və Ohərə və axır Dərbəndi Xəzərə çıxınca bunlara Azərbaycan deyirlər. Səhayefül əxbarül-münəccimbaşi Azərbaycanın Aran və Ərməniyyə ilə müxtələt olduğunu qeyd edir və sərhədini böylə təsvir eləyir: “Şərqdə Deyləm və bəzi cəbəl şəhərləri; cənubda Iraq və bəzi cəzirə şəhərləri; qərbdə Ərməniyyə və bəzi Rume məmləkəti; şimalda Aran və Bəhri-Xəzərə müntəhi olur. Paytaxtları Ərdəbil, Şirvan və Təbriz imiş. Azərbaycana məxsus şəhərlər bunlar imiş: Xosrov, Səlmas, Cəzə Naxçıvan, Berdənc, Xoy Xoyənh, Urmiyyə, Marağa, Ucan, Məyanic; Mərənd, Muğan, Bərzənd, Bərdə, Sultaniyyə.

Təbəri min sənə əvvəl yaşamış mötəbər müvərrixlərdəndir. Bakı dənizinin
Cənub sahilindəki Təbəristandan imiş. Vəfatı miladi 923 tarixindədir.
2 Cəzə – Cənzə – Gəncə deməkdir.

Ərəb coğrafiyunları: Əl-Müqəddəsi, İbn Hövqəl, İsmail Əbu Əlfida da Azərbaycanın Ərməniyyə və Aran ilə müxtələt olduğunu iddia edirlər. Ibn Hövqəl deyir: “Ərməniyyə, Aran və Azərbaycanı bir ölkə zənn edirik. Doğrudan da onlar bir padşah tərəfindən idarə olunur”.

Yaqut Həməvi Azərbaycanın Bərdədən Ərzuruma qədər imtidad etdiyini “Möcəmül-büldan”ında yazır.

Azərbaycanın abadanlığı haqqında bütün müəlliflər həmrəydilər, bağ-bağça, abad kənd və şəhərlər hər kəsin nəzərini özünə cəlb eləyir.

Bu bolluqdan dolayı Əl-Müqəddəsi Azərbaycanı “Əlrəhab” deyə təsmiyyə eləyir. Azərilər haqqında Yaqut Həməvinin rəyi şayani-diqqətdir:

“Əhalisi yumşaq təbiətli, hüsn-müamilə sahibi olub, yalnız təbiətlərinə bəxl qalib gəlmişdir, yəni bir az bəxldirlər”, deyir.

← → düymələri ilə keçid, R — təsadüfi şeir

Təsadüfi şeir

Müəllifin digər əsərləri

Ayrılıq axşamı

Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.

4 dəq
Şair

Evə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?

6 dəq
Nitq

Mirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.

3 dəq
Doqquz ay keçmiş

– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?

3 dəq

Başqa şairlərin şeirləri