Tarixi, coğrafi və iqtisadi Azərbaycan
Məzmun
Səhifə 12 / 13 · 85%
Mis (baqer)
Zəngəzur və Gəncə qəzaları mis mədənləri ilə məşhurdur. Buralarda mədənlərin qədim zamandan bəri işlədilməsinə bir çox dəlillər ar. Lakin Zəngəzur ehtimal ki, böyük yollardan kənar olduğu səbəbinə nə ərəb və nə osmanlı coğrafiyunlarının nəzərini özünə cəlb eləməmiş. Odur ki, bu mədənlər haqqındakı səhih məlumatımız rus istilası ilə başlayır.
Rəvan xanlığı düşdükdən sonra mis mədənləri bir müddət unuduldu. Ancaq yetmiş sənə əvvəl ciddi təşəbbüslər meydana çıxır. 1845 tarixində Rozov adında bir rus məmuru Əhər-arx nam yerdə bir fabrika təsis etdi. Rozovun vəfatından sonra Trabzondan gələn qreklər Oxiçi-çay və Səyyad daşı civarlarında iki yeni fabrika inşa etdilər. Bu fabrikaların sənəvi istehsalı 1853-cü sənədən başlayaraq min puta qədər olurdu. 1853-də Xacə Əmirov Qatar-kənd çivarında yeni mədən kəşf etdi və ildə dörd yüz puta qədər istehsal edə bildi. Sonralar qreklər tərəfindən inşa olunan yeni bir fabrikanın sənəvi istehsalı beş yüz puta qədər çıxdı. Icra olunmuş tədqiqata nəzərən Gəncə qəzasındakı Gədəbəy mədəninin hala istehsal olunmamış misinin miqdari-yekunu beş milyon puta baliğ olmaqdadır. Zəngəzur Qatar mədənində isə qırx milyon puta qədər ixrac olunmamış mis var..
İpək
Əvvəlcə Çində intişar bulmuş ipəkçilik beşinci əsr miladidə Orta Asiyaya və oradan Irana və Azərbaycana keçmiş. Min sənə əvvəl ipəkçilik Azərbaycanda mütərəqqi bir şəkil aldığını ərəb coğrafiyunlarından öyrənirik. Bərdənin ipək çarşafları, qaytanları o vaxtlar məşhur imiş. Görünür məhsulu ilə birincilik qazanan Şamaxı imiş; “Həft iqlim”in qövlünə görə, Şamaxı ildə iyirmi min yük ipək istehsal edirmiş. Bundan başqa, Şamaxı Azərbaycanın, bəlkə, bütün şərqin böyük bir ipək bazarı idi: Buxara, Iran və Türkiyə ipəyi də burada satılırdı.
Şirvan şahı Fərrux Yəsar 1466 tarixində Moskvaya elçi təyin etdi və əvəzində üçüncü Ivan rəsmi müməssili ilə bərabər Şirvana tüccarlar göndərdi. Dördüncü Ivanın zamanında ticarət yoluna qoyulmuşdu və Azərbaycan ipəyi Idil çayı vasitəsilə Rusiyaya gedirdi. Böyük Petronun İran səfəri bu ticarətə geniş meydan verdi.
On doqquzuncu əsrin əvvəllərində Azərbaycan xanlıqlarının istiqlaliyyətinə xitam verən Rus hakimiyyəti ipəkçiliyə yeni dövr açdı.
1802 tarixində ipəkçilik ilə aşna olmaq üçün Qafqasiyaya baron marşal Biberşteyn göndərilmişdi. 1823-də italiyalı Qustella MavərayiQafqasiyada istehsal olunan cümlə ipəyi gətirib yumaqlıq məqsədi ilə bir çarx inşası üçün hökumətdən icazə istədi. 1826 tarixində Qustellaya çarx üçün on illik imtiyaz verildi: pul və torpaq təxsis olundu. Tiflisdə yapılan bu çarxa məxsus barama (qoza) nümunə evləri inşa olundu və tut bağları salındı. 1827 tarixində Qribadbeno adlı bir əcnəbinin təşəbbüsü ilə bir cəmiyyət vücuda gəldi. Bu cəmiyyət otuz sənə müddətinə doqquz yüz iri tut bağları icarə etdi və ipək toplamaq imtiyazı aldı. Cəmiyyət Şəkidə bir çox ipəkçiliyə aid binalar yapdırdı, Avropa üsulu ilə çarxlar qurdu, məktəb açdı və mütəxəssis olaraq Italiyadan on iki əmələ ailəsi gətirtdi. Cəmiyyətin zamanında Şamaxıda sənəvi ipək məhsulu 13400 puta baliğ oldu.
On doqquzuncu əsrin ortalarında Fransa və İtaliyada barama qurdlarında xəstəliklər müşahidə olundu və ətraf məmləkətlərə də yayıldı. Bunun nəticəsi olaraq qərb ipəkçiləri nəzərlərini şərqə ətf etdilər. O zamanlar Azərbaycana da acentlər axını başladı. Qərbin ipək böhranı fiyatları yüksəltdi və hər kəs ipəkçi olmağa çalışdı. Nuxa şəhəri bir ipək mərkəzi oldu və əlli min putdan ziyadə ipək istehsal etməyə başladı. Lakin 1863-də böcək xəstəliyi Azərbaycana da sirayət elədi və nəticədə ipəkçilik bizdə də böhrana uğradı.
Xəstəlik ilə mübarizə üçün Yaponiya toxumu gətirdilər və bununla işlər bir az sağlama çıxarıldı.
1887-də Tiflisdə “Ipəkçilik istasiyonu” inşa olundu. Bu müəssisənin təşəbbüsü ilə ipəkçilik marağı xalq arasında yenə tərəqqi etməyə başladı. Hal-hazırda Qafqasiyada ipəkçilik ilə məşğul olan xalqın miqdarı iki milyondur. Sənədə 300 – 350 min put yaş barama (qoza) hasilatı var, əksəri Azərbaycanda yetişir. Azərbaycan ipəyinin bir hissəsi əlan məhəlli ehtiyac üçün sərf olunur:
Darayi kələğayı, yaylıqlar kimi qumaş və baş örtükləri məşhurdur.
Pambıq
Azərbaycanın pambıqçılığının da tarixi qədimdir. Ora hökmranları pambıqçılığa meydan vermək üçün verginin bir hissəsini pambıq şəklində alırdılar. Övliya Çələbi Naxçıvanın yeddi cür pambığı olduğunu söyləyir: “zağı, münlayi, zəfərani, ləli, xas, bəyaz”.
Rus istilası pambıqçılığa böyük zərbə vurdu. Bunun nəticəsi olaraq Mavərayi- Qafqaz XIX əsrin ortasında yalnız qırx min puta qədər sənəvi məhsul verə bilirdi. Eyni zamana təsadüf edən Amerika daxili ixtilalı pambıq böhranı doğurdu. Bir yerdə fiyatlar yüksəldi. Bu haldan istifadə etmək məqsədi ilə azərbaycanlılar başqa əkinləri buraxıb pambıqçıliğa qurşandılar. Amerika ixtilalı ilə zühur edən pambıqçılıq tərəqqisi təbiidir ki, ixtilalın izaləsi ilə də məhv oldu. Təkamüli inkişaf
1880-dən başlayır. Xaricdən gələn pambıqlardan yüksək gömrük alınması da bu sənələrdə idi.
Rusiya hökumətinin bu qərarı daxili pambıqçılığa vüsət verdi. Moskov manufakturistləri pambıqçılıq mərkəzlərini öyrənməyə və inkişafına çalışdılar. Pambıqçılıqdan hasil olan zənginlik sayəsində azərbaycanlılar bu yolda yeni əməklər sərf etdilər: əski İran “qaraqoza” sı əvəzinə, Amerika “qiniq” əkildi; pambıqları ayırtdamaq üçün yeni sistem makinələr və fabrikalar quruldu. Bu qeyrətlərin nəticəsində vətənimizin pambıqçılığı inkişafın yüksək dərəcələrinə çıxdı. Məsələn, 25 sənə əvvəl az bir miqdarda məhsulu olan Gəncə vilayəti 1911- də 746 min put pambıq yetişdirdi. Muğan səhrası da yüz minlərlə putlar məhsul verir.
Kitabxana.az · https://kitabxana.az/works/cemenzeminli-tarixi-cografi-ve-iqtisadi-azerbaycan
← → düymələri ilə keçid, R — təsadüfi şeir
Müəllifin digər əsərləri
Otağımıza girdikdə Şəfiqəni orada görmədim. Murad uzanmışdı, rəngi üzündən büsbütün götürülmüşdü. Yenidən xəstələndiyini zənn edərək, təlaşa düşdüm. Çarpayısına yaxınlaşdım, əlimi başına qoydum: qızdırması artmışdı.– Qonaqlar çoxdanmı getmiş? – dedim. Dinmədi. Halını anladım: “Şəfiqə ilə yəqin yenə sözləşmiş” – deyə fikrimdən keçirdim. Kefini pozmamaq üçün marağımı susdurdum. Soyunub yatağıma girdim. Murad əlini gözlərinin üstündən götürüb, ələmli bir nəzərlə mənə baxdı; yalmandı – dodaqları qurumuşdu.
ŞairEvə qonaq gəlmişdi. Kəblə Namaz dayı balaca oğlu Cənnətəlini qonaqlara göstərmək üçün otağa səslədi. Bir neçə dəqiqədən sonra içəri iri başlı, pərtdö gözlü bir uşaq girib, burnunu çəkə-çəkə qapının yanında durdu. Uşağı görcək qonaqlardan biri gülə-gülə Namaz dayıya dedi:– “Arım var, arım var–eşşək arısı”, tərif elədiyin oğul budur?
NitqMirzə Mehrəli nəticəsindən qorxurdusa da, qubernatoru qarşıladıqda nitq söyləməyi qət etmişdi. Cözlüyün uclarını qulaqlarına keçirdi, sonra tütün qutusunu çıxardıb, iri bir papiros lülələdi və gilas ağacından qayrılmış uzun müştüyünü üfləyib, papirosu ucuna qondardı.Mirzə Mehrəli bir neçə dəfə qələmi mürəkkəbə batırıb, fikirləşdi. Lakin nitqin başlanacağı Mirzəyə çətin gəldi.
Doqquz ay keçmiş– Ay nənə!– Can nənə! Nənən sənə qurban nə var?